Yenixeber.org: Məlum olduğu kimi, 2013-cil oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasını ləğv edərək, onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Elə eyni vaxtda Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov işdən çıxarılaraq, yeni yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə sədr isə Rauf Göyüş oğlu Vəliyev təyin edilib. Bildirək ki, ötən müddət ərzində həm “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, həm də qurumun sədri Rauf Vəliyevlə bağlı mediada müxtəlif iddialar səsləndirilib. Bununla bağlı mediada yer alan məlumatları olduğu kimi diqqətinizə çatdırırıq.
Rauf Vəliyev kimin adamıdır, Mikayıl İsmayılov faktoru, yoxsa?…
Bildirək ki, son təyinatına qədər Rauf Vəliyev ölkə ictimaiyyətinə tanış olmayan sima sayıla bilirdi. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni sədri əvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sistemində çalışıb. Rauf Vəliyev bu təyinatadək ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb. Elə bu baxımdan da onun Rövnəq Abdullayevə yaxın şəxs olduğu iddia edilir. Həmçinin bildirilir ki, Ilham Əliyevin bu təyinatı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Rövnəq Abdullayevin nəzarətinə keçib. Hətta bu məsələyə görə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Rövnəq Abdullayevin arasında münasibətlərin kəskinləşdiyi barədə məlumatlar yayılıb. Qeyd edək ki, Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin keçmiş rəisi Aydın Bəşirov Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən şəxs olub. Amma cumhuriyyet.az olaraq mediada yer alan məlumatlara əsasən deyə bilərik ki, bu yalnız görüntü xarakteri daşıyır. R. Vəliyev əslində Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılovun dəstəyi ilə uzun müddət ARDNŞ-də mühüm postlarda təmsil olunub: «Belə ki, o, 2006-2007-ci illərdə Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007-2013-cü illərdə ARDNŞ-nin baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. Deyilənlərə görə, Mikayıl İsmayılovun adamı kimi xarakterizə olunan Rauf Vəliyevin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri vəzifəsinə gətirilməsində də Dövlət Neft Şirkətinin vitse-prezidentinin müstəsna xidmətləri olub. Mediada yer alan başqa bir məlumata görə , Rauf Vəliyev Azərbaycan hakimiyyətində təmsil olunan səlahiyyətli şəxslərdən birinin qohumudur. Məlumatda bildirilir ki, o, Milli Məclisin sədr müavini Valeh Ələsgərovun kürəkənidir. Onun bu posta gəlməsində bu amilin də rol oynadığı bildirilir. Yeri gəlmişkən, Valeh Ələsgərov da əvvəllər ARDNŞ-də idarə rəisi vəzifəsində çalışıb.
Gəmilərdən və tankerlərdən qazanılan aylıq vəsaitlər yüz minlərlə ölçülür…
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev zaman-zaman mətbuatın hədəfinə gəlsə də iş prinsipində dəyişiklik etmək fikrində olmadığını israrla nümayiş etdirir. Rəhbərlik etdiyi qurumu rüşvət və korrupsiya yuvasına çevirən QSC sədri heç nəyə və heç kimə məhəl qoymadan oxşar davranışlarını bu gün də davam etdirməkdədir. Mətbuatda yazılanlara biganə münasibəti ilə seçilən Rauf Vəliyevin son vaxtlar ciddi narahatçılıq keçirdiyi haqda məlumatlar dolaşır. Bununla bağlı bildirək ki, neçə illərdir “Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi iqtisadi baxımdan çox gəlirli sahəyə rəhbərlik edən Rauf Vəliyevin korrupsiya şəbəkəsi yaradaraq mənimsədiyi pullar yuxarı dairələrin də diqqətindən yayınmayıb. Hətta bununla bağlı ona ciddi iradların bildirildiyi də iddia olunur. Bütün bunlara baxmayaraq QSC sədri hələ ki, postunda oturmaqda davam edir. Məlumata görə R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir. Onun gəmi biznesində müavinlərinin də xüsusi və müstəsna rolunu qeyd etmək lazımdır. Əslində müavinlər onlara çatacaq “paket”lə kifayətlənərək susurlar. Gəlirin böyük faizi məhz Rauf Vəliyevə çatır. “Yuxarılar”la anlaşmağın zəruri olduğunu müavinlərin diqqətinə çatdıran QSC sədri məharətlə çirkli pulların böyük bir qisminə nəzarəti həyata keçirir. Gəmilərin və tankerlərin təmiri adı altında milyonlarla vəsaitin mənimsənildiyi barədə daxil olan informasiyalar isə daha ciddi qanun pozuntularından və korrupsiyadan xəbər verir. Əldə etdiyimiz məlumatlara görə mənimsənilən milyonların qarşılığında gəmi və tankerlərə texniki xidmət demək olar ki, həyata keçirilmir. Məhz buna görə də, tez-tez Xəzər Dəniz Gəmiçiliyinə aid gəmi və tankerlərdə texniki nasazlıqlar baş verir.
