Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İKİNCİ İMAMOĞLU-YILDIRIM DUELİ –Teledebat hər şeyə aydınlıq gətirəcəkmi?

“Əkrəm yunanmış, terroristmiş… Allah ağıl versin!”

imamoglu

Türkiyədə Ramazan bayramı həmişəki kimi yüksək səviyyədə qeyd olunur, insanlar kütləvi şəkildə öz ata-baba ocaqlarına üz tuturlar. Ancaq buna baxmayaraq, iyunun 23-də keçiriləcək İstanbul bələdiyyə seçkisi mövzusu bu tətil günlərində də öz aktuallığını qoruyur.

Yenixeber.org: Bayram günlərdə AKP-nin namizədi Binali Yıldırım İstanbulda qalsa da, CHP-nin namizədi Əkrəm İmamoğlu doğulduğu Qara Dəniz bölgəsinə səyahət edib.

                                   “Binali Yıldırım təcrübə deməkdir…”

Binali Yıldırım partiyasının Küçükçekmecedəki seçki məntəqəsinə gedib. Şəhər sakinləri qarşısında çıxış edən Yıldırım seçkiyə az vaxt qaldığını xatırladıb. R.T.Ərdoğana bağlılığını xüsusi vurğulayan namizəd 31 martdakı nəticələrin əvəzini çıxacaqlarını da dilə gətirib: “İstanbul Türkiyə deməkdir. İstanbul Türkiyənin, 81 vilayətin xülasəsidir. Bunu da ən yaxşı bayram günlərində görürük. Çünki vətəndaşlarımızın bir çoxu rayonlarına gedir, bayramı orada keçirir. Qohumları, tanışları görüb hal-əhval tuturuq. Budur Türkiyənin gözəllikləri. Bilirsiniz ki, bundan sonra Qurban bayramı var. Ancaq unutmayın ki, iki bayram arasında bir bayram da var. 31 martda yarımçıq qalan işimiz var. 31 martın hesabını alacağıq? Sandıqları dolduracağıq? Millət aşiqi bir insanam, Türkiyə aşiqi insanam. Dağ kimi problemləri dağ kimi xidmətlərə çevirdim. Yolları böldük, həyatları, ürəkləri birləşdirdik. Yolları bölərik, Türkiyəni böldürmərik. Bu millət bizə hər şeyi verdi. Liderimiz R.T.Ərdoğanla bərabər 17 ildir ölkəmizdə böyük işlərə imza atdıq. İstanbulda böyük layihələr həyata keçirdik. Binali Yıldırım təcrübə deməkdir. Binali Yıldırım layihə deməkdir…”

                              “Təcrübəmi qazanacaq, sonradan ulduz olanlarmı…”

baxcali

AKP ilə itifaqda olan MHP lideri Dövlət Baxçalı 23 iyun seçkilərilə bağlı kifayət qədər aktiv təbliğat aparmaqdadır. Bu baxımdan MHP lideri bəzən Yıldırımın özünü də az qala kölgədə qoyur.

Baxçalı son zamanlar CHP-nin namizədini daha çox PKK “yandaşı” kimi təqdim etməyə çalışaraq, seçicilərdə millətçilik hisslərini qabartmağa cəhdlər edir. Belə ki, 31 martda kürd kökənli seçicilərin böyük hissəsinin məhz İmamoğluna səs verməsi AKP-MHP düşərgəsinə CHP namizədinin kürd siyasi qüvvələrin dəstəyinə güvənərək nəticə əldə etdiyini, bu qüvvələrlə iş birliyində olduğunu söyləməsi üçün əsas yaratdı.

MHP sədri İmamoğlunu ittiham etməklə yanaşı, onunla Yıldırım arasında teledebat keçirilməsi təklifini də dəstəkləyib. Kimin üstün olduğunu açıq debatın müəyyən edəcəyini bildirən Baxçalı sərt ifadələr işlədib və Yıldırıma güvəndiyini ifadə edib:“Baxaq, təcrübəmi qazanacaq, yoxsa təbliğatla törəyənlərmi… Hər iki namizəd bayramdan sonra bir araya gəlmək istədiklərini bildiriblər. Bir tərəfdə təcrübə, bir tərəfdə də sonradan ulduzlaşan şəxslər. Hər şey necə gözəl olacaqmış, bir yerdə görəcəyik…”

Maraqlıdır ki, Ə.İmamoğlu debat təklifinə “Yıldırımla istədiyi ekranda danışa bilərik”dediyi halda, B.Yıldırım “mənim təkbaşına verə biləcəyim qərar deyil, amma niyə də olmasın” deyə cavab verib.

Bu arada Baxçalıya dair daha bir maraqlı məqam onun İstanbul seçkisilə bağlı verdiyi sözlə bağlıdır. Belə ki, D.Baxçalı İstanbula gələrək, 23 iyuna qədər burada məskən salacağına və son günə kimi şəxsən özünün Yıldırımın təbliğatını aparacağına söz vermişdi. Lakin bu günə qədər vədini yerinə yetirməyən Baxçalıya irad bildirən bəzi mətbu orqanlar iddia edirlər ki, R.T.Ərdoğan MHP sədrinin İstanbula gəlməsinə razı deyil. İYİ Partiyanın sədri Meral Akşener də məhz Ərdoğanın qadağası səbəbindən Baxçalının İstanbulda məskən sala bilmədiyinə işarə vurub.

                                “Mən PKK-nın qucağından gəlmədim…”

soylu

Türkiyədə kifayət qədər populyar və eyni zamanda çoxları tərəfindən birmənalı qarşılanmayan siyasətçi, bir zamanlar Ərdoğana müxalif olan, hazırda isə ölkənin daxili işlər naziri postunu daşıyan Süleyman Soylu da İmamoğlunu hədəf alan açıqlamaları ilə seçilir. Bəzən bu açıqlamalarıyla ciddi qınaq obyektinə çevrilən S.Soylu da Qara dəniz bölgəsindəndir. Bayramla bağlı Trabzona yollanan daxili işlər naziri gözləmədiyi halda bir qrup həmyerlisinin etiraz aksiyası ilə qarşılaşıb. Ə.İmamoğlunu dəstəkləyən və Soylunun əleyhinə şüarlar səsləndirən trabzonlular hətta naziri “ağıllı olmağa” da dəvət ediblər.

S.Soylu isə sonradan qatıldığı toplantıların birində bu cür provakasiyalara uymayacağını bildirərək, İmamoğluna xitabən “mən PKK-nın qucağından gəlmədim” deyib. Bununla Soylu da Baxçalı kimi, İmamoğlunu məhz kürd məsələsi üzərindən “vurmağa” çalışıb.

CHP sözçüsü Özgür Özel isə deyib ki, S.Soylunun səviyyəsinə enmək istəmirlər və ona ən yaxşı cavabı trabzonlular verib.

Onu da qeyd edək ki, son günlər Ə.İmamoğlunun üzərinə təkcə Baxçalı və Soylu deyil, bütünlükdə AKP-MHP koalisiyası, məhz kürd məsələsini əldə bayraq tutaraq, getməkdədir. Hətta İmamoğlunu yunan əsilli birisi olduğunu deyənlər, eləcə də terrorçu və s. adlandıranlar da tapılır.

                  “Əkrəm yunanmış, terroristmiş… Allah ağıl versin!”

imamoglu

Ancaq İmamoğlu da asanlıqla rəqib düşərgənin ittihamlarına boyun əymiş kimi görünmür. Trabzonda minlərlə yerli sakinin toplaşdığı mitinqdə çıxış edən Ə.İmamoğlu deyib: “Nəymiş? Əkrəm yunanmış, terroristmiş… Allah ağıl versin!”

Daxili işlər nazirinin “mən PKK-nın qucağından gəlmədim” atmacasına cavab olaraq isə CHP-nin namizədi deyib ki, “mən bir tək anamın qucağını bilirəm, anamın, atamın kəndinin ocağını bilirəm!”

İmamoğlu ümumiyyətlə insanların milli mənsubiyyətinə görə ayrıseçkilik edilməsinə qarşı olduğunu bəyan edib. Və bildirib ki, Türkiyədə yaşayan bütün millətlərin nümayəndələrinə hörmətlə yanaşır.

Bu arada seçim öncəsi keçirilən son rəy sorğuları göstərir ki, yenə də İmamoğlu B.Yıldırımı bir qədər qabaqlayır. Müxtəlif sorğu mərkəzlərinin nəticələrinə görə, CHP-nin namizədi öz rəqibini ən azı 2 faiz üstələyir. Əksər yerli siyasi şərhçilər bildirirlər ki, bu seçkidə kütlə psixologiyası önəmli rol oynayacaq və hal-hazırda bu baxımdan üstünlük İmamoğlunun tərəfindədir. Buna baxmayaraq, ekspertlər bu üstünlüyün nisbi olduğunu önə çəkirlər və seçki günü istənilən nəticənin ortaya çıxa biləcəyini istisna etmirlər. Xüsusən də gözlənilən teledebatın nəticələrə həlledici təsir göstərəcəyi ehtimalı yüksəkdir.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam