Üsyançı şeyx, doğranan polkovnik, dəhşət saçan general –Dağlarda ölüm-dirim savaşı: Rusiya Qafqazı necə ram etdi?

Əsrlərin dərinliyinə boylanmaq asan deyil, amma cəhd etsən, orada Qafqazın dağlı xalqları ilə şimaldan Qafqaza doğru irəliləyən, bəzən imperiyadan qaçan, bəzən isə onun tərəfindən cənuba göndərilən ruslar arasında qəliz münasibətlərin bütöv bir salnaməsi açılar.
Yenixeber.org: Qənimət yürüşləri və cəza ekspedisiyaları, barışıq və yenidən başlayan hərbi toqquşmalar — bütün XVIII əsr dağlılarla Terek sahilinə çıxmış rus kazakları arasında mütəmadi konfliktlər və Gürcüstana gedən yol uğrunda mübarizə ilə keçdi.
Şeyx Mənsurun ölüm-dirim döyüşü
O dövrdə Rusiya administrasiyası üçün ən təhlükəli hadisə şeyx Mənsurun hərəkatı oldu. O, rus ekspansiyasına qarşı mübarizədə Aldı kəndinə yaxın yaşayan çeçenləri, Dağıstan dağlılarını (ləzgilər, avarlar, darginlər), kumıkları, hətta Kabarda və Kubandan gəlmələri (çərkəzlər) birləşdirməyə nail oldu. Osmanlılarla da əlaqəsi olan sünni vaizin rəhbərliyi ilə yadellilərə qarşı üsyan 1785-ci ildə başladı. Mənsur köləliyə, feodallara, qan davalarına qarşı çıxır, yerli adətlərin şəriət qanunları ilə əvəzini təbliğ edirdi.
Knyaz Qriqori Potyomkin Qafqaz xəttindəki qoşunlara şeyx Mənsuru “mümkün olsa, qan tökmədən” əsir almağı əmr etdi. 1785-ci ilin iyulunda düzənlikdəki Aldı kəndinə iki topu olan iki minlik dəstə göndərildi. Dəstəyə komandanlıq edən polkovnik de Pyeri kənddə Mənsuru tapmadı və sakinlərin də qaçdığını görüb, evləri yandırmağı əmr etdi. Geriyə qayıdan dəstə dərəyə girərkən Mənsurun qüvvələri tərəfindən mühasirəyə alındı.
Meşədə başlayan döyüşdə artilleriya faydasız idi. Rus qoşunu dağlıların atəşi altında böyük itkilərlə Sunja çayına tərəf geri çəkilirdi. Qorxunc mənzərə - keçidi qorumaq üçün saxlanılan dəstə tam məhv edilmişdi - çaşqınlıq yaratdı. Mühasirədə əlbəyaxa döyüş başlandı. “Öndəki yegerlər taboru və az sayda kazak mühasirəni yara bildi, amma qalan kazaklar, iki qrenadyor taboru və bütün zabitlər öldürüldü. Pyeri özü topun yanında doğranıldı”. Döyüşdə 13 zabit və 740 əsgər həlak oldu, 162 nəfər isə əsir düşdü.

Bu qələbə Mənsur üsyanının Kuban və Kabardaya yayılmasına təkan verdi. Çoxsaylı dəstələr qoşuldu, imamın əsasən çeçenlər və dağıstanlılardan ibarət ordusunun sayı 10 min nəfərə çatdı. Müharibə bütün Qafqaz xəttində — Kubandan Terekə qədər başladı. 1785-ci ilin iyulunda Mənsur düzənliyə enərək, rusların Dağıstandakı əsas dayağı, Xəzər xəttinin açar mövqeyi olan Qızılyar qalasına hücuma başladı. Avqustda qala və onun fortları dəfələrlə mühasirəyə alındı, lakin Qızılyar qarnizonu artilleriya ilə bütün hücumları dəf etdi və Mənsur dağlara qayıtdı.
Gürcüstana gedən yol dağlıların hücum təhlükəsi altında qalırdı, amma şeyx Mənsurun ordusunun bir hissəsi dağıldı və o, qüvvələrini yenidən toplamağa məcbur oldu. Tatartup yaxınlığında onun 20 minlik qeyri-mütəşəkkil ordusu polkovnik Nagelin 4 minlik dəstəsi ilə döyüşdü və məğlub oldu. Tarixçilər yazır: “Məğlubiyyət dağlıların arasına nifaq saldı. Kumıklar öz torpaqlarına çəkildi, avarlar və çeçenlər bir-birlərini qırdılar, kabardinlər isə tezliklə ruslara itaət etdiklərini bildirdilər və türklərə qarşı döyüşlərdə dəstək üçün öz dəstələrini göndərdilər. Şeyx Mənsur isə Kuban çayını keçdi”.
1787-ci ilin sentyabrında polkovnik Rebinderin dəstəsi Mənsurun əsas, Uruplə Laba arasında “vaqenburq” şəklində 600 araba ilə dövrələnmiş düşərgəsinə hücum etdi. Mənsur inadlı müqavimətdən sonra oradan vurulub çıxarıldı, əks-hücumu uğursuz olan üsyançılar geri çəkilməyə məcbur qaldılar. Ertəsi gün Rebinderin dəstəsi Mənsur tərəfindən hücuma məruz qaldı. Döyüşün gedişində dağlılar çar qoşunlarını sıxışdırmağa başladılar. Lakin həmin anda premyer-mayor Lvovun Həştərxan eskadronları və sekund-mayor Dorşun qrenadyor batalyonu gəldi.
Sonralar Mənsur türklərlə birlikdə Anapa qalasını müdafiə etdi. 1788-ci ildə general Pyotr Tekelinin, 1790-cı ilin əvvəlində isə general Yuri Bibikovun hücumları dəf edildi. 1790-cı ilin sentyabrında şeyxin dəstələri Battal paşanın qoşunları ilə birlikdə Kubanın yuxarı axarında məğlubiyyətə uğradı və o, yenidən Anapa qalasını müdafiə etdi. Rus ordusunun 1791-ci ilin iyununda Anapaya hücum nəticəsində zamanı Mənsur yaralandı, əsir götürüldü və dərhal konvoy altında Peterburqa göndərildi.
Şeyx “Qafqaz xalqlarını Rusiyaya qarşı qaldırdığı və İmperiyaya böyük ziyan vurduğu üçün” II Yekaterinanın fərmanı ilə ömürlük Şlisselburq qalasına salındı və orada 1794-cü ilin aprelində 34 yaşında dünyasını dəyişdi. Onun adı Qafqazda əfsanəyə çevrildi — çünki o, Rusiya meydan oxuyan ilk adam idi, qələbəsi isə Türkiyəyə bağlı dağlı dövlətinin yaranmasına səbəb ola bilərdi. Ardıcılları da buna nail olmağa çalışırdılar.
“Silah gücünə ram edilənlər”
XIX əsrin başlanğıcında dönüş nöqtəsi Şərqi Gürcüstanın kimisi üçün könüllü, kimisi üçün də məcburi şəkildə Rusiyaya birləşdirilməsi oldu. Bu, əvvəlcə I Pavel tərəfindən elan edildi, 1801-ci ildə isə I Aleksandrın rəsmi dekreti ilə rəsmən təsdiq olundu. Beləliklə, Çeçenistan, Kabarda və Dağıstan Qafqaz xətti ilə Gürcüstan arasında sıxışıb qaldı. Tiflisə baş komandan təyin olunan təcrübəli general Pavel Sisianov Rusiya ilə kommunikasiyanı təmin etmək üçün qoşun tələb edirdi. O, Dəryal dərəsindən keçən yolu təhlükəsiz Hərbi-Gürcüstan yoluna çevirməyi əmr etdi. Sisianov dağlılarla problemləri sırf silah gücü ilə həll etməyə çalışırdı.
