Toydan çıxıb, ölümə getdilər:“qızıl gəncliyin” qanlı səyahəti

Yenixeber.org: Tbilisi-Batumi-Kiyev-Leninqrad reysi ilə uçan Tu-134 təyyarəsi 1983-cü il noyabrın 18-də yerli vaxtla 16:43-də havaya qalxdı. Göyərtədə 57 sərnişin və 7 heyət üzvü vardı. Tu-134 köhnə tip təyyarələrdən olduğu üçün idarə edilməsində 4 nəfər iştirak edirdi: komandir Axmetqer Qardapxadze, ikinci pilot Stanislav Qabarev, şturman Vladimir Qasoyan və uçuş mühəndisi Anzor Çediya. Onlardan savayı iki stüardessa (Valentina Krutikova və İrina Ximiç) və nəzarətçi Zaven Şərbətyan vardı. Sonuncu komandirliyə keçməyə namizəd olan Qabarevin uçuş bacarığına göz qoyurdu.

Havaya qalxandan qısa müddət sonra heyət Batumidə eniş üçün hazırlığa başladı. Amma eniş baş tutmadı. Yerdə güclü yan külək əsdiyini xəbər verən dispetçer enişi qadağan etdi. Təyyarə Tbilisiyə qayıtmaq üçün hündürlüyə qalxmağa və dönməyə başladı.
Bu zaman pilot kabinəsinin qapısı döyüldü və stüardessa Krutikova qapının açılmasını xahiş etdi. Qapı açılanda isə kabinəyə stüardessa ilə yanaşı əlində silah olan üç sərnişin daxil oldu. Onlar təyyarənin Türkiyəyə uçmasını tələb etdilər. Həmin məqamda salondan atəş səsləri gəldi.
***
Bu hadisədən bir gün əvvəl Tbilisidə təntənəli toy mərasimi keçirilirdi. Bəy və gəlin adlı-sanlı valideynlərin övladları, “qızıl gənclik” nümayəndələri idilər.

19 yaşlı Tinatin Petviaşvili tanınmış fizik Vladimir Petviaşvilinin qızı idi, İncəsənət akademiyası arxitektura fakültəsinin üçüncü kursunda təhsil alırdı. 21 yaşlı German Kobaxidzenin atası Mixail Kobaxidze kino ssenaristi və rejissoru, anası Natela Maçavariani isə aktrisa idi. German özü də uşaq yaşlarından filmlərə çəkilirdi. Bu yaxınlarda da Tengiz Abuladzenin “Tövbə” filmində baş rollardan birini oynamışdı.
Qonaqlar arasında Anna Varsimaşvili adlı gənc qadın vardı. O, evlənənlərlə yüngülvari tanış idi və bu toya dəvət edilməsinə görə həm təəccüblənmiş, həm qürurlanmışdı. Amma bu dəvətin əsl səbəbini bilsəydi...
Anna Tbilisi hava limanında işləyirdi. Tinatin və German toyun ertəsi gününə guya bal ayı keçirmək üçün Batumiyə bilet almışdılar. Əslində isə təyyarəni ələ keçirərək Türkiyəyə qaçmaq niyyətində idilər. Anna Varsimaşvili də onlara təyyarəyə silah keçirmək üçün lazım idi.
Qaçmaq istəyən təkcə bəy və gəlin deyildi, daha beş nəfər onlarla əlbir idi. Həmin beşlik də “qızıl gəncliyə” aid idi.
1. İosif Sereteli, qrupun lideri, 25 yaş, “Gürcüstanfilm”də rəssam. Tbilisi Dövlət Universitetinin professoru, Gürcüstan EA-nın müxbir üzvü Konstantin Seretelinin oğlu.
2. Paata İverieli, 30 yaş, həkim. Həkimlərin təkmilləşmə institutunda kafedra müdiri, professor Vaja İverielinin oğlu.
3. Kaxa İverieli, 26 yaş, həkim, Paata İverielinin qardaşı.
4. David Mikaberidze, 25 yaş, Tbilisi İncəsənət akademiyasının tələbəsi. “İnturist”in tikinti trestinin müdiri Rajden Mikaberidzenin oğlu.
5. Qriqori Tabidze, 32 yaş, narkoman, üç dəfə məhkum olunub. Texniki-peşə təhsili üzrə dövlət komitəsi layihə bürosunun müdiri Teymuraz Tabidzenin oğlu.
Dəstə “Gürcüstanfilm” studiyasında əlaqələrindən istifadə edərək “Nabat” adlı filmə baxmışdılar. Yenicə çəkilmiş filmdə məsuliyyətsiz stüardessanın köməyi ilə təyyarəyə silah keçirən terrorçuların təyyarəni qaçırmaq cəhdindən bəhs edilirdi. “Nabat” sovet mülki aviasiyasının işçiləri üçün təlim vəsaiti kimi çəkilmişdi və geniş prokat üçün nəzərdə tutulmamışdı. Gürcü gənclər filmə baxıb bəzi ideyalar mənimsədilər, o cümlədən təyyarəyə silahı necə keçirmək barədə.
Toyun ertəsi günü yeddi gənc və onların qaçış planından xəbərləri olmayan daha iki nəfər (Anna Meliva və Yevgeniya Şalutaşvili) Batumiyə uçmaq üçün Tbilisi hava limanına gəldilər. Onlar Tbilisi-Batumi reysi ilə uçan Yak-40 təyyarəsinə bilet almışdılar. Amma sərnişinlərin az olması səbəbindən qənaət məqsədilə Tbilisi-Batumi-Kiyev-Leninqrad reysi ilə uçan Tu-134-ə mindirildilər.
Anna Varsimaşvili German və Tinatini, eləcə də onlarla bilrikdə olan Mikaberidze və Seretelini yoxlamadan yayındıraraq təyyarəyə buraxdı. Onların çantalarında iki TT markalı tapança, iki Naqan sistemli revolver və iki əl qumbarası vardı. İverieli qardaşları və Tabidze digər sərnişinlərlə birlikdə yoxlamadan keçdilər.
Terrorçuların hesablamalarına görə, təyyarə uçuşdan təxminən yarım saat sonra Türkiyə sərhədinə ən yaxın nöqtədə olacaqdı. Buna görə də 17:13-də hərəkətə keçdilər. Bu zaman onlar təyyarənin Tbilisiyə qayıtmaq üzrə olmasından xəbərsiz idilər.
Tabidze, Sereteli və Kaxa İverieli stüardessa Valentina Krutikovanı girov götürdülər və pilot kabinəsinə tərəf getdilər. Silahla təhdid edilən Valentina qapını döyərək açılmasını xahiş etdi. Qapı açıldıqdan sonra tapançanın dəstəyi ilə Krutikovanın başına zərbə endirdilər, qapını açan Şərbətyana isə beş güllə vurdular.
Pilotların başına silah dirəyən terrorçular təyyarənin Türkiyəyə uçmasını tələb etdilər. Yerindən qalxan uçuş mühəndisi Anzor Çediya “Nə Türkiyə, siz nə danışırsınız” söylədi və sinəsinə dəyən güllələrdən öldü.
Salondakı terrorçular isə aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı ola biləcəklərindən şübhələndikləri üç nəfəri güllələdilər. Onlardan biri öldü, ikisi ağır yaralandı. Heç birinin də təhlükəsizlik xidməti ilə əlaqəsi yox idi.
Pilot kabinəsindəki terrorçular pərdə arxasındakı xüsusi yerdə daha bir heyət üzvünün - şturman Qasoyanın olmasından xəbərsiz idilər. Şturman bundan istifadə edərək silahını çıxardı və pərdənin arxasından terrorçulara atəş açdı. Dəyən güllələrdən Tabidze öldü, Sereteli və Kaxa İvereili isə yaralandı.
Bu zaman ikinci pilot Qabarev təyyarənin burnunu kəskin yuxarı qaldırdı. Yaralı terrorçular müvazinətləri saxlaya bilməyərək açıq qapıdan salona uçdular. Bundan istifadə edən heyət kabinənin qapısını bağlamaq istədi, amma ilk cəhddə alınmadı. Ölmüş Tabidzenin və ağır yaralanmış Şərbətyanın cəsədləri mane olurdu.
Salondakı terrorçular yenidən kabinəyə girmək istəyəndə komandir Qardapxadze onları atəşlə qarşıladı. İkinci pilot yenə təyyarəni aşağı-yuxarı, sağa-sola oynadaraq, terrorçuların tarazlığını pozdu. Krutikova Tabidzenin cəsədini salona çəkdi, Şərbətyan isə kabinəyə tərəf süründü. Beləcə, qapını bağlamaq mümkün oldu.
Terrorçular qapıya bir neçə atəş açdılar - amma qapı gülləkeçməz idi, - salonda sərnişinlərdən daha birini öldürdülər, beşini isə yaraladılar, o cümlədən öz tanışları Meliva və Şalutaşvilini. Komandir Tbilisi ilə əlaqə saxlayaraq, məlumat verdi. Beləcə, dövlət orqanları hadisədən xəbərdar oldular. Hava limanına milislər və hərbçilər göndərildi.
Tu-134 saat 18:20-də Tbilisidə yerə endi və hava limanının ucqar guşəsində dayandı. Bu zaman iki stüardessa qəza çıxışlarından birini açdılar. İrina Ximiç oradan özünü yerə atdı, Valentina Krutikova isə atılmağa macal tapmamış David Mikaberidze tərəfindən öldürüldü. Təyyarənin Tbilisidə endiyini anlayan Mikaberidze daha sonra özünü öldürdü.
Bu qətldən və intihardan sonra bir kişi sərnişin də qəza çıxışından çölə atıldı və uzaqlaşmağa çalışdı. Təyyarəni dövrəyə alan güc strukturlarının nümayəndələri onu terrorçulardan biri hesab edərək dağınıq atəş açdılar. Güllələrin çoxu təyyarənin füzelyajına dəydi, ikinci pilot yaralandı və radiostansiya zədələnərək sıradan çıxdı.
Pilot kabinəsində sağ olan heyət üzvləri pəncərədən təyyarəni tərk etdilər. Ağır yaralı Zaven Şərbətyan kabinədə qaldı və bir müddət sonra keçindi.
Hava limanına Gürcüstan Kommunist partiyasının birinci katibi Eduard Şevardnadze, respublikanın güc strukturlarının rəhbərləri gəldilər. Eləcə də terrorçuları təslimə razı salmaq üçün valideynləri gətirildi. Amma terrorçular qırmızı xətti çoxdan keçmişdilər, təslim olacaqları halda onları edam cəzası gözlədiklərini anlayırdılar. Buna görə də valideynləri ilə danışmaqdan boyun qaçırdılar, təyyarəyə yanacaq doldurulmasını və Türkiyəyə uçmaq üçün şərait yaradılmasını tələb etdilər. Hava limanının personalı isə əksini etdi: texniki baxış bəhanəsi ilə yanacaq boşaldıldı.
Antiterror əməliyyatı keçirmək üçün Moskvadan KQB-nin “Alfa” qrupu göndərildi. Təyyarənin ətrafında işıqlar söndürüldü. Başqa bir Tu-134-də qısa məşq keçən xüsusi təyinatlılar gecənin qaranlığından istifadə edərək hər iki qanadların və pilot kabinəsinin yanında mövqe tutdular.
Hücum noyabrın 19-da saat 06:55-də başladı. Hər iki qanadın üzərindən və pilot kabinəsindən salona daxil olan xüsusi təyinatlılar sayılı saniyələr içində terrorçuları zərərsizləşdirdilər. Antiterror əməliyyatı zamanı sərnişinlərdən xəsarət alan olmadı.

