Dünyanın işinə baxın, üç il öncə “Vaqner” Belarusa soxulmuş, sabitliyi pozmağa cəhd etmişdi. Bu hadisə Belarusda prezident seçkilərinə iki həftədən az qalmış baş verib. Həmin vaxt dövlət xəbər agentliyi BelTA hüquq-mühafizə orqanlarına istinadən belə bir xəbər yaymışdı: “Minsk yaxınlığında “Vaqner” özəl hərbi şirkətinin 32 silahlısı saxlanılıb”.
Yenixeber.org: Agentliyin məlumatında bildirilirdi ki, daha bir şəxs ölkənin cənubunda tutulub. “Belarus 1” dövlət telekanalında saxlanılan silahlıların görüntüləri nümayiş etdirilmişdi. Boy-boya, məlul-müşkül şəkildə düzülmüş cantaraq muzdluların saxlanmasını əks etdirən kadrlar bütün xalqa nümayiş olunmuşdu. Yaxından çəkilişmiş kadrlarda “Vaqner”in muzdlu əsgərlərinə məxsus Rusiya pasportları, kredit kartları, ABŞ dollarından ibarət banderollar, Rusiya və Belarus rublları, həmçinin smartfonlar və prezervativlər göstərilirdi.
Dövlət agentliyi iddia edirdi ki, qrup iyulun 25-nə keçən gecə Minskə gəlib, şəhərdəki otellərdən birində qeydiyyatdan keçib və həmin gün oradan çıxmalı imiş, lakin dəstə iyulun 27-də oteli tərk edərək Minskdəki sanatoriyalardan birinə köçüb. Agentliyin məlumatına görə, "ruslar hərəyə bir əl çantası və üç böyük ağır çamadan daşıyıblar".
O zaman BelTA həmçinin bütün saxlanılanların adları və doğum tarixləri yazılmış siyahı dərc etmişdi. Belarus hüquq-mühafizə orqanları saxlanılan rusların ölkəyə seçki kampaniyası zamanı vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün gəldiyini ehtimal və iddia edib.
Bu, o demək idi ki, “Vaqner”i Belarusa göndərənlər Lukaşenkonun 6-cı müddətə prezident seçilməsini istəmirlər. Bu adamın prezident Putin olmaq ehtimalı böyük idi. Çünki ondan əvvəl Putin bir neçə dəfə Belarusu divara dirəmiş, qaza və yanacağa görə yığılan borcunu dərhal ödəməsini tələb etmişdi. Nəticədə əlacı kəsilmiş Lukaşenko Azərbaycanın üstünə borca gəlmiş və istədiyini alaraq canını Kremldən qurtarmışdı.
Putinin Lukaşenkonu xor gördüyünə dair başqa detallar, əlamətlər də vardı. Açıq hiss olunurdu ki, Kremldə “Batka” ləqəbli bu kişini sevmirlər. Amma üzdə bir söz, daldada başqa söz deyən liderlər kimi Putin də Lukaşenko ilə üz-üzə gələndə və kameralar önündə dostluqdan-qardaşlıqdan, əbədi müttəfiqlikdən bəhs edirdi.
O nə söhbət idi, “Vaqner”in killerlərini Minskə göndərmək nəydi?
Hər halda, nə “Vaqner”in səhra komandiri, nə də şirkətin sahibi Yevgeni Priqojin özbaşına deyildi ki, iki müttəfiq və qardaş dövlətin arasının dəyməsi ilə nəticələnə biləcək addım atsin, təxribat törətmək üçün bu ölkəyə soxulsun. Həm də bu, Priqajinin nəyinə lazım idi ki, Belarusda president Likaşenko olmasın, başqası olsun?
Əl-əlbət, “Vaqner”i Belarusa konkret təlimatlarla göndərən daha qüdrətli bir şəxs vardı. Bu işin üstü tezliklə yat-yut edildiyi, hadisənin sonrakı təhiqatının ardı gəlmədiyi və ya əldə olunan nəticələr açıqlanmadığı üçün bu qənaətə gəlmək olar ki, tərəflər necəsə anlaşdılar və susmaq qərarına gəldilər.
Bu gün isə məhz Belarus prezidenti Aleksandr Lukaşenko artıq “qudurub cığızığından çıxmış” “Vaqner”lə prezident Putinin arasına girdi və onların bir-birinə zərər verməsinə mane oldu. Beləliklə, Lukaşenko üç il öncə özünə qarşı birləşən bu iki şəxsin arasında sülhməramlı vasitəçilik misisyası yerinə yetirdi, hətta ölkəsində “Vaqner”çilərə sığınacaq və ya başqa ölkələrə keçib getmələri, uçmaları üçün keçid verdi.
“Vaqner” isə ingilis yazıçı Frederik Forsaytın “Savaş köpəkləri” romanındakı muzdluların bənzəridir. Onlar da az qüvvə ilə bir Afrika ölkəsinə girir, ölkənin müdafiə qüvvələrinin başıpozuqluğundan, səriştəsizliyindən istifadə edərək, prezident iqamətgahını ələ keçirir, diktator-prezidenti devirir, onun yerinə ölkənin qiymətli daşlarla, metallarla zəngin dağlarını iri sindikatlara peşkəş edəcək birini oturdurlar.
Əslində “Vaqner” əsasən Afrika ölkələrində fəaliyyət göstərir. Bu şirkətin muzdluları Mərkəzi Afrika Respublikasında, Sudanda, Liviyada, Suriyada lokal hərbi əməliyyatlar keçirir, xüsusi əhəmiyyətli dövlət obyektlərinin, məsələn, president iqamətgahlarının mühafizəsini təşkil edirlər. Məsələn, “Vaqner” Lifiyada general Haftarın tərəfində döyüşür, Suriyada prezident Əsədə kömək edir.
"Vaqner"in hərbi dəstək verdiyi liviyalı lider Xəlifə Xəftər
Rusiya rəsmiləri son dövrlərə qədər “Vaqner”in mövcudluğunu inkar edirdilər. Kreml yalnız onu bildirirdi ki, özəl olaraq ruslar xaricdə hərbi əməliyyatlarda iştirak edə bilərlər. Muzdlu fəaliyyət Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsi ilə qadağandır.
Hətta ötən ilin fevralında Rusiya Ukraynada aktiv hərbi əməliyyatlar başlayana qədər Yevgeni Priqojin özü də “Vaqner”lə hər hansı əlaqəsi olduğunu inkar edirdi. Ancaq indi hər şey ortadadır: bütün Rusiya, eləcə də bütün dünya “Vaqner”dən, Priqojindən, Putindən və onların münasibətindən, münaqişəsindən danışır.
Güman ki, baş tutmayan qiyam və ya Lukaşenkonun qarşısnı aldığı vətəndaş müharibəsindən sonra Rusiyanın uçsuz-bucaqsız ərazisi “Vaqner”ə dar gələcək. Bu şirkətin döyüşçüləri yəqin ki, əvəvlki kimi coşmuş vətənpərvərlik hissi ilə Ukraynaya qarşı da döyüşmyəcəklər və onlara daha çox ehtiyac olan ölkələrə, inkişaf etməkdə olan Afrika dövlətlərinə gedəcəklər.(musavat)
Araz Altaylı