Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Moskva ilə İrəvan qarşı-qarşıya: Rusiya-Ermənistan siyasi böhranı dərinləşir – Bakı nə etməli?

Sülhəddin Əkbər: “Azərbaycan başqa oyunçuların gündəliyi ilə deyil, öz gündəliyi və yol xəritəsinə əsaslanan addımlar atmalıdır”

Yenixeber.org: Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında Qarabağ məsələsi, Ermənistanın Qarabağla bağlı əvvəlki və indiki siyasətindən danışıb. Putin İrəvana etiraz edirmişcəsinə bildirib ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb: “Ermənistan özü Qarabağın statusunu müəyyən edib. Ermənistan rəhbərliyi bunu Praqa bəyanatında, kağız üzərində də qeyd edib. Biz bu barədə bilirik. İndi mənə Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, Ermənistan Qarabağın bizim olduğumuzu tanıyıb, Qarabağın statusu məsələsi daha gündəmdə deyil, o həll olunub, Ermənistan rəhbərliyi bu barədə publik bəyan edib, 1991-ci il Azərbaycan SSR-in sərhədləri daxilində bütün əraziləri və rəqəmi açıqlayıb. Hansı ki, bura Qarabağın ərazisi də daxildir. Bu baş verib və bu, bizim qərarımız deyil. Bu, bugünkü Ermənistan rəhbərliyinin qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, əgər siz Qarabağla bağlı nə iləsə məşğul olmaq istəyirsinizsə, o zaman bizimlə ikitərəfli əsasda həll etməlisiniz. Onda biz nə deməliyik? Burada deməyə söz yoxdur. Əgər Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa… “.

“Əlbəttə, burada başqa məsələlər yaranır. Humanitar tərkibli və bizim sülhməramlıların mandatı ilə bağlı məsələlər… Mandat hələ ki fəaliyyətdədir. Humanitar xarakterli məsələlər, hansısa etnik təmizləməyə imkan verilməməsi məsələləri heç yerə getməyib. Mən bununla tam razıyam. Azərbaycan rəhbərliyi hər zaman deyir ki, etnik təmizləmədə maraqlı deyil”, – Rusiya Prezidenti əlavə edib.

Putin moderatorun “Ermənistan tərəfinin Rusiya, KTMT kömək etmədi” kimi iddiaları ilə bağlı sualına da cavab verib: “Başa düşürsünüz, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, bu qədər, daha nədən söhbət gedə bilər?! Bu, bütün problemlərin əsas tərkib hissəsidir. Ermənistan özü Qarabağın statusunu müəyyən edib. Bütün problem bundadır”.

Rusiya Prezidenti həmçinin qeyd edib ki, vaxtilə Qarabağın, Kəlbəcər və Laçın rayonlarının Ermənistanın yurisdiksiyasında qalması ilə bağlı nizamlanma variantını təklif ediblər: “Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı".

Putinin bu açıqlamalarından görünür ki, rəsmi Moskva İrəvanın hazırkı hakimiyyətindən son dərəcə narazıdır. Son vaxtlar bu narazılıq Rusiya-Ermənistan arasında siyasi gərginlikdə də müşahidə olunur.

Ermənistanın Baş naziri Nikol Paşinyan Putinə cavab xarakterli açıqlama verib. Paşinyan “Politico”ya müsahibəsində deyib ki, “Ukraynadakı hadisələr nəticəsində Rusiyanın imkanları dəyişib:  “Bizim strategiyamız bu vəziyyətdə başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır. Biz müstəqil, suveren ölkəyə sahib olmaq istəyirik. Qərblə Şərq, Şimalla Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün bizim yollarımız olmalıdır… Ermənistan “proksi” ola bilməz. Bu, yolverilməzdir”.

“Qonşularımızla problem yaşadığımız və başqalarını bizi qorumağa dəvət etməli olduğumuz model – başqalarının kim olmasından asılı olmayaraq – çox həssas bir modeldir”, – Paşinyan vurğulayıb.

Paşinyan eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Bununla belə, o əlavə edib: “Hərçənd deyə bilmərəm ki, Rusiya sülhməramlıları Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər mövzu ilə bağlı bizimlə müsahibəsində deyib ki, Rusiyanın Qarabağla bağlı təklifləri, ümumiyyətlə, Minsk Qrupunun Azərbaycan əleyhinə həll planları zaman-zaman gündəmə gətirilib:

- Bunlar illərdir bəlli olan məsələlərdir və Putin yeni nəsə demir. Bir müddətdir ki, Rusiya XİN səviyyəsində “günah İrəvandadır”, “Günah Paşinyandadır”, “Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi, yoxsa Rusiya başqa mövqe tutardı” tipli bəyanatlar verilib. Putin indi həmin açıqlamaları təkrar etdi ki, bu da təəccüblü deyil.

Kremlin bu mövqeyi, bu bəyanatların son zamanlar artması Moskva-İrəvan münasibətlərində yaranan gərginliklə bağlıdır. Rusiya-Ermənistan münasibətlərindəki soyuqlaşmanın ümumi və konkret səbəbləri var. Ümumi səbəb ondan ibarətdir ki, Kreml siyasi elitası ilə Ermənistanın hazırkı hakimiyyəti arasında siyasi toxuma uyuşmazlığı var. Putinlə Paşinyan tamamilə başqa-başqa siyasi ideologiyanın adamlarıdır. Kreml hazırda Paşinyan hökumətini siyasi baxımdan düşmən qüvvə hesab edir və onu ortadan qaldırmağa çalışır. Bunu da İrəvan yaxşı başa düşür. Onal görə də İrəvan və Moskva arasında qarşılıqlı anlaşılmazlıqlar var. Ümumiyyətlə, Rusiya inqilabla hakimiyyətə gələn siyasi qüvvələrə dözümsüz yanaşır. Moskva inqilabın yoluxucu olmasından qorxur, çəkinir və bunun postsovetkanına, xüsusilə də Rusiyaya yayılmasından narahatdır.

Konkret səbəb isə daha çox İrəvanla bağlıdır. Daha dəqiq desək, İkinci Qarabağ müharibəsində Rusiyanın tutduğu mövqedən Ermənistan narazıdır. Rəsmi İrəvan belə hesab edir ki, 44 günlük müharibədə Rusiya nə ikitərəfli tərəfdaşlıqla bağlı sazişlərə əməl edib, nə də KTMT nizamnaməsinə uyğun davranıb. Ermənistan müharibədə Rusiyanın ona kömək edəcəyini umurdu, amma Rusiya bunu etmədi. Münasibətlərin soyuqluğunda İrəvanın bu mövqeyi də önəmli rol oynayır.

- Azərbaycan Ermənistan ərazisinə hücum etməyib ki, Rusiya ikitərəfli sazişlərə və KTMT nizamnaməsinə uyğun müdaxilə etsin...

- Ermənistan Qarabağı onunku sayırdı. 44 günlük müharibədən sonrakı hadisələrdə də Ermənistan Rusiyanı kömək etməməkdə ittiham edir. Məsələn, Qaragöl ətrafındakı döyüşlərdə, ötən ilin sentyabr döyüşlərinə görə də İrəvandan Moskvaya iradlar var. Ermənistan belə hesab edir ki, müttəfiqi olan Rusiya onu yardımsız buraxıb. Eyni zamanda, İrəvan hesab edir ki, Laçın yolu ətrafında yaranan gərginlikdə də Rusiyanın reaksiyası zəif olub. Yəni ölkələr arasında qarşılıqlı inamsızlıq mövcuddur və bu böhran dərinləşməkdədir.  İndi Putin belə açıqlamalarla erməni cəmiyyətinə hədəf olaraq Paşinyanı göstərir. Ermənistan əhalisinə demək istəyir ki, “baxın, bizlik bir şey yoxdur. Qarabağı sizə vermək istəyirdik, sizin hökumət bunu qəbul etmədi” və s. Bununla Kreml rəhbəri Paşinyanı nişan verdi.

- Və Putin sanki bunu məyusluqla bildirdi...

-Geopolitik savaş, Rusiya-Ukrayna müharibəsi həlledici mərhələyə daxil olub. Bütün dünya bunun nəticələrini yaxından izləyir. Təbii ki, Bakı da, İrəvan da izləmədədir. Hər kəs anlayır ki, Azərbaycan məsələni kökündən həll etmək üçün müəyyən mərhələdə konkret addımlar atmağa çalışacaq. Biz yarımçıq qalmış qələbəmizi sona çatdırmaq istəyəcəyik. Buna görə də münasibətlər yenidən gərginləşib və bu gərginlik kəskin xarakter almağa başlayır. Rusiya bunu dərk edir və Cənubi Qafqazdan çıxmamaq üçün müxtəlif oyunlar oynamaqdadır. Sülhməramlılar Qarabağda qalsın deyə bir çox addımlar atır, separatçılara dəstək davam edir və s. Əlbəttə, bu vəziyyət Putin hakimiyyətini məyus etməyə bilməz.

Paşinyan isə Rusiyanın Ukrayna müharibəsində uduzacağını hesab edir və Qərblə əməkdaşlığa başlayıb.  İndi rəsmi İrəvan Qərbə referanslar etməklə yanaşı, Moskvadan uzaqlaşma, məsafə saxlama siyasəti aparır. Təsəvvür edin ki, KTMT-nin üzvü olan Ermənistan iki dəfə təşkilatın təlimlərində iştirakdan imtina edib, amma ərazisində ABŞ-la hərbi təlimlər keçirir. İkincisi, Paşinyan həyat yoldaşını Kiyevə tədbirə yollayır, eyni zamanda, Ukraynaya humanitar yardım göndərir. Bunlar Moskvanı çox qıcıqlandırır, ölkələr arasında etimadsızlığı daha da gücləndirir. Üstəlik, Ermənistan KTMT-nin müşahidə missiyasından imtina edir, Azərbaycanla şərti sərhədə isə Avropa Birliyinin müşahidəçilərini dəvət edir. Bu da Kremldə əlavə qıcıq yaradan amildir. İndi Rusiya Ermənistanın addımlarına adekvat addımlar atır. İrəvana demək istəyir ki, “siz nə qədər Avropa ilə yaxınlaşsanız da, regionda söz sahibi hələ ki, mənəm”.

- Belə məqamda Azərbaycan hansı siyasət həyata keçirməlidir?

 - İndi təxribatlar təkcə Qarabağın nəzarətimizdə olmayan dağlıq hissəsində deyil, həm də şərti sərhəddə baş verir. Rusiya bununla Ermənistana demək istəyir ki, avropalı müşahidəçilər bölgədə olsa da, gərginliyin qarşısını ala bilmirlər. Bu, o deməkdir ki, təxribatların arxasında Rusiya dayanır. Biz məsələlərə daha geniş rakursdan baxmalıyıq. İndi separatçılar arasında da gərginliklər hökm sürür və proseslər sürətlənib. Həm Ermənistandakı siyasi dairələr arasında ziddiyyətlər daha da dərinləşəcək, həm Qarabağdakı separatçılarla İrəvan arasında, həm separatçıların özləri arasında böhran şiddətlənəcək. Azərbaycan bu prosesləri yaxından izləməlidir və izləyir. Azərbaycan başqa oyunçuların gündəliyi ilə deyil, öz gündəliyi və yol xəritəsinə əsaslanan addımlar atmalıdır. İndi çalışacaqlar ki, Azərbaycanı təxribata çəksinlər. Oyunçuların məqsədi odur ki, Azərbaycan öz gücündən vaxtından əvvəl istifadə etsin.  Bizim əsas hədəfimiz yarımçıq qalmış qələbəmizi tam və qəti təmin etmək, Qarabağın tamamında suverenliyimizi bərpa etməkdir. İndi Rusiya çalışır ki, Azərbaycanı şərti sərhədə yönəltsin və Bakını həm Avropa Birliyi ilə, həm də ABŞ-la qarşı-qarşıya qoysun. Bununla Moskva həm də Azərbaycanın Qarabağdan, separatçılardan diqqətini yayındırmaq niyyəti güdür. Azərbaycan buna getməməlidir.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam