Gizli diplomatiyanın pərdəarxası:Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır?

Amerikalı ekspert: “Bu tərəfdaşlıq regional təhlükəsizlik və ticarətin əsas dayağına çevrilə bilər”
Yenixeber.org: “The Jerusalem Post” nəşri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə bu yaxınlarda baş tutan görüşünü regionun siyasətində “dönüş nöqtəsi” adlandırıb.
Müzakirələrin gedişatı ilə tanış olan diplomatik mənbələrin sözlərinə görə, Netanyahunun ABŞ-nin dövlət katibi Marko Rubio ilə strateji dialoqundan cəmi 48 saat sonra baş tutan yüksək səviyyəli görüş Azərbaycanın potensial olaraq “Avraam Sazişi”nə daxil edilməsi üçün artan impulsdan xəbər verir.
“The Jerusalem Post”a danışan yüksək vəzifəli israilli rəsmilərdən biri bildirib: “Azərbaycan son üç onillik ərzində müsəlman dünyasında İsrailin ən etibarlı tərəfdaşlarından biri olub. Onun regionun təhlükəsizlik arxitekturasındakı strateji əhəmiyyətini qiymətləndirməmək olmaz”.
Qeyd olunur ki, görüş günü Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzi “Azərbaycanı Trampın regional planları və İsrailin maraqlarına effektiv şəkildə necə cəlb etmək olar: praktik tövsiyələr” adlı xüsusi perspektivli hesabat yayımlayıb.
Sənəddə vurğulanır ki, İsrail və ABŞ-dəki İsrail tərəfdarı olan qüvvələr Azərbaycanın Amerika-İsrail regional inkişafı, investisiya və texnoloji tərəfdaşlığa daxil edilməsini fəal şəkildə dəstəkləməlidir. Hesabatda, həmçinin, qeyd edilir ki, ABŞ və İsrailin yeni Böyük Yaxın Şərq arxitekturası çərçivəsində Azərbaycanın üstünlüklərindən tam şəkildə yararlana bilmələri üçün Azərbaycanın əleyhinə olan 907-ci düzəliş ləğv olunmalıdır.
“The Jerusalem Post” qeyd edir ki, Tramp administrasiyası regional alyansları yenidən qurmağa çalışdığı bir vaxtda, xüsusən də təhlükəsizlik və iqtisadi sahələrdə digər müsəlman ölkələri ilə əməkdaşlığın genişləndirilməsi baxımından, Azərbaycanın İsrailin Böyük Yaxın Şərqə inteqrasiyasına yardımçı rolu həlledici ola bilər.
Maraqlıdır ki, bu cür əməkdaşlıq Azərbaycan, İsrail və ABŞ üçün hansı faydaları verə bilər?
ABŞ-nin geosiyasət və təhlükəsizlik üzrə eksperti, “The Washington Outsider” nəşrinin baş redaktoru İrina Zukerman mövzuda fikirlərini bizimlə bölüşüb.
İrina Zukerman mövzuya aydınlıq gətirmək üçün öncə qeyd edib ki, “Avraam Sazişi” ilkin olaraq İsrailin bəzi müsəlman və əksər ərəb ölkələri ilə münasibətlərinin normallaşdırılmasına yönəlmişdi.
“Azərbaycan isə onilliklər boyu İsraillə tam diplomatik münasibətlər saxlayır, ona görə də mövcud sazişləri sadəcə imzalamaq heç bir əhəmiyyət kəsb etmir və əksinə, Bakı ilə İsrail arasındakı ikitərəfli əməkdaşlıq baxımından geriyə atılmış addım olardı. Lakin üçtərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi möhkəm əlaqələrin təbii inkişafıdır və bu çərçivədə Azərbaycan təkcə İsrail və ABŞ-nin güclü tərəfdaşı deyil, həm də Yaxın Şərq dövlətləri ilə münasibətlərin inkişafına töhfə verən əsas vasitəçi ola bilər.
Azərbaycan, İsrail və ABŞ arasındakı əlaqələrin xüsusilə “Avraam Sazişi”nin daha geniş kontekstində dərinləşdirilməsi bütün iştirakçılar üçün ciddi strateji, iqtisadi və texnoloji üstünlüklər verə bilər. Azərbaycanın unikal geosiyasi mövqeyini, güclü enerji ehtiyatlarını və İsraillə tarixi əməkdaşlığını nəzərə alsaq, belə bir alyans regionda qüvvələr balansını dəyişdirə və kollektiv təhlükəsizliyi, iqtisadi inteqrasiyanı gücləndirə bilər.
