Putin Trampın yeni sanksiyalarla bağlı təhdidinə şübhə edir -ANALİZ
ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiya təhdidlərinin Moskvada narahatlıq yaratması ilə bağlı sübut bir neçə gün sonra ortaya çıxdı.
Yenixeber.org: Yanvarın 24-də Rusiya prezidenti Vladimir Putin dövlət televiziyasının jurnalistinə verdiyi qısa müsahibədə Trampın sanksiya təhdidinə cavab verdi. Bu qısa müsahibə spontan kimi təqdim edilsə də, ehtimal ki, əvvəlcədən planlaşdırılmış bir görüş idi.
Trampı tərifləyən Putin onu "ağıllı" adlandırıb. Putin bildirib ki, Trampın Rusiyanın 2022-ci ildə tammiqyaslı işğal başlatmaması fikri düzgün ola bilər. Həmçinin, Putin də Trampın 2020-ci ildə ABŞ seçkilərinin "oğurlandığı" iddiasını təkrarlayıb.
"Onunla razılaşmamaq mümkün deyil, əgər o, prezident olsaydı, əgər 2020-ci ildəki qalibiyyəti oğurlanmasaydı, bəlkə də, 2022-ci ildə Ukraynada yaranan böhran baş verməzdi", – Putin deyib. O bu fikrinə əlavə izah verməyib.
2022-ci ilin fevralında işğalçı müharibənin başladılması əmrini verməzdən əvvəl Putin Ukrayna sərhədlərinə ordu yığaraq Qərbə qarşı aqressiv tələblər irəli sürüb. Bu tələblər arasında Ukraynanın heç vaxt NATO-ya qoşulmayacağına dair zəmanət və NATO qüvvələrinin 1997-ci ildən əvvəlki mövqelərinə geri çəkilməsi tələbi də vardı.
Putin Ukraynada müharibə, silahlara nəzarət və enerji qiymətləri ilə bağlı Trampla danışıqlara hazır olduğunu bildirib. Lakin əvvəlki kimi, o, Kiyev ilə danışıqlar aparmaq ideyasını rədd edib. Putin deyib ki, Qərb Ukrayna prezidenti Volodimir Zelenskinin Putinlə danışıqları qadağan edən fərmanı ləğv etməsi üçün Kiyevə təzyiq göstərməlidir.
Tramp yanvarın 23-də çıxışı zamanı Səudiyyə Ərəbistanı və digər OPEC üzvlərini neft istehsalını artırmaqla qiymətləri endirməyə çağırmışdı. ABŞ prezidenti bildirmişdi ki, "əgər qiymətlər aşağı düşsə, Rusiya-Ukrayna müharibəsi dərhal bitər". Putin isə belə addımların Vaşinqtona qarşı əks-təsir göstərə biləcəyini irəli sürüb. O, Rusiya və ABŞ kimi böyük neft istehsalçıları üçün həddindən artıq aşağı qiymətlərin çox pis olduğunu, bunun enerji şirkətlərinin sərmayə qoyma qabiliyyətini zəiflətdiyini söyləyib.
Putin Trampın "yalnız ağıllı deyil, həm də praqmatik" olduğunu bildirib və əlavə edib: "Bizi yeni sanksiyalarla bağlı xəbərlər eşitsək də, onun Amerikanın öz iqtisadiyyatına zərər verəcək qərarlar qəbul edəcəyinə şübhə edirəm".
ABŞ prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edir.
24 yanvar
Tramp neftin ucuzlaşmasının Rusiya-Ukrayna müharibəsini dayandıracağına inanır
Artıq Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin sülh yolu ilə həlli istiqamətində işlərə başlanılıb. Bunu ABŞ prezidenti Donald Tramp yanvarın 23-də Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışı zamanı deyib.
Tramp bildirib ki, Rusiyaya Ukrayna ilə münaqişəni davam etdirməyə imkan verən amillərdən biri də neft qiymətlərinin çox yüksək olmasıdır. Tramp əsas neft istehsalçılarını, xüsusilə də Səudiyyə Ərəbistanı və digər OPEC ölkələrini döyüşlərə son qoymaq üçün hasilatı artırmağa və qiymətləri aşağı salmağa çağırıb: "Mən Səudiyyə Ərəbistanından və OPEC-dən neftin qiymətini aşağı salmağı xahiş edəcəyəm. O, aşağı salınmalıdır! Qiymət aşağı düşərsə, Rusiya ilə Ukrayna arasında müharibə dərhal başa çatacaq".
Neftin qiyməti hazırda 80 dollar civarındadır. Trampın çıxışı zamanı neftin qiyməti təxminən bir dollar ucuzlaşıb.
Tramp Çinin ABŞ-yə Rusiya-Ukrayna müharibəsini dayandırmağa kömək edəcəyinə ümidvar olduğunu bildirib. O, Pekin və Vaşinqton arasında münasibətlərin "çox yaxşı" olduğunu qeyd edib.
"Çinin Rusiyaya müharibəni dərhal dayandırmaqla bağlı təsir göstərməsi üçün kifayət qədər gücü var. Biz bunu Çinlə birlikdə edəcəyik", - Tramp bildirib.
Tramp Putinlə görüş istəyini bir daha dilə gətirib
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya tammiqyaslı işğalına son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinlə dərhal görüşmək istəyir.
Bu görüşün mümkün qədər tez baş tutmasının əhəmiyyətini vurğulayan Tramp "bildiyimə görə, Putin mənimlə görüşmək istəyir, mən dərhal görüşərdim" deyə yanvarın 23-də Ağ evdə jurnalistlərə bildirib. "Biz görüşmədikcə hər gün döyüş meydanında əsgərlər həlak olur", - o əlavə edib.
Tramp bir daha xatırladıb ki, Ukrayna prezidenti Volodimir Zelenski onunla müharibəyə son qoymaq üçün razılaşmaya hazır olduğunu deyib.
Donald Tramp və Vladimir Putin 2018-ci ildə Helsinki sammiti zamanı.
21 yanvar
Tramp Rusiyanı yeni sanksiyalara məruz qoya biləcəyini söyləyir
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəni bitirmək üçün sülh danışıqlarını qəbul etməyəcəyi təqdirdə Rusiyaya əlavə sanksiyaların tətbiqi ehtimalından danışıb.
Yanvarın 21-də Ağ evdə jurnalistlər Trampdan əgər Putin danışıqlar masasına oturmasa, Vaşinqtonun Rusiyaya yeni sanksiyalar tətbiq edib-etməyəcəyini soruşublar. ABŞ prezidenti bu suala "elə görünür" cavabını verib.
Tramp Rusiyaya qarşı mümkün yeni sanksiyalarla bağlı təfərrüat verməyib. O, həmçinin yaxın zamanda Putinlə danışmaq niyyətini bir daha bəyan edib, lakin bununla bağlı konkret vaxt deməyib.
"Biz [Ukrayna prezidenti] Zelenski ilə danışırıq. Tezliklə prezident Putinlə də danışacağıq. Məsələyə baxacağıq", –Tramp bildirib.
Yanvarın 20-də ABŞ prezidenti jurnalistlərə açıqlamışdı ki, Zelenski müharibəni bitirmək üçün sülh sazişi istədiyini ona bildirib.
ABŞ prezidenti Çin lideri Si Cinpinlə telefon əlaqəsindən də danışıb. Prezident Tramp bildirib ki, telefon danışığı zamanı o, Cinpindən münaqişənin sona çatmasına kömək etməyi xahiş edib: "O, bu məsələdə hələ çox şey etməyib. Onun da bizim kimi böyük gücü var. Mən ona dedim ki, bu məsələni həll etməlisiniz. Biz bu mövzunu müzakirə etdik".
Ukraynaya yardım nəzərdən keçirilir
Tramp həmçinin komandasının Ukraynaya əlavə silah göndərilməsi imkanlarını nəzərdən keçirdiyini bildirib.
Prezidentlik kampaniyası zamanı Tramp Co Bayden administrasiyasının Ukraynaya verdiyi yardımların çox olması ilə bağlı sərt çıxışlar edib. Bununla belə, Tramp bəzi hallarda Ukraynanın zamanla ABŞ-yə silah tədarükü üçün ödəniş edəcəyi lend-liz proqramı ideyasına açıq olduğunu bildirib.
Tramp son açıqlamalarında digər müttəfiqlərin Ukraynanın müdafiəsi üçün xərcləri artırmalı olduqları mövqeyini bir daha təkrarlayıb. O, Avropa İttifaqının Kiyevə yardımını ABŞ-nin yardım səviyyəsinə bərabərləşdirməyə çağırıb.
Bu açıqlamalar Trampın Ağ evdəki yeni dönəminin ikinci günündə səsləndirilib. O, tez-tez təriflədiyi Putinə sülh danışıqlarına başlamaq üçün ardıcıl ikinci gündür təzyiq göstərir.
Prezidentlik kampaniyası zamanı Tramp vəzifəyə başladıqdan sonra 24 saat ərzində müharibəni bitirəcəyinə söz vermişdi. Son həftələrdə bu bəyanatından geri çəkilsə də, hələ də müharibəni sürətlə bitirəcəyini vəd edir.
Bir çox analitiklər düşünür ki, müharibənin yaxın zamanda bitməsi çətindir, çünki Putin qalib gəldiyinə inanır və döyüşləri dayandırmaq üçün heç bir stimulu yoxdur.
Tramp daha əvvəl bildirib ki, Putin Ukrayna müharibəsini bitirmək üçün razılaşmaya getməkdən imtina etməklə Rusiyanı "məhv edir".
"Onun razılaşma əldə etməsi lazımdır. Düşünürəm ki, razılaşma etməməklə o, Rusiyanı məhv edir", – Tramp jurnalistlərə bildirib.
Trampın açıqlamaları Rusiyanın diqqətindədir
Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov isə jurnalistlərə deyib ki, Moskva Trampın açıqlamalarını "nəzərə alır". Lakin o, əlavə şərh verməkdən çəkinib və Kremlin əlaqələr üçün əsas təşkil edə biləcək "konkret" təklifləri gözlədiyini bildirib.
Putin yanvarın 21-də müttəfiqi Çin lideri Si Cinpinlə videozəng vasitəsilə danışıb. Tərəflər Trampın komandası ilə mümkün təmasları müzakirə ediblər. Rusiya mediası Putinin çinli həmkarına Rusiya və Çinin birgə səylərinin qlobal məsələlərdə vacib sabitləşdirici rol oynadığını söylədiyini yazıb.
Xatırlatma
Putin 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlayıb.
Daha əvvəl, 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını tutaraq ilhaq edib və şərqi Ukraynada separatçıları dəstəkləyib. Ukraynanın şərqində geniş əraziləri ələ keçirərək öz nəzarətinə götürüb.(Azadlıq Radiosu)