Politoloq: “Yaxın zamanda sülh müqaviləsinin bağlanması Azərbaycandan yox, Ermənistandan asılıdır”
Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə parlamentdə 2024-cü ilin büdcə layihəsinin müzakirələri zamanı qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinin hazırlanması çərçivəsində üç əsas prinsip razılaşdırılıb. Baş nazir deyib ki, tərəflər artıq razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sənəd tezliklə imzalanacaq.
Paşinyanın sözlərinə görə, birinci prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır: “Bakı Ermənistanın 29,8 min kvadratkilometr sahəsi olan ərazisini tanıyır. İrəvan isə Azərbaycan ərazisini 86,6 min kvadratkilometr sahədə tanıyır. Demək istəyirəm ki, bu rəqəmlərin dəqiqliyi tənqidə səbəb olur. Dəqiq rəqəmlərə ənənəvi inamsızlıq burada da işə düşür. Siyasi müstəvidə razılaşma əldə olunub və fikir tərəflərin təsiri altında olmayan mənbəyə istinad etməkdən ibarətdir. Eyni zamanda, tərəflər başa düşürlər ki, bu mənbə əsasında sərhədin demarkasiyası və delimitasiyası aparılacaq. Rəqəmlər 1977-ci il Sovet ensiklopediyasından götürülüb”.
İkinci prinsip, Paşinyanın fikrincə, belədir: tərəflər Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər: “Yəni tərəflər ondan çıxış edirlər ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını tanımaq lazımdır”.
Paşinyan bu məsələdə o dövrün reallığını əks etdirən xəritələrin olmasının vacibliyini vurğulayıb və bildirib ki, “bu xəritələr mövcuddur, siyasi iradə olarsa, irəli gedə bilərik”.
Ermənistan Baş naziri üçüncü prinsipi keçdikləri ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olan regional kommunikasiyaların bərabərlik və qarşılıqlılıq əsasda açılması olduğunu deyib.
Paşinyanın növbəti sülh bəyanatı ilə bağlı suallarımızı cavablandıran politoloq Fikrət Sadıqov xatırladıb ki, İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı İrəvana sülh üçün beş prinsipdən ibarət təkliflər paketi təqdim etmişdi:
- Ondan sonra Ermənistan bu prinsiplərə birini əlavə etmişdiAzərbaycan tərəfi bunu da qəbul etdi. Amma İrəvan prosesi ləngitdi. Sənədə cavab veriləcəyini bildirdilər, amma cavab vermədilər. Sonra Ermənistandan qeyd olundu ki, müəyyən qeydlər aparacaqlar, cavab verəcəklər, amma yenə alınmadı. Beləliklə, məsələ üç ilə yaxındır ki, uzanır. İndi İrəvandan deyilən üç prinsip ki var, onlar Bakının təqdim etdiyi paket sənəddə var idi. İndi Ermənistan Azərbaycanın prinsiplərini əsas götürərək bunu yeni prinsip kimi irəli sürür. Yəni ki, İrəvan altı prinsipdən üçünü götürür gündəmə çıxarır, müzakirəyə qoyur və guya bununla sülh yanlısı olduğunu nümayiş etdirmək istəyir.
- Yəni ki, İrəvan yenə də manipulyasiya edir?
- Bilirsiniz, bunu yenilik kimi niyə təqdim edirlər?! Rəsmi Bakı çoxdan bəyan edib ki, Alma-Ata Bəyannaməsini qəbul edir, Ermənistanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan heç vaxt Ermənistan ərazisini işğal etməkdə maraqlı olmayıb, bu, dəfələrlə bəyan edilib. Azərbaycan dəfələrlə bəyan edib ki, bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin bərpa olunmasının tərəfdarıdır. Bakının bütün prinsipləri bu siyasətə yönəlikdir.
