Redaktor seçimi
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Günün xəbəri

“Nə Tramp, nə Zelenski! –Son sözü xalq deyəcək”

Anar Natiqoğlu: “Artıq “dayanın, alverimizi edək” təklifi heç bir tərəfdə xoş qarşılanmır”

Yenixeber.org: Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu bizimlə müsahibəsində yaşadığı ölkədə davam edən müharibə, mövcud reallıqlar, dövlətin və cəmiyyətin işğalçıya qarşı dirəniş imkanları, eləcə də gözləntilər barədə danışıb. Beləliklə:

- Ukraynada son vəziyyət necədir?

- Bu gün Ukraynada vəziyyət orta stabil olaraq qalır. Ukraynanı tərk etməyən müxtəlif yaş qrupu və peşə sahibi insanlar savaş reallığında həyatlarına və işlərinə davam edirlər. Əsasən iqtisadi baxımdan çətinliklər çoxdur. Yanacağın, müxtəlif qida məhsullarının, siqaretin qiymətlərində artım müşahidə olunur.

- Son günlər rusların Ukraynanın iri şəhərlərinə ardıcıl raket zərbələri endirdiklərinə dair görüntülər yayılır...

- Artıq savaşın üç ilinin tamam olmasına 10 gün qalır. İşğalçı və terrorçu Rusiya ilk gündən bəri bu günəcən öz niyyətindən əl çəkməyib. Həm Donbass istiqamətində, həm də Xarkov, Zaporojye, Dnepr istiqamətlərində hücum cəhdləri davam edir. Cəbhə xəttindən kənarda isə Kiyev, Odessa və digər şəhərlər raket və dron, aviabombalarla hücumlara məruz qalmaqda davam edir. Yaşayış binaları, mülki infrastruktur, enerji, su, istilik xətləri sıradan çıxarılır, yaşlı, qadın, uşaq demədən mülki əhalinin qətliamı davam edir. Bugünlərdə Poltava şəhərində binaya atılan raketdən sonra 3 uşaq olmaqla, 14 mülki şəxs həyatını bir gecədə itirdi.

- Gözləntilər vardı ki, Donald Trampın Ağ Evə qayıdışından sonra Rusiya-Ukrayna müharibəsi başa çatmasa da, ən azından müvəqqəti fasilə yaranacaq. Və?

- Rusiyanın Ukraynaya qarşı işğal hərəkatının ilk həmlələri  2014-cu ildə qondarma “DNR” və “LNR”-in elan edilməsi ilə başladı. Ukraynanın ərazi bütövlüyünə olunan bu separatçı hücumlar Kiyevin ciddi  reaksiyasına və savaşa səbəb oldu. Bu, artıq aktiv savaş fazası idi. Təəsüf ki, həmin dövrdə yenicə inqilab baş tutmuş, Yanukoviç qaçmış, Kiyevdə isə mərkəzi hakimiyyət tam formalaşmadığı üçün bu amillər rusların Krımı tutmasına səbəb olmuşdu.

Amma siyasi baxımdan konfliktin kökü, hələ Rusiyanın adamı olan Yanukoviçin milli qüvvə olan Viktor Yuşşenkoya məğlub olduğu 2004-cü il seçkilərinə, ondan öncə 1994-cü ildə ABŞ, Boyuk Britaniya və Rusiyanın təhlükəsizlik zəmanəti ilə Ukraynanın nüvə silahından imtina etdiyi birgə müqaviləyə gedib çıxır. Bu günlərdə Volodimir Zelenski də belə bir tezislə Qərb ölkələrinə müraciət etdi: ya bizi NATO-ya qəbul edərək Rusiya işğalından təhlükəsizlik qarantiyası verin ya da nüvə silahımızı qaytarın. Bildiyiniz kimi, SSRİ 15 respublikadan ibarət olduğu halda, sovetlərin quruluşu və dağılması əsasən 3 ölkənin - Rusiya, Belarus və Ukraynanın birgə müqaviləsi ilə baş tutub. Bu gün Belarus hakimiyyəti Putinin bir sözünü iki eləmir. Amma Ukrayna artıq illər öncədən Avropa İttifaqı, NATO, yəni Qərbə inteqrasiya yolunu tutub. Bu isə təbii ki, SSRİ formasında zühur etmək istəyən rus imperializminin arzularına ziddir. Əslində, eyni din, yaxın dil mənsubu olan, hər zaman qardaş xalq dedikləri ukraynalılara qarşı aqressiyanın kökündə bu dayanır.

Bu qədər uzun giriş etməyimin səbəbi o idi ki, belə bir uzunmüddətli kökü olan konflikti qısa müddətə bitirmək müşkül məsələdir. Kim olur olsun, bir sutkaya, 100 günə və ya bir ilə bu münaqişəni bitirə bilməz. Trampın seçkisindən öncə də müxtəlif media qurumlarına bildirmişdim ki, seçkiqabağı belə vədlər ola bilər. Sadəcə Tramp bir hava ilə gəldi və hər kəs düşündü ki, hər iki tərəf onu dərhal eşidəcək. Təəssüf ki, bu, real deyildi və bunun təsirlərini də hər gün görürük. Ruslar Donbasda, Ukrayna Kurskda hücum tempini artırmaqda davam edir. Digər şəhərlər isə havadan yenə də aktiv bombalanır.

Ukraynanın bu qədər itkilərdən sonra ərazi bütövllüyünü düşünməsi, Avropanın təhlükəsiz sərhədlər istəyi, Rusiyanın isə ağlasığmaz şərtlərlə savaşa son vermək düşüncəsi fonunda Trampın “dayanın, alverimizi edək” ritorikası heç bir tərəfdə artıq xoş qarşılanmır. Ukrayna xalqı cəsarətli və əzmkar xalqdır. Bəlkə, hakimiyyətdən narazı və ya savaşdan bezmiş 10-15 faiz var və onlar “nə olur olsun, təkcə savaş bitsin” düşüncəsində ola bilər. Amma əksəriyyət və xüsusən milli qüvvələr belə düşüncədə deyil.

