BEYNƏLXALQ BANKIN BÜTÜN LAYİHƏLƏRİ MƏHV EDİLDİ! -Sensasiyalı faktlar
Bankın sərmayələri ilə mənfəətəçıxan müəssisələr Cahangir Hacıyevdən sonra müflisləşdirilərək oliqarxların nəzarətinə keçib
Yenixeber.org: Azərbaycanda bank sektorunun ötən ilki statistik göstəriciləri açıqlanıb. Məlum olur ki, 2017-ci ildə ölkə banklarının faiz gəlirləri 1 775,2 mln. manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 11% azdır. Maliyyə böhranı, xüsusilə bank sektorunda yaradılan vəziyyət ölkədə bir çox əhəmiyyətli layihələrin dayanmasını şərtləndirib. Əsas da Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyələşdirdiyi iri büdcəli layihələr hazırda ya dayanıb, ya da benefisiarları dəyişdirilib. Nəticədə qeyri-neft sektoruna aid olan müəssisələrə ciddi zərbə dəyib.
Bankın zərərləri 2 milyarddan 12,5 milyard manata necə qalxdı?
Qeyd edək ki, maliyyə naziri Samir Şərifov ABB-dən alınan kreditlər üzrə edilən yatırımların qeyri-rentabelli layihələrə xərcləndiyini bildirmişdi. Lakin bankın idarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyev həmin layihələrin qəsdən dayandırıldığını barəsində keçirilən məhkəmə proseslərinin az qala hamısında dilə gətirirdi. O, layihələrin iflasa uğradılmasını qeyri-peşəkar menecmentlə əlaqələndirirdi. Mətbuata ünvanladığı müraciətində də Hacıyev deyib ki, ABB-nin aktivləri orta hesabla 6 milyard dollar təşkil edirdi. Onun 70 faizi dövlət və dövlət sifarişlərini icra edən təşkilatlara verilən kreditlər olub. Özəl müəssisələrin layihələrinə yönəldilən investisiyaların payı təxminən 2 milyard dollar təşkil edirdi. Həmin vəsait sırf layihələrə sərf edilib. C.Hacıyev: “Məni ittiham edirlər ki, 2 milyard manatı riskli layihələrə qoymuşam və həmin məbləğdə zərər vurmuşam. Halbuki, bu layihələrin hesabına Beynəlxalq Bank hər ili xalis gəlirlə başa vurub. 2015-ci ilin mart ayında istefa ərizəsi yazaraq bankın rəhbərliyindən uzaqlaşdıqdan sonra cinayət işi başlandı, xeyli sahibkar həbs edildi, onlarla vətəndaşa ölkəni tərk etmək qadağası qoyuldu, minlərlə iş yeri bağlandı, Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələrin icrası durduruldu, bankın və layihələrin idarəçiliyində xaos yarandı, kreditlərin ödənilməsi dayandı, buna görə də banklar zərərə çıxdı. Biz bankdan uzaqlaşdırıldıqdan sonra həmin layihələrin təsisçiləri, benefisiarları dəyişdirildi, nəticədə layihələr iflic oldu..”.
Dövlət təşkilatlarına verilən 4 milyard vəsaitin taleyi barədə ictimaiyyətə hələ də məlumat verilmir. Bankın isə zərərləri azalmaq əvəzinə artdıqca artdı. İlkin olaraq 2 milyarddan söhbət gedirdisə, sonradan toksik zərər kimi qələmə verilən və necə yarandığı heç bir şəkildə izah edilməyən 12,5 milyard manat da Bankın ayağa qalxmasını təmin edə bilmədi. Hökumət də çıxış yolunu ABB-nin dövlətə məxsus aktivlərinin özəlləşdirilməsində görürlər.
Beynəlxalq Bank və onun törəmə şirkətlərinin hazırda həbsdə olan əməkdaşlarının ailə üzvləri bir müddət əvvəl ölkə başçısı İlham Əliyevə müraciət etmişdilər. Həmin müraciətdə ABB-nin maliyyələşdirdiyi ondan artıq uğurlu layihənin bankın idarə heyətinin sədri Cahangir Hacıyev və onun komandasının həbsindən sonra iflasa uğradıldığı qeyd edilirdi. Siyahıda “CTC Aqro” zavodu, “İnter Tobacco” zavodu, “İnter Glass” zavodu, “Oğuz Qlükoza” zavodu, “BOT” ayaqqabı fabriki, “Şəki Aqro” zavodu, “General-Construction”Şirkəti, Şəki Olimpiya Kompleksi, Fuceyra Əmirliyində yerləşən “İntertekstil” və“İnterstil” zavodları, “Azərbaycan Metanol” Zavodu (“AzMeCo”) və “Bakı Fındıq Emalı” zavodunun (“BakFem” MMC) adı çəkilib.