Xəzərin dalğalarında Panamaya qədər gedib çıxan Rauf Vəliyev
Daha bir məlumat isə Rauf Vəliyevin topladığı çirkli pulların ofşor zonalara transfer edilməsi ilə bağlıdır. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda Rauf Vəliyevin adının çəkilməsi heç də təsadüfi deyil. Qeyd olunur ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan R.Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub.(vizual)Daha sonra şirkət Britaniya Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə gələcək araşdırmalarımızda məlumat verməyə çalışacağıq. Ümumiyyətlə oliqarxa çevrilən Rauf Vəliyevin topladığı pulların xaricdə müəyyən işlərə yatırması barədə məlumatlar da diqqət çəkir. Elə Azərbaycanda da lüks həyat keçirən Rauf Vəliyevin sərhədlərimizdən kənara meyl etməsi düşündürücü faktordur.
Müəmmalı kadr siyasəti
Neçə illərdir ki, Xəzər Dəniz Gəmiçiliyində “saç ağardan” təcrübəli və savadlı kadrlar Rauf Vəliyevin idarəçiliyindən boğaza yığıldıqlarını bəyan edirlər. Onların sözlərinə görə vəziyyət o həddə çatıb ki, həmin kadrlar ölkəni tərk etmək məcburiyyətində qalaraq digər dövlətlərin bayrağı altında çalışmağa üstünlük verirlər. Kadrların kütləvi şəkildə ölkəni tərk etməsinin aldıqları cüzi maaşla heç bir əlaqəsi yoxdur. Onlar Rauf Vəliyevin və onun səriştəsiz komandasının heç bir əndazəyə sığmayan idarəçilik metodundan boğaza yığılaraq iş yerlərini birdəfəlik tərk edirlər. Gəmilərdə vəzifədən vəzifəyə təyin etmə prosesi Rauf Vəliyev tərəfindən təyin olunmuş qrupun nəzarəti altında həyata keçirilir. Həmin qrup isə dənizçilərin “dərisini soymaqla” məşğuldur. Məsələn, akademiyanı bitirən məzunlar ilk olaraq motorist kimi gəmilərə təyin edilirlər. 6 aydan sonra növbə mexaniki vəzifəsinə gəlmək üçün isə həmin motorist 1500-2000 manat rüşvət verməli olur. Ikinci mexanik keçmək üçün 2000-2500 manat “tərləməli” olan məzunlar baş mexanikliyə 3000 manat rüşvət vermək zorunda qalırlar. Baş verən haqsızlığa və özbaşınalığa dözməyən savadlı və təcrübəli dənizçilərin ölkəni tərk etməsi sonda ciddi kadr çatışmazlığı problemini yaradıb. Aparılan kadr siyasəti ilə bağlı mediada yer alan məlumatlara istinadən bildirək ki, QSC-nin rəhbər postlarında çalışan şəxslərin əksəriyyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyevin yaxın adamlarıdır. Misal kimi, onun birinci müavini Zamiq İsmayılovu, müavini Nəzrəddin Əhmədzadəni, eyni zamanda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevi, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutunun baş direktoru Fazil Qəhrəmanovu, Dəniz Nəqliyyatı Donanmasının rəisi Emin Nəzərovu, Xəzər Dəniz Neft Donanmasının rəisi İsrail Bayramovu, “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanovu, «Zığ» Gəmi Təmiri Zavodunun direktoru Rəfail Mikayılovu, İstehsalat Xidmətləri İdarəsinin rəisi Faiq Xəlilovu, Sosial İnkişaf İdarəsinin rəisi Namiq Nurməmmədovu göstərmək olar. Deyilənlərə görə, adıçəkilən şəxslər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nin sədri Rauf Vəliyevin yaxın adamlarıdır və o, bir sıra məsələləri məhz onların yardımları ilə yoluna qoyur. Təbii, bu zaman hər bir tərəfin maraqları yetərincə nəzərə alınır. Bildirək ki, Zamiq İsmayılov gənc kadr olmasına baxmayaraq, yuxarı eşalonda vaxtilə yüksək əlaqələrə malik olub. Onun xüsusi xidmət orqanlarında, özəliklə də məlum generalitet həbslərinə qədər təhlükəsizlik orqanlarında mühüm əlaqələri var imiş. Məsələnin maraqlı tərəfi ondadır ki, o, məlum həbslərdən sonra da dayaqlarını itirməyib. Yəni hələ də onu müdafiə edən qüvvələr mövcuddur. Sədrin digər müavini Nəzrəddin Əhmədzadə isə daha çox sahib olduğu geniş biznes şəbəkəsi ilə diqqət cəlb edir.
İşə düzəlmək üçün 5 min manat
“Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işə düzəlmək üçün məndən 5000 dollar rüşvət istədilər”. Bu iddia Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Fariz Həsənovun prezident İlham Əliyevə və xanımı Mehriba Əliyevaya ünvanladığı müraciətdəndir. Fariz Həsənov müraciətin bir surətini də mediaya göndərib. Şikayətçi yazır ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işə düzə bilmədiyinə görə xarici şirkətlərə üz tutut. Bir neçə il xarici şirkətlərdə cüzi maaşa işləyib. Lakin sonradan ixtisara düşüb: “2 ildir ki, işsizəm. Bu 2 ildə ailəm dağıldı. Təbii ki, aclığa, ehtiyaca görə. İşsiz olduğuma görə aliment verə bilmirəm. Məhkəmə isə buna görə həbs cəzası verməyə hazırlaşır. Cənab prezident, mən cinayətkar deyiləm. Sadəcə sizin də dəfələrlə müşavirələrdə barmaq silkələdiyiniz xalqı vecinə almayan məmurların qurbanıyam. Təsəvvür edin, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin qəbulunda olmuşam. O, mənə söz verdi ki, arxayın ol, səni işə götürəcəyik. Hətta bununla bağlı Kadrlar İdarəsinin rəisi Sevda Məmmədovaya da göstəriş verdi. Amma Sevda Məmmədova mənə deyir ki, matros işləmək üçün ali savad lazımdır. Mənim ali savadım olsaydı matros niyə işləyirdim ki? Mən dənizçilik peşə məktəbini bitirmişəm. Matros işləmək üçün bu kifayətdir. Siz heç universitet, yaxud akademiya bitirib matros işləmək istəyən görmüsünüzmü? Sevda Məmmədova məni işə götürməmək üçün belə absurd fikirlər səsləndirir. Mənə deyir ki, “işə mən götürmürəm, get sədrin yanına”. Axı sədr özü ona mənim yanımda göstəriş verib. Görünür, bu idarədə subardinasiya tərsinədir. Yəni, kadrlar idarəsini rəisi sədrə, sədr ona tabedir. Mümkündür, əgər, bu idarənin səlahiyyətli şəxsi matros işləmək üçün ali savadın vacib olduğunu deyirsə, o zaman niyə sədr tabeliyində olan şəxsə tabe olmasın ki? Əslində məsələ belədir ki, bu idarədə işə düzəlmək üçün tanışın olmalıdır və müəyyən şərtləri yerinə yetirməlisən. Mənim tanışım yoxdur, pulum da yoxdur. İndi mən acından ölməliyəm?! Mən 15 il ən müxtəlif gəmilərdə işləmişəm. Bosmanlığa qədər yüksəlmişəm. İşimdə heç vaxt nöqsan olmayıb. Amma mənim kimi kadra burada iş tapılmır. Cənab prezident, faktiki olaraq ailəmə ruzi qazanmağa imkan vermirlər. Onların balaları toxdur, ona görə ac uşaqlardan xəbəri yoxdur. Cənab prezident, Mehriban xanım, dəfələrlə anam da, mən də sizə məktub yazıb bu problemin həlli ilə bağlı kömək istəmişik! Siz də kömək etməsəniz, o zaman mən nə edim?”(cumhuriyyet.az)