Çeçenlərlə münasibətlərdə ilk dəfə məhz o, 1803-cü ildə general Şepelevə dağlıların yetişdirdiyi taxılı məhv etməyi, mal-qarasını qovmağı, bununla da onların dolanışıq vasitələrini əlindən almağı, bu zaman da dinc və “qeyri-dinc” sakinlər arasında fərq qoymamağı əmr etdi. İyun ayının sonunda iki alaydan və kazaklardan ibarət dəstə qəfil İstisu və Naimberdi kəndlərinə hücum etdi. Qəfil yaxalanan çeçenlər müqavimət göstərə bilmədilər. Nəticədə 9 nəfər öldürüldü, 1 nəfər əsir alındı, taxıl yandırıldı, 960 baş mal-qara, 127 camış və 24 at aparıldı. Hücum edənlər isə itki vermədi.
1803-cü ilin yay-payızında mayor Savelyevin rəhbərliyi ilə çeçen kəndlərinə daha iki hücum həyata keçirildi. Bu siyasətin nəticəsi bölgədə vəziyyətin gərginləşməsi oldu. Dağlıların cavabı isə kiçik dəstələrlə postlara, kazak kəndlərinə basqın, mal-qara aparma və sonra dəyişdiriləcək əsir götürmək oldu. 1803–1804-cü illərdə çeçenlər Qafqaz xəttini keçərək Mozdok, Yekaterinodar və digər bölgələrdə hücumlar edirdi. 1804-cü ildə onlar Hərbi-Gürcüstan yolunu da qismən bağladılar, bu isə rus generallarını daha ehtiyatlı siyasət yürütməyə məcbur etdi.
Həmin il Sisianov Sunja xəttinin yaradılması planını irəli sürdü. Kəşfiyyat aparıldı, lakin layihə generalın 1806-cı ildə Bakıda öldürülməsindən 11 il sonra həyata keçirilməyə başlandı. Yeni baş komandan general İvan Qudoviç Qafqazda yeni fəaliyyət planını hazırladı. Planda çeçenlərə Qafqaz xətti yaxınlığında məskunlaşmağa icazə verilməsi təklif olunurdu ki, bu da onların üzərində nəzarəti asanlaşdıracaqdı. Üstəlik, dağlılara gömrüksüz ticarət və Terek çayı yaxınlığında mal-qara otarmaq hüququ da verilməli idi. I Aleksandr canişinin planını bəyəndi. Eyni zamanda həm dağlı əsilzadələrlə danışıqlar aparılır, həm də Çeçenistana cəza ekspedisiyası hazırlanırdı. Buraya üç rus dəstəsi girəcəkdi. Çervlennoy stanisasından general Sergey Bulqakovun 4 minlik qoşunu, Mozdokdan Pyotr Musin-Puşkinin 2800 nəfərlik dəstəsi və Vladiqafqazdan İvan İvelişin 1209 nəfərlik dəstəsi göndərildi. Onların ümumilikdə 29 topu var idi.
1807-ci il fevralın əvvəlində Bulqakovun qoşunları güclü bəndlər və xəndəklərlə möhkəmləndirilmiş Xanqala dərəsindən döyüşlərlə keçərək, Böyük Çeçenistana doğru hərəkət etdi. Ruslar qanlı döyüşdən sonra Arqun çayı vadisinə keçə bildilər və bir sıra çeçen kəndlərini viran qoydular. Çeçenlər düzənlik döyüşünə girmir, kiçik qruplarla gecə hücumları edirdilər. İveliş və Musin-Puşkin dəstələri Bulqakovla birləşmək üçün Sunjanın yuxarı axarından hərəkət etdi, yolda yeddi döyüş keçirdi. Yalnız Bulqakovun göndərdiyi 2 minlik dəstənin köməyi sayəsində Qoytı meşəsindən keçmək mümkün oldu. Martın əvvəlində bütün qüvvələr Starıye Ataqi kəndində birləşdi. Onlar Çeçenistanın ən varlı kəndlərindən biri – Germençuqa yaxınlaşdılar. Sakinlərin və qonşu aulların əhalisinin müdafiə etdiyi kənd beş saatlıq uğursuz hücumlardan sonra yandırıldı. Rus qoşunu ölü və yaralı 400-dən çox itki verdi. Əhali isə meşələrə qaçdı.
