Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan-Ermənistan normallaşması: İrəvan sülh istədiyini əməldə təsdiqləməlidir - TƏHLİL

Sülh müqaviləsinin bir addımlığında - Ermənistan nə istəyir?!

2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilən görüşün yekunu üzrə tarixi bəyanat qəbul edildi.

Yenixeber.org: Bəyanata əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsi və 1991-ci ildə qəbul edilmiş Alma-Ata Bəyannaməsində hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığına dair öhdəliklərini təsdiqləyirdi. Bununla, Ermənistan 30 ildən artıq müddətdə Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyduğunu və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edirdi. Tərəflərin təsdiqlədiyi bu bəyanat iki ölkə arasında delimitasiya və demarkasiya işlərinə başlamağa da “yaşıl işıq” yandırırdı.

İlk baxışda, Praqa bəyanatının qəbul olunması Azərbaycan-Ermənistan münasibətlərindəki fundamental problemin - Qarabağ məsələsinin həll edilməsi, beləliklə, tərəflərin sülh müqaviləsi imzalamasına maneə qalmadığı təəssüratı yaradırdı.

Lakin Ermənistanın bundan öncəki davranışları, əldə olunmuş razılaşmaları və beynəlxalq hüququnun normalarını pozması halları, revanşizm meyllərinin zaman-zaman üzə çıxması və ən əsası, ölkə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması sülh müqaviləsinin imzalanmasında bu gün də ciddi maneə olaraq qalır. Belə ki, 1996-cı ildə qəbul edilmiş Ermənistan Konstitusiyasında ölkənin Müstəqillik Aktına istinad olunur. 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin qəbul etdiyi həmin sənədin mahiyyəti isə “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” Ermənistan Ali Soveti və “Dağlıq Qarabağın Milli Şurası”nın 1989-cu il 1 dekabr tarixli birgə qərarını rəhbər tutur. Beləliklə, Ermənistan Ali Sovetinin qanunsuz və istər SSRİ sənədlərini, istərsə də beynəlxalq hüquq normalarını pozan qərarı istinadlar zənciri vasitəsilə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını legitimləşdirib.

Sülhə mane olan ən vacib məqam məhz budur - Ermənistan Konstitusiyası. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanla sülh müqaviləsini imzalamaqda səmimidirsə, gələcəkdə yeni problemlərə zəmin yaradacaq Müstəqillik Aktına istinadı ölkə Konstitusiyasından çıxarmalıdır.

Məsələ bununla da yekunlaşmır. Ermənistan 44 günlük müharibədən sonra belə sülhə maneə olacaq addımlardan çəkinməyib. 2021-ci ildə qəbul edilmiş 2021-2026-cı illər üçün fəaliyyət planında “Dağlıq Qarabağın statusu”, məsələnin Minsk Qrupunda həll etmək, “remedial secession” prinsipi ilə məsələnin həlli və digər sülh gündəliyinə cavab verməyən ifadələr yer alır.

Belə olan halda, İrəvanın sülh niyyəti nə dərəcədə səmimi görünür? Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etdiyini bəyan etmiş Paşinyan hökumətinin bunu hüquqi sənədlərdə əks etdirməməsi nə anlama gəlir?

Ötən gün TÜRK PA-nın nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev də diqqəti sülh müqaviləsinə maneə yaradacaq həmin hüquqi-normativ sənədlərə, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına yönəldib.

“Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiamız olmayıb və yoxdur. Onların bizə qarşı ərazi iddiaları var idi. Məhz onların Konstitusiyasına sonradan daxil olan Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Təbii ki, Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil. Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik”, Prezident bildirib.

Göründüyü kimi, rəsmi Bakının tələbləri beynəlxalq hüquqa əsaslanır, konkret və ədalətlidir. Ermənistan öz hüquqi-normativ aktlarını, qanunvericiliyini qaydaya salmalı, Müstəqillik Aktına və ya Konstitusiyaya dəyişiklik etməli, Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da öz ərazi iddialarından əl çəkməlidir. Xüsusən, Ermənistanın dövlət atributlarını, məsələn Türkiyə ərazisində yerləşən Ağrı dağının əks olunduğu dövlət gerbini dəyişməsi labüddür. Rəsmi İrəvan unutmamalıdır ki, nə Azərbaycanın, nə də Türkiyənin qanunvericiliyində Ermənistana ərazi iddiaları var. Paşinyan hakimiyyəti Konstitusiyaya dəyişikliyi daxili işlərinə müdaxilə pərdəsi altında sabotaj yolu tutmamalı, bu məsələdə Azərbaycanın və Türkiyənin haqlı mövqeyini anlamalı və qəbul etməlidir.

Sülh müqaviləsinin imzalanması üçün daha bir önəmli faktor Ermənistanın Azərbaycana qarşı Qarabağ müharibəsi və sonrakı dönəmlərdə törətdiyi hərbi cinayətlərə görə məsuliyyəti boynuna alması və mənəvi katarsisdən keçməsi ilə bağlıdır. Türkofobiya və azərbaycanafobiyanın hakim olduğu, beyinlərin milli zəmində nifrətlə zəhərləndiyi erməni cəmiyyəti həqiqi sülhü əldə etmək üçün müəyyən ümummilli reabilitasiya keçməlidir. İdeoloji nifrət və təbliğat metodları ilə erməni cəmiyyətinin zəhərləndiyini ötən günkü görüşdə ölkə başçısı İlham Əliyev də qeyd edib.

“Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar”, Prezident qeyd edib.