Gəlirlə işləyən zavodlar indi sıfırdadır
Bankın maliyyələşdirdiyi layihələrdən biri “CTC Aqro” – pambıq istehsalı və yığımı üzrə ixtisaslaşmış zavoddur, əsasən Aran zonasında pambıq istehsalı və tədarükü ilə məşğul olur. İstehsal olunan məhsullar Türkiyə, Rusiya və Gürcüstana ixrac edilir, eləcə də daxili bazarlara çıxarılır. Zavod əsasən Beyləqan və İmişli rayonlarından tədarük olunan xammalla işləyir. “CTS Aqro”nun Beyləqan, Ağcabədi, Saatlı və Əli Bayramlıda fəaliyyət göstərən dörd zavodunda, habelə altı rayondakı pambıq qəbulu məntəqələrində 5 minədək daimi işçi çalışırdı. Prezident İlham Əliyev 2008-ci il aprelin 18-də müəssisənin Beyləqanda olan pampıqtəmizləmə zavodunda istehsal prosesi ilə yaxından tanış olmuşdu.
“İnter Tobacco” Zavodu. Azərbaycan müstəqillik əldə etdikdən sonra tütün istehsalı, tədarükü və ixracatı üzrə ixtisaslaşmış yeganə müəssisədir. Prezident İlham Əliyev 2010-cu ildə tütün emalı zavodunun açılışında iştirak edib, müəssisəni işə salıb. Zavod öz fəaliyyətini Şəki-Zaqatala iqtisadi zonasında qurub və həmin zonada bir neçə rayonda fəaliyyətdə olan məntəqələri mövcuddur.
“İnter Glass” Zavodu. Bu şirkət Azərbaycanda şüşə istehsalı sahəsində ixtisaslaşmış yeganə və ən böyük müəssisədir. Şirkət şuşə istehsalı sahəsində ən son texnologiya ilə təchiz edilib və zavodun əksər avadanlıqları Almaniyadan gətirilib. Zavod fəaliyyətini Gürcüstanda genişləndirmək məqsədilə ərazi belə satın almışdı. Lakin ABB ətrafında baş verənlər Gürcüstanda törəmə müəssisənin açılmasına əngəl yaradıb.
“Oğuz Qlükoza” zavodu da regionda yeganə ixtisaslaşmış müəssisədir. Burada G40 qlükozası ilə bərabər müxtəlif yönlü yeni qlükozaların istehsalı da planlaşdırılırdı. Həmçinin bu müəssisədə F55 və F42 fruktozanın, quru nişastanın istehsalı da əsas fəaliyyət istiqamətlərindəndir. Bu məhsulların istehsalı üçün xaricdən yüksək təcrübəyə malik mütəxəsisslər və avadanlıqlar gətirilib.
“Şəki Aqro” zavodu regional damazlıq sahəsində işini qurub. Əsas fəaliyyət istiqaməti isə südcülük-maldarlıqdır.
“General-Construction”Şirkəti Azərbaycanın ən böyük tikinti, yenidənqurma şirkətlərindəndi.
Şəki Olimpiya Kompleksi. Şəkidə yerləşən idman mərkəzi onlarla şəxsin məşğulluğunu təmin etməklə bərabər, əhalinin sağlamlıq mərkəzidir.
C.Hacıyevin həbsindən sonra sadalanan müəssisələrə Maliyyə Nazirliyi tərəfindən təyin edilmiş idarəçilər onların fəaliyyətini iflic vəziyyətə salıb, biznes əlaqələrini yox edib, kütləvi işsizliyə səbəb olub. Bank mütəxəssislərinin fikrincə, yeni rəhbərliyin səriştəsizliyinin nəticəsidir ki, müəssisələr aldıqları krediti qaytara bilmirlər. Halbuki, əvvəlki dövrdə kreditlər vaxtında qaytarılıb, nəticədə həm bank, həm də müəssisələr gəlir əldə edib.
“AzMeCo”ya ayrılan 700 milyon kredit belə “batırıldı”
ABB-nin iflasa uğradılan və “əl dəyişdirən” layihələrindən biri də “Azərbaycan Metanol” Zavodudur (“AzMeCo”). Müəssisə regionda öz fəaliyyət istiqamətinə görə ən böyük zavod olmaqla bərabər, minlərlə insanın iş yeri idi. “AzMeCo”nun maliyyələşdirilməsində Beynəlxalq Bankla birgə Rusiyanın “Sberbank”ı da iştirak edib. 2007-ci ildə yaradılan müəssisənin işi ilkin olaraq neft kimya layihələri, xüsusilə qaz və metanol fabriklərinin tikintisi və fəaliyyətinə yönəlib. “AzMeCo” həmçinin Xəzər Dənizində hidrokarbon layihələrində də fəaliyyət göstərib.
