Qafqazın Avromaydanı:Tiflisdə Bakı və İrəvanın da taleyi həll olunur...
Gürcü xalqının arzusu Gürcü Arzusu Partiyasının istəklərini ifadə etmir. Xalq Avropa ailəsinə qoşulmağı tələb edir, hakim partiya 2028-ci ilədək avrointeqrasiyanı dayandırmaq qərarına gəlib.
Yenixeber.org: Əgər baş nazir İrakli Kobaxidze bu qərarı elan etməsəydi, gürcülər küçələrə çıxmazdılar. Hətta son parlament seçkilərində oliqarx Bdzina İvanişvilinin partiyasının qələbə çalması da irimiqyaslı mitinqlərə səbəb olmamışdı. Tədricən etiraz aksiyaları səngiyirdi. Amma Kobaxidze Avroatlantik məkana inteqrasiyanı dayandırmaq qərarını açıqlamaqla közərən ocağın üzərinə yanacaq töküb yenidən alovlandırdı. Bu dəfə söhbət xalqın illərlə mübarizə aparıb əldə etdiyi böyük nəticəni itirmək təhlükəsindən gedir. Ona görə bəzi gürcü səfirlər istefa verib prosesə qoşuldu. Həmçinin, meydanda tanınmış gürcü sənətçilərini, "Trio Mandili" qrupunu belə görmək olar. Hər şey Ukraynanın Avromaydanına necə də bənzərdir...
Gürcülər də Qafqazın Avromaydanını təşkil etməyə çalışırlar. Yenə də lider yox, vətəndaş cəmiyyəti lokomotivdir. Eyni zamanda, Ukraynadan fərqli olaraq, Gürcüstan Maydanında prezident də iştirak edir. Və bu aksiyalarda tələb təkrar parlament seçkiləri keçirilməsi və avrointeqrasiya kursunu stoplamaq qərarını geri oxutmaqdır. Çünki hakim partiya bu siyasəti davam etdirdikcə, daha ağır sanksiyalar tətbiq oluna bilər. Xüsusən də Avropa Birliyi tərəfindən vizasız gediş-gəliş icazəsi ləğv olunarsa, bu, gürcü xalqına dəyən ən böyük zərbə olacaq. Hərçənd, elə indiki hökumətin dönəmində Gürcüstan Aİ-yə üzvlük üçün namizəd statusu qazanıb. Kobaxidze də bugünlərdə deyib ki, hədəf 2030-cu ilədək Aİ ailəsinə qoşulmaqdır. O zaman sual yaranır ki, bu nə pəhriz, bu nə turşu?! Şübhəsiz ki, İvanişvili hakimiyyəti Rusiya ilə sıx bağlantılara malikdir. Sadəcə, gürcü hökumətinə hansı vəd verilib ki, onlar ölkəni Qərbə inteqrasiyadan geriyə döndərirlər? Rusiya bunun müqabilində Gürcüstana nə təklif edir? Əgər Abxaziya və Sxinvalini qaytarmaq ssenarisi ortalıqda varsa, Qara dənizdə əhəmiyyətli mövqelərini itirmiş Rusiya buna razı olarmı? Axı gürcülər də itirilmiş torpaqlarından daha çox hazırda qazandıqları Avropanı istəyirlər: vizasız səfər, Almaniya, Polşa və digər ölkələrdə işləmək, rifah səviyyəsinin artması, demokratik inkişaf və s. Axı gürcü xalqı bundan nəyin qarşılığında imtina etməlidir? O baxımdan, etirazlar davam edəcək və dekabrın 14-də keçiriləcək prezident seçkiləri də hadisələrin kritik dövrünə təsadüf edəcək. Zurabişvili prezident postunu təhvil verməyəcəyini anons edib və belə olan halda, Gürcü Arzusu Partiyası zorakı üsullardan yayınmalıdır, yoxsa bumeranq effekti yarada bilər. Beləliklə, Qafqaz uğrunda Qərb və Rusiyanın apardığı strateji qarşıdurma həlledici mərhələyə yaxınlaşıb: Gürcüstan Maydanındakı nəticələr regionun siyasi trayektoriyasını müəyyən edəcək - əgər müxalifət hədəflərinə çatmasa, hakimiyyət sürətlə Rusiyaya yaxınlaşma xəttini inkişaf etdirəcək. Bu da Cənubi Qafqazın digər iki ölkəsinə təsir edəcək: Azərbaycan onsuz da Rusiya ilə sıx münasibətlərə malikdir, Ermənistanda isə Paşinyan baş verənlərdən nəticə çıxarıb ona adekvat olaraq Moskva ilə əlaqələrini müəyyənləşdirəcək. Ona görə də gürcülərin Maydanı məğlub olsa, regionda yenidən Rusiyanın təsirləri artacaq. Odur ki, Tiflis olayları qırılma nöqtəsidir...(anaxeber.info)