Siyasətin hibrid gələcəyi:qaçılmaz birləşmə?

Avtoritar rejimlər “xalq dəstəyi” mexanizmlərindən istifadə edir, demokratik hökumətlər isə təhlükəsizlik naminə nəzarəti gücləndirir
Yenixeber.org: Demokratiya və avtoritarizm – bir-birinə zidd, lakin həmişə bir-birini istisna etməyən siyasi sistemlərdir. Əvvəlki məqalələrimdə bu məsələyə dəfələrlə toxunmuşam və birtərəfli qiymətləndirmələrdən qaçmağa çalışmışam. Tarix hələ də hansı idarəetmə modelinin daha effektiv olduğu sualına qəti cavab verməyib. Demokratiyanın ümumiyyətlə avtoritarizmdən üstün olduğunu sübut edən dəlillər yoxdur, lakin əksinin də doğru olduğu təsdiqlənməyib. Hər şey zaman, cəmiyyətin yetkinlik səviyyəsi və geosiyasi vəziyyətdən asılıdır.
Bu gün biz müşahidə edirik ki, demokratiya ciddi çağırışlarla üzləşir və avtoritar elementlər demokratik sistemlərə nüfuz edir. Ola bilsin ki, dünya idarəetmənin elə bir yeni formasına doğru irəliləyir ki, burada bu iki model rəqabət aparmaq əvəzinə bir-birini tamamlayır?
Bu barədə – yeni məqaləmdə.
Demokratiyanın gələcəyi getdikcə daha çox suallar doğurur. Demokratiyanın gələcəyi varmı, yoxsa o, artıq öz tənəzzül dövrünü yaşayır və gələcəkdə monarxiya kimi süqut edəcək? Bugünkü tendensiyalar göstərir ki, klassik demokratiya ciddi çağırışlarla üz-üzədir.
1. Populizm və institutların zəifləməsi. Bir çox ölkələrdə demokratik mexanizmlərin eroziyası güclənir, avtoritar meyllər artır və seçkilər artıq real xalq iradəsinin ifadəsi deyil, manipulyasiya alətinə çevrilir. Siyasi institutlara inam azalır, media isə getdikcə daha çox hakimiyyətin nəzarətinə keçir. Bunun nümunələrini həm Latın Amerikasında, həm də bəzi Avropa ölkələrində görmək olar: Macarıstanda Viktor Orban məhkəmələr və media üzərində nəzarəti gücləndirib, Venesuelada isə Nikolas Maduro müxalifəti boğaraq hakimiyyətini qorumaq üçün seçkilərdən istifadə edir.
2. Qütbləşmə və inam böhranı. Cəmiyyət getdikcə daha çox parçalanır, ənənəvi partiyalar nüfuzunu itirir, sosial şəbəkələr isə “exo-kamera” effektini gücləndirir. Dialoq əvəzinə ideoloji düşərgələr arasında düşmənçilik artır. ABŞ-da siyasi diskussiya o həddə çatıb ki, hətta əsas islahatların müzakirəsi belə kəskin mübahisələrə səbəb olur. Almaniyada isə radikal partiyaların, məsələn, AfD-nin nüfuzunun artması cəmiyyətdə dərin fikir ayrılıqlarının olduğunu göstərir.
3. Texnoloji təhdid. Rəqəmsal izləmə, ictimai rəyin manipulyasiyası, siyasi seçimlərə təsir göstərən alqoritmlər – bütün bunlar demokratik proseslərin şəffaflığı və azadlığını şübhə altına alır. Çində artıq rəqəmsal sosial reytinq modeli tətbiq edilir, Qərb ölkələrində isə süni intellekt seçicilərə təsir göstərmək üçün getdikcə daha aktiv istifadə olunur.
4. Qlobal çağırışlar. İqlim böhranları, miqrasiya axınları, iqtisadi təlatümlər uzunmüddətli həllər tələb edir, lakin demokratiyalar strateji planlaşdırmada səmərəsiz olurlar. Avtoritar dövlətlər ictimai rəyin nəzərə alınmasına ehtiyac duymadan sərt tədbirlər görə bildiyi halda, populyazmə meylli demokratik hökumətlər ictimai rəyi nəzərə almağa məcburdur və bu, çox vaxt problemlərin həllində onların səmərəsizliyinə gətirib çıxarır.
Təkamül: transformasiya qaçılmazdır...
Tarix göstərir ki, siyasi sistemlər dəyişir. Ənənəvi monarxiya demək olar ki, yox olub, lakin konstitusion formaya keçərək transformasiya edib. Ola bilər ki, demokratiya və avtoritarizm də oxşar bir prosesdən keçsin? Onlar tamamilə yox olmayacaq, əksinə, bir-birinə təsir edərək uyğunlaşacaq?
Demokratik institutlar uyğunlaşacaqmı? Çox güman ki, bəli! Demokratiya klassik formasını qoruyacaqmı? Çətin! Artıq indi belə yaxınlaşma elementləri müşahidə olunur: avtoritar rejimlər xalqın dəstəyini əldə etmək üçün referendumlar və rəqəmsal platformalardan istifadə edir, demokratik hökumətlər isə təhlükəsizlik və sabitlik naminə nəzarəti gücləndirir.
