Səxavət Məmməd: “İnanmıram ki, genişmiqyaslı müharibə olsun, çünki Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq”
Yenixeber.org: Ötən gün Gürcüstanın Batumi şəhərindən Ermənistana qeydə alınan təyyarə uçuşu diqqət çəkib. “GSSR44” “Telegram” kanalında yayılan məlumata görə, “An-26B” tipli təyyarə az öncə İrəvan hava limanına enib. Sovet istehsalı olan “An-26B” təyyarəsi əsasən hərbi və yük daşıma məqsədilə istifadə olunur. Bu səbəbdən də sözügedən reysin məqsədi və təyyarənin nə daşıdığı suallar doğurur. Uçuşun nə ilə bağlı olduğu, eləcə də daşınan yüklə bağlı rəsmi açıqlama verilməyib.
Məlumdur ki, Ermənistan bir müddətdir silahlanır, əsasən də Hindistan və Fransadan alınan silahlarla. Bu isə Ermənistanın müharibəyə hazırlaşdığı ehtimalını artırır.
Mövzu ilə bağlı suallarımızı cavablandıran hərbi ekspert Səxavət Məmməd deyib ki, Ermənistan faktiki olaraq, iki tərəfdən, həm Fransa, həm də Hindistan tərəfindən ciddi şəkildə suilahlandırılır:
- Ermənistan ərazisinin kiçik olması onların işini bir qədər də asanlaşdırır. Qarşı tərəf üç-dörd qat hava hücumundan müdafiə sistemləri yaratmağa çalışır. Bunu da daha çox Hindistandan tədarük edilən silahlarla həyata keçirilər. Əlbəttə, silahlar alınırsa, bunun daşınması məsələsi var. Hindistandan alınan silahlar daha çox hava nəqliyyatı vasitəsilə gətirilir. Müəyyən qədər də bu, İran üzərindən həyata keçirilir. Hindistan həm də İranda dəniz limanı aldı. Ona görə də, Hindistanın silahları Ermənistana çatdırması quru yolu ilə də həyata keçirilir.
- Və Fransadan tədarük edilən silahlar...
- Bəli, Fransadan və digər ölkələrdən alınan silahlar daha çox Gürcüstan üzərindən uçan təyyarələrlə Ermənistana gətirilir. İddialar var ki, Gürcüstan üzərindən uçan təyyarələrin içərisində silah yox, daha çox mərmi daşınır. Ermənistanın mərmi aldığı əsas ölkə Rusiyadır. Rusiya Ukraynada müharibə apardığına görə mərmi özünə daha çox lazımdır, müqavilələri yerinə yetirə bilmir. Ona görə də Ermənistan fərqli ölkələrdən, xüsusilə də Avropa ölkələrindən mərmi almağa başlayıb. Gürcüstan üzərindən uçan təyyarələrin içərisində daha çox haubitsa mərmilərinin olması barədə iddialar var. Düşünürəm ki, bu iddialar reallığa söykənir. Bir sözlə, Ermənistanın silahlanması, ordusunu gücləndirməsi müharibəyə hazırlıq kimi qiymətləndirilməlidir.
Onu da deyim ki, biz təkcə silahların alınmasına baxmamalıyıq. Ermənistan ordusunun gücləndirilməsi üçün silahlanma ilə yanaşı, başqa fəaliyyətlər də var. Məsələn, Ermənistan hərbçilərinin Almaniyada təlimlər keçməsi, müxtəlif kurslara cəlb edilməsi faktları var. Eyni zamanda, Yunanıstanla Ermənistan ordusu arasında ciddi əməkdaşlıq var. Bundan əlavə, ABŞ ordusu gəlib Ermənistanda erməni hərbçilərlə birgə təlimlər keçirlər. Bütün bunlar onu göstərir ki, Ermənistanın təkcə hava hücumundan müdafiəsini gücləndirmirlər, məsələyə kompleks yanaşırlar.
- Amma Ermənistan rəsmilərinin bəyanatlarında müharibə ritorikası yoxdur...
- Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan mütəmadi olaraq açıqlamalar verirlər ki, müharibə olmayacaq. Amma keçmişdə hakimiyyətdə olanlar, konkret desək, revanşist qüvvələr olan Köçəryan və Sarkisyan yenidən Qarabağı işğal etmək haqqında bəyanatlar verirlər. Hətta hücum planları haqqında danışırlar, daim bu fikirləri dilə gətirirlər. Nəzərə almaq lazımdır ki, gələn il keçiriləcək seçkilərdə Paşinyan hakimiyyətdən getsə, revanşist qüvvələr hakimiyyətə gəlsələr, o zaman yeni müharibə mümkündür. Unutmaq olmaz ki, bu gün Ermənistan silahlanır, hücum silahları almaqdadır. Paşinyan hakimiyyətdən getsə, silahı özü ilə aparmayacaq, Ermənistan ordusunda qalacaq. Bu nüansa diqqət etmək lazımdır.
- Yəni demək istəyirsiniz ki, müharibə riski qalmaqdadır...
- Əlbəttə. Ümumiyyətlə, bizim ragion elə bir regiondur ki, burada müharibə riski hər zaman öz aktuallığını qoruyur. Atılan addımlar onu göstərir ki, eskalasiya hər an mümkündür. Faktiki olaraq, sülh sazişi imzalanmayıb, yaxınlarda imzalanması da gözlənilmir. Sülhün isə alternativi müharibədir. İnanmıram ki, genişmiqyaslı müharibə olsun, çünki Ermənistan nə qədər silahlansa da, ordusu gücləndirilsə də, Azərbaycan Ordusuna gücü çatmayacaq. Bunu Ermənistan da, onun havadarları da yaxşı bilirlər. Amma şərti sərhəddə təxribatlar törədiləcəyi istisna deyil ki, bu da lokal toqquşma deməkdir.(AYNA)