Qudoviç və Bulqakov yürüşün nəticələri barədə imperatora məmnun halda məruzə etdilər: “Çeçenlər silah gücünə tam ram edilib, əlahəzrət İmperatora əbədi sədaqət andı içiblər. Onlara vurulan zərbəni uzun müddət unutmayacaq və əlbəttə, tezliklə güclənə bilməyəcəklər”. Düzənlikdə yerləşən bir sıra çeçen kəndləri 1807-ci ildə məcburən Rusiyaya sədaqət andı içdi. Yerli ağsaqqallar əvvəlki səlahiyyətlərini saxlamaqla yanaşı, pristav hüququ qazanıb, çar hakimiyyəti ilə əhali arasında əlaqə həlqəsinə çevrildilər. 1807-ci ildə and içənlər hakimiyyətə heç bir vergi ödəmirdi. Qudoviç yalnız cəza ilə hədələmirdi, həm də bəzi güzəştlər və imtiyazlar verirdi. Bu “yumşaq” siyasət Fransa, İran və Türkiyə ilə müharibələrin qızğın çağında Qafqazı sakitləşdirmək istəyindən irəli gəlirdi.
Eyni zamanda çarizm dağlı xalqları bir-birinə qarşı qızışdırırdı. 1810-cu ildə Rusiyaya loyal inquşlarla çeçenlər arasında döyüşdən sonra birincilər Rusiyaya sədaqət andı içməli oldular. Nazranda 200 əsgər, 150 kazak və 3 topdan ibarət rus dəstəsi yerləşdirildi. Dəstə inquş xalq qüvvələri ilə birlikdə 5 minlik dağlı qüvvəsinin iyunun sonundakı hücumunu dəf etdi. Düşmən 200 nəfər itki verdi. Vaynaxlar arasında düşmənçilik inquşları rus qoşunlarının dəstəyindən asılı vəziyyətə saldı. Yeni inquş icmaları Rusiyadan kömək istəməyə başladı ki, bu da, faktiki, inquşların Rusiyaya qoşulmasının başlanğıcı oldu.
1808–1812-ci illərdə rus qoşunları Çeçenistana bircə yürüş etmədi. Çeçenlər və ruslar arasında nisbətən sakit dövr Napoleon müharibələri boyu davam etdi və ticarətin artmasına şərait yaratdı. Dağlılar heyvandarlıq və əkinçilik məhsulları, əl işləri, bal, mum və digər mallar satır, əvəzində duz, dəmir, parça alırdılar. Ticarətin genişlənməsi münasibətlərin normallaşmasına kömək edirdi. Baş komandan Aleksandr Tormasov qoşunlara və kazaklara hətta təqib zamanı Tereki keçməyi qadağan etdi ki, çeçen kəndlərinə hücum edib qarət etməsinlər. Ən nüfuzlu çeçen ağsaqqallarının pulla ələ alınması siyasəti də yürüdülürdü. Bu illərdə bir çox çeçen icmaları Rusiya ilə sülh münasibətlərinə meyl etməyə başladı.
“Gəlin onda mühasirəyə başlayaq!”
Lakin general Aleksandr Tormasov Qafqazı tərk etdi, Qafqaz xəttinə komandan təyin olunmuş general Semyon Portnyagin isə Terek çayının keçilməsinə qoyulmuş qadağanı ləğv etdi və 1813-cü il yanvarın 7-də (19-da) polkovnik knyaz Georgi Eristovun təxminən 1,5 minlik dəstəsi çeçenlərin Belskoye kəndini taladı. Peterburqda bundan narazılıq yarandı: knyaz mükafat almadı, lakin qınaq da zəif oldu. Tezliklə Eristov yeni yürüş keçirdi, ordenlə təltif edildi və general rütbəsi aldı. Hərbiçilər adi məişət toqquşmalarından belə rütbə və mükafatlar qazanmaq üçün istifadə edirdilər. Elə həmin 1813-cü ildə rus qoşunları üsyankar gürcü şahzadəsi Aleksandrı ələ keçirmək üçün Xevsuriya yürüşünə çıxdılar və orada dağlıların 30-a qədər kəndini taladılar.
