Savaş qapıdadırmı? -ANALİZ
Yeni Dünya Düzəninə hamilə olan qlobal siyasi sistemin doğuş sancıları, əsrlərdən bəri davam edən Hartland- Rimland qarşıdurması fonunda daha aydın eşidilir.
Yenixeber.org: Demokratiya, insan haqları bunun estetik tərəfidir. Dünya mühafizəkarlar və liberallar arasındakı qanlı toqquşmaya hazırlanır. Döyüş məkanının düzgün seçilməsi qədimlərdən bəri strateqlərin fitri istedadı ilə yanaşı, həm də geopolitikanı nə dərəcədə bilmələri ilə bağlı olub. Qədim dünyada güney Anadolu, Şam torpaqları mərkəz mövqeyində olduğu üçün Makedoniyalı İsgəndər- Dara qarşıdurması, İslam xilafəti-İran-Bizans savaşları, Səlcuqlar, Osmanlılarla Bizans savaşları, İngiltərə, Fransa, Çar Rusiyası Osmanlı savaşları məhz dünyaya sahiblənmək üçün seçilmiş ən kritik məkanlar idi. Rimland xətlərinin keçdiyi, dünya mədəniyyətlərinin üz-üzə gəldiyi bu bölgə yeni dünyada öz əhəmiyyətini hər keçən gün artırır. Birinci və ikinci dünya müharibələrindən sonra öz imperiya gücünü əhəmiyyətli dərəcədə itirən Britaniya imperiyası, Fransa bu nizamı yenidən qurmaq üçün böyük stavkalar qoyublar. SSRİ-nin süqutu ilə başlayan proses otuz ildən artıq bir vaxt ərzində özünün təbii axarını tapmaq üçün çalxalanırdı. Transmilli cinayətkarlıq, terrorizm, ultrasağçı dalğalar, mədəniyyət sahəsində postmodernizmlə etnokultura dilemması, liberal iqtisadiyyatla monopolist inzibati iqtisadiyyat, təbii resurslardan asılı olan, özü özünü yeyən, qeyri sektorların inkişaf dinamikasını yarada bilməyən ölkələrə qədər hər şey, hər yol bu qaynayan qazanın üzə çıxardığı reallıqlardır. Qurulacaq savaş ittifaqları, savaş sonrası masada kimlərin oturacağı isə bütün bu reallıqların təbii məntiqi nəticəsi olacaq. Almaniya hər iki dünya müharibəsinin əsas qurbanı idi. Kecikmiş dövlət olması ilə barışa bilmədiyindən müharibə ilə haqqını (!?) almaq istədi, tələyə düşdü, oyundan kənara itələndi. Özü ilə bərabər Osmanlını da, Avstriya-macarıstanı da uçurumdan aşağı yuvarladı. 1919-cu ildə Versalda, 1945-ci ilin iyulunda Potstamda qaliblər dünyanı böldülər. BMT təhlükəsizlik şurasının 5 daimi üzvü müvəqqəti atəşkəs elan etdilər. Nüvə silahı real müharibəni istisna etdiyi üçün üçüncü dərəcəli ölkələrə müdaxilə, proksi müharibələri soyuq müharibənin gətirdiyi reallılar idi. Artıq bunlar da kecmişdə qalır. İndi əsas suallar bunlardır:
- Üçüncü Dünya Müharibəsi mümkündürmü?
- Əgər bu baş verəcəksə, döyüş məkanı hara olacaq?
- Hansı ittifaqlar realdır?
Rusiyanın Ukraynaya hərbi təcavüzü, İsrailin Qəzzada törətdiyi soyqırımı, İkinci Qarabağ savaşı, Liviyada vətəndaş müharibəsi, Əsəd rejiminin devrilməsi baş verəcək Üçüncü Dünya müharibəsinin isinmə hərəkətləri və ön hazırlıqlardır, deyə bilərik. Trampın hakimiyyətə gəlişi, qalmaqallı bəyanatları və icrasına başladığı Amerika üçün qeyri-ənənəvi siyasi, iqtisadi, mədəni izolyasiya siyasəti döyüş öncəsi istehkam bərkitmə hərəkətlərinə bənzəyir. Kəskin ritorika, ultrasağçı seqmentin fəallaşdırılması, ksenofobiyanın körüklənməsi ABŞ cəbhəsində təmizləmə işlərinin sürətlə getdiyini göstərir. Bəs müttəfiq kimdir: Rusiya?! Ola bilər. ABŞ böyük ada dövlətidir, onu Avrasiyadan ayıran Atlantik okeanı təbii istehkamdır. Rusiya isə Avrasiyanın əsas dövlətidir. Hartland (əsas torpaq, mərkəz torpaq) sahəsinin Rimland (kənar torpaqlar, sahil sahəsi) ilə qarşıdurması nəticəsində Avropanın, Yaxın Şərqin, Uzaq Şərqin, Afrikanın taleyi sual altındadır. Digər cəbhədə isə ideoloji ayrılıqlar, mədəni antoqinizm, tarix şüuru, üst-üstə düşməyən reallıqlar var. Bundan faydalanan ABŞ-Rusiya ittifaqı dini ayrıseçkiliyin qızışdırılması, ideoloji çəkişmələr, etnik münaqişələrin körüklənməsi ilə məqsədə daha tez çatmağa nail olmaq istəyir. Görünən odur ki, bu il çox qaynar hadisələr dunyanı cənginə alacaq.
P.S. Bizim sosial şəbəkələrdə isə hələ də İmamoğlunun psevdo qəhramanlığına, Zelenskinin siyasi "uğurlarına" mədhiyyə yazan bir sıra kiçik ranqlı siyasi analitik anlamaq istəmir ki, belə çətin və mürəkkəb siyasi dövrdə dövlətlərin başında ələ və sözə yatımlı adamların olması fəlakət deməkdir. Osmanlı "İttihad və tərəqqi"nin avantüralarına qurban getdi. Qurulan Cümhuriyyət Batumu, Mosulu, Kərkükü, Hələbi itirməklə, Güney Qafqaz siyasətində kompromisə getməklə böyük dövlət olmaq şansını əldən verdi. Bu gün Türkiyə üçün məhz Rəcəb Tayyib Ərdoğanın apardığı siyasət nəticəsində yeni yeni imkanlar yaranıb. Güney Qafqazda mövqelərinin möhkəmlənməsi, Liviyada və Afrikanın bir çox ölkəsində söz sahibi olması, Suriyada yeni rejimin qurulmasının əsas iştirakçısı olması, Şimali İraqda İranın mövqelərini daraltması məhz bu siyasətin uğurudur. İmamoğlu gedişi Qərbin Türkiyədə bütün işbirlikçi camiəni toparlamaq cəhdidir. Həmişəki kimi estetik cərrahı müdaxilə ilə demokratiya, insan haqları boyaları ilə şəkilləndirilən etiraz dalğası Türkiyəni Avropa masasında fakt qarşısında qoymaq, dağılmaqda olan Avropa İttifaqının xilası üçün türk əsgərinin və hərbi sənaye potensialının NATO çərçivəsində istifadəsinə haqq qazanmaqdır. Hakan Fidanın Fransaya kiçik dövlət deyib muxatabımız ABŞ-dır deməklə, Londonda keçirilən Avropa Sammitinə Ərdoğanın Hakan Fidanı göndərməsi ilə əslində batan gəmidə olmayacağını demiş oldu.
Yeni dünya düzəni köhnə düzənin dağılması ilə başlayan prosesdir, bir çox beynəlxalq təşkilatların artıq tarixin arxivinə yollanacağı qaçılmazdır.
Zaman Piriyev