ABŞ-Türkiyə arasında yaşanan 6 böhran:Xaşxaşdan çuvala qədər
Yenixeber.org: Son zamanlar ABŞ-Türkiyə münasibətləri də xeyli gərginləşib. Xüsusilə keşiş Brunsonun həbsi iki müttəfiqi az qala düşmənə çevirib. Bir çoxları münasibətlərin gərilməsində Türkiyənin indiki hakimiyyətinin populist çıxışlarının mühüm rol oynadığını qeyd etsələr belə, qardaş ölkənin ABŞ-la sıx əməkdaşlığa başladığı 1960-cı ildən bu yana dəfələrlə qarşı-qarşıya gəldiklərinin şahidi oluruq. Elə bu faktın özü də Türkiyə-ABŞ gərginliyinin hansısa hökumətin siyasi xarakterindən yox, əksinə, qlobal geopolitik maraqlardan qaynaqlandığını təsdiqləyir. Oxuduğunuz yazıda yaşananların geopolitik şərhini verməkdən çox, 70-80 illik gərginlik tarixinin xronologiyasına nəzər salmağa çalışacağıq.
Kuba böhranı - 1962-ci il
ABŞ-Türkiyə arasındakı ilk qırılma nöqtəsinin ortaya çıxması 1962-ci ilə təsadüf edir. Səbəb isə dövrün iki super gücü ABŞ-la SSRİ arasında baş verən Kuba böhranı idi. 1962-ci ilin oktyabrda yaşanan böhran hətta ABŞ və Sovet İttifaqını nüvə müharibəsinin astanasına belə gətirmişdi. Kuba üzərində uçan U-2 təyyarələrinin burada nüvə başlıqlı raketlərin olduğunu kəşf etməsiylə atəşlənən böhran zamanı ABŞ eks-prezidenti Con F. Kennedi SSRİ-ni Kubadan nüvə silahlarını yığışdırmağa çağırdı. SSRİ isə bir şərtlə buna razılıq verdi: İlk əvvəl ABŞ Türkiyə və İtaliyadakı nüvə başlıqlı silahlarını geri çəkməli idi.
Beləcə, ABŞ-ın Türkiyəni nüvə bombaları və raketləri ilə donatdığı məlum oldu. O da məlum oldu ki, bundan Türkiyənin nə prezidentinin, nə də Baş nazirinin xəbəri var imiş. Ən pisi isə o idi ki, ABŞ və Sovet İttifaqı arasında Türkiyədəki silahların ləğvi istiqamətində verilən qərar rəsmi Ankarayla məsləhətləşmədən qəbul olunmuşdu. Bu sövdələşmələrdə Türkiyənin maraqlarının hesaba alınmaması və ABŞ-ın Yupiter raketlərini Türkiyədən sökmə qərarı iki ölkə arasında etimad qırıqlığına yol açdı.
Yarımçıq qalan Kipr əməliyyatı və Consonun məktubu-1964
ABŞ-Türkiyə arasındakı ikinci böyük qırılma 1964-cü ildə Kipr böhranı ilə başladı.
1961-1963 illər dövründə Kiprdə yaşayan türklərin hüquqlarının açıq şəkildə qəsb edilməsi, baş verən qanlı hadisələr nəticəsində Türkiyə 7 İyun 1964-cü il tarixində adaya hərbi müdaxiləyə hazırlaşırdı. Bu məlumat ABŞ prezidenti Lindon B. Consonun plana sərt reaksiyası isə üzə çıxdı. Conson planlaşdırılan hərbi əməliyyatdan iki gün 2 gün əvvəl - 5 İyunda dövrün baş naziri İsmət İnönüyə aşağılayıcı tonda məktub göndərdi.
Məktubda ABŞ ilə məsləhətləşmədən belə bir addım atılarsa, "NATO və BMT TŞ-nın təcili iclasa çağrıla biləcəyi” Ankaranın diqqətinə çatdırılırdı. ABŞ-ın hərbi əməliyyatın qarşısını almaq üçün göndərdiyi məktubda ən kritik mesaj isə bu idi: "Qarşınızda Sovetlər Birliyi var. Sovet işğalı ilə üz-üzə qalsanız, biz yanınızda olmayacağıq".
Yeri gəlmişkən, qeyd edək ki, bir çoxları Conson məktubunun əslində İnönünün qurduğu "diplomatik oyun"un bir parçası olduğunu təxmin edirlər. Bu mülahizəyə görə, Türkiyənin əslində Kiprə hərbi müdaxilə edəcək hərbi gücü yox idi. Kiprdəki qətliamlara laqeyd qaldığı üçün daxili siyasətdə sərt tənqidlərə məruz qalan İsmət İnönü bir tərəfdən döyüş gəmilərini Kiprə göndərmiş, bir tərəfdən isə hərbi planı ABŞ səfirinə “sızdırmışdı”. ABŞ-ın plana mane olacağını bilən Baş nazir həqiqətən də yanılmamış, Consonun məktubu ilə rahatlaşmışdı. Bu məktubla İnönü faktiki olaraq həm özünü daxili təzyiqlərdən xilas etmiş, həm də Kiprdəki türkləri qətlə yetirən rumlara göz dağı vermişdi. Diplomatik oyun olsa da, olmasa da, yaşanan bu böhrandan sonra Türk xalqının ABŞ-a düşmənçiliyi kəskin şəkildə artmışdır.
Xaşxaş böhranı-1974
Türkiyə-ABŞ arasındakı ən maraqlı böhran 1974-cü ildə yaşanıb. Həmin dövrdə ABŞ-da Riçard Nikson hakimiyyətdə idi. R.Nikson Türkiyədə xaşxaş əkininin qadağan olunmasını tələb edirdi. Türkiyənin Baş naziri Süleyman Dəmirəl isə həmin tələbdən sonra xaşxaş əkən rayonların sayını azaltmaqla kifayətlənmişdi. Bu “maxinasiya” Niksonun qəzəbinə yol açmış və 12 Mart 1971- çi il tarixində Türk ordusunun hərbi çevrilişi ilə Dəmirəl hakimiyyətdən endirilmişdi. Onun yerinə CHP-li Nihat Erim hökuməti qurdurmuşdu. Yeni hökumət ABŞ-ın istədiyi kimi, xaşxaş əkinini tamamilə qadağan etmişdi.
İncirlik bazasından istifadəyə qadağan qoyulması-1974
Adanada yerləşən İncirlik bazası Soyuq müharibə dövründə ABŞ-ın Sovet İttifaqına qarşı potensial müharibədə əsas əməliyyat mərkəzlərindən biri hesab olunurdu. Məhz bu səbəbdən də baza ABŞ ilə Türkiyə arasında önəmli sövdələşmə vasitəsi idi və bu gün də belədir.
ABŞ 1974-ci ildə Kipr hərəkatından sonra Türkiyəyə qarşı silah embarqosu tətbiq etdi. Türkiyə də buna cavab olaraq ABŞ-ın istismarındakı İncirlik və digər hərbi bazalarda fəaliyyətini dayandırdı, onlara nəzarəti Türk Silahlı Qüvvələrinə verdi. ABŞ Konqresinin 1978-ci ilin sentyabrında embarqonu ləğv etməsindən sonra İncirlik bazası da əvvəlki kimi fəaliyyət göstərməyə başladı.
ABŞ-ın İraqı işğal prosesindəki 1 mart təkirəsi-2003
ABŞ-ın İraqı işğalı zamanı Türkiyə parlamentinin çıxartdığı 1 mart qərarı iki ölkə arasında ən dərin iz buraxan böhranlardan biridir. Türk əsgərlərinin xarici ölkələrə göndərilməsi və xarici silahlı qüvvələrin Türkiyədə yerləşdirilməsinə dair hökumətin göndərdiyi layihə TBMM-dən keçmədi. Bu qərar ABŞ-ın İraq əməliyyatında B planını işə salmağa vadar etdi və İraqa müdaxilə güney cəbhəsindən başladı.
Türk əsgərlərinin başına çuval keçirilməsi-2003
1 mart təzkirəsindən sonra ABŞ-Türkiyə münasibətlərində növbəti böyük çatlaq yarandı və bir sıra yeni gərginliklər ortaya çıxdı. Belə gərginliklərdən biri də çuval böhranı idi.
4 iyul 2003-cü ildə İraqın Süleymaniyyə şəhərindəki Amerika əsgərləri Türkiyə Xüsusi Qüvvələr Komandanlığına bağlı zabitlərin yerləşdiyi qərargaha basqın etdilər, buradakı Türk əsgərlərinin başlarına çuval keçirib sorğu-sual üçün Bağdada apardılar. Böhran Türkiyənin təmkinli siyasəti nəticəsində səngidi.
Viza böhranı-2017
8 oktyabr 2017-ci ildə ABŞ Türkiyədəki konsulluq əməkdaşı Mətin Toppuzun həbsindən sonra, bu ölkədən edilən viza müraciətlərini müddətsiz olaraq təxirə saldı. Türkiyə də eyni qərarla ABŞ-a cavab verdi. Viza böhranı iki ölkə arasındakı ən əhatəli diplomatik sanksiyalar kimi tarixə düşdü.
28 dekabr 2017-ci ildə ABŞ və Türkiyə qarşılıqlı olaraq viza sanksiyalarını aradan qaldırdılar.
Və son böhran: Keşiş Endryu Brunson gərilimi-2018
Tramp hakimiyyəti Türkiyədə ev həbsində olan ABŞ vətəndaşı keşiş Endryu Brunsonun azad edilməməsi səbəbilə Daxili İşlər naziri Süleyman Soylu ilə Ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq etdi. İki naziri əhatə edən sanksiyalar ağır olmaqla yanaşı, geniş olmayan, simvolik addım sayılır. Bununla belə, Türkiyəyə sanksiya tətbiq ediləcəyi xəbəri bir çox xarici sərmayədarın qardaşı ölkədən qaçmasını tətiklədi. Bu isə xarici kapitala bağlı olan Türk iqtisadiyyatında ciddi problemlərə yol aça bilər. Hətta ölkənin defolt yaşaması ehtimalı belə dilə gətirilir.
Nərmin Vüqarqızı