ABŞ Dövlət Departamenti Saakaşvilinin müdafiəsinə qalxdı
Politoloq: “Amerika Ukraynada proseslərin yeni məxməri inqilaba doğru getməsində maraqlı deyil”
Yenixeber.org: Dekabrın 6-da səhər saat 6 radələrində Ukrayna hüquq-mühafizə orqanlarının qüvvələri Kiyevdə Ali Radanın qarşısında Mixail Saakaşvilinin tərəfdarlarının qurduqları çadır düşərgəsinə basqın edib. Lakin Saakaşvilini tapa bilməyiblər və toqquşmalardan sonra geri çəkiliblər. Ukrayna KİV-ləri xəbər verir ki, bir neçə avtobus dolu polis düşərgəyə daxil olaraq Saakaşvilini tapmağa çalışıb. Bu vaxt Saakaşvilinin tərəfdarları polislərin qarşısını kəsib, toqquşma başlayıb. Polis gözyaşardıcı qaz tətbiq etsə də aksiyaçılar davam gətiriblər və asayiş keşikçiləri gəldikləri avtobuslara minərək geri çəkilməli olublar.
Saakaşvili özünün facebook səhifəsində yazıb ki, güc strukturlarının əməkdaşları çadır düşərgəsində onu yaxalamaq istəyib. Lakin çadırı səhv salıb və onun qaldığı çadıra deyil, qonşu çadıra daxil olaraq içəridə yatanları döyməyə başlayıblar. Bu vaxt düşərgədəkilər oyanıblar və asayiş keşikçiləri ilə toqquşma başlayıb.
Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsi dekabrın 5-də Saakaşvilinin Kiyevdə yaşadığı evə basqın edilib. Buna görə sabiq prezident yaşadığı binanın damına çıxaraq intihar edəcəyini deyib. Xüsusi təyinatlı dəstə onu binanın damında yaxalayıb. Lakin Saakaşvilinin tərəfdarları onun mindirildiyi avtobusu mühasirəyə alıblar və bir neçə saatlıq mühasirədən sonra avtobusun qapısını sındırıb keçmiş prezidenti azad ediblər. Bundan sonra Saakaşvili öz tərəfdarları ilə Ali Radanın qarşısına yürüş edərək prezident Petro Poroşenkonun istefası tələbi ilə aksiyalara başlayıb. Ukrayna hüquq-mühafizə orqanları Saakaşvilini Rusiya ilə əlbir olaraq ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edir. Baş prokuror Yuri Lutsenko ona istintaqa təslim olmaq üçün 24 saat vaxt vermişdi.
Dünən isə Ukrayna Baş Prokurorluğu Mixail Saakaşvilini axtarışa verib. Bu barədə Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan twitter səhifəsində yazıb.
O bildirib ki, Saakaşvili axtarışa verilib. Axtarış işləri Ukrayna polisinin və Ukrayna Təhlükəsizlik Xidmətinin operativ bölmələrinə tapşırılıb.
ABŞ Dövlət Departamentindən isə dünən Mixail Saakaşvili ilə bağlı Ukrayna hakimiyyətinə çağırış olub. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xəzər Nauert bildirib ki, ABŞ Ukraynada bütün tərəfləri Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ətrafındakı vəziyyətlə bağlı zorakılıqdan çəkinməyə çağırır: “Biz bu vəziyyəti və Kiyevdə baş verənləri diqqətlə izləyirik. Biz Ukrayna hökuməti ilə sıx əlaqədəyik, siz bilirsiniz ki, bizim onlarla yaxşı münasibətlərimiz var, amma bu o demək deyil ki, biz hər şeydə onlarla tamamilə razıyıq. Biz Ukrayna hakimiyyətini vəziyyətin de-eskalasiyasına çağırırıq... Biz bütün tərəfləri zorakılıqdan çəkinməyə, hüququn aliliyini qorumağa və beynəlxalq öhdəliklərə əməl etməyə səsləyirik”.
X.Nauert vurğulayıb ki, əgər Ukrayna hakimiyyəti kimisə saxlayırsa, həbs edirsə, bu, o ölkənin qanunlarına və normalarına, eləcə də insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə uyğun olmalıdır.
Maraqlıdır ki, Rusiyadan da Saakaşvilinin müdafiəsi istiqamətində açıqlama verilib. Belə ki, Rusiya liberal-demokratlarının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski Mixail Saakaşvili ətrafında baş verənlərin Ukrayna hakimiyyətinin özünün əsl demokratikliyi barədə iddialarını inkar etdiyini bildirib. Onun sözlərinə görə, Saakaşvilini izləməklə Ukrayna hakimiyyəti özünü biabır edir: “Rusiyaya münasibətdə necə yaramaz olsa da, onun canavar kimi, özünü tamamilə işə həsr etməklə işlədiyini inkar etmək olmaz. Bunu onun əlindən almaq mümkün deyil. Ukrayna ”demokratları"na sərf etməməyə başlayan kimi uydurma bəhanə ilə Saakaşvilini işdən azad etdilər, onun Poroşenkonun impiçmentinə nail olacağını bildirməsindən sonra isə vətəndaşlıqdan məhrum etmək fikrinə düşdülər. Lakin Saakaşvili iradəsini göstərdi və ölkəyə qayıtdı, tərəfdarlarını topladı və Poroşenkonun dinc yolla getməsi tələbini qoydu. Bəs “demokratik” hakimiyyət necə cavab verdi? Onu tutmaq istəyirlər. Heç bunu da bacarmırlar... Mişadan əl çəkin!"
