Samirə Bayramova: “Gürcüstanın Avropa ilə vizasız rejiminə son qoyacaq məsələ gündəmə gələ bilər ki, o zaman biabırçılıq olacaq”
Yenixeber.org: Bir neçə gündür ki, qonşu Gürcüstanda “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının hakimiyyəıtinə qarşı etiraz aksiyaları keçirilir. Paytaxt Tiflisin mərkəzinə, Gürcüstan Parlamentinin qarşısına toplaşırlar. Etirazçıların tələbi “Xarici təsirlərin şəffaflığı və hesabatlığı” haqqında qanunun parlamentdən geri çəkilməsidir. “Xarici agentlər” haqqında qanun da adlandırılan layihə Gürcüstan Parlamentində iki oxunuşdan keçib. Etirazçıların “Rusiya qanunu” dedikləri qanun layihəsinin üçüncü oxunuşda qəbul olunmaması üçün aksiyalar geniş vüsət almaqdadır.
Hakim “Gürcü arzusu” etirazlarla razılaşmır və bu qanunun “Rusiya qanunu” yox, Gürcüstanın milli maraqlarına uyğun qanun olduğunu iddia edirlər. Bununla yanaşı, başda Baş nazir İrakli Kobaxidze olmaqla, Gürcüstan rəsmiləri aksiyalarda Qərbi də günahlandırırlar.
Azərbaycan əsilli Gürcüstan vətəndaşı, ictimai fəal, aksiya iştirakçısı Samirə Bayramova baş verənlərlə bağlı suallarımızı cavablandırarkən bildirib ki, etirazlar davam edir:
- Etiraz edən, aksiyalara qoşulan insanların sayı hər gün bir az da artmaqdadır. Qanuna etiraz edənlərin, etirazçıları dəstəkləyənlərin sayında artım müşahidə edilir. Eyni zamanda, etirazçıların aksiyalara qoşulmasını təmin etmək üçün koordinasiya mərkəzləri yaradılıb. Regiondan Tiflisə gəlmək, aksiyada iştirak etmək istəyənlərə təşkilatçılar tərəfindən köməklik göstərilir. Maraqlı tendensiya yaranıb. Kimi aksiya iştirakçılarına isti kofe gətirir, kimi qida gətirir. Biz də azərbaycanlılar olaraq Paxsa bayramını gürcülərlə qeyd etdik, bayram münasibətilə milli şirniyyatlarımızdan apardıq. Demək istədiyim odur ki, etiraz davam edir və hər gün iştirakçı sayı artır.
- Qanun layihəsi parlamentdə ikinci oxunuşdan keçib, sadəcə bir oxunuş qalıb. Sizcə, aksiyalarla bu qanunun qəbulunu dayandırmaq mümkün olacaqmı?
- Əlimizdən gələni edəcəyik, sonunadək mübarizə aparacağıq ki, qanun qəbul olunmasın. Bu qanunun qəbulunu dayandırmağın yolu təbii ki, xalqın iradəsini ortaya qoymasıdır. Nəyin bahasına olur-olsun, buna “dur!” deyilməlidir. Necə ki, ötən il bu qanunun qəbulunun qarşısı alındı, bu il də imkan verilməyəcəyini düşünürəm. Hər halda, aksiyaların gücünə inanılmasa, bu yola əl atılmazdı.
- Sizcə, “Gürcü arzusu” hakimiyyəti etirazlar qarşısında geri çəkiləcəkmi?
- Hazırda hakimiyyətin geri çəkilmək fikri yoxdur. Hakimiyyət nümayəndələri Qərb ölkələri ilə, dost, tərəfdaş dövlətlərə qarşı çox kobud danışırlar. Baş nazir İrakli Kobaxidzenin aqressiv bəyanatlarının şahidi oluruq. “Gürcü arzusu” cəmiyyətdə belə fikir formalaşdırmağa çalışır ki, guya Qərb Gürcüstanın dəyərlərinə qarşıdır, dəyərləri məhv etmək istəyir. Hakimiyyət bilir ki, gürcülər millidirlər, vətənpərvərdirlər, həm də dindardırlar. Ona görə “milli-mənəvi dəyərlər” mövzusu ilə təxribata əl atmaq istəyirlər. Amma gürcülər bu təxribatçı təbliğata uymayacaqlar. Nəzərə almaq lazımdır ki, Gürcüstan kasıb ölkədir, bu günədək Gürcüstanın var olmasının, demokratik dəyərlərinin qorunmasının və 30 ildə bu səviyyəyə çatmasının səbəbi Qərbdən gələn maliyyə resurslarıdır. İstər mədəniyyət sahəsinə, istər vətəndaşlarının hüquqlarının qorunması, məhkəmə sisteminin, polis sisteminin gücləndirilməsi sahəsində Qərbdən gələn maliyyə dəstəyinin rolu olub. Ümumiyyətlə, hər bir sahədə - sosial-istisadi vəziyyətin gücləndirilməsi Qərbin dəstəyi ilə baş verib. Bunu Gürcüstan cəmiyyəti bilir və qiymətləndirir. Ona görə də hakimiyyətin anti-Qərb təbliğatı bir işə yaramayacaq.
- Etirtazlar nə vaxtadək davam edəcək?
- Aksiyalar o vaxtadək davam edəcək ki, tələblər yerinə yetiriləcək. Nə vaxt qanunu geri çəkəcəkklər, bundan tam əmin olacağıq, o zamanadək etirazlar davamlı olacaq.
Tələblərimiz dəyişməyib: “Rus qanununa yox!”, “Bu qanun geri çəkilsin!”, “Gürcüstan demokratiya yoluna davam etsin!”. Avropa İttifaqı ilə, tərəfdaş dövlətlərlə Gürcüstanın dialoqu davamlı olmalıdır. Gürcüstan hakimiyyəti Avropa İttifaqına daxil olmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, tövsiyələrə əməl etməlidir. Ölkəmizin inkişafı yalnız buna bağlıdır.
- “Xarici agent” haqqında qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına üzvlüyünə hansı təsirləri göstərir?
- Mənfi təsirlər göstərir. Dəfələrlə Gürcüstan hökumətinə Avropa İttifaqından ismarıclar gəldi, tənqidlər səsləndi, bəyanatlar verildi. Qərb çox ciddi mesajlar verdi ki, bu qanun Gürcüstanı Avropadan uzaqlaşdırır, Avropa İttifaqına üzvlüyünə ziddir. Hətta Gürcüstanın Avropa ilə vizasız rejiminə son qoyacaq məsələ gündəmə gələ bilər ki, bu, müzakirəyə çıxarılacaqsa, o zaman biabırçılıq olacaq. Çünki bundan sonra Gürcüstanla Avropa arasında vizasız rejim olmayacaq. Demək istədiyim odur ki, “Xarici agent” haqqında qanun Gürcüstanın Avrointeqrasiyasına həddən artıq mənfi təsir göstərə biləcək qanundur. Və bu qanunun qarşısı alınmalıdır.(AYNA)