“MOSKVA ANKARA İLƏ DƏ MÜNASİBƏTİ KORLAYA BİLƏR” –“The New York Times” Azərbaycan-Rusiya gərginliyindən yazdı

Rusiyanın təxribatları nəticəsində gərginləşən Azərbaycan - Rusiya münasibətləri xarici KİV-lərdə də böyük diqqətlə izlənilir.
Yenixeber.org: Rusiya ilə Azərbaycan arasında münasibətlər iki azərbaycanlı qardaşın Rusiyada ölməsindən sonra kəskin şəkildə pisləşib.“The New York Times” qəzetində dərc olunan məqalədə belə deyilir. Yazıda baş verənlərə münasibətdə qeyri-dəqiq və bəzən təxribatçı məqamlar yer alsa da, ümumilikdə bildirilir ki, bu insident Moskvanın Cənubi Qafqazda mövqelərini daha da zəiflətmək təhlükəsi yaradan diplomatik böhrana səbəb olub. Nəşr xatırladır ki, iki qardaş həbs olunduqdan sonra dünyasını dəyişib. Onlardan biri, istintaqa görə, ürək çatışmazlığından dünyasını dəyişib, ikincinin ölüm səbəbi müəyyənləşdirilir: “Azərbaycan hakimiyyəti rəsmi rus versiyasını rədd edib. Azərbaycanın Baş Prokurorluğu qardaşların “işgəncə və vəhşicəsinə qətl” qurbanı olduqlarını bildirib və öz araşdırmasına başlayıb. Bakıda hökumətyönlü media Moskvanı fərqli fikirləri yatırmağa və totalitar nəzarəti gücləndirməyə yönəlmiş “şovinist siyasət”də ittiham edib: “Bakının kəskin reaksiyası Moskvanın bu yaxınlara qədər Rusiyanın keçmiş sovet respublikaları arasında ən yaxın müttəfiqlərindən biri hesab edilən ölkəyə(Azərbaycana-red.) təsirinin zəiflədiyini nümayiş etdirdi. Hələ 2022-ci ilin fevralında, Ukraynada müharibə başlamazdan bir qədər əvvəl Moskva ilə Bakı arasında “müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə” imzalandı.
Lakin o vaxtdan bəri münasibətlər pisləşib. Rusiya 2023-cü ildə Bakının nəzarətinə tam keçdikdən sonra sülhməramlılarını Qarabağdan çıxarıb. 2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra gərginlik artıb. Orada 38 nəfər həlak olub”.
Nəşr Karnegi Rusiya Avrasiya Mərkəzinin analitiki Zaur Şirievdən sitat gətirib. O qeyd edib ki, məsələ təkcə konkret insidentlərdən deyil, strategiyalardakı fərqlərdən qaynaqlanır: "Rusiya Azərbaycandan Belarusla olduğu kimi, eyni şeyi istəyir: asılılıq, loyallıq, Moskvanın böyüklüyünün tanınması. Amma Azərbaycan bunu qəbul etmir. O, hamı ilə - Rusiya və Türkiyə kimi müttəfiqlərlə bərabər və hörmətli münasibətlər istəyir".
Qəzet daha sonra yazır: "Bazar ertəsi təhlükəsizlik qüvvələrinin Rusiyanın “Sputnik” xəbər agentliyinin Bakıdakı ofisinə basqın edərək, onun baş redaktorunu və icraçı direktorunu çirkli pulların yuyulması və fırıldaqçılıq ittihamı ilə həbs etməsi böhranı daha da dərinləşdirdi. Ertəsi gün daha səkkiz rusiyalı həbs olundu və İrandan narkotik qaçaqmalçılığına cəhddə ittiham olundu. Azərbaycan rusiyalı sənətçilərin iştirakı ilə keçirilən bütün mədəni tədbirləri və Rusiya baş nazirinin müavini Aleksey Overçukun səfərini ləğv edib. Dövlət xəbər agentliyi “Azərtac” isə Rusiyanın daxili siyasətini “1930-cu illərdəki Almaniya” ilə müqayisə edib.
Gərginliyin artması fonunda Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Moskvadakı səfirini “dost olmayan hərəkətlərə” etiraz etmək üçün çağırıb. Bununla belə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Azərbaycanla dostluq münasibətlərinin” Moskva üçün vacib olduğunu və onları məhv etməyin “ağılsızlıq” olduğunu vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə son telefon danışığına işarə edərək, “xarici qüvvələri” iki ölkə arasında ziddiyyət yaratmağa çalışmaqda ittiham edib.
"Ukrayna atəşə yağ tökmək və Bakını emosional addımlar atmağa sövq etmək üçün hər şeyi edir. Rusiya Azərbaycanı hədələməyib və təhdid etmir”, - Peskov deyib.
Böhrana baxmayaraq, hər iki ölkəni ticarət və iqtisadi maraqlar birləşdirir. Moskva Qərbin sanksiyalarından yan keçməyə imkan verən “şimal-cənub” layihəsində Bakının rolunda maraqlıdır. Rusiyada böyük Azərbaycan diasporu yaşayır və Azərbaycandan olanlar Moskvada və digər regionlarda iri şirkətlərə, ticarət mərkəzlərinə sahibdirlər”.
Sonda qəzet yenə Şiriyevdən sitat gətirib: "Bəli, münasibətlər gərgindir, lakin hər iki tərəf qırmızı xətti keçməməyə çalışır. Bundan başqa, Rusiya Azərbaycanın Türkiyə ilə sıx bağlı olduğunu başa düşür. Əgər Bakı ilə münasibətlər korlanarsa, Ankara ilə də münaqişə yarana bilər".(Azpolitika)
C.Məmmədli