Bəs ABŞ Dövlət Departamentindən verilən açıqlama Mixail Saakaşvilinin başlatdığı prosesin daha da böyüyəcəyi və onun hakimiyyətə gətiriləcəyi ehtimalını yaradırmı?
Politoloq Qabil Hüseynli hesab edir ki, Ukraynada hadisələr çox dramatik şəkildə inkişaf eləməyəcək. Saakaşvilinin hərəkətlərinin Ukraynada hadisələrin daxili sabitliyin pozulmasına aparacağı təhlükəsi müəyyən qədər də olsa var:“Ukraynada sabitliyin pozulmasında ən çox maraqlı olan ölkə Rusiyadır. Ukraynanın bəzi dairələri hesab edirlər ki, Saakaşvili özü bilmədən Rusiyanın istədiyi bir oyunun içinə düşüb. Onun ətrafında olanların bir çoxu, xüsusilə də ona başladığı prosesə maliyyə yardımı vəd edən bəzi oliqarxlar Rusiya ilə əlbir olan adamlardır. Ukraynada sabitliyin pozulmasında maraqlı Rusiyanın xüsusi xidmət orqanları Kiyevdə vəziyyəti gərginləşdirmək üçün maksimum qüvvə sərf edir. Diqqət edirsinizsə, Kremlin danışan dillərindən biri sayılan Jirinovski Saakaşvilini müdafiəyə qalxıb. Bu, heç də Saakaşvilini sevməkdən, onu qorumaq istəyindən irəli gəlmir. Məqsəd yaranmış vəziyyətdən Ukraynanın daxilində gərginliyin daha da artması üçün istifadə etməkdir. Saakaşvilinin ətrafına toplanan kütlənin içində xeyli sayda Rusiya xüsusi xidmət orqanlarının əli ilə gələn insanlar var. Toplanan insanların sayı elə də çox deyil və yeni Maydan hərəkatı yaradacaq səviyyədə deyil. Saakaşvilinin emosionallığı özünün zərərinədir. Onun hərəkətləri hazırda azlıq tərəfindən rəğbətlə qarşılanır. Belə bir şəraitdə hətta böyük dövlətlərin dəstəyi olsa belə, onun Ukraynada xalqın böyük hissəsini ayağa qaldırıb hakimiyyəti dəyişməsi mümkün görünmür. Digər tərəfdən, hələ ABŞ hazırkı prezident Petro Poroşenkoya ümidlərini üzməyib”.
Politoloq vurğuladı ki, Vaşinqton Poroşenko ilə işləməkdən vaz keçmiş kimi görünmür. ABŞ-ın Ukraynada hakimiyyət dəyişikliyinin olması qərarına gəldiyini söyləmək üçün ortada əsaslar yoxdur: “Bu faktor da Saakaşvilinin yolunu kəsir. Bu gün Ukraynada hər hansı siyasi dalğalanma, daxili sabitliyi pozacaq hər hansı bir hərəkətin Ukrayna üçün çox dramatik nəticələrə gətirib çıxaracağını Vaşinqton dəqiq bilir. Ona görə qətiyyən bu ölkədə daxili gərginliyin artmasını istəmir. Mixail Saakaşvilinin bu cür aktivləşməsinin ABŞ-ın istəyi ilə olduğu inandırıcı deyil. ABŞ Ukraynada proseslərin yeni məxməri inqilaba doğru getməsində maraqlı deyil. Saakaşvilini Dövlət Departamentinin müdafiə etməsi sadəcə olaraq müəyyən prinsiplərdən irəli gəlir. Lakin müdafiə anlamı verən açıqlama heç də o demək deyil ki, ABŞ Saakaşvilini hakimiyyətə gətirmək istəyir. Əslində Mixail Saakaşvili siyasətçi kimi tam iflasa uğramanın astanasındadır. Qərb, sadəcə, onun tamamilə iflasa uğramasını, siyasi fiqur kimi mövcudiyyətini saxlamasını istəyir. ABŞ Dövlət Departamenti, sadəcə olaraq, ona və ətrafına toparlanan insanlara qarşı güc tətbiq edilməməsini istəyir. Bu isə ABŞ-ın Saakaşvilini hakimiyyətə gətirmək istəməsi anlamına gəlmir”.
Etibar SEYİDAĞA