- Bayden dövründə işğalçıya qarşı kollektiv Qərb dirənişi vardı. Bundan sonra ABŞ-ın geri çəkiləcəyini, Avropa İttifaqının Ukraynaya dəstəyi Vaşinqtonsuz davam etdirməli olacağını gözləmək olarmı və belə olarsa, hansı mənzərə ortaya çıxar?

- Əslində, Bayden administrasiyası dişsiz qərarlar və təchizat məsələləri ilə bağlı ləngimələrlə savaşın uzanmasına və Rusiyanın mümkün məğlubiyyətinin önünü kəsməyə səbəb oldu. Ukraynaya həm silah, həm də humanitar yardımları əsirgəməyən Böyük Britaniya, Almaniya, Fransa kimi ölkələr bu məsələdə daha aktiv və səmimi odu. Yenə də vurğulamaq istərdim ki, təchizatın haradan və kimdən gəlməsinin önəmi yoxdur. Ukrayna xalqı döyüşkən və əzmkar xalqdır. Hər hansı bir ölkənin və ya ölkələrin bu dəstəyin əleyhinə olması ümumi mənzərəyə təsiredicidir, amma həlledici deyil.

Trampın andiçməsindən sonra Ukrayna Prezidenti və rəsmilərinin qətiyyətli açıqlamaları buna sübutdur. Eləcə də Böyük Britaniya ilə 100 illik müttəfiqlik sazişinin imzalanmasını gözardı etmək olmaz. Buyaxınlarda Volodimir Zelenski Davos iqtisadi forumunda çoxsaylı dövlət başçıları ilə məhsuldar görüşlər keçirdi. Bütün bunlar onu deməyə əsas verir ki, bərabər olmayan şərtlərdə Ukrayna bütün gücü ilə müdafiə olunacaq, hər an əks-hücumlar baş tuta bilər, hansı ki, biz bunu Kurskda müşahidə edirik. Davamlı Rusiyanın yanacaq və hərbi sənaye obyektlərinə zərbələr endirilir, beynəlxalq platformada isə siyasi və humanitar dəstəklə bağlı təmaslar, manevrlər davam edir.

- Müharibənin ilk vaxtlarında müxtəlif danışıqlar formatları vardı – “Normand görüşü”, “İstanbul formatı” kimi. Hazırda heç bir müzakirə formatı yoxdur, yeganə ümid Tramp-Putin formatınadır. Ukrayna cəmiyyəti indiki situasiyadan nə nəticə çıxarır?

- Bugünlərdə belə bir xəbər yayıldı ki, savaşın taleyini Tramp ilə Putin arasındakı görüş və danışıqlar həll edəcək. Amma Prezident Zelenski qətiyyəti vurğuladı ki, ölkənin ərazi bütövlüyü məsələsi Ukraynanın iştirakı olmadan heç bir platformada müzakirə oluna və ya qərar qəbul oluna bilməz. Əksinə, bu gün gedən söhbətlərin əksəriyyəti hansısa sülh müqaviləsi ətrafında yox, atəşkəs ətrafındadır.

Amma bu məsələdə hər iki tərəf zəmanət istəyir və digər tərəfə güvənmir. Haqlı olaraq Ukrayna atəşkəs fonunda Rusiyanın sadəcə vaxt qazanmaq və daha böyük hücumlar üçün qüvvələrini səfərbər etmək niyyətini önə çəkir. Eləcə də işğalçı Rusiya Ukraynaya toparlanmaq üçün zaman tanımaq niyyətində olmadığını açıq vurğulayır. Mənim hələ aylar öncədən şəxsi fikrim odur ki, Ukraynanın suverenlik və ya gələcək strateji xətti ilə bağlı yekun qərarı Zelenski və ya onun komandası, hətta deyərdim ki, bugünkü parlament də verə bilməz. Şəffaf şərtlər altında keçiriləcək referendumda xalqın seçimi ilə bu nəticəyə gəlmək olar.

- Bir müddət öncə Şimali Koreyadan olan əsgərlərin ukraynalılara qarşı döyüşlərə qatıldığı təsdiqlənmişdi. Hazırda hansısa kənar ölkələrin canlı qüvvə şəklində müharibədə iştirakına dair cəbhədən xəbərlər varmı?

- Ukrayna Silahlı Qüvvələri öz ölkəsinin ərazi bütövlüyünü bərpa etmək istəyən vətənpərvərlərdən ibarətdir. Qarşı tərəfdən kimlərin döyüş meydanına atılacağı önəm daşımır. Qısa müddət ərzində, illərlə heç bir savaş təcrübəsi olmayan Şimali Koreya qüvvələri minlərlə itki verdi. Çünki onlar əsasən rəhbərlərini salamladığı kimi, 1941-45 taktikası ilə “Ura” deyə döyüşə cumurdular. Bu isə açıq döyüş meydanında müasir artilleriya qurğuları, dronlar və ya tanklar üçün sadəcə yem idi. Onların kütləvi məhv edilmə səhnələri müasir kompüter oyunlarını xatırladırdı. Ona görə az bir miqdar əsir götürüldü, 10 minə yaxın qüvvə isə qısa zamanda məhv edildi. Artıq koreya əsgərlərinin ön cəbhədən geri çəkilməsi ilə bağlı xəbərlər dolaşır.(AYNA)

İsmayıl Məmmədli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam