“Futbol “baş”la oynanılan bir oyundur” ifadəsinə yəqin ki, hamımız bir yerlərdə rast gəlmişik.

Yenixeber.org: Buradakı “baş” sözü bizim kəllə nahiyəmiz mənasında işlənmir. Beyin, düşüncə, ağıl mənasında işləndiyindən, şübhəsiz, xəbərdarsınız. Haqqında bəhs etdiyimiz bu “baş”dan təkcə yaşıl meydanlarda deyil, dünyanın siyasət meydanlarında da işlədirlər. Sizin indi mənə, “Nə daşırsan? Futbol sadəcə bir idman növüdür, onun siyasətə adiyyatı yoxdu” deməyinizdən təbii bir şey ola bilməz. Mən də əvvəllər sizin kimi düşünürdüm. Ta ki, Simon Kuperin “Futbol heç vaxt sadəcə futbol olmayıb” ifadəsini eşitməyimə qədər. Kuperin bu sitatı diqqətimi çəkdi və başladım tarixin futbolla bağlı “çirkli” səhifələrini vərəqləməyə. Nə nəticə aldım? Buyurun nəticə göz qabağındadır.

                               “Ölkəni 3 F – futbol, fado (musiqi), fiesta (əyləncə) ilə idarə etdim”

İstər sosioloji, istər iqtisadi və istərsə də siyasi nöqteyi nəzərdən baxın, fərq etməz. Futbol XIX əsrin sonlarından etibarən dünya sisteminin formalaşmasında ən vacib parametr olmuşdur. Elə portuqaliyalı diktator Salazarın “Ölkəni 3 F – futbol, fado (musiqi), fiesta (əyləncə) ilə idarə etdim” deməsi bunun ən bariz sübutu ola bilər. Uzağa getməyək. Priney yarımadasının digər ölkəsi İspaniyada baskların və katalonların futbol, zalım rejimə qarşı bir mübarizə tərzi idi. İspan diktator Fransisko Frankonun “Atletik Bilbao” və “Barselona” klublarının prezidentlərinə hazırladığı süi-qəsdlər, bu klublara göstərilən təzyiqlər, kral klubu “Real Madrid”in ardıcıl çempionluqları sıralaması bask və katalon millətinin əzmini sındırmaqdan başqa bir şey deyildi. Futbol Frankonun siyasətində ən vacib “maşa” idi.

                                    Karolun siyasi addımı

Dünya çempionatları isə bu “teatr”ın ən önəmli səhnələrindən biri idi. Düşünün, futbol üzrə ilk dünya çempionatı (DÇ) 1930-cu ildə Uruqvayda, həm də böyük iqtisadi böhranın dünyaya hökm etdiyi bir zamanda keçirilmişdi. Dəmək olar ki, dünyanın hər yerində insanlar yoxsulluqdan yəmək tapa bilmir, intihar edir və ya acından ölürdülər. O səbəbdən iştirakçılar arasında Avropadan gələnlərin sayı bir əlin barmaq sayını keçmirdi. Həmin turnirdə Avropadan sadəcə 4 ölkə var idi. İştirakçılar arasında Rumıniyanın olması heç də təsadüfi deyildi. Belə ki, Kral Karol ata tərəfdən alman, ana tərəfdən isə ingilis kral ailəsinə mənsub bir dövlət başçısı idi. Xalqın ona böyük rəğbət bəslədiyini desəm yanılmış olaram. Karol xalqın sevgi və rəğbətini qazanmaq üçün ölkəsinin futbol sevgisini nəzərə alaraq milli komandanı ilk DÇ-yə göndərir. Maraqlı tərəfi də budur ki, Uruqvaya yollanacaq futbolçuları da Karol öz seçir. Bu heyətin də əksəriyyəti İngiltərənin neft şirkətlərindən birinin işçiləri idi.

                                        Mussolinin parad istəyi

Bu nümumələr sanki, qarşıdakı illərdə baş verəcəklər üçün xəbərdarlıq siqnalı idi. 1934-cü ildə İtaliyada keçirilən DÇ-ni Mussolini düşmənlərə göz dağı vermək üçün istifadə etdi. Oyunlara müdaxilələr, hakimlərə təzyiqlər hamısı düşünülmüş planın bir parçası idi. Məqsəd isə bəlli idi. İtaliya öz evində keçirilən turnirdə qalib olmalı idi. Final oyunundan qabaq Romada hərbi paradda Mussolini İtalia milli komandasının onun önündən keçməsini istəmişdi. Lakin millinin çalışdırıcısı Vittori Pozzo bu qərara qarşı çıxaraq finala hazırlaşmalı olduqlarını bildirmişdi. Düşünün, İtaliya çempion olmasaydı Pozzonun aqibəti necə olacaqdı?!

