“Bəndər Abbas hədəsi” kimə ünvanlanıb? -ANALİZ

Partlayışın İranla ABŞ arasında görüşün keçirildiyi gün baş verməsi təsadüfi sayıla bilməz
Yenixeber.org: Aprelin 26-da İranda faciəvi hadisə baş verib. Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında partlayış baş verib. Hadisə nəticəsində 40 nəfərin öldüyü, 1200-dən insanın xəsarət aldığı bildirilir. Ölkə üzrə aprelin 28-də matəm elan edilib.
İranın Səhiyyə Nazirliyi Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Bəndər Abbasda ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Nazirlik xəbərdarlıq edərək bildirib ki, partlayış nəticəsində ammiak, kükürd dioksidi və azot dioksidi də daxil olmaqla, təhlükəli çirkləndiricilər yayılıb. Nazirlik sakinlərə evdə qalmağı, açıq fəaliyyətlərdən çəkinməyi və pəncərələri bağlı saxlamağı tövsiyə edib.
Həssas qruplara, o cümlədən tənəffüs və ya ürək xəstəlikləri olan insanlara, uşaqlara, hamilə qadınlara və yaşlılara xüsusi maskalar taxmaq tövsiyə olunub. Sakinlərə tez-tez əl-üzlərinin yumağı, qoruyucu geyimlərdən istifadə etməyi məsləhət görüblər.
Rəsmi mənbələr partlayışın səbəbi barədə açıqlama verməyib. Partlayışın səbəbi kimi limanda saxlanılan təhlükəli kimyəvi maddələrin, o cümlədən raket yanacağı üçün istifadə olunan natrium perxloratın düzgün saxlanılmaması göstərilir.
İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei bir gün sonra - apreln 27-də hadisə ilə bağlı açıqlamasında Şəhid Rəcai limanındakı “yanğın”ı “kədər və narahatlıq səbəbi” adlandırıb: “Təhlükəsizlik və ədliyyə məmurları hərtərəfli araşdırma aparmağa, istənilən səhlənkarlıq və ya qəsdən edilmiş əməli üzə çıxarmağa, nizam-intizam əsasında onu təqib etməyə borcludurlar”.
Onun sözlərinə görə, rejimin səlahiyyətliləri “acı və zərərli hadisələrin qarşısını almağa” borclu olmalıdırlar.
Xameneinin ismarışından da göründüyü kimi, hadisənin konkret səbəbi göstərilmir. Bununla belə o, təhlükəsizlik tədbirlərin görülməsində səhlənkarlıq və ya qəsd olması ehtimalını qeyd edib.
Rəsmi məlumat, yaxud versiya olmadığından müxtəlif ehtimallar irəli sürülür. Məsələn, bildirilir ki, İranın ballistik raketlər proqramı üçün lazım olan yanacaqlar “Müstəzəfan fondu”nun taxıl anbarında gizlədilib. Hadisə yanacaqla bağlı materialların alışması nəticəsində baş verdiyi ehtimal edilir.
“İran İnternational” saytının icraçı redaktoru Əli Əsgər Ramazanpur “Tirt-e Əvvəl” proqramına müsahibəsində deyib: “Bəndər Abbas hadisəsi ilə bağlı rəsmi statistika həm təhqiredici, həm də narahatedicidir. Təhqiredicidir, çünki bu, hökumətin vətəndaşların həyatına əhəmiyyət vermədiyini göstərir, narahatedicidir, çünki yardım saxta statistikaya əsaslanaraq verilə bilər və daha çox insan həyatını riskə ata bilər”.
“New York Times”ın yazdığına görə, Bəndər Abbas partlayışlarının mənbəyi İran İslam İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) məxsus ballistik raket yanacağı olub. Qvardiyaya yaxın mənbə bildirib ki, İranın ən mühüm ticarət limanı olan Bəndər Abbasda baş verən partlayışlar “natrium perxlorat” (“sodium perchlorate”) kimyəvi birləşməsinin daşınması və saxlanmasında ehtiyatsızlıq nəticəsində baş verib.
Həmin materialdan SEPAH-ın ballistik raketləri üçün bərk yanacaq hazırlamaq məqsədilə istifadə olunur.
