Petr Oleşçuk: “Məsələ Trampın inauqurasiyasından sonra, yəni 2025-ci il yanvarın 20-dən sonra az-çox aydınlaşacaq”
Yenixeber.org: “Fransa Parlamentinin beş müxtəlif siyasi qrupdan olan üzvləri Ukraynaya hərbi təlimatçıların göndərilməsini tələb edir və Almaniya digər təhlükəsizlik təminatlarına əlavə olaraq atəşkəsə nəzarət etmək üçün Ukraynaya alman əsgərlərinin göndərilməsini istisna etmir. Bu, ilk növbədə, ABŞ-ın yeni Prezidenti Donald Trampın seçilməsi ilə ortaya çıxan müxtəlif sülh təşəbbüslərinin indi aktiv şəkildə müzakirə olunması ilə bağlıdır”.
Bu sözləri ukraynalı politoloq Petr Oleşçuk yazdığı analitik yazıda vurğulayıb.
Analitik xatırladıb ki, ukraynalılar Trampın “sülh planı” haqqında heç nə bilmir: “Çünki bunu heç kim ictimaiyyətə açıqlamayıb. Bununla belə, ABŞ-ın yeni Prezidentinin komandasının nümayəndələrinin, xüsusən də Vens və ya Kelloqun seçkiqabağı bəyanatları və məqalələri var. Tramp sonuncunu Rusiya-Ukrayna müharibəsinin nizamlanması üzrə nümayəndə təyin etmək niyyətindədir. Eyni zamanda, atəşkəs ideyası hər yerdə görünür. Demarkasiya xətti boyunca demilitarizasiya zonasının yaradılması və ora Amerika qoşunları göndərilməsə də, avropalıların iştirakı gözlənilir. Görünən odur ki, avropalılar belə bir ehtimalı güman edərək, öz bəyanatları ilə buna reaksiya verirlər. Amma əsas məqam ondan ibarətdir ki, onlar bu ehtimaldan yalnız atəşkəslə bağlı hipotetik razılaşmaların həyata keçirilməsi və müəyyən silahsızlaşdırılmış zonanın yaradılması kontekstində yanaşırlar. Biz avropalılardan hər hansı əməli addımların olub-olmayacağı sualını qaldıranda məhz bundan başlamalıyıq”.
“Təbii ki, avropalı hərbçilərin gəlişi mümkündür. Amma onlar üçün ilkin şərtlər müvafiq müqavilələrin bağlanması və hər iki tərəfin, yəni həm Ukraynanın, həm də Rusiyanın bu müqavilələrə razı olmasıdır. İndi sual olunur: ruslar, məsələn, cəbhə xətti boyunca müvafiq demarkasiya və NATO ölkələrinin nəzarətində olan demilitarizasiya zonasının yaradılması ilə atəşkəslə razılaşacaqlar? Bu, fantastik bir şey kimi görünür. Ona görə də hələlik heç bir zəruri ilkin şərtlər yoxdur”, - deyə Oleşçuk qeyd edib.
Politoloq qeyd edib ki, avropalıların bu cür perspektivləri ciddi şəkildə nəzərdən keçirdikləri və müəyyən planları ola biləcəyi də göz qabağındadır: “Yeri gəlmişkən, bu kontekstdə Böyük Britaniyanı da unutmaq olmaz. O, Avropa Birliyinin üzvü deyil, lakin potensial planları həyata keçirmək üçün Fransa və Almaniyaya qoşulması mümkündür. Ola bilsin ki, bəzi digər Avropa İttifaqı dövlətləri də qoşulsun. Məsələn, Polşanın adı dəfələrlə bu mənada çəkilib. Ancaq onu da başa düşmək lazımdır ki, potensial seçim o qədər də böyük deyil. Çünki Avropa İttifaqının bütün dövlətlərində az və ya çox nəzərə çarpan hərbi kontingent yoxdur ki, onların da bir hissəsi bu planın həyata keçirilməsi üçün ayrıla bilsin”.
“Hər halda, Avropa İttifaqına üzv olan bütün dövlətlərin mövqeyi kifayət qədər aydın və başa düşüləndir. Bundan əlavə, indi bütün bunlar Trampın planından asılıdır: onun mahiyyəti nədir, danışıqlar olacaqmı, hansısa nəticəyə gətirib çıxaracaqmı, Rusiya və Ukrayna bütün bu şərtlərlə razılaşacaqmı? Burada çoxlu "əgər"lər var. Məsələ Trampın inauqurasiyasından sonra, yəni 2025-ci il yanvarın 20-dən sonra az-çox aydınlaşacaq”, - deyə analitik məqaləsini tamamlayıb.(AYNA)
Turan Abdulla