Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

İmamoğlunun həbsi ilə başlayan etiraz dalğası:Türkiyədə nə baş verir?

Natiq Cəfərli: “Türkiyədə küçədən hakimiyyətə gəlmək mümkün deyil”

Yenixeber.org: İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesi martın 23-də keçirilib. Məhkəmə aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib. Martın 22-i axşam saatlarında başladılan proses gecə boyunca dava edib və İmamoğlu da daxil olmaqla bütün şübhəlilərin yenidən ifadələri alınıb. İttihamlar arasında PKK/KCK terror təşkilatına maddi dəstək vermək, saxta yollarla dövlət vəsaitinin mənimsənilməsi, şəhərdə keçirilən tenderlərə müdaxilə, xüsusi cihazlarla İstanbulun bütün əhalisinin təqibə alınması, rüşvət kimi maddələr də var.

Şübhəlilər İBB-yə qarşı başladılan “korrupsiya” və “terror” cinayətləri olmaqla iki ayrı istintaq əsasında hakim qarşısına çıxarılıblar. Bələdiyyə sədrinin həbsinə dair qərar “korrupsiya” cinayətləri əsasında verilib.

Həbsinə qərar verilən İBB başçısı İmamoğlu, şəhərin Beylikdüzü ilə Şişli bələdiyyələrinin sədrləri Mehmet Murat Çalık və Resul Emrah Şahan müvəqqəti tədbir olaraq vəzifələrindən kənarlaşdırılıb. Türkiyənin Daxili İşlər Nazirliyi bununla bağlı yazılı açıqlama yayıb. Açıqlamada Şişli icra nümayəndəsi Cevdet Ertürkmenin İstanbul Valiliyi tərəfindən bu rayonun bələdiyyə sədrinin vəkili olaraq təyin edildiyi bildirilib.

Bir neçə gün əvvəl başlayan proseslə bağlı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl tərəfdarlarını ölkənin müxtəlif bölgələrində toplanaraq etiraz aksiyaları keçirməyə çağırıb. Buna əsasən, İstanbul və Ankara başda olmaqla bir qrup CHP-li ölkənin fərqli bölgələrində qanunsuz mitinqlər keçirməyə çalışıblar.

Qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşının yaralandığını deyən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, bu aksiyalar zamanı təxribatçıların polisə qarşı istifadə etdikləri kimyəvi və partlayıcı maddələr, daş, dəyənək, fişəng, balta və bıçaq ələ keçirilib. Bu şəxslər barəsində hüquqi prosedurlar davam etdirilir.

Aksiyalar zamanı təxribatçılar İstanbulun Fatih bölgəsində yerləşən Şahzadə Paşa Məscidinə hücum edib, tikilinin bir çox yerləri, o cümlədən bəzi tarixi məzar daşlarını dağıdıblar.

İstanbul valisi Davut Gül martın 19-dan 23-dək keçirilən qanunsuz aksiyalar zamanı 1133 şübhəli şəxsin saxlanıldığını, onlardan 12-nin fərqli terror təşkilatı ilə əlaqəli olduğunun müəyyən edildiyini bildirib. Bundan əlavə, saxlanılan şəxslərin “narkotik”, “oğurluq”, “dələduzluq”, “cinsi istismar”, “qəsdən yaralama” kimi 17 fərqli cinayətlə bağlı hüquqi prosedurlara cəlb olunduqları müəyyən edilib.

Türkiyədə baş verən hadisələrlə bağlı suallarımızı cavablandıran REAL Partiyasının rəhbəri Natiq Cəfərli deyib ki, əslində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və hakim Ədalət və İnkişaf Partiyasını (AKP) siyasi təcrübəsiz adlandırmaq olmaz:

- Ərdoğan bilmirdi ki, İmamoğluna qarşı belə bir addım atılsa, bu, onun reytinqinə ciddi mənfi təsirlər olacaq? Bunu proqnozlaşdırmaq üçün dahi olmağa ehtiyac yoxdur. İstənilən halda, 6 milyona yaxın insanın səsi ilə İBB sədri seçilən, əsasən də gənclər arasında çox populyar olan bir siyasətçini həbs etmək ajiotaja səbəb olacaqdı. İttiham doğrudur, yaxud yanlışdır, bu bir tərəfə, amma belə bir siyasətçinin həbsi ciddi etirazlara səbəb olacağı bəlli idi. Amma Ərdoğan hökuməti bu addımı atdı. Demək ki, burada məntiq var və həmin məntiqi tapmaq lazımdır. İmamoğlu doğrudan da çox populyardır, bu gün seçki keçirilsə bəlkə də İmamoğlu Ərdoğana qalib gələ bilər. Amma seçkilər hələ yoxdur. Növbədənkənar seçki qərarı verilərsə, ən azı bu, 2027-ci ildə baş tuta bilər. Bəs iki il əvvəldən belə bir əməliyyat niyə keçirilsin?! Bu suala cavab tapmaq lazımdır.

- Sizcə, AKP hökuməti niyə belə bir addım atdı?

- Hesab edirəm ki, bu əməliyyatın əsas hədəflərindən biri qarşıdakı iki il ərzində bu gün çox populyar olan bir insanın populyarlığının ilkin mərhələdə yüksəlməsinə razı olmaq – hansı ki, İmamoğlunun reytinqi yüksəlir – həmçinin etiraz nöqtələrini indidən müəyyənləşdirməkdir. Hökumət bununla etirazlarda kimlərin olduğunu dəqiqləşdirməyə çalışır. Eyni zamanda, ən önəmli məsələ bu iki il ərzində İmamoğlunu mümkün qədər cəmiyyət içərisində etibarsızlaşdırmaqdır. İBB sədrini gözdən, nüfuzdan salmaq üçün korrupsiya faktları ortaya qoymaq planları görünür. Bu, mümkündürmü? Hesab edirəm ki, bəli, mümkündür.

- Bəs mitinqlərlə dəyişikliklər mümkündürmü?

- Birincisi, nəzərə almaq lazımdır ki, Türkiyədə hələ də AKP-yə dəstək kifayət qədərdir. İkincisi, unutmaq olmaz ki, seçki təsisatları işləyən ölkələrdə küçədən hakimiyyətə gəlmək mümkün deyil. Bu, birmənalıdır. Demokratik seçki praktikası olan, seçkilərlə hakimiyyətə gəlmək mümkün olan bir ölkədə inqilabla dəyişiklik etmək mümkün ola bilməz. Ona görə də, Türkiyədə keçirilən etiraz aksiyaları ilə CHP-nin hakimiyyətə gəlməsi proqnozlaşdırılmır.

Eyni zamanda, biz Ərdoğanın mitinq ustası olduğunu bilirik. Sabah küçədə güc göstərmək lazım gələcəksə, Ərdoğan mitinq çağıracaq və milyonları meydana yığacaq. Yenə deyirəm, bu gün Ərdoğanın 40 faizdən çox dəstəkçisi var. Deməli problemin həlli yolu seçkilərdir. Türkiyə müxalifəti seçkiləri bu ilin sonuna təyin etdirə bilsə, o zaman ciddi mübarizənin şahidi olacağıq.

- Türkiyədəki proseslərin Azərbaycana mümkün təsirləri nələrdir?

- Əslində Türkiyədə baş verən hadisələrin Azərbaycanda müzakirələrə yol açması təbiidir. Türkiyə bizim qardaş ölkədir, müttəfiqimizdir. Ortada çox ciddi bir sənəd – Şuşa Bəyannaməsi var. Həmçinin Türkiyə-Azərbaycan müttəfiqliyi dünyada nadir müttəfiqlikdir – orqanikdir. İki ölkənin sadəcə bir neçə məsələdə maraqları üst-üstə düşmür, ümumiyyətlə, istiqamələr üst-üstə düşmür. Azərbaycanda da, Türkiyədə də bundan sonra hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu müttəfiqlik davam edəcək, inkişafda olacaq. Çünki hər iki ölkə buna məhkumdur. Türkiyə yeni dünya düzənində güc mərkəzlərindən biri olacaqsa, Azərbaycanın da həmin güc mərkəzinin tərkib hissəsi olması çox vacibdir. Əlbəttə, biz çox istəyirik ki, müttəfiqimiz olan Türkiyədə sabitlik olsun. Qarışıqlıq, xaos bizə lazım deyil.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam