Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qiyamət gününə hazırlaşanlar:“Şahidlər” qan istəmir…

       Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsinə verən təriqət üzvləri indi nə istəyir?

Yenixeber.org: Azərbaycanda “Yehovanın şahidləri” dini icması yenidən aktivləşib. İcma üzvləri tərəfindən paytaxt sakinlərinin ev, eləcə də mobil nömrələrinə zənglər gələrək, onlara dini icma haqqında məlumatlar verilir, üzv yazılmaları tövsiyə edilir. 

HAŞİYƏ: “Yehovanın şahidləri” təşkilatı 19-cu əsrin sonunda Çarlz Teyz Rassel tərəfindən ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yaranıb. İcma üzvləri deyirlər ki, Yer kürəsində qiyamət baş verdikdən sonra səmavi həyat bərqərar olacaq və Məsih Allahın elçisi, nümayəndəsi olaraq insanların sınaqlarını icra edəcək, əbədi olaraq öləcək olan günahkarları aradan qaldıracaq. Bundan başqa, onların bir çox sərt qaydaları və qərarları da mövcuddur.

Məlumata görə, 2020-ci ildə “Yehovanın şahidləri”nin ümumi sayı 8 milyon (Azərbaycanda 1500-dən çox) nəfəri keçib. Hazırda icma üzvləri tərəfindən 200-dən çox ölkədə yığıncaqlar keçirilir, təbliğat işləri aparılır. Həmçinin bir çox ölkələrdə – Rusiya, Çin, Şimali Koreya, Özbəkistan, Türkmənistan, Tacikistan, Səudiyyə Ərəbistanı, İran, İraq və b. ölkələrdə onların fəaliyyətləri qadağan edilib.

***

Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycanda da sözügedən dini icmanın qadağan edilməsi barədə məlumatlar yayılmışdı. Maraqlıdır, hazırda dini icma üzvləri üçün qadağalar varmı?

Mövzu ilə bağlı sorğumuza cavab olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə bildirib ki, qurum tərəfindən ölkədəki dini vəziyyətin öyrənilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər həyata keçirilməkdədir:

“Koronavirus pandemiyası dövründə monitorinqlər zamanı Bakı şəhəri “Yehovanın şahidləri” dini icmasına məxsus ibadət evlərinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun şəkildə fəaliyyət göstərdiyi müşahidə olunub. Eyni zamanda, bu dövr ərzində icma üzvlərinin ev toplantıları və küçədə ədəbiyyat paylamaq vasitəsilə təbliğatı da qeydə alınmayıb.

Dini qurumdan verilən məlumata görə, icma üzvləri dini ayinlərini onlayn qaydada yerinə yetiriblər. Dövlət Komitəsinə “Yehovanın şahidləri” dini icmasının üzvlərinin telefon vasitəsilə təbliğat aparması ilə bağlı vətəndaş müraciətləri daxil olub. Həmin müraciətlərlə bağlı “Yehovanın şahidləri” dini icmasının rəhbərliyi ilə görüş keçirilib, onlara fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirmələri tövsiyə olunub və hüquqi izahatlar verilib”.

C.Əlifzadə qeyd edib ki, monitorinqlər zamanı son dövrlərdə “Yehovanın şahidləri” dini icmasının fəaliyyətində nəzərəçarpacaq fəallaşma və dəyişiklik müşahidə olunmayıb:

“Yehovanın şahidləri” dini icmasının fəaliyyətinin qadağan olunması məsələsinə gəlincə, belə bir fakt yoxdur. Bu dini icma ilk dəfə 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 2002 və 2018-ci illərdə isə Bakı şəhəri “Yehovanın şahidləri” dini icması adı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınıb”.

***

Dini icmanın fəaliyyəti ilə bağlı bir neçə sualımıza cavab tapmaq üçün vətəndaşlara zəng edilən nömrə ilə əlaqə saxladıq. İcmanın üzvü olduğunu bildirən şəxs qısa olaraq bildirdi ki, Azərbaycanda “Yehovanın şahidləri”nin fəaliyyəti ilə bağlı hər hansı bir qadağa yoxdur və istənilən şəxs üzv yazıla bilər. Ətraflı məlumat almaq üçün, üzv yazılmaq üçün icmanın ofisinə yaxınlaşmaq vacibdir.

***

Milli Məclisin deputatı Fazil Mustafa ilə bir çox ölkələrdə fəaliyyətlərinə qadağa qoyulan “Yehovanın şahidləri”nin Azərbaycandakı fəaliyyətindən və ideyalarını yaymaq üçün vətəndaşlara çağırış etmələrindən danışdıq. 

F.Mustafa bildirib ki, hər kəs öz dinini, ideyasını yaymaqda sərbəst olmalıdır:

“Onlar zəng edərək öz dini təbliğatlarını yaya bilərlər. Burada heç bir problem görmürəm. Müasir demokratik cəmiyyətlərdə ateist də, deist də, yəhudi də, eləcə “Yehovanın şahidləri” də öz fikirlərini, düşüncələrini paylaşa bilirlər. Əgər onlar insanları üzv yazılmağa məcbur etmirlərsə, zorakılığa çağırış etmirlərsə, burada xoşagəlməz hal olduğunu düşünmürəm”.

Deputat əlavə edib ki, dini icma ilə bağlı hər hansısa bir qadağalar olsa da, kiminsə fikrini yaymağa qadağa qoyula bilməz:

“Sovet dövründə kommunist ideologiyası var idi. Amma indi belə bir şey yoxdur. Hər kəs öz ideyalarını yaya, hər kəs də istədiyi dini seçə, qəbul edə bilər”.

***

“Yehovanın şahidləri” dövlət atributlarını qəbul eləmirlər, onların kişiləri həbi xidmətə getmirlər, savaşmağa qarşıdırlar, həmçinin qanvermə və qanalmanı da qəbul eləmirlər və s.”

Bu sözləri isə ilahiyyatçı Elşad Miri deyib. O, bildirib ki, sözügedən dini icmanın mərkəzi Amerikadadır:

“Onlar ideyalarını 100-dən çox dilə tərcümə edərək, müxtəlif ölkələrdə yayırlar. Bildirirlər ki, dünyanın sonuna yaxın İsa gələcək və bütün insanları (ölənləri belə) mühakimə edəcək. Onu qəbul etməyənləri məhv edəcək, qəbul edənlərlə isə göyə qalxacaq və həmin insanlar xoşbəxt yaşayacaqlar.

Əslində dini icma üzvləri xristianlığı, protestantlığı yaymağa cəhd edirlər. Azərbaycanda isə əvvəllər qeydiyyatdan keçmişdilər, sonradan isə qeydiyyatla bağlı bəzi problemlər yaranmışdı. Hətta dini icma üzvləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini Avropa Məhkəməsinə belə vermişdilər”.

İlahiyyatçı əlavə edib ki, ölkəyə ən çox dini kitab gətirənlərin, yayanların əksəriyyəti sözügedən dini icmanın üzvləridir. Onlar kitabları insanlara hədiyyə edərək, ideyalarının qəbul edilməsi üçün çalışırlar:

“Onlar üstlərində həmişə bir kağız gəzdirirlər ki, başlarına hər hansısa bir hadisə gələrsə, onlara qan köçürülməsin və ya onlardan qan alınmasın. “Yehovanın şahidləri”nin ailə anlayışları da tamam fərqlidir. Düşünürəm ki, onların bu şəkildə ideyalarını yayması doğru deyil”.

***

Xatırladaq ki, dini icma üzvlərinin (Müşfiq Məmmədov, Samir Hüseynov, Fərid Məmmədov, Fəxrəddin Mirzəyev və Kamran Mirzəyev) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) vermə səbəbi din azadlıqlarını pozma iddiası olub.

Belə ki, “Yehovanın şahidləri” icmasının üzvü Müşfiq Məmmədov 2007-ci ildə hərbi xidmətə çağırıldıqda alternativ hərbi xidmət üçün şərait yaradılmasını xahiş edib, amma müvafiq qanun olmadığı üçün ona belə bir imkan verilməyib. M. Məmmədova qarşı cinayət işi açılıb və o, hərbi xidmətdən yayındığına görə 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yuxarı instansiyalar da bu qərarı qüvvədə saxlayıblar.

2009-cu ildə Məmmədova qarşı eyni əsaslarla cinayət işi açılıb və 2009-cu ildə o, 250 manat cərimə olunub.

İcma üzvü Samir Hüseynov da eyni ittihamla 10 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə onun “Yehovanın şahidləri” etiqadının hərbi xidmətə qarşı olduğu barədə dəlil təqdim etməməsinə əsaslanıb.

Müşfiq Məmmədov və Samir Hüseynov 9 və 14-cü (vicdan, fikir və din azadlığı və ayrı-seçkiliyin qadağan edilməsi) maddələrlə hüquqlarının pozulması məsələsini qaldırıblar.

Bundan sonra digər icma üzvü Fərid Məmmədov özü hərbi komissarlığa müraciət edib və alternativ xidmət istəyib. Amma o, həbs edilib və 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2019-cu il oktyabrın 17-də Azərbaycandan 2008-2015-ci illərdə göndərilmiş beş şikayət üzrə qərarlarını açıqlayıb. Beş ərizə birləşdirilib və onlar üzrə ortaq qərar qəbul edilib.

AİHM Azərbaycan məhkəmələrinin ərizəçilərin işlərinə baxarkən onların Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu (dini etiqad azadlığı) maddəsində nəzərdə tutulmuş hüquqlarını pozduğu qənaətinə gəlib.

AİHM Azərbaycan hökumətini 38 min 269 avro cərimə edib. Hökumətin üzərinə ümumi xarakterli tədbirlər görmək, habelə “Alternativ xidmət haqqında” qanun qəbul etmək öhdəliyi qoyulub.

Bütün bunlardan sonra isə bəlli olur ki, Azərbaycanda “Yehova şahidləri” dini icması ilə bağlı problemlər həll olunub. Onların fəaliyyətinə  qanunvericilik çərçivəsində icazə verilir.(pressklub)

Şəfəq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam