Heydər Əsədovun çevrəsi hədəfdə- HƏBSLƏR....
“Aqrolizinq”in sədri işdən çıxarıldı; Elşən Məmmədovu “ASAN Xidmət” Mərkəzinin direktoru əvəz etdi; ASC-nin fəaliyyətinə dair məlumatlar niyə sirr kimi saxlanılır?
Yenixeber.org: Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov vəzifəsindən azad edilib. Bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb. ASC-nin yeni sədri Seymur Mövlayev təyin olunub. S. Mövlayev bundan əvvəl 3 saylı "ASAN Xidmət" Mərkəzinin direktoru olub.
“Bağlı qutu”da nələr baş verib?
“Aqrolizinq” ASC fəaliyyətinə dair məlumatları qapalı saxlayan qurumlar arasındadır. Xüsusilə keçirilən tenderlər, alqı-satqılar, lizinq əməliyyatları barədə bu qurumdan məlumat almaq demək olar ki, qeyri-mümkündür.
Belə ki, 2013-cü ilin oktyabrında kənd təsərrüfatı naziri Heydər Əsədov təyin edildikdən sonra “Aqrolizinq” ASC-də Hesablama Palatası ciddi yoxlamalara başladı. Yoxlamaların nəticəsindən aydın oldu ki, ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları olub. Bu səbəbdən yoxlama materialları Baş Prokurorluğa göndərildi. Məlumat yayıldıqdan az sonra “Aqrolizinq”in sədri Əli Bayramovun öz ərizəsi ilə işdən getdiyi məlum oldu. Eyni zamanda qurumun bir neçə rayon şöbəsinin rəisi işdən qovuldu, barələrində cinayət işləri qaldırıldı. ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri həbs edildi. Bundan sonra qurumun müxtəlif rayonlar üzrə filiallarında ciddi qanunsuzluqların aşkarlandığına dair məlumatlar yayıldı, həbslər aparıldı. Ancaq nə qədər qəribə də olsa, Əli Bayramov istintaqa cəlb olunmadı. Mümkündür ki, bu dəfə yoxlamalar daha ciddi dairəni əhatə etsin və həbslər olsun...
2010-cu ildə “Aqrolizinq”də Prezident Administrasiyası tərəfindən aparılan yoxlamaların nəticələrini əks etdirən məlumat açıqlanmışdı. Həmin məlumatdan aydın olur ki, qurumda korrupsiya, dövlət vəsaitlərini mənimsəmə, dövlət əmlakını talama kimi hallar 2008-2009-cu illərdə də geniş yayılıbmış. H.Əsədov nazir təyin olunandan sonra “Aqrolizinq”in fəaliyyətində şəffaflıq yaranacağına dair gözləntilər özünü doğrultmadı.
Hesablama Palatasının 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində ASC-nin fəaliyyətini və ümumilikdə 246,2 milyon manat məbləğində vəsaiti əhatə edən auditinin nəticələri göstərir ki, “Aqrolizinq”də dəyişiklik çox cüzidir. Palata müəyyən edib ki, ASC tərəfindən bəzi istiqamətlər üzrə 2014-cü ildə artıq xərclərə yol verilib.
Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib və sair.
Bundan əlavə, ötən il mətbuatda “Aqrolizinq” ASC-nin lizinq yolu ilə fermerlərə satdığı texnikanın qiymətində əvvəlki ilə nisbətən 50 faizədək bahalaşma baş verdiyi, bunun isə həmin texnikanın H.Əsədovun qardaşının şirkətlərindən alınması ilə bağlı olduğuna dair faktlar yer alıb. Sabiq nazir bu faktlarla bağlı əsaslı bir açıqlama verməyib.
“Aqrolizinq”in şübhəli tenderləri
Tenderlərin rəsmi reyestrindən isə aydın olur ki, “Aqrolizinq”in ötən il “Traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikalarının satın alınması” üzrə “Networks Europe L.P.” şirkəti ilə dəyəri 7 milyon 110 min 894.20 manat təşkil edən müqavilə imzalayıb. Çox maraqlıdır ki, İnternet axtarış resurslarında bu şirkət barədə 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçməsi və ünvanından başqa heç bir məlumat yer almayıb. Daha maraqlısı budur ki, 2016-cı ildə KTN-in bu şirkətdən 6,5 milyon manatlıq vaksin almasına dair mətbuatda məlumat gedib. “Yeni Müsavat”ın bu şirkət və onunla bağlanan müqavilə barədə nazirlikdən məlumat almaq üçün göndərdiyi sorğuya bu günədək cavab verilməyib.
2017-ci ildə “Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası, mineral gübrələr və cins heyvan alışına 372,19 milyon manat vəsait xərcləyib. Bunun 342,5 milyon manatı 102 min ədəd kənd təsərrüfatı texnikasının alışına yönəldilib. Bundan başqa, 2017-ci ildə 65,5 min ton mineral gübrələr, 7 min baş iri buynuzlu cins heyvan alınıb. Ümumilikdə, 2017-ci ildə “Aqrolizinq”ə dövlət büdcəsindən 200 milyon manat ayrılıb.
Ötən il ASC-yə qaytarılan vəsaitlərin həcmi 172,19 milyon manat təşkil edib. Bunun 99,42 milyon manatı ASK texnikasının lizinqindən, 3,27 milyon manatı texnoloji avadanlığın lizinqindən, 49,87 milyon manatı mineral gübrələr və pestisidlərin satışından, 16,26 milyon manatı servis xidmətlərindən, 3,46 milyon manatı digər xidmətlərdən daxil olub.
Aqrar istehsalçılarla dövlət arasında əsas vasitəçi qurum olan “Aqrolizinq” ASC-nin açıqladığı konsolidə edilmiş maliyyə hesabatında isə qeyd olunur ki, qurum 2017-ci ildə 21,7 milyon manat məbləğində ziyana düşüb. Bu, 2016-cı illə müqayisədə 10,7 milyon manat çoxdur. Hesabata görə, ötən il qurumun gəlirləri 41,6 faiz artaraq 180,8 milyon manat təşkil edib. Bunun 111,1 milyon manatı kənd təsərrüfatı avadanlığının satışından, 49,5 milyon manatı gübrə satışından, 16,4 milyon manatı heyvan satışından və sair əldə edilib. Şirkətin əməliyyat mənfəəti 13,3 milyon manat təşkil edib. Ötən il ərzində ASC valyutaların mübadilə məzənnəsinə görə 14,4 milyon manat zərərə düşüb.
1,6 milyard manatdan çox dövlət vəsaiti xərclənib
Hökumətin hesabatından aydın olur ki, “Aqrolizinq” 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 milyard manatdan çox vəsait əldə edib. Bu ilin fevralında isə dövlət başçısının sərəncamı ilə quruma kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat ayrılıb. Bu qədər böyük vəsaitlər hesabına alınan texnikadan, gübrədən, cins heyvanlardan səmərəli istifadə olunduğunu söyləmək, təəssüf ki, mümkün deyil. Fermerlərin yazda ASC-dən gübrə, payızda texnika əldə etmək arzusu gözlərində qalır. Gübrə və texnika “dost-tanış” prinsipi əsasında verilir. Bütün bunlar “Aqrolizinq” ASC-nin fəaliyyət prinsiplərində kəskin dəyişikliklərin olunmasını zəruri edir.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, yeni təyin olunan nazirin əsas vəzifəsi məhz “Aqrolizinq” kimi yerlərdə birbaşa sahibkarlarla işləyən qurumların fəaliyyətində dönüş yaratmaqdır: “Bu istiqamətdə real tədbirlər həyata keçiriləcəksə, kənd təsərrüfatında hansısa irəliləyişlərdən danışmaq mümkün olacaq. ”Aqrolizinq" ən qeyri-şəffaf fəaliyyət göstərən qurumlardan biri olub. Bu qurumun fəaliyyətində korrupsiya elementləri kifayət qədər yüksəkdir. Faktiki olaraq dövlətin aqrar istehsalçılar üçün yaratmaq istədiyi imkanlardan istifadə, demək olar ki, mümkün olmayıb. Buna görə də burada təkcə təsəvvürün deyil, bütövlükdə yanaşmanın dəyişməsinə ehtiyac var".
Ekspert deyir ki, “Aqrolizinq”in reputasiyası çox bərbaddır: “Yeni sədrin əsas vəzifəsi bu reputasiyanı müsbətə doğru dəyişmək, quruma olan inamı bərpa etmək olmalıdır. Bunun üçün şəffaflıq və hesabatlılıq əsas məsələlərdən biri olmalıdır. Həmçinin ”Aqrolizinq" tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasına ehtiyac var. Çünki qurumun yerlərdəki infrastrukturu elə bərbad formalaşıb ki, rəhbərliyin dəyişməsi bəzi hallarda regionlarda problemlərin həllini tapmaması ilə nəticələnə bilər. Buna görə də vətəndaşla qurumun təmsilçiləri arasında birbaşa təmasların minimuma endirilməsinə ehtiyac var".(müsavat)
Dünya SAKİT