Azərbaycanda bank sektorundakı problemlər getdikcə dərinləşir. Son vaxtlar bank müştərilərinin haqlarının pozulması, qeyri-şəffaf prosedurlar və fəaliyyətlər daha da artıb. Bu sahədə adı neqativ hallarla hallanan müəssisələrdən biri də “YeloBank”dır. Bankın müştərilərə qarşı kobud rəftarı, çözülməyən maliyyə problemləri və qeyri-qanuni prosedurları ictimaiyyətin diqqətindədir.

Yenixeber.org: Yeri gəlmişkən, “YeloBank”la bağlı son qalmaqallı hadisələrdən biri isə bank çalışanının müştəriyə fiziki təzyiq göstərməsidir. Belə ki, tanınmış vəkil Aqil Layıc özünün “Facebook” səhifəsində bankın filial müdiri Vüqar Xəlilovun xidmətin gecikməsinə etiraz edən müştərini təhqir etdiyini, daha sonra da ona fiziki zorakılıq göstərərək çənəsini sındırdığını bildirib. Vəkil Mərkəzi Bankı və “YeloBank”ı bu cür davranışla məşhur olan bir şəxsi filial müdiri kimi saxladıqlarına görə də tənqid edib.

Sözsüz ki, bankın qeyri-peşəkar yanaşması bununla bitmir. Çünki müştərilər borclarını tamamilə ödədiklərini düşünsələr də, “YeloBank” onlardan yenidən faiz tələb etməkdə davam edir. Qeyri-şəffaf maliyyə siyasəti və şübhəli sənədlərlə bağlı iddialar isə bankın müştərilərə qarşı birmənalı olmayan yanaşmasını bir daha ortaya qoyur.

Xatırladaq ki, bir zamanlar “Nikoil Bank” kimi tanınan sözügedən qurum öz korlanmış reputasiyasını düzəltmək üçün bir neçə dəfə ad dəyişikliyi edib. Lakin, görünən odur ki, rebrendinq siyasəti üzdə baş tutsa da, idarəetmədəki neqativ hallar və müştərilərə qarşı rəftar dəyişməyib.

Qeyd edək ki, bankın keçmiş sahiblərindən olan rusiyalı oliqarx Vahid Ələkbərov 2022-ci ildə sanksiyalara məruz qaldıqdan sonra bankın səhmləri Marina Kulişova adlı bank işçisinin üzərinə keçib. 2005-2017-ci illərdə bankın idarə heyətinin sədri olmuş Vasili Xamaza isə 20 milyon manatdan çox maliyyə vəsaitini mənimsəməkdə ittiham olunaraq beynəlxalq axtarışa verilərək, 2018-ci ildə Moskvada həbs edilmişdi.(yenicag.az)