Yəni, dövlətlər arasında sülh olması üçün iki ölkənin cəmiyyətləri də barışmalı, sağlam olmalıdır. Bunun üçün isə Ermənistan dövlət olaraq türk düşmənçiliyinə əsaslanan dövlət ideologiyasını dəyişməli, regional sülh və mehriban qonşuluğa nail olmaq üçün türklərə və azərbaycanlılara nifrət aşılayan məktəb dərsliklərini, KİV proqramlarını və siyasi çıxışları aradan qaldırmalıdır.

Ermənistanda türkofobiya və azərbaycanafobiyanın dərin kökləri var, onunla dövlət səviyyəsində mübarizə aparılmadığı üçün nəqliyyat-kommunikasiyaların tam açılması əlavə təhlükələr yarada bilər. Barışıq və açılım real siyasətin dəyişdirilməsində də hiss olunmalıdır. Təkcə sülh bəyanatları verməklə dayanıqlı sülhü yaxınlaşdırmaq mümkün deyil.

Doğrudan da, Qarabağda yüzlərlə günahsız azərbaycanlının qanına bais olmuş, döyüşlərdə məhv edilmiş, azərbaycanlılara, türkə nifrətin simvolu sayılan Monte Melkonyan kimi beynəlxalq miqyaslı terrorçunun Ermənistanda təbliğ olunması, onun adının hərbi məktəbə, küçə və prospektlərə verilməsi, yaxud Qarabağda dinc sakinlərə divan tutan cinayətkar Manvel Yegiazaryanın İrəvanda maneəsiz yaşaması Ermənistanın, Nikol Paşinyan hökumətinin Azərbaycan üçün həssas olan bu mövzuda iradəsizlik göstərməsinin və ikiüzlülüyünün sübutudur. İrəvan həqiqətən sülh istəyisə, həbsdən azad olunaraq Ermənistana sığınan, türk diplomatlarını öldürən ASALA terrorçuları ilə birlikdə, Qarabağda mülki şəxsləri sırf azərbaycanlı olduqları üçün qətlə yetirən hərbi cinayətkarları cinayət məsuliyyətinə cəlb etməlidir. Bu addımı atmaqla rəsmi İrəvan demokratik prinsiplərə sadiqliyini, hüquq-mühafizə sisteminin öz fəaliyyətində diskriminativ və millətçi yanaşmalardan uzaq dayandığını, sırf ədalətin bərpasında maraqlı olduğunu nümayiş etdirə bilər. Amma Nikol Paşinyanın hakimiyyətə gəlməyindən keçən 6 il ərzində onun hökumətinin bu mövzuda sələflərinin siyasətini davam etdirdiyini, nəinki Qarabağda əli azərbaycanlıların qanına batan canilərə qarşı hüquqi addımlar atdığı, hətta barışıq üçün Ermənistan hökuməti adından Xocalı faciəsinə görə siyasi məsuliyyəti üzərinə götürərək üzr istəmək istəmədiyi görünür. Halbuki Paşinyan hökuməti barışıq və dayanıqlı sülh yolunda hakimiyyəti illərində baş verməsə belə, keçmişdə olan faciələrə görə üzr istəmək cəsarətini və məsuliyyətini özündə tapa bilərdi. Ermənistan sülh niyyətində səmimi olsaydı, 30 illik işğal dövründə Azərbaycana və günahsız azərbaycanlılara qarşı törədilən vəhşiliklərə, vurulan ziyanlara görə üzr istəyərdi, Azərbaycana qarşı beynəlxalq platformalarda guya Qarabağda etnik təmizləmə həyata keçirilməsi, guya 100 minə yaxın erməninin zorla Ermənistan köçürülməsi barədə yalançı və böhtan xarakterli ritorikadan əl çəkərdi.

Halbuki Azərbaycanın Qarabağ ermənilərinə inteqrasiya təklifi tamamilə şəffaf idi və bölgədə baş verən bütün hadisələr dünya və yerli media tərəfindən ətraflı lentə alınıb.

Ermənistanın sülhün əldə olunmasında səmimi olduğunu bəyanatlarla deyil, əməli ilə göstərməsi üçün daha bir imkanı yenə də Azərbaycan Prezidenti İlham Əliyev ötən gün səsləndirib.

“Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”, - Prezident vurğulayıb.

Azərbaycan lideri çox aydın, çox açıq mesajlar verir, sülh sazişinin formulunu açıqlayır, Ermənistana dəqiq yol göstərir.

Prezidentin çıxışından aydın olur ki, rəsmi Bakı Ermənistanın revanşizmə qayıtmaması və sülh müqaviləsinə sadiq olması üçün ortaya iradə qoymasını istəyir. Çünki sülh müqaviləsinin imzalanması və Ermənistanın gələcəkdə Azərbaycana qarşı ərazi iddialarının yer almaması üçün rəsmi Bakıya Ermənistanın hazırkı hökumətinin açıqlamalarından daha effektiv təminatlar lazımdır. Bu təminatı yaradacaq əsas element isə Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət, Ermənistan Konstitusiyasına dəyişiklik və sülh müqaviləsinin mətninin təsdiq edilməsidir.

Rəsmi İrəvan Qazaxın işğal altında saxladığı 4 kəndini Azərbaycana qaytarmaqla danışıqlar prosesinə gətirilən pozitiv fonu sona qədər etmək istəyirsə, bu addımları atmalıdır. Ermənistan bununla, çoxdan gözlənilən sülh müqaviləsinin imzalanması üçün sonuncu əsas maneəni aradan qaldırmış olar.(Apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam