Yenixeber.org: Brejnevin dövründə SSRİ-ni tərk etmək istəyənlərin sayı çoxalıb. Ümumilikdə 1970-ci ildən 1988-ci ilə qədər 291 minə yaxın insan xaricə gedib. Ölkəni tərk etmək istəyənlər arasında iki çox uğurlu sovet məmuru da olub - Yefim Feldman və Vladimir Fişman. Dostlar “çörəyi”ni balıq işindən çıxarıblar. Hər ikisi “Okean” ümumittifaq pərakəndə satış şəbəkəsində işləyib. Birinci mağazalardan birinin direktoru, ikincisi onun müdiri olub.
İspaniyadan nümunə götürülən “Okean” brend mağazaları Qərb modelinə uyğun yaradılmış ilk sovet pərakəndə şəbəkəsi olub. Dəniz məhsullarının yarımfabrikatlarının geniş çeşidi olan “Okean” mağazalarında yeməkxanalar da işləyib. “Okean”ların əsas məqsədi ət çatışmazlığı fonunda sovet vətəndaşlarının qida rasionuna balıq və dəniz məhsulları daxil etmək olub. Üstəlik, SSRİ balıq ovu üzrə dünyada üçüncü yeri tutub. Ticarət şəbəkəsinin yaradılmasının təşəbbüskarı SSRİ balıqçılıq naziri Aleksandr İşkov idi.
Vəzifələrinə görə Feldman və Fişman tez-tez digər ölkələrə ezamiyyətlərə gediblər. Orada yoldaşlar valyuta və qiymətli əşyalar alıblar. Sovet vətəndaşları belə ehtiyatsız davranışları ilə yerli hüquq-mühafizə orqanlarının diqqətini cəlb ediblər. Çexoslovakiya polisləri SSRİ-dəki həmkarlarına bu barədə siqnal ötürüblər və nəticədə iş adamları DTK-nın marağına səbəb olub. Lakin onlar özlərini başqa işdə “yandırıblar”.
1978-ci ildə bir veteran balıq mağazasına gələrək “pomidor sousunda kilkə” alıb. Adamı evdə sürpriz gözləyib. Konservadan kilkə yerinə qara kürü çıxıb. İçindəkilər vətəndaşda qarışıq hisslər yaşadıb və o, izahat almaq üçün mağazaya qayıdıb. Pərakəndə satış müəssisəsinin rəhbərliyi hadisəni ört-basdır etməyə çalışsa da, vəziyyət nəzarətdən çıxıb. Şayiə bütün Moskvaya yayılıb, kilkə satışları sürətlə artıb. Təbii ki, səlahiyyətli orqanlar tərəfindən mövcud vəziyyət diqqətdən kənar qalmayıb. Odur ki, işi dərhal Dövlət Təhlükəsizlik Komitəsi öz üzərinə götürüb.
“Sahibkarlar” xaricə son səfərlərindən sonra istirahət etdikləri Qara dəniz kurortlarından birində həbs ediliblər. Hər ikisi dərhal hər şeyi, ölkəni tərk etmək istədiklərini, xaricdə yaşamaq üçün valyuta və qiymətli əşyalar aldıqlarını, Avropa banklarında vəsait gizlətdiklərini etiraf ediblər. Lakin bu məlumat müstəntiqləri yalnız məhdud dərəcədə maraqlandırıb. Əsas məqsəd “Balıq işi”nin başında dayananları ifşa etmək olub.
Feldman və Fişman “Okean”da işlədikləri bütün sxemi ətraflı təsvir ediblər. Məmurların adları və verilən rüşvətin məbləğləri açıqlanıb. Bu işdə hələ ki, ən böyük rəsmi şəxs “Soyuzrıbpromsbıt”in rəhbəri Yuri Roqov olub. Qurum balıq məhsullarının paylanmasına cavabdeh olub və şəxsən SSRİ balıqçılıq naziri Aleksandr İşkovun göstərişi ilə yaradılıb. O, dövlətin yüksək vəzifəli şəxslərini inandıra bilib ki, balıq və dəniz məhsullarını birbaşa onun şöbəsi vasitəsilə satmaq məqsədəuyğundur. Əvvəllər bu funksiyanı Ticarət Nazirliyi həyata keçirib. Beləliklə, İşkov bütün dövrəyə nəzarəti ələ keçirib: balıq tutmaqdan tutmuş emal və pərakəndə satışa qədər. İkinci tapşırığı “Okean” pərakəndə satış şəbəkəsi həyata keçirib.
Nəticədə Feldman, Fişman və Roqov mühakimə olunub. Uğursuz emiqrantlar 12 il həbs cəzası alıb, Roqov isə ölüm cəzasına məhkum edilib. “Balıq işi” ilə bağlı istintaqın gedişinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropov şəxsən nəzarət edib və onun yarı yolda dayanmaq fikri olmayıb. Müstəntiqlər cinayət sxeminin təşkilində SSRİ balıqçılıq nazirinin müavini Vladimir Rıtovun iştirakına dair sübutlar toplayıblar.
SSRİ Baş Prokurorunun mühüm işlər üzrə müstəntiqi Vladimir Kaliniçenko bildirib ki, Rıtov həbs olunduqdan dərhal sonra özünü təxribatçı kimi aparıb. Lakin tezliklə heç kimin onun müdafiəsinə qalxmayacağı bəlli olanda o, hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başlayıb. Rıtov sona qədər əfv olunacağına ümid edib. Nazir müavininin ifadəsi istintaqı şoka salıb. Onun ifadəsinə görə, ölkədə bütün hakimiyyət sistemi kökündən çürüyüb, rüşvətxorluq hər yerdə normaya çevrilib.
İşin istintaqında mühüm işlər üzrə 120 müstəntiq iştirak edib. İfadələri və işləri araşdıran istintaq qrupu belə qənaətə gəlib ki, “Balıq mafiyası”nın rəhbəri balıqçılıq naziri Aleksandr İşkovun özüdür. Ancaq Leonid Brejnev Yuri Andropovun qarşısını alıb. Nəticədə Vladimir Rıtov “Balıq işi”ndə əsas və ən yüksək səviyyəli müttəhim olaraq qalıb.
Hökm elan olunandan bir neçə ay sonra o, edam edilib, işdə adı keçən 1500-dən çox insana qarşı ittiham irəli sürülüb, 5 mindən çox məmur vəzifəsini itirib. O dövrdə yeraltı müəssisənin dövriyyəsi də inanılmaz olub. Təkcə Rıtovun 300 min rublu müsadirə edilib. Halbuki, kooperativ üç otaqlı mənzilin qiyməti o vaxt təxminən 10 min rubl olub.(musavat)
İlkin Nəcəf