Bu cür hibrid modelin nümunəsi kimi Azərbaycan göstərilə bilər – güclü mərkəzləşmiş hakimiyyətə sahib, lakin seçkilər və nisbətən azad iqtisadi institutlar kimi demokratik elementləri olan dövlət. Hakimiyyət sabitlik və modernizasiyaya əsaslanır, lakin eyni zamanda həddindən artıq siyasi rəqabəti məhdudlaşdırır. Türkiyə də oxşar istiqamətdə inkişaf edir: formal olaraq demokratik proseslər saxlanılır, lakin icraedici hakimiyyət bütün əsas sahələr üzərində nəzarəti gücləndirir. Digər bir nümunə isə Serbiyadır – burada siyasi rəqabət mövcuddur, lakin dövlət institutları getdikcə daha çox icraedici hakimiyyətə tabe olur və müstəqil media ilə müxalifətin təsiri zəifləyir.
Demokratiyanın təkamülü mürəkkəb və çoxqatlı bir məsələdir. Hər şey “demokratiya” anlayışını necə izah etdiyimizdən asılıdır. Əgər demokratiya “xalq hakimiyyəti və seçki azadlığı” kimi qəbul edilirsə, texnokratik yanaşma onu zəiflədə bilər, çünki qərarlar xalq iradəsinə deyil, analitik hesablamalara əsaslanacaq. Əgər demokratiya “çoxluğun maraqları naminə effektiv idarəetmə” kimi qəbul edilirsə, o zaman rəqəmsal mexanizmlər və idarəolunan sistemlər onun keyfiyyətini hətta artıra da bilər.
Bəs əsas sual nədir? Demokratiya və avtoritarizm barışacaqmı? Ola bilsin. Amma bu barışıqdan çox birləşmə olacaq.
Gələcəyin hibrid siyasi modeli
Biz elə bir idarəetmə formasının yaranmasının astanasındayıq ki, burada əsas qərarlar kütlənin emosional istəkləri əsasında deyil, analitika və proqnozlar əsasında qəbul edilir. Vətəndaşlar rəqəmsal platformalar vasitəsilə iştirak edirlər, lakin onların təsiri müəyyən edilmiş alqoritmik çərçivələrlə məhdudlaşdırılır. Dövlət nəzarəti gücləndirir, lakin eyni zamanda cəmiyyətin etimadını qorumaq üçün şəffaflığı təmin etməyə məcburdur.
Belə hibrid modellərin nümunələri artıq müşahidə olunur: Sinqapur sərt dövlət tənzimləmələrini bazar iqtisadiyyatı və vətəndaş iştirakının bəzi elementləri ilə birləşdirir. Çində rəqəmsal texnologiyalar cəmiyyət üzərində nəzarətə imkan yaradır, lakin bununla yanaşı, müəyyən rəy bildirmə mexanizmləri də mövcuddur.
Hibrid siyasi modellərin elementləri hətta ərəb ölkələrində də müşahidə olunur. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı idarəetmə və vətəndaşlarla qarşılıqlı əlaqə üçün rəqəmsal texnologiyalardan aktiv şəkildə istifadə edir. Qətər vətəndaş iştirakının rəqəmsal mexanizmlərini tətbiq edir, lakin qərarlar sərt mərkəzləşdirilmiş hakimiyyət daxilində qəbul edilir. Mərakeş və İordaniya isə formal olaraq parlament demokratiyasına malikdir, lakin real siyasi hakimiyyət monarxların əlində cəmlənib və onlar idarəetməni cəmiyyətin gözləntilərinə uyğunlaşdırırlar. Ümumilikdə, ərəb dünyasında avtoritar metodlarla idarə olunan demokratiyanın alətlərini birləşdirən yeni bir trend müşahidə olunur.
Amma...
Qaliblər olmayacaq
Demokratiya və avtoritarizm haqqında ənənəvi təsəvvürlər getdikcə sərhədlərini itirir. Demokratiya daha idarəolunan olur, avtoritar rejimlər isə cəmiyyətin əhval-ruhiyyəsinə daha həssas yanaşmağa başlayır. Yəqin ki, biz gələcəkdə, azadlıq və nəzarətin yeni tarazlıqda bir arada mövcud olduğu sistem görəcəyik.
Bəlkə də XXI əsrin siyasi reallığı ideologiyaların mübarizəsi deyil, onların birləşməsidir. Əsas sual budur: cəmiyyət hansı seçimi edəcək? Vətəndaşlar təhlükəsizlik və effektiv idarəetmə naminə azadlıqlarının bir hissəsindən imtina etməyə hazırdırmı?
“Tarix – azadlıq və hakimiyyət arasında mübarizədir və bu mübarizədə qalib həmişə müvəqqəti olur” - Yuval Noy Harari, israilli tarixçi, filosof və yazıçı.