Sülhəddin Əkbər: “Azərbaycanın tələbləri qüvvədə qalmaq şərti ilə ilkin anlaşma sənədi imzalana bilər”
Yenixeber.org: Rəsmi İrəvandan yenidən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün real şansın olduğu barədə bəyanatloar səsləndirilir. Sentyabrın 9-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər, əməkdaşlıq və xarici ticarət naziri Ksavye Bettel ilə birgə keçirdiyi brifinqdə deyib ki, “Ermənistan və Azərbaycanın tezliklə sülh sazişi imzalamaq üçün real şansları var”. Mirzoyanın sözlərinə görə, sülh müqaviləsi layihəsinin 16 maddəsindən 13-ü tam razılaşdırılıb: “16 maddə var, onlardan 13-ü tam razılaşdırılıb, 3-ü qismən razılaşdırılıb. Baş nazir Nikol Paşinyan 17 maddədən danışıb, görünür, o, preambulanı da nəzərdə tuturdu”.
"Biz inanırıq ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitliyə qapı açmaq üçün real imkan var", - Mirzoyan qeyd edib.
“Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır”. Bu sözləri isə dünən Ermənistanın Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” forumunun açılışında deyib. Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin 80 faizi razılaşdırılıb.
“Biz təklif edirik ki, razılaşdırılanları imzalayaq, fundamental sənədimiz olsun. Sonra qalan məsələlər üzrə müzakirələr davam etdirilsin”, - Baş nazir vurğulayıb. Paşinyan sülh müqaviləsinin razılaşdırılmış mətnini tezliklə imzalamağa hazır olduğunu təsdiqləyib.
Ermənistan tərəfindən verilən bəyanatlarla bağlı suallarımızı cavablandıran siyasi ekspert Sülhəddin Əkbər deyib ki, sülh sazişinin imzalanması, regionda sülh və sabitliyin əldə olunmasında mürəkkəb vəziyyət mövcuddur:
- Təməl səbəb də odur ki, Azərbaycana qarşı aparılan vəkalət müharibəsi, beynəlxalq birlik tərəfindən münaqişə kimi qəbul olunan Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq münaqişədir. Burada təkcə söhbət Ermənistan və Azərbaycanın maraqlarından getmir. İkincisi, bu beynəlxalq münaqişənin həlli dünyada gedən geopolitik savaşın, qarşıdurmanın həlledici mərhələsi ilə üst-üstə düşdü. Ona görə də mürəkkəb vəziyyət yaranıb. İndi bütün tərəflər – həm münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan, həm də regionda marağı olan beynəlxalq güclər istəyirlər ki, öz maraqları təmin olunsun. Bu gün tərəflərin yanaşmalarında fərqlər ortaya çıxır. Xüsusilə, məlumdur ki, sülh sazişi mətninin üzərində aparılan iş xeyli irəliləyib. Beynəlxalq güclərdə, yəni regionda marağı olan qüvvələrdə belə bir narahatlıq var ki, birdən saziş imzalanar, onların da maraqları təmin olunmamış qalar. Təbii ki, sülhdə maraqlı olan tərəflər istəyirlər ki, proses sürətlə getsin. Maraqlı olmayanlar isə əksinə, çalışırlar ki, proses tormozlansın. Ona görə də, yenə deyirəm, mürəkkəb durum yaranıb.
- Sülhdə maraqlı olan tərəflər hansılardır, əksinə, prosesin tormozlanmasını istəyən qüvvələr hansılardır?
- Ən azı üzdə görünür ki, Ermənistan tərəfi sülh sazişinin mümkün qədər tezliklə imzalanmasını, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir. Ermənistanın arxasında dayanan Qərb, yəni ki, ABŞ və Avropa Birliyi bunu dəstəkləyir. Əsas maraq isə geosiyasi planda Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, İranın regiona girişinin qarşısının alınmasıdır. Həmçinin Türkiyə sülh sazişinin imzalanmasında, Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ona görə Ankara da prosesin sürətlə getməsini istəyir.
