Paşinyanın yeni mesajı:Sülh, yoxsa növbəti yalan?
![news content](https://pressklub.az/storage/media/unnamed%20-%202025-02-11T195852.415.jpg)
Ekspert: “Ermənistanla aramızda böyük divar tikib, qurtula bilərik”
Yenixeber.org: Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada əldə olunmuş strateji razılaşmaya sadiqdir. Bu razılaşmaya əsasən, Azərbaycan və Ermənistan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi erməni KİV-lərində dərc olunan məqaləsində yazıb.
“Ermənistan, hazırda Azərbaycanın işğalı altında olan 200 kv. km-dən çox ərazisini hərbi yolla geri qaytarmağı qarşısına məqsəd qoymur. Bu məsələnin delimitasiya prosesi çərçivəsində praktiki həll olunması üçün real və obyektiv imkanlar mövcuddur. Buna görə də, Ermənistanın Azərbaycana hücum etmək niyyəti ilə bağlı fikirlər sadəcə uydurmadır”, – Paşinyan yazır.
Onun sözlərinə görə, Ermənistan öz ordusunu beynəlxalq səviyyədə tanınmış ərazilərini qorumaq prinsipi əsasında yenidən qurur və bu, istənilən ölkənin haqqıdır.
Paşinyan iddia edir ki, guya Ermənistanın təhlükəsizliyinə Azərbaycandan təhdid var və bu təhdid ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlarından qaynaqlanır. Ermənistanın baş nazirinin fikrincə, bu bəyanatlar “Qərbi Azərbaycan” tezisində tam şəkildə ifadə olunub.
Paşinyan daha sonra yazır ki, mövcud vəziyyətin həlli masa üzərindədir – bu, sülh müqaviləsinin artıq razılaşdırılmış müddəalarından ibarətdir. Ermənistan razılaşdırılmamış iki maddə üzrə həll yolları təklif edib və Azərbaycanın müsbət cavabını gözləyir.
Bundan əlavə, İrəvan Bakıya Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirən, eləcə də Ermənistan ərazisindən keçməklə beynəlxalq nəqliyyat əlaqələrinin yaradılmasını təmin edən yazılı təklif təqdim edib və Azərbaycanın müsbət cavabına ümid edir.
Bu yaxınlarda hər iki ölkənin hərbi əsirlər, girovlar və itkin düşmüş şəxslərlə bağlı işlər üzrə ikitərəfli komissiyalarının nümayəndələrinin görüşü baş tutub.
“Bütün bunlar göstərir ki, bölgədə eskalasiya üçün heç bir əsas yoxdur, əksinə, sülh üçün bütün ilkin şərtlər mövcuddur. Təxribat xarakterli addımlardan və eskalasiya siyasətindən imtina etmək, institusional sülhü təmin etmək lazımdır. Ermənistan nəinki buna hazırdır, həm də bu yoldan qətiyyən dönməyəcək”, – Nikol Paşinyan məqaləsinin sonunda qeyd edir.
Məqalə kifayət qədər konkret xarakter daşıyır, İrəvanın mövqeyi açıq şəkildə ifadə olunub və burada Azərbaycan üçün təhlükəli görünən heç nə yoxdur. Bəs o zaman Bakının bu mövqe ilə kəsişmə nöqtələri tapmasına və erməni tərəfi ilə mübahisəli məsələlərin həll yollarını müzakirə etməsinə nə mane olur? Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlarda yaranan çıxılmaz vəziyyəti necə izah etmək olar?
Cənubi Koreyanın Hankuk Xarici Araşdırmalar Universitetinin professoru, politoloq Rövşən İbrahimov bununla bağlı fikirlərini bizimlə bölüşüb.
O hesab edir ki, əslində, baş nazir Paşinyanın bəyanatlarına aldanmaq lazım deyil.
“Azərbaycanın mövqeyi çox aydın və dəqiqdir. O hesab edir ki, erməni tərəfi 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. Burada Zəngəzur dəhlizinin məhz həmin sənədin doqquzuncu bəndində qeyd olunan şərtlər əsasında açılması nəzərdə tutulur. Ermənistanda isə bu bəndi istədikləri kimi yozur və əsas müddəaları görməzdən gəlirlər.
Bundan əlavə, nəzərə almaq lazımdır ki, Bakı Ermənistan qanunvericiliyində Azərbaycanın ərazi bütövlüyünə qarşı irəli sürülən iddialarla bağlı düzəlişlər edilməsini tələb edir. Onlar buna arxaik bir sənəd, yaxud keçmişdə qalmış və unudulmuş razılaşma və ya xartiya kimi qəbul edə bilərlər. Amma bu, Azərbaycan üçün əhəmiyyət daşımır. Azərbaycan dəqiq bir mövqeyə sahibdir və məhz bunu nəzərdə tutur.
Üstəlik, İrəvanın o fikri tamamilə yanlışdır ki, guya hansısa bir amil Bakının hərəkət etməsinə mane olur. Bakıya heç nə mane olmur. Bakı sülh müqaviləsinin imzalanmasını təklif edən ilk tərəf olub. Ancaq sənədi yalnız imzalamaq xatirinə imzalamaq? Xeyr. Əgər məqsəd bu olsaydı, biz bunu çoxdan edə bilərdik. Məhz buna görə də hər şey tamamlayıcılıq prinsipi əsasında aparılmalıdır”, – professor hesab edir.
O, həmçinin vurğulayır ki, Azərbaycanın Ermənistana qarşı hər hansı bir təhdid yaratdığı fikri də həqiqətə uyğun deyil.
“Azərbaycan irredentist dövlət deyil və heç kimin ərazilərinə maraq göstərmir, heç bir qonşusuna qarşı ərazi iddiası irəli sürməyib. Azərbaycanın tək istədiyi, razılaşdırılmış məsələlərin yerinə yetirilməsidir ki, proses bu razılaşmalara uyğun olaraq davam etsin. Biz qonşuyuq və gec-tez bu problemləri həll edib irəliləməliyik.
Əgər bu mümkün olmazsa, onda alternativlər mövcuddur – Ermənistanla sərhəd boyunca yüksək bir divar tikərik və özümüzü onlardan təcrid edərik. Bir çox dövlətlər bu təcrübədən istifadə edir. Bunun Azərbaycan üçün heç bir qorxulu tərəfi yoxdur”, – İbrahimov əmindir.(pressklub)
Rauf Orucov