Təyyarə qaçırmaq cəhdi 7 nəfərin (3 heyət üzvünün, 2 sərnişinin, 2 terrorçunun) ölümü və 12 nəfərin (3 heyət üzvünün, 7 sərnişinin, 2 terrorçunun) yaralanması ilə nəticələndi. Qasoyanın açdığı atəş nəticəsində boğazından yaralanan İosif Sereteli təcridxanada öldü. Deyilənlərə görə, ona lazımi tibbi yardım göstərilmədi. Beləcə, ölənlərin sayı 8 oldu.
***
İstintaq müəyyən etdi ki, terrorçular silahlı basqınla təyyarə qaçırmaq fikrinə müstəqil gəlməyiblər. Onlara bu ideyanı kilsə adı Fyodor ata olan Teymuraz Çixladze verib. O, gənclərə ata və oğul Brazinskasların 1970-ci Türkiyəyə təyyarə qaçırmalarından və ABŞ-da sığınacaq almalarından danışmış, antisovet təbliğat aparmışdı. Keşiş də məsuliyyətə cəlb edildi.
Məhkəmə 1984-cü ilin avqustunda baş tutdu. Paata və Kaxa İverieli qardaşları, German Kobaxidze və Teymuraz Çixladze edam cəzasına, Tinatin Petviaşvili 14 illik həbs cəzasına məhkum edildilər. Edam hökmü həmin il oktyabrın 3-də de yerinə yetirildi.
Rejissor Tengiz Abuladze “Tövbə” filmində German Kobaxidzenin ifa etdiyi Tornike rolu ilə bağlı epizodları yenidən çəkməli oldu. Bu dəfə həmin rolu Merab Ninidze ifa etdi.
Təyyarə qaçırılması cəhdinin qarşısının alınması zamanı göstərdikləri şücaətə görə, komandir Axmetqer Qardapxadzeyə və şturman Vladimir Qasoyana Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. Heyətin digər üzvləri başqa təltiflərə layiq görüldülər.

1980-ci illərin sonlarında cərəyan edən milli-azadlıq hərəkatı dövründə təyyarə hadisəsinin personajlarına “antisovet qəhrəman” kimi yanaşma sərgiləndi. Zviad Qamsaxurdiya prezident olduqda Tinatin Petviaşvilini əfv etdi. Son məlumatlara görə, 60 yaşlı Tinatin hazırda Kiprdə yaşayır.
Dato Turaşvilinin 2001-ci ildə çap olunan “Cins dövrünün uşaqları” adlı romanı və rejissor Zaza Rusadze 2003-cü ildə çəkdiyi “Quldurlar” sənədli filmi “qızıl yeddiliyin” təyyarə qaçırmaq cəhdindən bəhs edir. Rejissor Rezo Gigineişvili “Cins dövrünün uşaqları” romanı əsasında 2017-ci ildə “Girovlar” filmini çəkdi.(pressklub)
Yadigar Sadıqlı