İnstitut rəhbəri: “Gələn il Ermənistan Avrasiya İqtisadi İttifaqından, KTMT-dən çıxamaqla bağlı əməli addımlar ata bilər”
Yenixeber.org: Dekabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı keçirildi. Sammit Rusiya Prezidenti Vladimir Putinin dəvəti və təşəbbüsü ilə baş tutdu. Ermənistanın Baş naziri Nikol Paşinyanın Sankt-Peterburqa gedib-getməyəcəyi sual altında idi. Çünki son dövrlər iki ölkə arasında münasibətlərdə soyuqluq müşahidə olunur. Eyni zamanda, bundan əvvəl Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantılarında iştirakdan imtina etmişdi. Eyni zamanda, Ermənistan rəsmiləri Rusiya patronajlığı altında keçirilən toplantılarda iştirak etmirdilər. Lakin bu dəfə Paşinyan Putinin dəvətini geri çevirmədi, Rusiyaya getdi. Əksər ekspertlər bildirirlər ki, Ermənistan Baş nazirinin Rusiyaya səfəri Moskva-İrəvan münasibətlərində yumşalmaya səbəb ola bilər. Lakin əksini düşünənlər də var.
Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı deyir ki, son illər ərzində Rusiya ilə Ermənistan arasındakı soyuqluq bu görüşlərdə də müşahidə edildi:
- Ölkələr arasında münasibətlərdəki pisləşmə davam etməkdədir. Bu, görüşlərdəki bəyanatlardan, liderlərin mimikalarından, hətta gülüşlərdən də açıq şəkildə hiss olunurdu. Məsələ burasındadır ki, çox ciddi bəyanatlar da səslənmədi. Halbuki gərək belə toplantılarda elə bəyanatlar verilsin ki, İrəvanla Moskva arasındakı münasibətləri qaydasında olduğu sezilsin. Bunu da biz sezmədik.
Burada söhbət təkcə münasibətlərin yaxşı, yaxud pis olmasından da getmir. Sadəcə Ermənistan geosiyasi seçimini Rusiyadan yox, Qərbdən yana edib. Düzdür, indi İrəvanın Qərbə inteqrasiyasını əməli şəkildə görmürük, amma Ermənistanın Qərb xəttini tutduğu aydındır. Bu da soyuqluğun, münasibətlərdəki qırıqlığın yaranmasına səbəb olur.
- Əməli addım dedikdə nəyi nəzərdə tutursunuz?
- Məsələn, hələ ki, Ermənistan Rusiyanın çətiri altındakı təşkilatlardan – Avrasiya İqtisadi İttifaqından, KTMT-dən çıxmayıb. Amma düşünürəm ki, gələn il İrəvanın bu təşkilatlardan çıxamaqla bağlı əməli addımlarının da şahidi ola bilərik. Bunun zamanı artıq yetişməkdədir. Sadəcə burada əsas nüans Rusiyanın iqtisadi, siyasi, geopolitik vəziyyətidir. Eyni zamanda, Ukraynada apardığı müharibənin nəticələrinin də təsirləri var. Bu məsələlər ya Ermənistanın Rusiyadan tamamilə qopması prosesini sürətləndirəcək, ya da ləngidəcək.
- Rusiya XİN Moskva-İrəvan münasibətləri haqqında açıqlamasında bildirdi ki, Qərb tərəfdaşları Ermənistan dövlətini və xalqını böhrana sürükləyir. Sizcə, bu, İrəvana xəbərdarlıqdır?
- Bu, Moskvanın İrəvana xəbərdarlığı yox, təhdididir. Güman ki, Rusiya Ermənistanı cəzalandırmaq istiqamətində əməli addım ata bilər. Hətta Rusiya Ermənistanla Azərbaycan arasında hərbi toqquşma da yarada bilər. Demirəm ki, mütləq hərbi toqquşma mütləq olacaq. Sadəcə Rusiyanın Azərbaycanın əli ilə Ermənistanı cəzalandırmaq planlarına daxildir.
Eyni zamanda, Rusiyanın Ermənistana kifayət qədər təzyiq rıçaqları var ki, bunlardan ən əsası da iqtisadi rıçaqlardır. Hətta bir neçə həftə əvvəl Rusiya iqtisadi təzyiq göstərə biləcəyinin anonsunu da vermişdi. Söhbət Ermənistana aid yük maşınlarının sərhəddə saxlanılmasından gedir. Həmçinin Rusiya Ermənistan daxilində ona bağlı olan müxalif qüvvələri yenidən aktivləşdirmək istiqamətində addımlar ata bilər. Hətta müəyyən informasiyalardan belə qənaətə gəlmək olar ki, bu istiqamətdə Moskvadan düyməyə basılıb. Amma zaman keçdikcə istəklərinə nail olmaq Rusiya üçün bir qədər də çətinləşir.
- Sankt-Peterburqda MDB dövlət başçılarının toplantısında Azərbaycan Prezidenti də iştirak etdi və Ermənistan Baş naziri ilə sadəcə ayaqüstü qısa söhbət oldu. Rusiyadan verilən əvvəlki bəyanatlara baxsaq görərik ki, Moskva liderləri görüşdürməkdə maraqlı idi. Amma Azərbaycan və Ermənistan liderlərinin görüşü olmadı. Sizcə, görüş niyə baş tutmadı?
-Əvvəlcə onu qeyd edək ki, vasitəçilik missiyasını davam etdirdiyini göstərmək üçün Rusiya belə görüşün keçirilməsində maraqlı idi. Üçtərəfli, yaxud liderlərin ikitərəfli görüşünün keçirilməsini Moskva çox istəyirdi. Amma bu baş tutmadı. Məncə, səbəb Ermənistan tərəfinin görüşə razı olmaması idi. İrəvan danışıqların Qərb platformasında davam etməsində maraqlıdır. Azərbaycan isə Qərb platformasında danışıqlara razı deyil. Buna misal olaraq Bakının Qranada və Brüssel görüşlərindən imtinasını göstərmək olar. Ümumiyyətlə, Azərbaycan ikitərəfli danışıqlarda daha çox maraqlıdır. Amma bu format da alınmır. Bunun səbəbi İrəvan və Bakının xarici siyasətdə ayrı-ayrı xətti tutmalarıdır. Əslində ikitərəfli danışıqlar – yəni İrəvanla Bakının təkbətək, vasitəçisiz danışıqları, razılaşmaları daha məqbuldur və sülh sazişini tezləşdirə bilər. Amma dediyim kimi, İrəvan buna görünür ki, razı deyil. Ona görə də Sankt-Peterburqda liderlərin üçtərəfli, yaxud təkbətək danışıqları baş tutmadı. Ayaqüstü 2-3 dəqiqəlik söhbətin isə hansısa nəticəsi ola bilməz.(AYNA)