Türkiyə İsrail-Fələstin münaqişəsini həll etməyə çalışır: Çinlə əlaqəli ştrixlər -TƏHLİL
Yenixeber.org: Fələstin dövlətinin Prezidenti Mahmud Abbas, ardınca isə İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə səfər edəcəklər. Bu, Türkiyənin Yaxın Şərq regionunda ikitərəfli və çoxtərəfli əlaqələri böyük ölçüdə genişləndirəcəyi barədə açıq qalan suallara cavablar tapmaqda yardımçı olur.
Bəlkə də, bir rəmzi əlaqəsi var, Abbasla Netanyahunun Türkiyə səfəri Çinin Yaxın Şərqdə siyasi cəhətdən iddialı rolu fonunda diqqətəlayiq hadisə kimi görünür.
Hələ iyun ayında cənab Mahmud Abbas Çinə səfər etmişdi, indi isə Netanyahunun Pekinə getməsi barədə İsraildə çağırışlar səslənməkdədir.
Görünür ki, İsrail-Fələstin münaqişəsinin həllinə yeni xassə qatılır və bu oxda Çin-Türkiyə həmrəyliyinin işartıları görünə bilər.
Hərçənd, dəqiqləşdirmələr aparmaq çətindir ki, Ankara ilə Pekin İsrail-Fələstin konfliktinə yanaşmada eyni sistem ətrafında fırlanırlar, yoxsa yox.
Səbəb və nəticələr, Ankara-Pekin xəttindəki vahid və ya parçalanmış mövqelər zamanla üzə çıxacaq, hələlik isə Türkiyə-Çin trafikində azacıq da olsa, sövdələşmələr gözə çarpır.
Bunu Çinin Səudiyyə Ərəbistanı ilə İranı barışdırandan sonra Yaxın Şərqdə artan mövqeyi, Türkiyənin isə xarici siyasətindəki müsəlman coğrafiyası üzrə nüfuzu ilə izah etmək olar.
Ehtimal etmək üçün əsas var ki, Netanyahu Ankaraya səfər etdikdən bir müddət sonra yolunu Çinə salsın, çünki Abbasın Pekinə getməsindən sonra top İsrail baş nazirinin ayağındadır.
Ümumilikdə qeydlər ona aparır ki, Türkiyə aşkar, Çin isə gizli vasitəçi olmaqda maraqlıdır, bir neçə hissəni birləşdirsək, Ankaranın Pekinin Yaxın Şərqdə təsirlərini artırmasından məmnun qaldığını deyə bilərik.
İsrail-Fələstin münaqişəsi üzrə görünən fakt budur ki, Türkiyə münaqişənin həlli rolunda məsuliyyəti çiyinlərinə alır. Bununla da, Türkiyə genişlənən xarici siyasətini yüksək nəticələrə qaldırmaq üçün qarşısındakı maneələri dəf etməyi planlaşdırır, çünki regionda münaqişəli vəziyyət Ankaranın prioritetləri ilə uyğunluq təşkil etmir.
Amma indiki zamana görə real dəyərləndirmə aparanda Türkiyənin yaxın perspektivdə İsrail-Fələstin problemini həll edə biləcəyini söyləmək səthi yanaşma olardı.
Abbasla Netanyahunun Türkiyə proqramının sadə bir izahı bu olar ki, Ankara İsraillə yaxşılaşan münasibətlərini Fələstinin maraqlarına uyğun şəkildə formalaşdırmağa can atır.
Yəni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərmək istəyir ki, ölkəsinin İsraillə yaxınlaşması Ankaranın Fələstinə dəstəyinə təsir etməyəcək.
Türkiyə üçün İsrail-Fələstin münaqişəsinin bütün ölçüləri ilə nəzərdən keçirilməsi, bunun regional təsirləri ilə bağlı tənlikləri həll etmək önəmlidir – Abbas, ardınca Netanyahunun səfərinə həmin prizmadan baxmaq daha məntiqli olardı.(oxu.az)
Aqşin Kərimov