İndi Paşinyan bildirir ki, Alma-Ata Bəyannaməsi əsas götürülməlidir, bu razılaşdırılıb və s. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, buna etiraz etmirik. Amma manipulyasiya cəhdinə son qoyulmalıdır. Azərbaycan istəmir ki, yenə də İrəvandan verilən bu cür bəyanatlar havada qalsın. Verdikləri bəyanatların icrası istiqamətində Ermənistan tərəfi konkret və real addımlar atmalıdır. Amma etmirlər. Tək Paşinyan yox, onun komandasının müxtəlif üzvləri dəfələrlə bəyanatlar veriblər, amma bu bəyanatların icrasından yayınıblar. Rəsmi İrəvan dəfələrlə yanaşmasını dəyişib.
- Söhbət hansı dəyişiklikdən gedir?
- Məsələn, Ermənistan təkliflərə cavabı niyə hissə-hissə verir?! Dediyim kimi, 44 günlük müharibədən sonra Azərbaycan beş prinsipi özündə ehtiva edən sənəd təqdim edib, Ermənistan isə ona bir prinsip əlavə edib. İndi Paşinyan niyə həmin prinsiplərin üçü haqqında danışır?! Bu suallar açıq qalmaqdadır. Birdəfəlik desinlər ki, hansı prinsiplər İrəvanın maraqlarına cavab verir, hansılar yox. Azərbaycan da buna münasibətini açıqlasın. Bakının mövqeyi aydındır və yanaşma dəyişməyib.
- Paşinyan tezliklə sülh sazişinin imzalanmasının reallaşa biləcəyini bəyan etdi. Yaxın zamanda müqavilənin bağlanması realdırmı?
- Bu, Azərbaycandan yox, Ermənistandan asılıdır. Düşünürəm ki, erməni tərəfi yeni əngəllər törətməsə, təxribatlara əl atmasa, saziş imzalana bilər. Azərbaycan təqdim etdiyi şərtlərlə sülh sazişini imzalamağa çoxdandan hazırdır. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək istəyirdi və buna nail oldu. Artıq Xankəndidə də Azərbaycan bayrağı dalğalanır, suverenliyimiz bütün ərazilərimizdə təmin olunub. Qarabağdakı ermənilərdən ibarət qanunsuz silahlı dəstələr tərk-silah olundu. Bundan sonra təbii ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh sazişi üçün “yaşıl işıq” yanıb. Amma yenə də deyirəm, bu, İrəvanın mövqeyindən, davranışlarından asılıdır. Ermənistan rəhbərliyi siyasi iradə ortaya qoyarsa, yeni təxribatlar olmazsa, sülh sazişinin imzalanmasında heç bir problem yoxdur.
- Ermənistan Baş naziri regional kommunikasiyaların açılmasından bəhs edərkən ölkələrin yurisdiksiyası əsasında nəqliyyat-kommunikasiyaların açılmalı olduğunu bildirib. Azərbaycanın tələbindən biri də Zəngəzur dəhlizi idi...
- Zəngəzur dəhlizi ilə bağlı Ermənistan məsələnin problemli olduğunu bildirir. İrəvan dəfələrlə bildirirdi ki, bir sıra şərtlər nəzərə alınmalıdır. Biz bu məsələni də həll etdik. Tehranda razılığa gəlindi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə İran ərazisi vasitəsi ilə həyata keçirilə bilər. Bu, heç də o demək deyil ki, Zəngəzur dəhlizi heç vaxt açılmayacaq. Hər halda indiki məqamda Zəngəzur dəhlizi məsələsi tam aktual deyil.
Məsələ burasındadır ki, Ermənistan tərəfi uduzduğunu başa düşür. Azərbaycan bütün istiqamətlərdə təzyiq edir: həm hərbi, həm də diplomatik təzyiq güclüdür. Bu təzyiqlərə qarşı Ermənistan Fransa və Hindistanla əməkdaşlığın səmərə verəcəyini düşünür. Amma İrəvanın Paris və Dehli ilə əməkdaşlığı heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq. Əlbəttə, bunu Paşinyan başa düşür. İndi sülhlə bağlı üç prinsipdən danışmaqla, görünür, Paşinyan Bakıya mesaj verir ki, şərtləri qəbul etməyə, sülh sazişi imzalamağa hazırdırlar.(AYNA)