“KÜRƏKƏN” DİPLOMATİYASI:Kuşner qəfildən Ərdoğanla niyə görüşdü? - TƏHLİL
Prezident Trampın kürəkəni, İsrail-Fələstin münasibətləri üzrə xüsusi müşaviri Cared Kuşner Prezident Ərdoğan tərəfindən qəbul edilib.
Yenixeber.org: Vaşinqtonda regionu yaxından izləyən, demək olar ki, bütün qaynaqlar üçün bu ziyarət sürpriz olub və onlar bu səfərin mənasını anlamaqda çətinlik çəkirlər. Çünki Cared Kuşner Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salmana (MBS) çox yaxındır. Hətta onların hər gün “Whatsapp” vasitəsilə mesajlaşacaq qədər yaxın olduğu məlumdur. O qədər yaxın ki, İsrail Baş naziri Netanyahu şəxsi işləri üçün ABŞ-a gəldikdə Kuşnerin atasının Nyu Cersidəki evində – Caredin istifadə etdiyi otaqda qalır.
Ayrıca, Kuşner buradakı yevangelist dairələrə də çox yaxın şəxsdir. ABŞ səfirliyinin Qüdsə köçürülməsi məsələsində həlledici adam da Kuşnerdir. Ona görə də, həyat yoldaşı İvanka ilə yeni səfirliyin açılışına getdiyi zaman yanlarında yevangelistlərin əsas adamı olan, Trampı maliyyələşdirən Şeldon Adelson və onun xanımı Miriam da vardı.
Bu Şeldon ABŞ Maliyyə naziri Mnuçinlə birlikdə səfirliyin Qüdsə köçürülməsinə haqlı olaraq ən sərt reaksiya verən Ərdoğandan heç xoşlanmırlar. Hətta onların bu üzdən Ərdoğandan intiqam alacaqlarını yaxın ətraflarına dedikləri Vaşinqtonda məlumdur.
Vaşinqtonda deyirlər ki, Kuşner də bu duyğuları bölüşür.
Elə bu üzdən, Vaşinqtonda belə bir şəxsin Türkiyə səfərindən necə qərarların çıxacağı, necə bir prosesə giriləcəyi, açığı, maraqla gözlənilməkdədir.
Kuşnerin gizli planı
Cared Kuşner artıq bir müddətdir ki, Trampın “Yekun sülh” adını verdiyi böyük bir plan üzərində işləyir. Xəbər qaynaqları bu işin artıq son mərhələyə gətirildiyinə və İsraillə Fələstin arasında qalıcı sülhü təmin etmək iddiasında olan bu planı region ölkələrinə anlatmağın vaxtının çatdığına inanırlar.
Kuşner Türkiyəni də əhatə edən bu səfər turunda BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Qətərdə də görüşlər keçirir. Səfərdə onu ABŞ-ın Orta Şərq təmsilçisi Ceyson Qrinblat və İran işləri üzrə təmsilçisi Brayan Huk müşayiət edir.
ABŞ-ın “Yekun sülh” adını verdiyi plan, əslində, İsrailin Fələstin də daxil olmaqla regionda hakimiyyətini gücləndirməyə yönəlik bir plandır. Bu planın hansı gizli əlaqələr çərçivəsində qurulduğunu aşağıda açıqlayacam.
İsrail və ABŞ regonda istədiklərini edə bilmələrinin qarşısında duran ən böyük maneənin Ərdoğan və Türkiyə olduğunu düşünür. Çünki hakimiyyətlər olmasa da, regiondakı ərəb və Fələstin xalqı məsələ haqqında Rəcəb Tayyib Ərdoğanın nə deyəcəyinə baxır və onu dinləyir.
Kuşner o regionda tək bir güclü idarənin olmasının doğru olduğuna inandığı üçün bu yöndə bir planın hazırlandığı söylənir. Planda xəritələrin belə yer aldığı və bununla əlaqədar Kuşnerin “Əl Fətih”lə “Həmas” arasında uzlaşmanı təmin etmək kimi, bəzilərinə görə imkansız görünən bir işi yoxlayacağı da anladılır.