1813-cü ildə general Semyon Portnyagin Qafqaz xəttinin komandanı vəzifəsindən kənarlaşdırıldı. Gərginliyin artması rus hökumətinin maraqlarına uyğun deyildi. Qafqazdakı baş komandan general Nikolay Rtışev Peterburqa yazırdı: “General-mayor Portnyagin Qafqaz xəttində qoşunların başında qaldığı və öz davranışını dəyişmədiyi müddətcə burada nə sülh, nə də sakitlik ola bilər. Mən çox ciddi şəkildə xahiş edirəm ki, onu mənim tabeliyimdən götürəsiniz ki, mən Qafqaz xəttində onun komandanlığı zamanı baş verən və gələcəkdə baş verə biləcək iğtişaşlara görə cavabdehlik daşımayım”.
Portnyagin hətta məhkəməyə verildi və bir neçə il xidmətdən kənarlaşdırıldı, lakin sonra bağışlandı. Onun yerinə Qafqaz xəttinə komandan “şücaət”lərə can atmayan general İvan Delpotso təyin olundu. Ancaq onun idarəçiliyi də dağlılarla münasibətlərdə köklü yaxşılaşmaya gətirib çıxarmadı. 1814-cü ildə Parisin alınmasından sonra Qafqaz xəttinə təcili olaraq əlavə 7 min əsgər göndərildi; burada artıq 6600 piyada və 9 min süvari var idi. Amma hələlik cəza ekspedisiyaları aparılmırdı, yarımsülh şəraitində birgə yaşayış davam edirdi.
Hər şey 1816-cı ilin aprelindən dəyişdi. İmperator general Aleksey Yermolovu Gürcüstan, Həştərxan və Qafqaz quberniyalarının mülki idarəçisi, Əlahiddə Gürcüstan korpusunun komandanı, eyni zamanda İranda fövqəladə səfir təyin etdi.

O, əfsanəvi general idi: Polşa müharibəsinin, 1796-cı il İran yürüşünün iştirakçısı; Napoleonla müharibələrin qəhrəmanı, Austerlits, Preyssiş-Eylau və Borodino döyüşlərinin artilleriya zabiti kimi döyüşmüşdü. Fili məclisində Yermolov Moskva uğrunda yeni döyüşün tərəfdarı olmuşdu. Maloyaroslavets yaxınlığındakı döyüşdən sonra o, daim Miloradoviçin dəstəsinin avanqardında gedirdi və baş komandan adından ona əmrlər verirdi. 1814-cü ildə fransızlardan az qüvvəyə malik olsa da, qvardiya korpusuna komandanlıq edərək Kulmda general Vandamın qoşunları üzərində müttəfiqlərə qəti qələbə qazandırmışdı. Parisin alınmasında fərqləndiyinə görə o, II dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Azadlıqsevər çıxışları, hakimiyyətdə və orduda “alman basqısı”na qarşı vətənpərvər tənqidləri ilə tanınırdı. Gələcək dekabristlərin çoxu ilə yaxşı münasibətdə idi.
Uğurlu sərkərdə Aleksey Yermolov imperator I Aleksandr tərəfindən Qafqazda tam sərbəst fəaliyyət azadlığı aldı. O, bunu üsyankar xalqları basqınlara adət etmiş dağlıları, həm onlara, həm də öz əsgərlərinə rəhm etmədən boğmaq icazəsi kimi qəbul etdi.
General Yermolov 1817–1818-ci illərdə Şimali Qafqazın fəthinə dair ətraflı planlar hazırladı. Sunja xəttinin yaradılması, çeçenlərin Sunja hövzəsindən qovulması, Çeçenistan düzənliyinin kazaklarla məskunlaşdırılması və dağlıların çar hakimiyyətinə tabe etdirilməsi üçün dağlıq Çeçenistanın blokadası bu planlara daxil idi. Plana görə, ehtiyat qüvvə kimi ölkənin cənubunda yerləşən Arakçeyevin hərbi yaşayış məntəqələri fəal istifadə olunmalı idi. “Qafqaz nəhəng bir qaladır, yarım milyonluq qarnizon tərəfindən müdafiə olunur. Gərək ya onu birbaşa hücumla ələ keçirəsən, ya da xəndəkləri tutasan. Hücum baha başa gələcək. Gəlin onda mühasirəyə başlayaq!” – özünün Çingiz xanın nəslindən olduğunu publik şəkildə bəyan edən Yermolov belə deyirdi.
Yermolovun sələfləri dağlıların düzənliklərə köçməsini və onlarla ticarət əlaqələrinin qurulmasını təşviq edirdilər. Yeni başçı isə onları düzənlikdən qovub dağlarda saxlamaq istəyirdi. Bütöv çeçen kəndləri (Qaraağac, Bayram-aul, Osman-yurt, Qenje-aul, Bamatbek-yurt, Xasav-aul, Kazak-mirzə-yurt) zorla dağlıq Çeçenistana köçürüldü. Yermolovun siyasəti çeçenləri seçim qarşısında qoyurdu: ya dağlarda aclıqdan ölüm, ya da müqavimət.
1818-ci ilin aprelində Çervlennaya stanisasında Yermolov Terekboyu çeçen kəndlərinin ağsaqqallarına dedi: “Mənə dinc dələduzlar lazım deyil. İstədiyinizi seçin: itaət və ya dəhşətli qırılma”. 1818-ci ilin mayında general yeni ultimatumla əsirlərin və qaçaqların təhvil verilməsini, həmçinin girov göndərilməsini tələb etdi. İslamı qəbul etmiş qaçaqları dağlılar heç vaxt təhvil verməmişdilər.
Yermolov qafqazlıların ünvanına söyüşdən də çəkinmirdi. Tarixçi Sergey Lazaryan yazır: “A. P. Yermolovun Qafqazı necə təsvir etdiyini göstərən açar sözləri seçsək (əclaflar, canilər, satqınlar, cındır varlıq, quldurlar, pozğunluq, əxlaqsızlıq, eybəcərlər, acgöz tayfalar, həyasızlar, dələduzlar, heyvanlar, yaramazlar), görərik ki, bu anlayışlarda mənfi kateqoriyalar açıq-aşkar üstünlük təşkil edir. İkrah, nifrət, alçaltma ifadə edən bu sözlər real Qafqazı təsvir etmək üçün yox, Yermolovun üstünlüyünü və böyüklüyünü vurğulamaq üçün idi”.
General Yermolov 1817-ci ilin oktyabrında Sunjanın orta axarında “Preqradnıy Stan” istehkamının əsasını qoydu. Bu hadisə Qafqaz müharibəsinin başlanğıc tarixi hesab olunur. 1818-ci ilin iyununda Xanqala dərəsindən Terek və Sunjaya çıxışı bağlamaq üçün Qroznaya qalasının tikintisinə başlandı. Əhaliyə yeni öhdəliklər qoyuldu: çörək və odun çatdırmaq, rus ordusu üçün “pulsuz” 500 öküz arabası vermək. Çeçenlər arasında parçalanma baş verdi: düzənlik əhalisi Yermolovun tələblərini yerinə yetirməyə meylli idi, dağlılar isə mübarizəyə hazırlaşırdılar. 1818-ci ilin avqustunda Starıy Yurt kəndi yaxınlığında dağlılar böyük rus karvanına hücum etdilər. Karvanı bir piyada bölüyü müşayiət edirdi. Yermolov köməyə 4 topla 7 piyada bölüyü göndərdi. Nəticədə dağlılar məğlub oldu.
1818-ci ilin sentyabrında canişinin aran çeçenlərinə yeni tələbləri elan olundu. Onların üzərinə kollektiv məsuliyyət qoyuldu: çar hökumətinə sadiq olmayan bütün adamları dağlara sürmək, “oğrunu” və onun yaxınlarını rus hakimiyyətinə təhvil vermək. Əks halda, kənd yandırılacaqdı. “Qeyri-dinc”lərə kəndlərindən yol verməmək, onlara qarşı daim qarovul saxlamaq və döyüş aparmaq tələb olunurdu. Ən kiçik günah halında belə canişin kəndləri dağıtmaq, ailələri satmaq və girovları asmaqla hədələyirdi. Tarixçi Semyon Ekştut yazırdı ki, Yermolov sələflərinin ənənəsini davam etdirərək, “tam şüurlu şəkildə dağlılar arasında nifaq toxumları səpirdi və bir tayfanı digərinin üstünə qaldırırdı”.(pressklub)
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada