Yükü “ağır” olan Azərbaycan -Bura beynəlxalq dəhlizlərin qovuşduğu məkandır

Azərbaycanın strateji yerləşmə mövqeyi ölkənin müxtəlif beynəlxalq nəqliyyat marşrutları üçün cəlbedici edir. Ancaq təkcə yerləşmə mövqeyinin olması azdır. Çeşidli nəqliyyat növlərinin şaxələnmiş şəbəkəsi də fərqli yüklər üçün cəlbedici təkliflər formalaşdırmağa imkan verir.
Yenixeber.org: Tarixi İpək yolu Cənubi Qafqazdan keçib. Karvan yollarının üzərində qurulan karvansaralar böyük şəhərlərin inkişafına təkan verib. XIX əsrin sonunda Bakı neftinin nəql olunması üçün Xəzər və Qara dəniz hövzələrini əlaqələndirən Bakı-Tiflis-Poti dəmiryolunun və Bakı-Tiflis-Batum neft boru kəmərinin inşasını Cənubi Qafqaz nəqliyyat karkasının təməli hesab etmək olar. Sonrakı illərdə Tiflis-Alkesandropol (Gumri)-Qars, Bakı-Dərbənd, Alkesandropol-İrəvan-Uluxanlı-Şərur-Culfa, Culfa-Təbriz, Ələt-Culfa və Ələt-Astara dəmiryol xəttləri tikilməsi ilə şəbəkənin funksionalığı artıb. Lakin ötən əsrin 80-ci illərinin sonunda başlanmış münaqişələr (Qarabağ və Abxaziya) şəbəkəni ifllic vəziyyətinə salıb və onun dövrün cağırışlarına uyğun inkişafına imkan verməyib. 1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi” yeni Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Cənubi Qafqaz qaz kəməri, Cənib qaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmiryol xəttinin inşası ilə regionda yeni reallıq formalaşdırdı. Bu layihələrin hesabına Azərbaycan yeni hava limanları, bütün sərhədlərə uzanan avtomaqistrallar, yeni dəniz limanları və dəmiryolları inşa etdi.
Bu gün dünyada baş verən yeni münaqişələr ənənəvi yolların bloklanmasına, yükdaşınmada risklərin artmasına gətirib çıxararaq alternativ marşrutlara diqqəti gücləndirib. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq marşrutları üzrə layihələr icra edib, hal hazırda onların ötürücülük qabliyyətinin artan tələbata uyğun olaraq yüksəldilməsi və şahələndirilməsi istiqamətində layihələr həyata keçirməkdədir.
Bundan başqa, Azərbaycan üzərindən salınmış Traceca (baş katibliyi Bakıda yerləşir), Orta dəhliz, Şimal-Cənub nəqliyyat dəhlizi, Lapis-Lazuri marşrutu, Fars körfəzi - Qara dəniz marşrutu, Xəzər dənizi - Qara dəniz marşrutu, Casca +, Carec dəhlizi kimi nəqliyyat marşrutları var. Hər bir marşrut bir neçə ölkədən keçdiyindən sinxronlaşmış fəaliyyət tələb olunur.

Alternativ dəhlizlərə yüksələn marağın göstəricisi yük dövriyyəsinin artmasıdır. Orta dəhlizlə keçən il 4.5 mln ton yük daşınıb – bu, öncəki ilin göstəricisindən 62% çoxsur. Yaxın illərdə yük dövriyyəsini 10 mln tona çatdırılmaq hədəflənib. Konteynerləşmiş yüklərə tələb çox olduğundan və artım dinamikasın nəzərə alaraq, Bakı Beynəlxalq Dəniz Ticarət limanının bu günki 100 min TEU konteyner qəbul etmək imkanını 5 dəfə genişləndirmək vəzifəsi qarşıya qoyulub. Hövsan və Zirə limanlarının mövcudluğu isə dəniz daşımalarının şaxələndirilməsinə imkan yaradır.
İşğaldan azad olunmuş ərazilərdə son 4 ildə böyük infrastruktur layihələri icra olumub. Həm ölkədaxili, həm də regional nəqliyyat şəbəkəsinə inteqrasiya təmin edilib. Füzuli, Zəngilan, Laçın hava limanları tikilib. Hava dəhlizləri çoxalıb. 2021-ci ildən Azərbaycanın hava məkanı üzərindən tranzit daşımaları sayca 360% artıb. Hazırda Azərbaycanın hava məkanında bir ayda təxminən 21 min tranzit uçuş həyata keçirilir, gün ərzində təxminən 900 hava gəmisinə xidmət göstərilir. Yeni tikilən avtomaqistrallar isə Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üçün şaxələndirməni təmin etməklə yanaşı, Cənub-Qərb (Fars körfəzi - Qara dəniz) marşrutu üzrə yeni istiqamətlər və fürsətlər yaradacaq. Horadiz-Ağbənd dəmiryolu layihəsi Zəngəzur və Araz dəhlizinin ayrılmaz tərkib hissəsidir – bu yol Pekinlə Londonu, Mərkəzi Asiya dövlətlərini Aralıq dənizində Mersin limanı, Şimal limanları və Qara dəniz limanlarını Fars körfəzi limanları ilə əlaqələndirir. Mərhələlərlə illik 5-15 mln ton yükün ötürülməsi nəzərdə tutulub.
Şimal-Cənub nəqliyyat dəhllizi üzrə Sumqayıt-Yalama dəmiryolu hissəsində son tamamlama işləri görülür. Ələt-Osmanlı-Astara dəmiryolu əsaslı təmir edilir. 2028-ci ilin əvvəlinə illik 5 mln ton yük ötürülməsi hədəflənib.
Azərbaycan Xəzər hövzəsində dəniz daşımaları üzrə 167 illik təcrübəyə malikdir. Çeşidli donanmaya sahib olmaqla yanaşı, Gəmiqayırma zavodunun və gəmi təmiri tərsanələrinin olması onun mövqelərini möhkəmləndirir. Beynəlxalq Dəniz Təşkilatının “Gəmilərdən istixana qazlarının emissiyalarının azaldılmasına dair Strategiya”sına uyğun olaraq, fəaliyyət nəticəsində havaya atılan tullantıların illik miqdarını 2050-ci ilə 0 emissiya səviyyəsinə endirmək planlaşdırılır. Birinci mərhələ 2024-2027-ci illəri əhatə edir. Bu mərhələdə 65 köhnəlmiş gəminin donanmadan çıxarılması nəzərdə tutulur ki, bunun da hesabına şirkətin gəmilərdən emissiyalarının təxminən 25 faiz azalacağı gözlənilir.
Bundan başqa, ilkin mərhələyə donanmanın yenilənməsi, yanacaq sərfiyyatı baxımından daha səmərəli gəmilərin alınması və ya tikintisi daxildir. Ümumilikdə 17 yeni gəmi donanmanın tərkibinə daxil ediləcək, ölçücə daha böyük, daha çox yük götürmə qabiliyyətinə malik, enerji səmərəliliyi daha yüksək gəmilər xəttə çıxarılacaq.
2027-2030-cu illəri əhatə edən ikinci mərhələdə metanol yanacağı ilə işləyən 5 təchizat, 5 sərnişin gəmisinin və 7 tankerin və tam elektriklə işləyən 4 liman-yedək gəmisinin tikintisi, 8 gəminin metanol yanacağına keçid üçün retrofit olunması (yenilənməsi) hədəf kimi müəyyənləşdirilib. Bunların gəmilərdə emissiyaları daha 10 faizədək azaldacağı gözlənilir.

Göründüyü kimi, Azərbaycan 5 nəqliyyat növü (boru xətti, hava xətti, dəniz yolu, avtomobil yolları, dəmiryolları) üzrə fərqli istiqamətlərdən gələn axına uyğun daha hazırlıqlı və dayanıqlı infrastruktur formalaşdırır.
Rauf Ağamirzəyev,
nəqliyyat məsələləri
üzrə ekspert