BÖYÜK SİYASƏTDƏ ÜZR İSTƏMƏK MƏDƏNİYYƏTİ -Obama, Sarkozi, Şirak və daha kimlər…
Vaxtilə ABŞ prezidenti Barak Obamanın ünvanına “köpək oğlu” ifadəsini işlədən Filippin prezidenti Rodriqo Dutertenin bugünlərdə ondan rəsmən üzr istəməsi dünya mətbuatında gündəm olan hadisələrdən birinə çevrildi. Bu hadisə bir daha göstərdi ki, səhvi olan tərəf gec də olsa üzr istəməklə, hətta müəyyən mənada özünə qarşı rəğbət qazanmış olur.
Yenixeber.org: Bəs beynəlxalq aləmdə siyasi mədəniyyətin ayrılmaz hissəsinə çevrilən üzrxahlıq jestinə indiyə qədər hansı dövlət başçıları və tanınmış siyasətçilər əl atıblar?
Onlardan çox da uzaq tarixə malik olmayan bir neçəsini xatırladaraq, diplomatiyanın nə qədər mürəkkəb və necə incəlik tələb edən bir sahə olduğunu vurğulamaq istərdik:
Jak Şirak – İkinci Yelizaveta
Fransa prezidenti Jak Şirak 2003-cü ildə İngiltərə kraliçası İkinci Yelizavetadan ingilis əsgərlərinin qəbirlərinin təhqir olunmasına görə üzr istəmişdi. Belə ki, həmin il İrak müharibəsinə etiraz edən bir qrup etirazçı Birinci Dünya Müharibəsi zamanı Fransada həlak olmuş ingilis əsgərlərinin qəbir daşlarının üzərinə nalayiq ifadələr yazmışdılar. Həmin yazılarda əsasən ABŞ prezidenti Corc Buş və İngiltərənin baş naziri Toni Bleyr təhqir olunurdu. Bununla bağlı kraliçadan rəsmən üzr istəyən Şirak vandalların hərəkətinin insanlıq əleyhinə atılmış yolverilməz və biabırçı addım olduğunu bildirmişdi.
Herxard Şröder – Corc Buş
Almaniyanın ən nüfuzlu kanslerlərindən olan Herxard Şröder 2002-ci ildə ABŞ prezidenti Corc Buşdan üzr istəmişdi. Buna səbəb isə Almaniyanın həmin vaxt ədliyyə naziri omuş Herta Dobler-Hmelinin ABŞ prezidentinin ünvanına söylədiyi fikirlər oilmuşdu. Belə ki, xanım nazir ABŞ-ın o vaxtkı prezidentini Hitlerə bənzədərək, demişdi: “İrakı hədələməklə Buş diqqəti daxili problemlərdən yayındırmaq istəyib. Bu, populyar metoddur, hətta Hitler də belə edirdi”.
Kansler isə onun kabinetinə aid nazirin belə fikir söyləməsinin yolverilməz olduğunu demişdi. “Mənim kabinetimdə ABŞ prezidenti ilə Hitler arasında paralellər aparan nazirə yer ola bilməz” - söyləyən Şröder, Buşa ünvanladığı məktubda ondan rəsmən üzr istəmişdi. Herta Dobler-Hmelin isə artıq H.Şröderin yeni kabinetində yer almamışdı. Baxmayaraq ki, xanım nazir belə bir ifadə işlətmədiyini və onun söylədiklərinin səhv yozulduğunu iddia etmişdi.
Barak Obama- Alvaro Kolom
Bu üzrxahlığın tarixçəsi isə daha çox ABŞ-ın digər ölkə xalqlarının vətəndaşlarına qarşı qeyri-insani davranışını əks etdirən nümunə ilə bağlıdır. Belə ki, bu üzrxahlıq ABŞ-ın 1946-1948-ci illərdə Qvatemalada törətdiyi insanlıqdan kənar addımla bağlı olub.Barak Obama gec də olsa, yəni 2010-cu ildə Qvatemala prezidenti Alvaro Kolomaya məktub ünvanlayaraq, ABŞ həkimlərinin həmin vaxt minlərlə qvatemalalı üzərində apardığı eksperimentə görə üzr istəyib. Məsələ ondadır ki, o dövrdə “penisilin”in dəri-zöhrəvi xəstəliklərə təsirini öyrənmək üçün amerikalı həkimlər bilərəkdən 1600 nəfər Qvatemala vətəndaşını “sifilis” xəstəliyinə yoluxdurmuşdular.
Məktubda “Biz dərin təəssüf hissi keçiririk ki, belə bir hadisə baş verib. Və bu iyrənc təcrübələr nəticəsində zərər görən hər bir kəsdən üzr istəyirik” yazan Obama, özü də şəxsən Qvatemala prezidentinə zəng edərək, üzr istəmişdi.
Nikola Sarkozi – Brayan Kouen
İdmanın siyasətin tərkib hissəsinə çevrildiyini isbatlayan hadisələrdən biri Fransa prezidentinin öz irlandiyalı həmkarından üzr istəməsidir. Xatırlayırsınızsa, futbol üzrə 2010-cu ilin Dünya Çempionatının final mərhələsinə vəsiqə verən həlledici oyunda fransalı Tyeri Anri İrlandiya yığmasının qapısına əllə qol vurmuşdu. Bu ədalətsiz qol İrlandiya yığmasını yarışdan kənar qoymuşdu.
Böyük səs-küyə səbəb olsa da, həmin matç təkrar oynanmadı və Dünya Çempionatına Fransa yollandı. Məhz buna görə, Sarkozi İrlandiyanın baş naziri Brayan Koendən rəsmən üzr istəmişdi.
Pyotr Poroşenko – Aleksandr Lukaşenko
2016-cı ilin noyabrında Kiyev Aeroportundan havalanan Belarusa məxsus sərnişin təyyarəsi 10 dəqiqə sonra geri qayıtmağa məcbur edilmişdi. Hətta uçuş heyəti tabe olmayacağı təqdirdə havaya qırıcıların qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdu. Səbəb isə o idi ki, təyyarənin sərnişinləri arasında “antimaydan” hərəkatının, yəni Poroşenkoya qarşı qatı müxalifətçilik edən siyasi təşkilatın təmsilçisi var idi. Təyyarə geri qaytarılaraq, həmin sərnişin həbs olunmuşdu. Doğrudur, o bir müddət sonra azadlığa buraxıldı. Ancaq bu insident iki qonşu ölkə arasında siyasi qalmaqala səbəb olmuşdu ki, bunun da nəticəsi olaraq, Poroşenko Lukaşenkodan üzr istəmişdi.
Reuven Rivlin – Enrike Nyeta
2017-ci ilin yanvarında İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampın Meksika ilə sərhədə divar hörülməsi planını alqışladığını əks etdirən açıqlama yaymışdı. Və belə bir təcrübəni Fələstinə qarşı həyata keçirdiklərini xatırlatmışdı.
Doğrudur, sonradan Netanyahu fikirlərinin düz başa düşülmədiyini iddia etmişdi. Buna baxmayaraq, İsrail prezidenti Reuven Revlin meksikalı həmkarından rəsmən üzr istəyərək demişdi ki, bu cür açıqlamalar qarşı tərəfə ziyan vura bilər.
Rəcəb Tayyib Ərdoğan – Vladimir Putin
2016-cı ilin iyununda rəsmi Moskva Ərdoğanın Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı üzr istədiyinə dair məlumat yaydı. Sonradan R.T.Ərdoğan sadəcə “təəssüf edirəm” ifadəsini söylədiyini bildirmişdi. Ancaq Kremlin sözçüsü Ərdoğanın məktubunun düzgün tərcümə olunduğunu və orada “üzr istəyirəm” ifadəsinin yer aldığını iddia etmişdi.
İstənilən halda, bu üzrxahlıq Türkiyə ilə Rusiya arasındakı az qala müharibə ab-havası yaradan gərginliyin aradan qalxmasına və münasibətlərin inkişafına səbəb oldu.
Rodriqo Duterte – Barak Obama
Nəhayət, Filippin prezidenti Duterte. Bu qeyri-adi siyasətçi daha çox ölkəsində narkoticarətə qarşı amansız mübarizə aparan birisi kimi tanınır. Və bu zaman narkotik satanların yerindəcə sorğu-sualsız güllələnməsinə icazə verilməsinə qədər müxtəlif cəza tədbirlərinə əl atması ilə məşhurdur. Onun bu qərarlarını insan haqlarına qarşı atılan addım kimi dəyərləndirən ABŞ prezidenti Duterteni kəskin tənqid etmişdi. Dutertenin cavabı isə çox çılğın olmuş və o, ABŞ prezidentini “köpək oğlu” deyərək, təhqir etmişdi. Bu günlərdə isə Filippin prezidenti həmin ifadələrinə görə ABŞ-ın 44-cü prezidentindən üzr istədi.
Yuxarıda qeyd edilən hadisələr beynəlxalq aləmdə sivil və insani münasibətlərə dair nümunələrin kiçik bir hissəsidir. Ancaq ortada vəhşi və nə beynəlxalq hüquq normalarına, nə də adi insani dəyərlərə sığmayan davranışlarına hələ də haqq qazandırmağa çalışan Ermənistan nümunəsi də var. Və hər halda inanaq ki, nə vaxtsa bu ölkənin də başına insanlıqdan xəbəri olan birisi gələcək və ən azından Xocalıda törədilən vəhşiliyə, qətliama, soyqırımına görə rəsmən üzr istəmək qabilliyətinə malik olacaq…(azpolitika)
Cəlal