Yenixeber.org: Mixail Saakaşvilinin Gürcüstanda prezident olduğu illərdə Tbilisi ilə ABŞ və Avropa İttifaqı ilə strateji münasibətlər qurulmuşdu. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı təcavüzü Qərbin Tbilisiyə dəstəyini artırdı. ABŞ prezidentləri içərisində ilk dəfə Corc Buşun Gürcüstana səfəri Vaşinqtonun Tbilisyə dəstəyini tərənnüm etdirirdi. Bunlar keçmişdə qaldı.
Bidzina İvanişvili və onun tərəfdarları Gürcüstanda hakimiyyətə yiyələndikdən sonra Tbilisi fərqli siyasət yürütməyə başladı. Gürcüstanın hazırki hakimiyyəti Rusiya ilə diplomatik münasibətləri bərpa etməsə də, bu ölkə ilə iqtisadi və ticarət əlaqələrini genişləndirməkdə davam edir. Bu Vaşinqtonda və Brüsseldə suallar yaradıb. Gürcüstan hakimiyyətinin keçmiş prezident və ağır xəstə olan Mixail Saakaşvilini azadlığa buraxmaması Qərb ölkələrinin Tbilisi ilə münasibətlərində əlavə gərginlik yaradıb.
Qərbin rəsmi Tbilisinin siyasətindən naraza qaldığı daha bir mövzu var: Gürcüstan-Çin strateji tərəfdaşlığı. Gürcüstan hakimiyyəti bir tərəfdən NATO və Avropa İttifaqı üzvlüyünə namizədliyini bəyan edib, digər tərəfdən Çini rəsmən strateji tərəfdaşı elan edib. Bu ikisinin bir arada olması çətindir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyul ayının sonunda Çinə səfər etmişdi. Qaribaşvili Pekində strateji tərəfdaşlıq sazişi imzalamışdı.
Gürcüstan hökuməti Çin şirkətləri üçün yeni imkanlar yaradacaqlar. Buna qədər də Çin Gürcüstanın üçüncü ticarət tərəfdaşına çevrilib. Baş nazir İrakli Qaribaşvili Çinin Gürcüstan üçün 1 nömrəli tərəfdaşa çevriləcəyinə əminliyini söyləyib. Bu mümkündür. Çinin Gürcüstanda yatırımlarının miqyası ilbəil artır. Bundan başqa Çin Gürcüstanın Qara dəniz limanlarında paya malikdir. Çin Gürcüstan üzərindən Qara dənizə çıxış imkanı əldə edib. Pekin bununla kifayətlənmək istəmir. İki ölkə arasında imzalanan yeni sənəddə tərəflərin beynəlxalq problemlərin həllində koordinasiyasının gücləndirilməsi, ikitərəfli dövlətlərarası münasibətləri dərinləşdirməsi, bölgədə, eləcə də bütün dünyada sülhü, sabitliyi və inkişafı birgə təşviq edəcəkləri nəzərdə tutulub.
Beləliklə, Çin Mərkəzi Asiyadan sonra Cənubi Qafqazda da möhkəmlənməyə çalışır. Pekin Cənubi Qafqazda Gürcüstanı özü üçün əsas hədəf seçib. Çünki Çin Gürcüstan vasitəsilə Qaradənizə və Aralıq dənizinə çıxış imkanı əldə edir. Digər tərəfdən Pekin Gürcüstanı öz tərəfinə çəkməklə Qərbin Cənubi Qafqazda möhkəmlənməsini əngəllər yaratmağa çalışır ki, bu, taktiki baxımdan Rusiyanın da maraqlarına cavab verir.
“Atlas” Araşdırmalar Mərkəzi