TİBBİ SIĞORTANI GÖZLƏYƏN VƏTƏNDAŞ –Bu il ölkə üçün həlledici olacaq
Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə Mingəçevir, Yevlax və Ağdaşda tətbiq olunur. Bəs niyə bu imkan bütün vətəndaşlara yaradılmır, tibbi sığorta üç bölgəylə məhdudlaşır?
Yenixeber.org: Azadlıq Radiosu bununla bağlı araşdırma aparıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ilin əvvəlində bu suala sevindirici cavab verib. «2019-cu il bütün ölkə ərazisində icbari tibbi sığortaya keçidin yekun, həlledici ili olacaq», – söyləyib. Ancaq ardınca da görülməli işlərdən danışıb: «İcbari tibbi sığortanın maliyyə və təşkilati-hüquqi əsaslarının yaradılması, sistemin kadr təminatı, tibb müəssisələrinin attestasiyası, ilkin tibbi xidmət göstərən ailə həkimi institutunun yaranması, icbari tibbi sığorta fondunun formalaşması və s. iqtisadi-hüquqi, təşkilati münasibətlərin tənzimlənməsi üçün geniş hüquqi baza yaradacaq mövcud qanuna əlavə və dəyişikliklərin qəbul olunması çox əhəmiyyətlidir».
İqtisadçı: «19 ilə görülməyən işi 1 ilə görmək ağlabatan deyil»
REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli komitə sədrindən fərqli olaraq, bu il icbari tibbi sığortaya keçiddə «yekun il» olacağına şübhəylə yanaşır. O, artıq prosesin 19 ildir ləngidiyini deyir: «2000-ci ildən bu məsələnin həlli yönündə addımlar atılması, infrastrukturun yaradılması haqqında qərar qəbul edilmişdi. Bu günə qədər bu addımlar atılmayıbsa, infrastruktur yaradılmayıbsa, cəmi bir ilə bu məsələnin sürətlə həll olunacağına, açığı, inam azdır. İcbari tibbi sığortaya keçidlə bağlı tək qanunvericilik deyil, praktiki məsələlər də həll edilməlidir. Xüsusən də bölgələrdə idarəçiliklə bağlı problemlər var. Tibb idarələri ləğv edilməlidir, xəstəxanalar publik hüquqi şəxsə çevrilməlidir, onlara ödəmələrin forması müəyyənləşdirilməlidir və s. 19 ilə görülməyən işi 1 ilə görmək ağlabatan deyil».
Yeni sual yaranır: Bahalı əməliyyatların pulunu kim ödəyəcək?
N.Cəfərli bu sahədə ən böyük problemin ödənişlərlə bağlı olduğunu qeyd edir. O, nə işçilərin, nə də işəgötürənlərin tibbi sığorta üçün vəsait ödəmək istədiklərini deyir və əlavə edir ki, maaşların aşağı olması icbari sığortaya keçidə imkan vermir.
Komitə sədri Ə.Əmiraslanovun sözlərinə görə, «Tibbi sığorta haqqında» Qanunda xidmətlər zərfinin baza hissəsinin sığorta məbləği təqvim ili üçün adambaşına 29 manat müəyyən edilib. Bu vəsait dövlət büdcəsi hesabına ödəniləcək.
«Xidmətlər zərfinin əlavə hissəsi üçün muzdlu əməklə məşğul olan şəxslər üzrə əmək haqqından 4% sığorta məbləği nəzərdə tutulur ki, bu məbləğ işəgötürən və işçi tərəfindən hərəyə 2% olmaqla ödəniləcək. Digər kateqoriyadan olan şəxslər isə təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə il ərzində tam həcmdə tibbi yardım almaq hüququ əldə edəcəklər», – Ə.Əmiraslanov bildirir.
N.Cəfərlinin qənaətincə, problem ondadır ki, işəgötürən çox az hissəni ödəməyi üzərinə götürür: «İşəgötürənlə işçi hərəsi 2 faiz ödəsə belə azdır. 300 manat maaş alan vətəndaş üçün bu məbləğ 12 manat edəcək. Həmin şəxs çox bahalı əməliyyatların pulunu ödəyə bilməyəcək. Sığorta bu hissəni bağlamırsa, hansı mexanizm işə düşəcək? Bu məsələ qaranlıq qalır. Bu məsələ həll olunmasa, aztəminatlıların, təqaüdçülərin tibbi sığorta məsələsi göydən asılı vəziyyətdə qalacaq, onlar keyfiyyətli tibbi xidmət ala bilməyəcəklər».
Mingəçevir sakini və «Mingəçevir işıqları» qəzetinin baş redaktoru Fərman Nəbiyev isə Azadlıq Radiosuna deyib ki, bu ildən pilot layihələrin gerçəkləşdirildiyi bölgələrdə bahalı əməliyyatlarla bağlı limit aradan qaldırılmalıdır: «Bahalı əməliyyatların pulu indiyə kimi sığorta paketi hesabına ödənirdi. Bu, pilot layihə idi. Ancaq bildiyimə görə, bu ildən həmin əməliyyatlarla bağlı əmək haqlarından tutulmalar olmalıdır. Yəni, vətəndaşı həm özü, həm də iş yeri onu sığortalamalıdır. Təqaüdçülər, imkansızlar üçün sığorta paketi pulsuz olmalıdır. Hər halda, belə deyilir. Daha dəqiq fevralda bilinəcək».
Azadlıq Radiosu bununla bağlı Yevlax sakinlərinin də münasibətini öyrənib: «Özüm radikal müxalifətçiyəm, bunların təbirincə desəm. Amma etiraf edim ki, icbari tibbi sığorta tətbiq ediləndən tibbi xidmətdə çox böyük fərq var», – Yevlax sakini Aydın Ələkbərov yarıciddi, yarızarafat artıq ikinci ildir rayonda icbari tibbi sığortayla bağlı tətbiq edilən pilot layihə haqda danışarkən Azadlıq Radiosuna deyib.
«Elə bizim müxalifətçi uşaqlardan 6 nəfəri açıq ürək əməliyyatı keçirib. Yəqin, tibbi sığorta olmasa, çoxdan dünyalarını dəyişmişdilər. Gəncə Mərkəzi Klinikasına pulunu köçürdülər, orda əməliyyatı olundular. Adi cərrahi əməliyyatlar, adi xəstəliklər Yevlaxda pulsuz edilir», – o, əlavə edir.
A.Ələkbərovun sözlərinə görə, Bakıda yaşayan qızı da Yevlax qeydiyyatındadır deyə, rayona gələndə həm özü, həm də uşaqları burda pulsuz müayinə və müalicə olunurlar: «Bir dəfə oxumuşdum ki, həkim pasiyentdən pul götürməyəndə xəstə qayıdıb soruşur: «Həkim, anamın vəziyyəti doğrudan əlacsızdır?». İndi tibbi xidmət pulsuz olsa da, xəlvətdə kimsə həkimə hörmət edir, kimsə də yaxın qoymur, ancaq belə pul tələb edən yoxdur».
Yevlax sakini Murad Qurbanov Qarabağ döyüşçüsüdür, 2017-ci ilin martında o, ürək əməliyyatı keçirib. «Əgər tibbi sığorta olmasaydı, çoxdan o biri dünyaya getmişdim», – deyir. «Açıq ürək əməliyyatı keçirdim, şuntlama. Vəziyyətim ağır idi. İndi də hər ay kardioloqumuz yoxlayır, nəzarətdə saxlayır. Tibbi sığortanın hesabına yaşayıram. Mən istəyirəm bütün Azərbaycanda tibbi sığorta olsun», – o vurğulayır.
«Nəticədə adam 3 gün sonra vəfat etmişdi»
F.Nəbiyev indinin özündə də bəzi müayinə və müalicələrin tibbi sığorta paketinə daxil olmamasının narazılıqlar yaratdığını bildirir. O, icbari tibbi sığortanın tətbiqi zamanı üstünlüklərlə yanaşı, problemlərin olduğunu qeyd edir. Məsələn, xəstələrin rüşvət vermədən həkim qəbuluna düşə bildiklərini desə də, xəstəxanada böyük növbələrin yarandığını qeyd edir. Onun sözlərinə görə, əvvəl həkim günə 5-10 xəstə qəbul edirdisə, indi 2-3 dəfə çox xəstəyə baxmağa məcburdur: «Eləcə də prosedurlar özü çox vaxt aparır. Məsələn, qeydiyyata düşməlisən, sonra göndərirlər ailə həkiminin yanına, o baxandan sonra sənin hansı xəstəliyə görə hansı həkimə getməli olduğuna qərar verir, yenidən qayıdırsan qeydiyyata və nəhayət, bu dəfə xəstəliyinlə bağlı həkimə getməli olursan. Vətəndaş nəticədə saatlarla vaxt itirir. Və ya təcili tibbi yardımı acil şöbəsi ilə əvəzlədilər. Amma adamlar deyir ki, «zəng vururuq, gec gəlirlər», ya da kimsə xəstələnibsə, deyirlər «sən özün xəstəxanaya gətirmə, acil şöbəyə zəng vur, onların maşını ilə gəlməlidir». Acilə gətirilən xəstə müayinə olunub reanimasiyaya yerləşdirilənə qədər bəzən çox vaxt itirilir. Məsələn, bir vətəndaş bizim qəzetə müraciət etmişdi ki, qohumunu acilə gətiriblər, onu birbaşa reanimasiyaya götürmək əvəzinə bir neçə saat gözlədiblər, müxtəlif müayinələrə göndəriblər və nəticədə adam 3 gün sonra vəfat etmişdi. Hələ təzə sistemdir, bəlkə düzələcək».