Bu həm də İranın təsirinə qarşı dayanmaq məsələsidir. İranla sərhədi olan Azərbaycan mühüm kəşfiyyat və logistik imkanlara malikdir ki, bu da Vaşinqton və Təl-Əvivin Tehran siyasətini izləmək və ona qarşı çıxmaq baxımından maraqlarına uyğundur.
Eyni zamanda, qabaqcıl müdafiə texnologiyalarının mübadiləsi də vacibdir. İsrail və ABŞ pilotsuz uçuş aparatları, raket əleyhinə müdafiə sistemlərinin satışını və kibertəhlükəsizlik imkanlarını genişləndirməklə Azərbaycanın hərbi modernizasiyasını dəstəkləyə bilərlər.
Azərbaycanın İsrail dronlarından Ermənistan Silahlı Qüvvələrinə qarşı istifadə etməsi bu əməkdaşlığın effektivliyini sübut edib”, – deyə amerikalı analitik xatırladıb.
O, bildirib ki, regional təhlükəsizliyin əlaqələndirilməsi məsələsi də diqqətəlayiqdir: “Avraam Sazişi”nin məqsədinin yeni regional təhlükəsizlik arxitekturası yaratmaq olduğu nəzərə alınsa, Azərbaycanın Rusiya, İran və Mərkəzi Asiya ilə qonşu olması onu ABŞ-İsrail-Fars Körfəzi təhlükəsizlik strukturunda vacib oyunçuya çevirir. Azərbaycan kibertəhlükəsizlik və süni intellekt sahəsində əməkdaşlıqda maraqlı ola bilər. ABŞ və İsrail süni intellektlə idarə olunan müdafiə sistemləri, kibertəhlükəsizlik və yüksək texnologiyalı müşahidə sahələrində liderdir, bu da Azərbaycanın daxili təhlükəsizliyi və kritik infrastrukturunun qorunmasına kömək edə bilər.
Kosmos və aerokosmik sahədə də əməkdaşlıq mümkündür. Peyk texnologiyaları üzrə birgə tədqiqatlar Azərbaycanın kosmik kəşfiyyat və rabitə sahəsində mövqeyini genişləndirə bilər.
Bundan başqa, kənd təsərrüfatı və su texnologiyaları sahəsində əməkdaşlıq üçün uğurlu təcrübə var. İsrailin suyun duzsuzlaşdırılması və kənd təsərrüfatı innovasiyaları Azərbaycanın ərzaq təhlükəsizliyini və iqlim dəyişikliklərinə qarşı dayanıqlılığını gücləndirə bilər ki, bu da Xəzər regionunda əsas problemlərdən biridir.
Müəyyən mənada Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirmək mümkündür. Azərbaycanın “Avraam Sazişi” çərçivəsində iqtisadi və təhlükəsizlik təşəbbüslərinə inteqrasiyası bu sazişlərin təsirini Yaxın Şərqdən kənara çıxara bilər. Bu, Türkiyə, Mərkəzi Asiya dövlətləri və hətta Pakistanı da sazişə qoşulmaq imkanlarını nəzərdən keçirməyə təşviq edə bilər.
Azərbaycan-İsrail-ABŞ bloku gücləndirilərək Rusiya və İranın təsirinə balans yaradıla bilər. Bu tərəfdaşlıq Moskva və Tehranın regional əlaqə layihələrini pozmaq səylərinə qarşı əks-qüvvə rolu oynaya bilər. Genişləndirilmiş Azərbaycan-İsrail-ABŞ sazişi və onların tərəfdaşlığı aşağıdakı üstünlükləri təmin edəcək:
✅ Kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiənin əlaqələndirilməsi yolu ilə regional təhlükəsizliyin gücləndirilməsi.
✅ Enerji ticarəti və yeni infrastruktur investisiyaları hesabına iqtisadiyyatın şaxələndirilməsi.
✅ Kibertəhlükəsizlik, süni intellekt və kosmik tədqiqatlar sahəsində texnoloji nailiyyətlər.
✅ Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən, Qərb təşəbbüslərini gücləndirən və düşmən qüvvələrə qarşı dayanıqlı blok formalaşdıran daha geniş strateji şəbəkə.
Azərbaycanın geosiyasi mövqeyindən, İsrailin müdafiə sahəsindəki təcrübəsindən, həmçinin ABŞ-ın iqtisadi və diplomatik gücündən istifadə edərək, bu tərəfdaşlıq XXI əsrdə regional təhlükəsizlik və ticarətin əsas dayağına çevrilə bilər”, – deyə Zukerman vurğulayıb.(pressklub)
Rauf Orucov