2012-ci ilin axırlarında Beynəlxalq Bank, Asia House və The City UK Xəzər Dəhlizi konfransını təşkil edib və bu üç təşkilat biznes əlaqələri yaradıb, “AzMeCo”nun da gələcək satış və marketinq fəaliyyəti bu əlaqələrə söykənib. Cənubi Qafqaz regionu və Mərkəzi Asiyada ilk metanol zavodu ildə 560 000 ton metanolun istehsal olunacağını proqnozlaşdırırdı. Azərbaycan Beynəlxalq Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) zavodun tikintisini maliyyələşdiriblər. Azərbaycan hökuməti ideyanı dəstəkləyib və AYİB-dən ilkin olaraq 150 milyon dollar vəsait cəlb edilib. Məlumatlara görə zavodun tikintisi 450 milyon dollara başa gəlib. Qalan 300 milyon dollar ABB-nin kreditləri ilə ödənib. Bir sıra mənbələr təkcə Beynəlxalq Bankın müəssisə üçün ayırdığı kreditin 700 milyon civarında olduğunu bildirir. 2013-cü ilin sonunda istismara verilən zavodun rəsmi məlumatına görə, artıq bir il sonra “AzMeCo” Türkiyə, Rumıniya, Hollandiya, Sloveniya və Belçikaya 100 min ton metanol ixrac edirdi.
“Azəriqaz” qazı yerli şirkətə verməyib xaricə baha satdı
“AzMeCo” dövlət strukturu olan “Azəriqaz” ilə zavodun təbii qazla təchizatına dair uzunmüddətli müqavilə bağlayıb. Zavodun hazır məhsulu satmaq problemi də olmayıb. BP şirkəti ilə “AzMeCo”nun istehsal etdiyi metanolun tam həcmdə satışına dair uzunmüddətli müqavilə bağlanmışdı. Lakin zavod işə düşəndən qısa müddət sonra xammal təchizatı dayandı. “Azəriqaz” dan zavodun qazla təchizatının dayandırılmasına dair açıqlama verilməsə də məlumatlar var idi ki, ildə 600 milyon kubmetr həcmdə qazın daxili bazar qiymətləri ilə verilməsini hökumətdə iqtisadi baxımdan sərfəli saymayıblar.
Hesab edilirdi ki, bu həcmdə qazı Tarif Şurasının təsdiq etdiyi qiymətlə (1000 kubmetri 100 manata) metanol zavoduna verməkdənsə onu baha qiymətə xaricə ixrac etmək daha sərfəlidir. SOCAR-ın Türkiyə və Gürcüstanla qaz ixracı müqavilələri olduğundan həmin həcmdə qazı xaricə çıxarıb satmaq üçün bazar problemi yoxdu. Digər tərəfdən, neftin qiymətlərinin yüksək olduğu vaxtlarda dünya bazarlarında qazın qiyməti də kifayət qədər baha idi – 1000 kubmetri 350-400 avroya satılırdı. Odur ki, “Azəriqaz” hökumətin razılığı ilə “AzMeCo” ilə bağlanan müqaviləni birtəfəli qaydada pozdu. Amma bütün bunlar baş verəndə zavodun qtisadi əhəmiyyəti, orada çalışanların məşğulluq məsələsi, ölkənin maraqları nəzərə alınmayıb.
Müəssisə qəsdən böhrana salınndı
Süni yaradılan əngəllərə baxmayaraq, o zaman çıxış yolu tapılmışdı. Rusiyanın “Qazprom” şirkəti ilə “AzMeCo” arasında zavodun təbii qazla təchizatına dair ikitərəfli müqavilə imzalanmışdı. Müqaviləyə əsasən “Qazprom ekspert” şirkəti hər il “AzMeCo”ya 2 milyard kubmetrə qədər qaz verəcəkdi. Rusiya şirkətinin yaydığı açıqlamaya əsasən “Qazprom”un təchiz etdiyi qaz zavodun tam istehsal gücü ilə işləməsinə imkan verməli idi. Gözlənilirdi ki, qazın nəqli tezliklə başlayacaq və Rusiya qazı birbaşa son istehlakçıya, yəni Metanol Zavoduna çatdırılacaq. Amma tezliklə zavod fəaliyyətini dayandırdı, işçilər məcburi məzuniyyətə göndərildi, həmin dövrdə şirkətin rəhbəri Nizami Piriyev saxlanıldı, məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçdi. İş adamına qarşı dələduzluq ittihamı irəli sürülmüşdü və onu zavodun tikintisi üçün Beynəlxalq Bankdan götürdüyü, faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham edirdilər. Bundan sonra zavod hökumətin nəzarətinə keçdi. C.Hacıyev də məhkəmədəki çıxışında dəfələrlə bu zavodun düşdüyü durumdan danışıb. O, bildirirdi ki, Metanol Zavoduna Rusiyanın “Qazprom” şirkətindən 2 milyard kubmetrlik qaz alınması ilə bağlı razılaşma olsa da bunun qarşısı alınıb. C.Hacıyev: “Beləliklə zavoda qoyulan 600-700 milyon dollar da getdi. Həmin zavod indi niyə işləmir? Albaniya neftayrıma zavodunun da işləməsinə imkan vermədilər. Azərbaycan 350 milyon da burada itirdi”.
Metanol Zavodu 2016-cı ilin noyabr ayından etibarən SOCAR-ın idarəçiliyi altında onun törəmə şirkəti olan “SOCAR Methanol” MMC tərəfindən idarə olunur. Keçən ilin avqust ayından isə zavod dövlət şirkətinin tam mülkiyyətinə keçib.(azpolitika.info)
Murad Məmmədov