Ekspert: “Obyektin özü, müqavilənin bağlanma səbəbi mövcud deyilsə, hansı statusdan danışmaq olar”
Yenixeber.org: Rusiyanın Ermənistandakı səfiri Serqey Kopırkin bir sıra bəyanatlara çıxış edib. Cənab səfir Ermənistanın “24 News” saytına açıqlamasında Moskvanın mesajlarını rəsmi İrəvana çatdırıb. Eyni zamanda, Kopırkin rəsmi Bakıya da bəzi mesajlar ünvanlayıb.
Məsələn, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Ermənistan rəhbərliyi son üç ilin tarixini təhrif edərək, uydurma bəhanələrlə Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozur” bəyanatını şərh edən səfir bildirib ki, ABŞ rəsmiləri Ermənistanla münasibətlərə məhz Rusiya və İranla qarşıdurma kontekstində baxdıqlarını açıq şəkildə bəyan edirlər.
“Bu, çox pis, çox təhlükəlidir. Əgər Ermənistan tərəfində xalqlarımız, həm Ermənistan Respublikası, həm də sadə insanlar, ailələrə vacib olan münasibətlərimizi müdafiə etmək üçün kifayət qədər siyasi iradə yoxdursa, bu, həqiqətən də bizim münasibətlərimizə real zərbə vura biləcək bir haldır”, – Sergey Kopırkin bildirib.
Kopırkin eyni zamanda, rəsmi İrəvanın xarici siyasəti nəticəsində Ermənistanın Rusiya ilə Qərb arasında mübarizə meydançasına çevrilə biləcəyi ilə bağlı narahatlıqlarının olub-olmaması sualını cavablandırıb.
Rusiya səfirinin sözlərinə görə, bununla bağlı vəziyyət çox gərgindir: “Hətta verdiyiniz suallar da göstərir ki, burada həqiqətən də çox ciddi narahatlıq və çox ciddi düşünmək üçün lazım olan məqamlar var”.
O, Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Ermənistanı müdafiə etmək vaxtı gələndə Rusiya bunu etmədi” ittihamına da münasibət bildirib.
Xatırladaq ki, Simonyan “yenə də ümid etdik ki, bizi qoruyacaqlar, amma yenə aldatdılar və sonda gəlib Ermənistanı “xilas etmək” üçün bizi Ermənistan ərazisində yeni müharibəyə sürükləməyə çalışırlar” deyə bəyanat verib.
Kopırkinin deyib ki, bu ittihamları xeyli müddətdir Ermənistanın hökumət komandasına daxil olan və iki ölkə arasında hansı dialoqların getdiyini daxildən bilən ən yüksək vəzifəli şəxslərindən birinin səsləndirməsi onu narahat edir.
“O, çox yaxşı bilir ki, orada vəziyyətin son dərəcə çətin və həqiqətən də mürəkkəb olmasına baxmayaraq, bu qətliamı dayandıran və fəlakətin baş verməməsi üçün bütün mümkün tədbirləri görən yeganə ölkə Rusiya idi. Bu, Ermənistan rəhbərliyinə çox yaxşı məlumdur…
İctimai şəkildə belə bəyanatlar veriləndə sual yaranır: bunu niyə edirlər? Axı bu, açıq-aşkar yalandır və insanlar bunun yalan olduğunu yaxşı bilirlər. Amma xəbər cəmiyyətə atılır, Ermənistan vətəndaşlarına ötürülür və sual yaranır: niyə edilir? Anlayıram, siz Rusiyanın yanaşmasını tənqid edə bilərsiniz, razılaşmaya bilərsiniz, “biz buna ümid edirdik, amma Rusiya lazım olduğunu etmədi” deyə bilərsiniz. Amma açıq-aydın yalanları görəndə mənim üçün sual yaranır: bunun adi insanların real maraqları ilə hansı əlaqəsi var?
Sən hətta ümumi tariximiz, bir yerdə keçdiyimiz yol nəzərə alınmasa belə, əsas iqtisadi donor, əsas satış bazar olan, yüz minlərlə erməninin işlədiyi, ailəsini dolandırdığı, ən böyük erməni diasporunun olduğu ölkə – Rusiyanın mövqeyi haqqında insanlara yalan deyirsən. Ermənistan və Rusiya arasındakı əlaqələr Ermənistanda və Rusiyada da bir çox ailələr üçün həyati məsələdir. Dövlət rəhbərlərindən biri belə ritorika ilə məşğul olanda, məndə “o, kimin maraqlarını güdür” sualı yaranır”, – Rusiyanın Ermənistandakı səfiri bildirib.
Kopırkin 2020-ci il müharibəsinin dayandırılmasında Rusiyanın və şəxsən Putinin oynadığı rolu, sülhməramlıların faktiki mandat imkanlarından çıxış edərək gördükləri işləri xatırladıb. Eləcə də, Rusiya sərhədçilərinin son sərhəd toqquşmasında olduğu kimi eskalasiyanın dayandırılmasına gətirib çıxaran addımlarına toxunub və bir daha vurğulayıb ki, Rusiya hərbçiləri Azərbaycanla sərhədə Ermənistan baş nazirinin şəxsi xahişi ilə yerləşdirilib.
Nəhayət, Kopırkin əsas məsələyə çatıb və Rusiya sülhməramlılarının bölgədə qalması üçün bəhanələrini dilə gətirib.
Onun sözlərinə görə, ermənilərin Qarabağa qayıtması məsələsi Rusiya üçün vacibdir: “Rusiya sülhməramlılarının bölgədə olması bundan xəbər verir, bu, məsələnin gündəmdən çıxmadığını göstərir. Biz həmişə inanmışıq və bu, açıq şəkildə bəyan edilib ki, ermənilərin öz tarixi vətənlərində – Qarabağda yaşaması vacibdir. Qayıtmaq istəyən Qarabağ ermənilərinin buna haqqı var. Mən başa düşdüyüm qədər, Azərbaycan tərəfi də bu hüququ rədd etmir”.
Beləliklə, Rusiyanın İrəvandakı səfiri bu fikirləri irəli sürür: birincisi, ermənilər Qarabağa qayıtmalıdırlar, ikincisi, Rusiya sülhməramlılarına rəsmi status verilməlidir. Görünür, Bakı bunlarla maraqlanmır və çox güman ki, 2025-ci ildə sülhməramlıların Qarabağdan çıxarılması məsələsini gündəmə gətirəcək. Bəs, Moskva sülhməramlıların Azərbaycan ərazisində qalmasına nail ola biləcəkmi? Və əgər nail ola bilməsə, o zaman onlar hara gedəcəklər? Hər şeydən görünür ki, Moskva sülhməramlıları regiondan çıxarmaq istəmir. Beləliklə, Kopırkin İrəvana eyham vurur ki, bu hərbçiləri Ermənistan qəbul etməlidir. Bu planın həyata keçirilməsi nə dərəcədə mümkündür?
“Düzünü desəm, Rusiya səfirinin bu sözləri o demək deyil ki, Qarabağ erməniləri geri qayıtmalıdır”. Bunu Hankuk Xarici Tədqiqatlar Universitetinin (Cənubi Koreya) professoru, politoloq Rövşən İbrahimov bildirib.
“O deyir ki, Qarabağ ermənilərinin öz torpaqlarında yaşaması vacibdir. Bunlar iki fərqli şeydir. Bundan başqa, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin statusundan birbaşa bəhs edilmir. Həm də ki, obyektin özü, müqavilənin bağlanma səbəbi hazırda mövcud deyilsə, hansı statusdan danışmaq olar”, – professor qeyd edir.
“Rəsmi Bakıya əvvəllər də qeyd edib və indi də bildirir ki, Qarabağda yaşamaq istəyən ermənilər vətəndaşlıq üçün Azərbaycan hakimiyyətinə müraciət edə və bütün prosedurlardan keçdikdən sonra (əgər silah götürərək müharibədə iştirak etməyiblərsə) bütün hüquq və vəzifələri ilə birlikdə respublikanın vətəndaşı ola bilərlər”, – o, xatırladıb.
“Və şübhəsiz ki, 2025-ci ildə sülhməramlılar Azərbaycanı tərk edəcəklər. Moskva niyə bu kontingenti orada saxlamağa çalışmalıdır? Bunu necə etmək olar? Rusiya güc yolu ilə heç nə etməyəcək, razılaşmalara zidd getməyəcək. Qeyd etmək lazımdır ki, həmin hərbi qulluqçuların çıxarılması proseduru var. Yəni, Bakı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində qalmasına artıq ehtiyac olmadığı barədə bəyanat verməlidir. Bu mənada başqa variant görmürəm.
Digər bir sual odur ki, onlar hara getməlidirlər? Amma bu, bizim işimiz deyil. Rusiyanın gələcəkdə onları harada yerləşdirməsi Azərbaycan üçün tamamilə əhəmiyyətsizdir. Həm də, Kopırkinin sözlərindən belə çıxmır ki, Moskva qoşunlarını bölgədən çıxarmaq istəmir. Burada daha çox vəziyyəti Ermənistan üçün izah etməyə çalışan səfirin şəxsi fikairləri səslənir. Prinsipcə, bu müsahibə, vəziyyətin pik nöqtəyə çatdığı, Ermənistan və onun vətəndaşları üçün çox ağır nəticələr ola biləcəyi ilə bağlı İrəvana ultimatumdur. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, birincisi, Ermənistanın özü qeyri-rasional addımlar atır. İkincisi, İrəvan bilir ki, ərköyün uşaq kimi, hələ də Rusiyada da, Qərbdə də müəyyən qədər bağışlanmaq güzəştinə malikdir. O da bundan istifadə edir”, – deyə İbrahimov yekunlaşdırıb.(Pressklub)
Rauf Orucov