Bundan əvvəl “Associated Press” agentliyi “Embry Marine Security Company”yə istinadən məlumat vermişdi ki, partlayışlara səbəb qvardiyanın ballistik raketləri üçün bərk yanacaq yüklərinin saxlanmasında yol verilən ehtiyatsızlıq olub. Bununla belə, havadan çəkilmiş görüntülər partlayışlarda təxribat olduğuna dair şübhələr yaradır.
“Əl-Cəzirə”nin İrandakı müxbiri də bu hadisəni 2020-ci ilin avqustunda Beyrut limanında baş verən partlayışla müqayisə edib. O vaxt Livanın yüksək səviyyəli liderləri “Hizbullah”ın tam nəzarəti altında olan Beyrut Limanında baş verən partlayışın SEPAH-ın “Quds” qoşunları tərəfindən minlərlə ton natrium perxloratın qanunsuz saxlanması nəticəsində baş verdiyini bildirmişlər.
Havadan görüntülər partlayışlarının üç ayrı yerdə baş verdiyini göstərir. Bu da partlayışların təxribat nəticəsində törədildiyi şübhəsini gücləndirir.
İranın Müdafiə Nazirliyi isə hadisənin hərbi yüklərlə əlaqəsi olmadığına dair açıqlama yayıb.
Qurum bəzi xəbərlərin dərcini “düşmənlərin psixoloji əməliyyatları” və “xarici medianın əməlləri” adlandırıb.
İslam Respublikası Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, rəsmilər - ölkənin Böhran Vəziyyətlərində İdarəetmə Təşkilatı və Daxili İşlər Nazirliyi partlayışların "əsas və ikinci dərəcəli səbəblərini" "uyğun zamanda" elan edəcəklərini bildiriblər. Onlar ictimaiyyəti əmin edib ki, hadisə bölgəsində və bütün Şəhid Rəcai Limanında ballistik raket üçün yanacaq, yaxud hərbi istifadə üçün idxal və ya ixrac edilən yüklər yoxdur.
İran hökumətinin sözçüsü Fatimə Mühacirani isə bəyanatlarında Bəndər Abbasda baş verən partlayışları "qəza" adlandırıb.
Hadisənin səbəbi bütün hallarda təhlükəsizliyin təmin olunmamasıdır.
Tehran ABŞ və İsraili, eləcə də onların tərəfdaş və müttəfiqlərini tez-tez hədələyir. Bildirir ki, İslam Respublikası ərazisinə hücum ediləcəyi halda İsrail və ABŞ-nin, müttəfiqlərinin, tərəfdaşlarının bazalarına zərbələrin endirəcək.
Şəhid Rəcai limanındakı partlayış, səbəbi nə olursa-olsun, regional və qlobal miqyasda xəbərdarlıq sayıla bilər. İrana xəbərdarlıq nədən ibarətdir? Bu hadisə İranın kimyəvi, neft-qaz, nüvə obyektlərində partlayışlardan yarana biləcək fəsadların, faciənin miqyasını, nəticəsini göstərdi.
Partlayış Omanda ABŞ və İran nümayəndələri arasında Tehranın nüvə məsələsinə dair birbaşa olmayan görüsün keçirildiyi tarixdə baş verib. Ona görə də belə ehtimal etmək olar ki, ABŞ və müttəfiqləri hadisənin törədilməsində iştirak etmir. İran hakimiyyəti daxilində bu görüşü qəbul etməyən qüvvələr var. Onlar bütün tərəflərə - Vaşinqtona, Təl-Əvivə və Tehrana regionu və İranı “Şəhid Rəcai limanına çevirə bilərik” ismarışı verməklə, danışıqların davam etməsinə qarşı çıxıblar. Danışıqların dördüncü mərhələsinin keçiriləcəyi də nəzərdə tutulub.
Beləliklə, Şahid Rəcai limanındakı hadisə İranla İsrail və ABŞ münasibətlərinin nəticəsi olaraq ortaya çıxa bilər. Belə hadisələrin təkrarlanması daha fəlakətli nəticələr ortaya çıxarar…(pressklub)
Sədrəddin Soltan