Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyanın Tavuş vilayətinin sərhəd kəndlərinə səfəri və yerli sakinlərlə görüşündə verdiyi bəyanatlar sensasiyaya çevrilib.
Əskipara (Voskepar) kəndinin sakinləri qarşısında çıxış edən Paşinyan xəbərdarlıq edib ki, Ermənistan tərəfinin Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etməkdən imtina etməsi “həftənin sonunda yeni müharibəyə” səbəb ola bilər.
“Əgər imtina etsək, bu o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Və mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra biz haradasa Respublika meydanında görüşəndə deyəcəksiniz: “Yaxşı, biz sadə kənd adamlarıyıq, bizim heç bir məlumatımız yox idi, amma axı siz hər şeyi bilirdiniz”, – Paşinyan deyib.
O, həmçinin əlavə edib ki, Ermənistan nəsə verirsə, bunun müqabilində nəsə tələb edir.
Baş nazir bildirib ki, Ermənistan Azərbaycanla yeni müharibəyə imkan verməməlidir, ona görə də “sərhəddə düzəlişlər etmək” lazımdır. Onun sözlərinə görə, Tavuş vilayətində Bağanis kəndindən Sarıgah (Berkaber) kəndinə qədər olan ərazidə sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün “real imkan var”.
Ermənistanın baş naziri onu da bildirib ki, hakimiyyət erməni kəndlərinin blokadasını aradan qaldırmaq üçün Tavuşda yeni yollar çəkməyi planlaşdırır.
Xatırladaq ki, Ermənistan ötən əsrin 90-cı illərinin əvvəlində bu ərazidə Azərbaycana məxsus 7 kəndi işğal edib. Bunlardan 4 kənd bilavasitə Qazax rayonu ərazisində yerləşir: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı.
Daha üç kənd Ermənistan ərazisi ilə əhatə olunmuş anklavlardır – Yuxarı Əskipara, Sofulu və Barxudarlı. İşğal altında olan daha bir anklav Naxçıvanın Ermənistanla sərhəddə yerləşən Kərki kəndidir.
Öz növbəsində Azərbaycan da həmin dövrdə Ermənistanın Başkənd anklavını (Artsvaşen) tutub.
Bəs, Paşinyanın işğal edilmiş əraziyə getməsi, yerli ermənilərlə danışması, məsələnin Azərbaycanla sülh yolu ilə həll olunmadığı təqdirdə, bu həftənin sonunda müharibə ola biləcəyi barədə bəyanat verməsi hansıs zərurətdən doğub? Doğrudanmı vəziyyət gərginliyin pik nöqtəsinə çatıb?
Suallarımızı Şərqi Avropa ölkələri üzrə tanınmış rusiyalı ekspert, “Azadlıq” radiosunun jurnalisti Vadim Dubnov (Praqa) cavablandırıb.
O, hesab edir ki, sərhədin delimitasiyası və demarkasiyası məsələsində Bakı, mümkün ki, Moskva və ola bilər ki, hətta Qərb Paşinyana müəyyən təzyiqlər edir. “Hesab edirəm ki, hazırda onun Bakıya qarşı kifayət qədər arqumenti yoxdur. Buna görə də, Moskva çox güman ki, delimitasiya məsələsində, xəritələr məsələsində, arqumentlər məsələsində ona deyil, daha çox Bakıya kömək etməyə hazırdır. Və buna görə də burada delimitasiya prosesi bürokratik proseduralar olmadan həyata keçirilir. Birgə komissiya 1975-ci ilin xəritələrinə və ya Alma-Ata Bəyannaməsinə istinad etmədən konkret məsələləri müzakirə edir – hesab edirəm ki, bütün bunlar kifayət qədər ikinci dərəcəli məsələlərdir. Çünki bütün məqamlar danışıqlarda müəyyən edilir və bu danışıqlarda təşəbbüs Bakıya məxsusdur”, – ekspert deyir.
O yenə də o fikirdədir ki, Qərb tərəfindən müəyyən təzyiqlər olması mümkündür, çünki Qərbə bu məsələnin birdəfəlik bağlanması lazımdır.
“Ancaq mən düşünmürəm ki, Paşinyan həftənin sonunda müharibənin başlayacağını ciddi şəkildə deyib. Məncə, bu, evfemizm, vəziyyəti başa salmaq üçün deyilən söz olub. O demək istəyib ki, əgər biz israr etməkdə davam etsək, hər an müharibə baş verə bilər. Bu, sadəcə olaraq, səhv tərcümə edilən, səhv başa düşülən və qəsdən dövriyyəyə buraxılan obrazlı ifadədir. Düşünmürəm ki, həqiqətən də bu dörd kəndə görə müharibə ola bilər. Düşünürəm ki, Azərbaycanın yarada biləcəyi gərginlik, lokal eskalasiya mümkündür. Amma onun müharibəyə başlaya biləcəyini düşünmürəm”, – Dubnov qeyd edib.
Ekspert eyni zamanda hesab edir ki, indiki şəraitdə lokal eskalasiyanın daxili siyasi baxımdan Paşinyan üçün çox həssas ola biləcəyi və buna görə də onun bundan yayınmağa çalışması faktı da var. “Məncə kəndlərin sakinləri ilə görüşdə onun dramatik tonu da buradan qaynaqlanır.
Ancaq daha bir detal var. Qərbin təzyiqi məsələsinə qayıtsaq, o zaman Paşinyanın Qərblə yeni başlayan və çox uzun çəkəcək “yol xəritəsi” hazırlanmasını yavaş-yavaş davam etdirmək üçün bu problemi həll etməsi vacibdir. Və mümkündür ki, indi o bütün bu vəziyyəti bu məqsədlər üçün istifadə edəcək. Ona görə də, onun ən azı bu ərazidə delimitasiya məsələsini həll etməsi vacibdir. Delimitasiya prosesinə başlamaq vacibdir və bunun üçün o, belə ağır söhbətlərə hazırdır.
Hazırda məsələnin söhbət səviyyəsindən uzağa gedəcəyinə əmin deyiləm. Mənə elə gəlir ki, bu, ictimai rəyi delimitasiyanın başlaya biləcəyi və başlamalı olduğuna hazırlanmasıdır”, – deyə analitik yekunlaşdırıb.(Pressklub)
Rauf Orucov