Daşkəsən polisindən şikayət var:ŞOK İDDİA
“Az qala aldığın nəfəsə görə belə rüşvət istəyirlər. İnsanları heç nədən polis şöbəsinə gətirərək müəyyən vaxt saxlayıb pul alıb buraxırlar”
Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Kəlbəcər rayonundan məcburi köçkün, hazırda Daşkəsən rayon Zəylik kəndində yaşayan Əsgərova Gülçöhrə Balaxan qızının cənab prezident başda olmaqla bir neçə yüksək instansiyalara ünvanlandığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Daşkəsən Rayon Polis Şöbəsində qarşılaşdığı bir sıra qanunazidd əməllərdən bəhs edir. İddiaya görə ailə bütünlüklə polis zorakılığına məruz qalıb və 3000 manat... Məlum ictimai marağı nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
“Kəlbəcər rayonu mənfur qonşularımız tərəfindən işğal olunduqdan sonra Daşkəsən rayon Zəylik kəndində məskunlaşmışıq. Yeganə dolanışıq yerimiz heyvandarlıq fəaliyyətidir. Qış mövsümündə heyvanları saxlamaq üçün aran rayonlarına gedərək icarəyə qışlaq götürürük, yaz-yay mövsümündə isə yaşadığımız kəndin ərazisində heyvanlarımızı saxlayaraq ailəmizi dolandırırıq. Təxminən 1997-ci ildən bu günədək yaşadığımız Zəylik kəndinin inzibati ərazisində olan yaylaq sahəsindən istifadə edirik.
Kənd sakini olmayan, sonradan adını bildiyimiz Əliyev Vaqif Həsrət oğlu adlı şəxs eyni yerdən otlaq sahəsi alıb. Mərhum həyat yoldaşımla Vaqif adlı şəxs arasında məhkəmə mübahisəsi var idi. Həyat yoldaşımın vəfat etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir. Vaqifin təkrar şikayəti əsasında 08 iyun 2017-ci il tarixində bizə qarşı “müəyyən hərəkətlərin qadağan olunması barədə” məhkəmə qərarı çıxarılmışdır. Qeyd etmək istyəyirik ki, məhkəmə qərarının konkret olaraq kimə qarşı çıxarılması, hansı hərəkətlərin qadağan olunması barədə hər hansı məlumatımız yox idi. Daşkəsən Rayon Məhkəməsində işləyən Tofiq müəllim oğlum Saleh Rzayevə şifahi olaraq bildirib ki, sizin həmin sahədən çıxarılmanız barədə qərar qəbul etmişəm. Qərar sizə rəsmi qaydada verildikdən sonra apellyasiya instansiya məhkəməsinə apellyasiya şikayəti verə bilərsiniz.
09 iyun 2017-ci il tarixində Göygöl rayonunda yaşayan qızım Qəndab və oğlum Polad ailəsi ilə birlikdə bizə baş çəkməyə gəlmişdilər. Onlar bizdə olduqları zaman bir qrup polis əməkdaşları, o cümlədən Daşkəsən Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsiində işləyən Vüsal adlı məmur məskunlaşdığımız yaylaq yerinə gəldilər. Vüsal adlı məmur bizdən dərhal yaylaq sahəsini tərk etməyi tələb etdi. Biz onlardan səbəbini soruşduqda bildirdilər ki, bu barədə məhkəmə qərarı var. Oğlanlarım bildirdilər ki, məhkəmə qərarı rəsmi qaydada verilsin, sonra həmin qərardan yuxarı instansiya məhkəməsinə şikayət verəcəyik. Onlara hərəkətlərinin qanun pozuntusu olduğu barədə irad bildirdikdə Vüsal Əliyev adlı məmur özündən çıxaraq bizə qarşı güc tətbiq etməyə, həmçinin alaçıqların sökülməsi barədə göstəriş verdi. Polis əməkdaşları əvvəlcə oğlanlarım Polad və İlqarı sürüyərək gəldikləri maşına mindirdilər. Sonra əllərindəki dəyənəklərlə məni, qızımı və gəlinimi döyməyə başladılar (xəsarətləri əks etdirən foto şəkillər əlavə olunur). Onların bizə qarşı etdikləri insanlığa belə sığmayan vəhşiliklər həmin vaxt orada olan kənar şəxslər tərəfindən mobil telefon vasitəsi ilə vidio kameraya alınıb.
Cənab Prezident!
Mən, qızım Qəndab, gəlinim Firuzə, oğlanlarım Polad və İlqar, nəvəm Zaur, həmçinin həmin vaxt orada olan, bizimlə heç bir əlaqəsi olmayan, Toğrul adlı şəxs belə döyülüb, söyülüb, təhqir olunduqdan sonra, zorla yerlə sürüdülərək maşınlara mindirilərək Daşkəsən Rayon Polis Şöbəsinə gətirildik. Özbaşınalığı və qəddarlığı ilə ad çıxarmış Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Manafovun göstərişi ilə iki sutka Polis Şöbəsində nəzarətdə saxlanıldıq. Bizim Polis Şöbəsində saxlanılmağımızın əsas məqsədi bizə qarşı edilmiş işgəncələrin bədənimizdə olan izlərin aradan götürülməsi idi. Belə ki, iki gün ərzində demək olar ki, hər saat yaralarımız silinib təmizlənərək dərman preperatları ilə müalicə olunurdu. Xəsarət aldığmızı təsdiq edən müvafiq həkim rəyləri də var.
İki gündən sonra Saleh adlı oğlumdan 3.000 manat aldıqdan sonra biz qadınları buraxdılar. Onlardan şikayət olunacağını görüb, bütün ailə üzvlərimizə qarşı cinayət işi başladılar.
Xüsusi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, azyaşlı nəvəm Rzayev Zaur Polad oğlunu Polis Şöbəsində qəddarcasına döyərək ağır xəsarət yetiriblər. Bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq hələ də uşağın ağzından qan gəlir.
Cənab Prezident!
Ulu Öndərimizin xalqa, o cümlədən məcburi köçkünlərə olan diqqət və qayğısı, Sizin apardığınız uğurlu siyasətin nəticəsi olaraq 90-cı illərin ağır şəraitindən bugünkü normal həyat səbiyyəsinə gəlib çıxmışıq. Lakin Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları, xüsusən də rəis müavini Vüsal Əliyev adlı məmur nəinki tək bizim ailənin, ümumilikdə rayon əhalisinin həyatını girovluq həyatından betər edib. Artıq Daşkəsən rayonunda normal yaşamaq, hansısa bir işlə məşğul olub, ailə saxlamaq demək olar ki, mümkünsüz olub. Az qala aldığın nəfəsə görə belə rüşvət istəyirlər. İnsanları heç nədən polis şöbəsinə gətirərək müəyyən vaxt saxlayıb pul alıb buraxırlar. Onlardan qorxsunlar deyə işgəncələrə məruz qoyurlar.
Sizdən bizi bu girovluqdan azad etməyi, ailəmə qarşı edilmiş bu terrorçu zorakılığın qarşısının alınması üçü bizə kömək etməyinizi xahiş edirik”.
Redaksiyadan: Müraciətdə yer alan ittihamlarla bağlı Daşkəsən Rayon Polis Şöbəsinin rəis müavini Vüsal Əliyevlə telefonla danışdıq. Cənab Əliyev ittihamları birmənalı olaraq rədd etdi:”Biz Məhkəmə qərarını icra etmək, ictimai asayişi qorumaq üçün o ünvanda olmuşuq. Qarşı tərəf polisə zor tətbiq edib, 9 əməkdaşımız xəsarət alıb. Hazırda rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam edir”.