Yəni, Kuşner sərhədləri bəlli və birlikdə işləməyə istəkli bölgələrdən təşkil olunan bir struktur yaratmaq istəyir.
Bəs Türkiyədən nə istənə bilər?
Yuxarıda siyasi profilini və əlaqələrini anlatdığım Kuşner, demək olar ki, hər bir məsələdə özü ilə zidd mövqe tutan Türkiyəyə yeni nələr söyləyə bilər?
Vaşinqtonda bu sualı verdiyim heç bir dairədən optimist cavab ala bilmədim.
Kuşnerin Türkiyədən dəstək istəyəcəyi qətidir, ancaq bunun üçün bizə yeni bir şeylər söyləməsi lazımdır.
Burada “Bunun nə ola biləcəyinin açarı iqtisadiyyatda ola bilər” deyən qaynaqlar da var.
Kuşner bu planın istədiyi kimi realist və işlək ola bilməsi üçün bölgəyə cəmi 65 milyard dollarlıq maliyyə qoyulmasını düşünür. Burada hesab edirlər ki, bu, halqaları bir-birinə yaxınlaşdıracaq.
Bu maliyyənin 25 milyard dolları 10 il ərzində Qəzza və İordan çayının qərb sahilinə qoyulacaq. 40 milyard dolları da Misir, İordaniya və şərtlər uyğun olarsa, Livan arasında paylaşdırılacaq.
Buradakı bəzi qaynaqlar deyir ki, Türkiyə, – regiona təsiri olduğuna, ən azı, region xalqlarının qəlbini qazandığına görə, – ABŞ-dan bəzi iqtisadi açılımlar istəyə və ancaq bu şəkildə plana şərtli dəstək verə bilər.
Görüşlər bitdikdən sonra gələcək xəbərlərə baxaraq, durumu anlayacağıq. Ancaq bundan öncə bu “Yekun sülh”adlandırılan Kuşner planının altında yatan gizli əlaqələri də bilməliyik.
“Yekun sülh” planının altında yatan gizli əlaqələr
Prezident Trampın “Yekun sülh” (“Ultimate Peace”) adını verdiyi və İsraillə Fələstin arasında qalıcı sülh gətirəcəyini söylədiyi plana Vaşinqtonda müvafiq qurumlarda son retuşlar vurulur. İsrail, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ də ABŞ-la birlikdə bu plan üçün aktiv şəkildə çalışırlar.
Plan üçün qurulan bu koalisiyaya baxdıqda, əslində, bunun bir sülh planı olmadığını, əksinə, regionda bütün gücü və nəzarəti İsrailə vermək üçün hazırlanan bir strategiya olduğunu görürük.
Tramp üçün bu strategiyanın həyata keçirilməsini kürəkəni Cared Kuşner öz üzərinə götürüb. Kuşner, Səudi şahzadəsi MBS ilə yaxın əlaqədədir. İsrail rəhbərliyi ilə Salman arasında koordinasiyanı da Kuşner təmin edir.
İllərdir regionu izləyən və İsraillə də yaxın əlaqələri olan, hazırda dövlət vəzifəsi tutmasalar da, bu məsələləri çox yaxşı bilən mütəxəssislər mənə sülh planının altında qurulan gizli əlaqələri anlatdılar.
Məhəmməd Dahlan
Əsas məqsədi regiondakı bütün güc balansını tamamilə İsrailin xeyirinə çevirmək olan “Yekun sülh” planının addımları, bu mütəxəssislərə görə, aşağıda göstərildiyi kimi atılıb.
Əvvəla qeyd edək ki, İsrail, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ arasında aparılan bu əməliyyatda əsas şəxs Məhəmməd Dahlandır.
15 iyul çevriliş cəhdindən öncə FETO şəbəkəsinin lideri ilə əlaqə qurub, çevriliş cəhdinə pul yardımı etməsindən də şübhələnilən Dahlanın Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi MBS və Dubay vəliəhd-şahzadəsi ilə də dostluq əlaqəsi vardır.
“Əl Fətih”in öndə gələn şəxslərindən olan Məhəmməd Dahlan, illər öncə Qəzzadan çıxarıldıqdan sonra BƏƏ-yə qaçaraq, Dubay vəliəhd-şahzadəsinin müşaviri olub. Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi MBS ilə də dostluq qurub.
Misir açar ölkədir
Səudiyyə Ərəbistanı və BƏƏ Misirlə əməkdaşlıq edərək, “Həmas”a qarşı əməliyyat keçirməyə başladılar.
Qaynaqlarımın mənə söylədiyinə görə, Prezident Trampın seçilməsindən az sonra çıxdığı və açılışını ənənəvi döyüş rəqsi ilə etdiyi səfərindən həmən sonra Qətərə yönəlik embarqonun önəmli məqsədi İsrailin istədiyi kimi, “Həmas”ı zəiflətmək olub.
Qətərə yönəlik embarqonun tətbiq edilməsi üçün irəli sürülən səbəblər arasında “Həmas”a verilən dəstək yer alırdı. Və onun kəsilməsi tələb edilirdi. Xüsusilə İsrailin bunun üçün Səudiyyə Ərəbistanı vasitəsilə təzyiq etdiyi söylənilir.
Qətər “Həmas”a verdiyi maliyyə dəstəyini də kəsilmiş deyiləcək qədər azaltdı. İsrailin Qəzzaya təzyiqləri davam edərkən Qətərdən gələn yardımın azalması “Həmas” rəhbərliyini çox çətin duruma saldı. Dahlan bu mərhələdə dövrəyə girərək, Misirin yardımçı ola biləcəyini söyləməyə başladı. O, daha öncə Sisi ilə anlaşmış və İsrailin istədiyi kimi, “Həmas”ı Misirin əllərinə buraxmışdı.
Həmin dövrdə İsrail Qəzzaya verdiyi elektrik enerjisini də kəsmişdi. Dahlan yenə planlaşdırıldığı kimi, dövrəyə girərək, bölgəyə elektrik enerjisini Misirin verməsini təmin etdi.
Bütün bu əməliyyat İsrailin Fələstin üzərində tam təsirini təmin etməyə yönəlik idi. Və beləliklə, “Həmas” Səudiyyə Ərəbistanı, BƏƏ və İsrail ilə birgə çalışan Misir tərəfindən nəzarət altına alınırdı.
ABŞ öz səfirliyini baş verən bu hadisələrdən sonra Qüdsə köçürdü.
Şərqi Aralıq dənizinin təsiri
Gedən bütün prosesi mənə anladanlar bu əməliyyatın Şərqi Aralıq dənizindəki enerji ehtiyatları ilə bağlı tərəfinin olduğunu da söylədilər.
İsrailin dənizdə öz sahəsindən çıxaracağı qazı Yunanıstan üzərindən Avropaya göndərəcəyinin doğru olmadığını və bunun, sadəcə, Türkiyəni narahat etmək üçün yayıldığını söyləyən qaynaqlar bu məsələ ilə bağlı əsil anlaşmanın Misirlə İsrail arasında olduğunu, İsrail qazının Misirdəki emal zavodlarında işlənərək, maye halında gəmilərlə Avropaya daşınmasının planlaşdırıldığını söyləyirlər.
Bu anlaşmanın əldə edilməsində Türkiyəyə ABŞ səfiri olaraq təyin olunması gözlənilən Xarici İşlər Nazirliyinin Yaxın Şərq İdarəsinin rəisi Devid Satterfildin rolunun böyük olduğu da söylənilir.Tərcümə: Strateq.az
Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 28 fevral 2019-cu il