Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gəlmiş-getmiş liderlər və 100 illik seçki ənənəsi – Türkiyə dünəndən bu günə

Bir əsrlik tarix: ən uzunömürlü rəhbər, ən qısamüddətli prezidentlik, ən yaddaqalan seçkilər

Yenixeber.org: Türkiyədə prezident və parlament seçkiləri başa çatıb. Prezident postu uğrunda 3 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə müxalifətinin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

Prezident seçkilərinin birinci turu zamanı namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməyib və mayın 28-də səsvermənin ikinci turu baş tutacaq. Parlament seçkilərində isə 24 partiya və 151 müstəqil namizəd iştirak edib. İlkin nəticələrə görə, üstünlük hakim “Cümhur İttifaqı”nın tərəfindədir.

Türkiyənin seçki ənənələri və tarixi ilə bağlı kiçik araşdırma aparmıçıq. Beləliklə:

Ötən əsrin 23-cü ilindən bəri, 100 il ərzində Türkiyədə prezidentlər müxtəlif üsullarla seçilib. Birinci turda qalib gələnlər də olub, hərbi qiyam yolu ilə hakimiyyətə yiyələnənlər də.

Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk Türkiyə tarixində yekdilliklə prezident seçilən ilk siyasi xadim olub. Bu günə qədər qardaş ölkədə ümumilikdə 21 prezident seçkisi baş tutub. Hər seçkilər müxtəlif şəkildə yekunlaşıb və Türkiyənin siyasi tarixində fərqli izlər buraxıb.

Birinci turda Mustafa Kamal Atatürk və İsmət İnönü 4 dəfə, Cəlal Bayar 3 dəfə, Camal Gürsel 1 dəfə, Cevdet Sunay 1 dəfə prezident seçilib. Turqut Özal, Süleyman Dəmirəl, Əhməd Necdət Sezər və Abdullah Gül üçüncü turda seçilərək prezident olublar. Fahri Korutürkün seçilməsi 15-ci turda nəticələnib. 1980-ci il 12 sentyabr hərbi çevrilişindən öncəki prezident seçkiləri isə başa çatmamış sonlandırılıb, parlament buraxılıb.

Müxtəlif partiyalara rəhbərlik edən 6 lider Türkiyənin prezidenti vəzifəsinə seçilib. Bunlar Mustafa Kamal Atatürk, İsmət İnönü, Cəlal Bayar, Turqut Özal, Süleyman Dəmirəl və Rəcəb Tayyib Ərdoğandır. Atatürk və İsmət İnönü prezident olduqları müddətdə partiyalarının başqanı olublar. Digərləri isə partiya sədrliyini tərk edib. Rəcəb Tayyib Ərdoğan ilk seçkisində Partiyanı tərk edib, növbəti seçkidə isə partiya başqanı olaraq prezident seçilib.

Atatürk 15 il ərzində Türkiyəyə rəhbərlik edib və ən uzunömürlü prezident kimi adını tarixə yazıb. Onu 11 il 6 ayla İsmət İnönü və 10 illə Cəlal Bayar izləyir. Ən qısa müddətli prezident vəzifəsini icra edən isə Turqut Özaldır - 3 il 6 ay. Mustafa Kamal Atatürk, İsmət İnönü, Camal Gürsel, Cevdet Sunay, Fahri Korutürk və Kənan Evren hərbi təyinatlı prezidentlər olaraq Türkiyənin tarixinə düşüblər.

Son seçkilərdə isə prezidentlik uğrunda üç namizəd mübarizə aparıb. “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident, 69 yaşlı Rəcəb Tayyib Ərdoğan İstanbulun Qasımpaşa bölgəsində dünyaya göz açıb. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini 1973-cü ildə isə İmam Xatib liseyini bitirib. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində alıb. 16 il peşəkar futbol karyerası ilə məşğul olub. 1980-ci ildən sırf siyasi fəaliyyətlə məşğul olmağa başlayıb.

1980-ci il çevrilişindən sonra ləğv edilmiş Milli Səlamət Partiyasının xəttini davam etdirən Ərdoğan 1983-cü ildə qurulmuş Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdıb. Deputat və bələdiyyə seçkilərində bir neçə dəfə məğlubiyyətə uğrayıb. Bir dəfə isə qalib gəldiyi halda onun deputat mandatı ləğv olunub. Siyasi fəaliyyətinə görə həbs olunan Ərdoğan 2002-ci ildən Türkiyəyə liderlik edir.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 2010-cu ildən bu partiyaya rəhbərlik edir. 75 yaşlı Kılıcdaroğlu əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlayıb. Banklardan birinin İdarə Heyətinin üzvü olub. 1999-cu ildən başlayaraq Kamal Kılıcdaroğlu bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq edib. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilib. 2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CHP fraksiyasının həmsədri olub və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra edib. 2009-cu ildə CHP-dən İstanbul bələdiyyə sədrliyinə namizəd olsa da, 37 faiz səs toplayıb və kiçik fərqlə məğlub olub.

“Ata İttifaqı”nın namizədi Sinan Oğan İğdır vilayətində anadan olub və Azərbaycan əsillidir. Uzun müddət Milliyətçi Hərəkat Partiyasının (MHP) üzvü olan 57 yaşlı Sinan Oğan Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Bakıda yaşayan namizəd Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində çalışıb. 2000-ci ildə Türkiyəyə qayıdıb və Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir.

Seçkilərə bir neçə gün qalmış namizədliyini geri götürən və buna baxmayaraq, adı seçki bülletenlərində saxlanan Məmləkət Partiyasının sədri, 60 yaşlı Məhərrəm İncə Yalova şəhərində dünyaya gəlib. Cümhuriyyət Xalq Partiyasından (CHP) bir neçə çağırış millət vəkili olub. Vaxtilə CHP-nin fəallarından olan İncə 2018-ci ildə bu partiyanın prezidentliyə namizədi olub. Prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi olaraq təxminən 30 faiz səs toplayıb.

Göründüyü kimi, Türkiyə tarixi siyasi mərhələnin astanasındadır. Parlament seçkilərinin taleyi artıq həll olunsa da, prezident seçkilərinin ikinci turu keçiriləcək. İlkin ehtimallara görə, mayın 28-də baş tutacaq təkrar seçkilərdə hazırki prezident Rəcəb Tayyib Ərdoğanın şansı daha çoxdur.

Bu seçkilərin Türkiyənin siyasi həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacağına inanır, qardaş Türkiyə xalqına isə ədalətli seçim arzu edirik!(AYNA)

Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam