Sülh təşəbbüsü, yoxsa Kremlə yeni fürsət? -Dünya Trampı qınayır
ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında mayın 19-da baş tutan telefon danışığı beynəlxalq ictimaiyyətdə - media və ekspert dairələrində geniş müzakirə olunur. Görüşün mərkəzində İstanbuldakı ilk təmaslardan sonra Ukrayna müharibəsinin mümkün diplomatik həlli dayansa da, bu təşəbbüs real sülhəmi, yoxsa Kremldə hazırlanmış yeni oyun planınamı işarə edir?
Yenixeber.org: Tramp, danışıqlardan sonra verdiyi açıqlamada bildirib ki, "artıq atəşkəsin vaxtıdır" və Rusiya ilə Ukrayna arasında dərhal danışıqlar başlamalıdır.
Putin isə Kremlin yaydığı məlumata əsasən, sülh danışıqlarına açıq olduğunu, lakin Ukraynanın "demilitarizasiyası", "neytral statusu" və "Qərbin hərbi təsirindən çıxması" kimi ilkin şərtlərinin dəyişməz olduğunu açıqlayıb.
Danışıqların məzmunu Kiyevdə ciddi narahatlıq doğurub. Prezident Volodimir Zelenski iki dəfə Trampla danışdığını, Ukraynanın tam və qeyd-şərtsiz atəşkəsə hazır olduğunu bildirib. Amma onun əsas mesajı belə idi: “Ukraynanın iştirakı olmadan aparılan danışıqlar qeyri-legitimdir. Rusiya səmimi deyilsə və yalnız vaxt qazanmaq istəyirsə, bu, yeni və sərt sanksiyalarla cavablandırılmalıdır”.
Zelenski həmçinin birbaşa Rusiya ilə danışıqlara hazır olduqlarını, bunun üçün Türkiyə, Vatikan, İsveçrə kimi neytral məkanların mümkün olduğunu, lakin Rusiya tərəfindən real siyasi iradənin də olmalı olduğunu vurğulayıb.
Zelenski deyib ki, Avropa liderləri ilə birgə danışıqlarda mümkün növbəti addımlar da müzakirə olunub: “Avropalı liderlərlə danışıqlar zamanı növbəti addımları, xüsusən də danışıqlar heyətinin görüşlərini və tərəflərin təkliflərinin obyektiv qiymətləndirilməsini müzakirə etdik”.
Prezident bildirib ki, danışıqlar masasında olan hər bir təklifə ədalətli yanaşmaq vacibdir və buna görə də həm ABŞ, həm də Avropa bu prosesə lazımi səviyyədə qoşulmalıdır: “Hər bir təklif ədalətli qiymətə layiqdir. Məhz buna görə də danışıqlar prosesinə həm Amerika, həm də Avropa nümayəndələri lazımi səviyyədə cəlb olunmalıdır”.
Zelenski ABŞ-nin sülh prosesindən geri çəkilməsinin təhlükəli olduğunu vurğulayıb: “Bizim üçün vacib olan odur ki, ABŞ danışıqlardan və sülhün əldə olunmasından uzaqlaşmasın. Çünki bu məsələdə maraqlı olan tək tərəf Putindir. Hamınıza bu yanaşmaya verdiyiniz dəstəyə görə təşəkkür edirəm”.
Ukrayna Prezidenti Rusiyanın hazırkı mövqeyinin müharibənin uzadılmasına xidmət etdiyini bildirib: “Rusiya qətlləri dayandırmağa hazır deyilsə, əsirləri və girovları azad etmirsə, Putin qeyri-real şərtlər irəli sürürsə, bu, onların müharibəni uzatmaq niyyətində olduğunu göstərir. Buna görə Avropa, ABŞ və bütün dünya buna uyğun reaksiya verməlidir. O cümlədən əlavə sanksiyalarla”.
Tramp-Putin telefon danışığı Avropa İttifaqında da birmənalı qarşılanmayıb. Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa Komissiyası rəhbəri Ursula von der Leyen və digər liderlər Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməyən heç bir danışıqlar prosesini qəbul etməyəcəklərini açıq şəkildə ifadə ediblər.
Avropa rəsmiləri bildirirlər ki, bu tip təşəbbüslər Putinə vaxt qazandırır, Ukraynanın mövqeyini isə zəiflədir. Eyni zamanda, Rusiya tərəfinin “sülh” anlayışını ərazi iddiaları və Ukraynanın təslimi ilə eyniləşdirdiyi vurğulanır.
“The Guardian” qəzeti yazır ki, bu danışıqlar Putin üçün diplomatik PR fürsətidir, çünki o, özünü "sülh istəyən lider" kimi təqdim edə bilir.
“The Hill” qəzeti isə qeyd edir ki, Trampın Ukraynasız danışıqlar aparması diplomatik cəhətdən səhv və təhlükəli presedentdir.
“Financial Times” məqaləsində bu təşəbbüsün ABŞ-dəki seçkilərlə bağlı olması və Trampın xarici siyasətdə populizminin yeni nümunəsi olduğu qeyd edilir.
“China Daily “ və Rusiya mediası isə bu danışıqları “çoxdan gözlənilən diplomatik irəliləyiş” kimi təqdim etməyə çalışıb.(pressklub)
“Carnegie Rusiya Avrasiya Mərkəzi”ndən Tatiana Stanovaya hesab edir ki, Putin üçün bu danışıqlar imic oyununun bir hissəsidir. “O, qərbdə bölünmə yaratmaq istəyir və Trump kimi aktorlardan istifadə edir”, - ekspert qeyd edir.
Mərkəzin Rusiya üzrə eksperti Mark Galeotti isə vurğulayır ki, Trampın təşəbbüsü səmimi deyil. Onun sözlərinə görə, bu, daxili siyasi PR məqsədi daşıyır: “Putin isə bundan Ukraynanı zəif göstərmək üçün istifadə edir”.
“Atlantic” Mərkəzindən Anne Applebaum qeyd edib ki, Ukraynanın iştirak etmədiyi hər hansı “sülh planı”, əslində, Rusiya təcavüzünün tanınmasıdır.
Sonda qeyd edək ki, Trampla Putinin telefon danışığı, ilk baxışda “sülh təşəbbüsü” kimi təqdim olunsa da, onun Ukraynanın iştirakı olmadan reallaşması və Putinin köhnə şərtlərinin dəyişməməsi, bu təşəbbüsü qeyri-real və təhlükəli edir.
Qərb bu danışıqlara diplomatik çərçivə verməzsə və Ukraynanın maraqları gözardı edilərsə, bu, Moskvanın işğal siyasətinin “legitimləşdirilməsinə” və Putinin “sülh imitasiya oyunu”nu davam etdirməsinə xidmət edəcək.
Sonda bir sual açıq qalır: Dünya sülh istəyir, bəs bu sülh kimə xidmət edir – Ukraynaya, yoxsa Kremlə?