Təbii ki, Azərbaycan da sülh sazişinin imzalanmasında maraqlıdır. Amma Azərbaycanın tələbləri var ki, onlar reallaşmamış qalır. Bu tələblər də məlumdur və qarşı tərəfə təqdim edilib. Düzdür, bu tələblər arasında arxa plana keçirilənləri də var. Amma bir əsas tələb var ki, bu da Ermənistan Konstitusiyasında və digər hüquqi normativ aktlarında Azərbaycana qarşı ərazi iddialarının ləğvidir. Çünki Ermənistan qanunlarında Azərbaycana qarşı ərazi iddiaları var və bunlar gələcəkdə iddiaları qaldırmağa səbəb olacaq məsələlərdir. Ona görə də Azərbaycan Ermənistan Konstitusiyasında bu maddələrin ləğv edilməsinin, buna uyğun da qanunvericiliklərində dəyişikliklərin edilməsi tələbində israrlıdır. Bu da prosedur baxımından zaman tələb edən məsələdir. Ermənistan rəsmi açıqlayıb ki, 2027-ci ilədək konstitusiya islahatlarını aparmaq niyyətində deyil.
- Ermənistan Konstitusiyasında dəyişiklik olmadan sülh sazişi olmadan, ilkin çərçivə sazişinin imzalanması barədə fikirlər səsləndirilir. Prosesin sürətli getməsi naminə çərçivə sazişini imzalamaq mümkündürmü?
- Tərəflər prosesi sürətləndirərsə, Türkiyə və Avropa İttifaqı burada zəmanət verərsə, o zaman ilkin çərçivə sazişi imzalana bilər. Söhbət yekun sülh müqaviləsindən getmir. Azərbaycanın tələbləri qüvvədə qalmaq şərti ilə ilkin anlaşma sənədi imzalana bilər. Ondan sonra yerdə qalan problemli məsələlərlə bağlı intensiv danışıqlar aparıla bilər. Yenə də ikitərəfli qaydada və ABŞ, Avropa Birliyi və Türkiyənin dəstəyi olmaq şərti ilə. Nəzərə almaq lazımdır ki, Qərbin vasitəçiliyi ilə atılan istənilən pozitiv addıma Rusiya və İran qarşı çıxacaq. Məsələ burasındadır ki, bölgədəki sülh və sabitlik Moskva və Tehranın geopolitik maraqlarına ziddir. Çünki sülh əldə olunandan sonra regiondaxili inteqrasiya başlayacaq. Ermənistanın Avropa və NATO-ya, Azərbaycanın isə türk dünyasına inteqrasiyası sıxlaşacaq. Bunu isə nə Rusiya, nə də İran istəyir. Bu dövlətlər istəyər ki, Türkiyə, Avropa Birliyi və NATO regionda güclənsin, türk dövlətləri Qərblə yaxınşalsın? Əlbəttə, istəmirlər. Ona görə də çalışacaqlar ki, sülh əldə olunmasın, əldə olunacaqsa da, müəyyən problemlər həllini tapmasın. Bununla Rusiya və İranın məsələyə sonradan müdaxilə imkanı qalır. Moskva və Tehranın da istəyi budur. İlkin çərçivə sazişi ona görə imzalanmalıdır ki, qarşı duran böyük güclərin bir tərəfi regionda sülh və sabitlikdə maraqlı olacaq. Əks halda, region böyük güclərin toqquşma meydanı olacaq. Bölgənin qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq üçün Türkiyə, Avropa Birliyi ilə həmrəylik nümayiş etdirməli, Rusiya və İran destruktiv müdaxiləsinə qarşı cəbhə almaq olar.
- ABŞ-ın, Avropa Birliyi Azərbaycana dəstək verəcəkmi ki, regionda proseslər Rusiya və İranın diktəsi ilə inkişaf etməsin?
- Qərb Azərbaycanın maraqlarına yox, öz maraqlarına dəstək verəcək. Hər bir dövlət öz milli maraqlarını qoruyur və bundan çıxış edir. Niyə Amerika gəlib Azərbaycanın milli maraqlarını qorumalıdır? Yaxud biz niyə Qərbin maraqlarını qorumalıyıq? Söhbət ondan gedir ki, Qərbin maraqlarının bizim maraqlarımızla üst-üstə düşməsindən gedir. Qərbin marağı odur ki, Rusiya regiondan çıxsın, İran regiona girməsin. Bunun üçün də Ermənistanla Azərbaycan arasında sülh olmalıdır, inteqrasiya sürətlənməlidir. Sülh olmayınca Rusiya bölgədən əl çəkməyəcək. Bu, bizim də maraqlarımıza uyğundur. Axı biz regionda sülh və sabitliyin, inteqrasiyanın olmasında maraqlıyıq. Söhbət ondan getmir ki, Qərb sülhə Azərbaycanın milli maraqlarının təmin olunması üçün dəstək verəcək. Yox, öz maraqları bunu təmin edirsə, dəstək də bunun üçün olacaq.(AYNA)