Türkiyənin TRT telekanalının verdiyi məlumata görə, Ərdoğan Qafqazda sabitliyin qorunmasının Türkiyə üçün prioritet olduğunu bildirib. O, vurğulayıb ki, Türkiyə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə regionda yeni dövrün başlanmasını istəyir.
Amma İrəvandan olan politoloq Armen Ayvazyanın NEWS.am-a açıqlamasında dediyi sözlər bu bəyanatla kəskin ziddiyyət təşkil edir. O, açıq şəkildə iddia edib ki, guya Azərbaycanın məqsədi Ermənistanı məhv etməkdir. Onun fikrincə, Bakı ya “Dağlıq Qarabağda olduğu kimi ermənilərin tamamilə qovulması, ya da erməni xalqının eyniyyətini, eləcə də Azərbaycan və Türkiyəyə qarşı siyasətini dəyişəcək Ermənistan hakimiyyəti üzərində tam nəzarətin qurulmasını istəyir”.
“Özlərinin uydurduqları anklavları alandan sonra (əgər bu baş verərsə) azərbaycanlılar başqa şey istəyəcəklər və bunun sonu olmayacaq. Ermənistan hakimiyyəti Türkiyənin tələblərinə tabe olur. Bu gün biz artıq erməni soyqırımının tanınması ilə bağlı sözlər eşitmirik, Azərbaycanın ermənilərə qarşı törətdiyi soyqırımı ilə bağlı heç bir bəyanat yoxdur”, – o əlavə edib.
Ayvazyan qeyd edib ki, Ermənistan hakimiyyəti hansısa sülh gündəmi haqqında danışmağa davam edir, amma əvvəlki Ermənistan hakimiyyəti kimi səhvən şəkildə Türkiyə və Azərbaycan amilini bölüşür. “Bu yanaşmanı bizə Rusiya və Qərb aşılamağa çalışır, iddia edirlər ki, guya Türkiyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dəstək verə bilər”, – ekspert vurğulayıb.
Beləliklə, yenə də həftələrlə və hətta aylarla gündəmdən düşməyən eyni həyəcanlı sual – ermənilər Azərbaycanın Ermənistana hücumunun qaçılmaz olması ilə bağlı qorxularında haqlıdırlarmı? Yoxsa prezidentlər Əliyev və Ərdoğanın Bakının İrəvanla tez bir zamanda sülh sazişi imzalamaq istəyi ilə bağlı bəyanatları doğrudur?
Şərqi Avropa ölkələri üzrə tanınmış rusiyalı ekspert, “Azadlıq” radiosunun jurnalisti Vadim Dubnov (Praqa) fikirlərini bizimlə bölüşüb.
Ona sözlərinə görə, ermənilərin danışıqlar praktikasında və nəzəriyyəsində Azərbaycan və Türkiyəni ayırmaq cəhdi şüurlu, əsaslı və praqmatik mövqedir. “Əslində İrəvan 2008-ci ildən, bəlkə də ondan əvvəl bunu etməyə çalışır. Çünki mövqelərdə müəyyən fərqlər tapmaq, Ankara və Bakı ilə ayrı-ayrılıqda oynamaq cəhdi kifayət qədər perspektivli addım olardı. Sözsüz ki, Ankara müəyyən dərəcədə buna getsəydi. Amma Türkiyə 2008-ci ilin təcrübəsindən dərs alıb və əlbəttə ki, bu istiqamətdə bütün addımlarını Bakı ilə əlaqələndirir. Məncə, İrəvan cəhdlərini davam etdirsə də, burada boşluq tapmaq kifayət qədər çətindir”, – jurnalist hesab edir.
Ermənistana hücum və ya məhv edilməsi ilə bağlı qorxulara gəlincə, o, əslində buna inanmır. “Hesab edirəm ki, Azərbaycan öz problemlərini həll edib. İndi o, status-kvonu möhkəmlətməlidir. Çox uzun tarix ərzində ilk dəfədir ki, status-kvonun olmasında Ermənistan deyil, Azərbaycan maraqlıdır. Türkiyə bu məsələdə ona dəstək olur. Lakin İrəvan bir sıra daxili siyasi səbəblərdən Bakının tələbləri ilə hələ razılaşa bilmir. Bakı isə əslində danışıqlar zamanı nəinki getdikcə daha çox şey tələb edir, o, daima gündəmi genişləndirir. Bu da İrəvanın vəziyyətini çətinləşdirir. Deməzdim ki, Bakı İrəvana təhdid və ya təzyiqi artırır. Amma Ermənistanın müdafiəsini dartıb uzatmaq üçün tələblər siyahısını genişləndirir. İrəvan isə bu məsələdə vaxt itirərək, danışıqlardakı mövqeyini xeyli çətinləşdirir”.
Rauf Orucov, (Pressklub)