                                           Şinderalın müəmmalı ölümü

Mussolinin alman həmkarı Hitler, Avstriyanı Almaniyaya birləşdirmə planında uğurlu olmuşdu. Həmin dövrün güclü komandalarından biri olan olan Avstriya işğaldan sonra Almaniya ilə son bir oyun keçirir. Məqsəd isə 1938-ci ildə DÇ-yə güclü komanda yığmaq idi. Həmin oyunda Avstriyanın əfsanəvi futbolçusu Şinderal almanlara futbol dərsi keçmişdi. Şinderal oyundan sonra bildirmişdi ki, mən DÇ-yə getməyəcəyəm. Bu hadisədən bir neçə gün sonra Şinderal müəmmalı şəkildə evində ölü tapılır. DÇ-yə oyunlara 6 alman və 5 avstriyalı ilə çıxan Almaniya millisi ilk turda İsveçrəyə məğlub oldu. Həmin dövrdə Avropada belə bir zarafat geniş yayılmışdı. “Görəsən, Hitler indi İsveçrəni işğal edəcək mi?”.

                         “Bu qol Tanrının əli və Folklandın intiqamıdır”

1978-ci ildə DÇ-də Argentina və İngiltərə millilərinin qarşı-qarşıya gəlməsi bəlkə də tarixin ən acı təsadüflərindən biri idi. Çünki, iki dövlət arasında Folkland və Malvinas adaları uğrunda müharibə hələ yeni səngimişdi. Maradona isə bu oyunda əllə vurduğu qol haqda belə şərh vermişdi: “Bu qol Tanrının əli və Folklandın intiqamıdır”. Bu ifadə bir daha sübut edir ki, futbol təkcə idman növü deyil. Qeyd üçün bildirim ki, həmin müharibədə İngiltərə adı çəkilən adaları işğal etmişdi.

                                                     Futbol müharibəsi

Orta Amerikanın iki ortabab ölkəsi olan Honduras və Salvador 1970-ci illərdə siyasət meyanında heç də yola getmirdilər. Tərslikdən də DÇ-nın “Pley-off”unda qarşı–qarşıya gəlməli oldular. Bir-birinə nifrət bəsləyən bu iki dövlətin müharibə etməsi üçün bu qarşılaşma behanə oldu. Sonralar tarixə “Futbol müharibəsi” adı ilə düşəcək 100 saatlıq müharibə baş verdi. Qeyd edək ki, mundiala Salvador vəsiqə qazanmışdı.

1974-cü ildə AFR və ADR-nin eyni qrupda yer alması, AFR-nın uğurlu oyunları kapitalizmin sosializmə qalib gəlməsinin başqa formada təsviri idi.

                                              Təsadüfi iştirak və çempionluq

Yuqoslaviya parçalanmağın astanası olduğu bir vaxt Avropanın diqqəti İsveçdə baş tutacaq Avropa çempionatında idi. Yuqoslaviya məlum səbəblərə görə 1992-ci il çempioatında iştirak etməkdən imtina etdi. Seçmə mərhələdə qrupda Yuqoslaviya millisindən sonrakı yerin sahibi adı çəkilən ölkənin əvəzinə çempionata top qovmalı olacaqdı. Bu isə Danimarka millisi idi. Bəli, düz oxudunuz -Danimarka millisi. Skandinaviyada keçirilən turnirin qalibi digər skandinaviya ölkəsi olur.

 

                                    Müxalifət lideri futbol federasiyasını niyə qınayıb?

1998-ci il DÇ-da ABŞ və İran milliləri eyni qrupda yer alırlar. Həmin dövrdə və bu günün özündə də iki dövət arasındakı diplomatik münasibətlər kimsəyəə sirr deyil. Bu səbədən bütün diqqətlər həmin oyunda idi. Lakin qeyd olunan qarşılaşma uzun müddət yadda qalacaq dostluq atmosferində keçdi. Sanki Amerikaya “Şər İmperiyası” deyən İran, həmin İran deyildi. Oyunun nəticəsinə gəlincə, matç cənub qonşularımızın 2:1 hesablı qəbəsi ilə başa çatmışdı. Lakin hər iki ölkə qrupdan çıxa bilməmişdi. Həmin çempionatda ev sahibi Fransa qalib gəlir. Fransızlar çempionluğu qeyd etdiyi bir vaxtda, müxalifət lideri Mariye La Pen futbol federasiyasını qınayaraq əksər futbolçuların əslən fransız olmamasını və Marselyozanı (Fransanın dövlət himni) oxumadıqlarını bildirmişdi (tanış mənzərədir).

Sonda futbolun siyasətə dəxli olmadığını düşünənlərə üzümü tutub demək istəyirəm ki, “Qarabağ”ın İtaliya “İnter”ilə Bakıdakı oyunu yadınızdadır?(minval)

Əcəmi Əsədulla