Azərbaycanlıların 31 mart soyqırımının 105-ci ildönümüdür. “Böyük hadisələrə əsl qiymətini vermək üçün zaman gərəkdir”, deyirlər.
Yenixeber.org: Amma bunu faciələrə aid etmək çətindir. Faciə – ağrıdır. Zaman keçdikcə uyuşur, keyiyir. Sonra siyasət başlayır: “cinayətin beynəlxalq aləmdə tanınması”, “ədalətin bərpası”…
Elə şeylər var ki, onları bərpa etmək olmur.
Çox vaxt düzgünü böyük faciələrə öz zamanında verilmiş qiymət olur.
Bəs tarixdə azərbaycanlıların ən dəhşətli soyqırımına isti-isti verilmiş qiymət necə olub? Onu yaşamış insanların bizə sözü, ismarıcları nədir?
Bunu elə həmin günlərdə təşəkkül prosesində olan müstəqil Azərbaycan dövlətinin banisi, hakim partiyanın parlament fraksiyasının sədri, digər tərəfdən qırğınların şahidi, sonra isə onların birinci ildönümündə matəm tədbirlərinin təşkilatçısı Məhəmməd Əmin Rəsulzadənin öz dilindən eşidək.
…Mart soyqırımının ildönümü yaxınlaşırdı. Səkkiz ay əvvəl yaradılmış Fövqəladə İstintaq Komissiyası, hələ ki, Şaumyanın bolşevik-daşnak dəstələrinin Şamaxıda, erməni quldurlarının İrəvan quberniyası ərazisində törətdikləri cinayətləri araşdırırdı. Qarşıda böyük iş dururdu: Bakı, Quba, Qarabağ, Naxçıvan…
Mart ayının 28-ci günündə Bakıda “Müsavat” firqəsinin binasında əmək kollektivlərinin 300 nümayəndəsinin iştirakı ilə konfrans təşkil olunmuşdu. Məclisə ölkənin ictimai-siyasi xadimləri də dəvət edilmişdi. Tədbiri firqənin rəhbəri və iclasın sədri Rəsulzadə açdı.
M.Ə.Rəsulzadənin giriş sözündən:
“Həzərat, bu gün bizi buraya toplayan məsələ mart matəmidir. Əlbəttə, bundan
bir il əvvəli xatırlarsınız. O zaman bizlər geniş bir salonda, “İsmailiyyə” binasının işıqlı binasında toplanardıq. İndi bu darcıq otaqlarda
yığışmaq məcburiyyətindəyiz. (Bakının bir çox gözəl binaları ilə birdə ermənilər
“İsmailiyyə”ni də yandırmışdılar – red.)
Mart hadisələrini xatırlamalıyız. O gün bizim həyatımızda əbədiyyən unudulmaz
bir gündür. Bir millət şadlıq günlərini yadında saxladığı kimi, matəm günlərini də
unutmamalıdır.
Martın 18-i, təzə təqvimlə martın 31-i… Azərbaycan muxtariyyəti və azərbaycanlıların hürriyyətinin düşməni olanlar
“sovet” adı altında müsəlmanlara hərb elan eləmişlərdi. Müsəlmana hərb elan etmək “demokratik” olmadığından başqa bir ünvan lazımdı. Bu ünvan da
“burjuy müsavat” ola bilərdi. Fəqət onların ikiüzlülügünü kim örtə bilərdi?..
Məsələ burada idi ki, Rusiyanın burjuyuna da, bolşevikinə də Bakı lazım idi.
Onun üçün azərbaycanlılara ancaq “xarabazar” verilə bilərdi. Bunu bizə bolşevik
mətbuatı diyordu.
Mart faciəsi hürriyyət və muxtariyyət əvəzinə bizə xarabalıq vermək istəyənlərin
cinayəti idi.
Onun üçün martda kəsilən minlərlə qurbanlar, fəda edilən şəhidlər Azərbaycan
fikri-hürriyyət və istiqlalının qurban və şəhidləridir.
Biz onları martın 31-də xatırlamalı, o günü həyatı durduraraq matəmə girməli,
ruhlarına fatihə oxumaqla
“Qanımız bahasına alınan hürriyyətimizi qanımızı tökməklə olsa da, mühafizə
edəcəgiz”, deməliyiz”.
Müsəlman nümayəndələrinin konfransı martin 31-ni matəm və qeyri-iş günü elan etmək,
soyqırım qurbanlarının xatirəsini möhtəşəm tətillə yad etmək qərarı verdi.
Rəsulzadə “Nümuneyi-imtisal bir gün” məqaləsində (“Azərbaycan”, 2 aprel 1919-cu il) yazırdı ki, bu məclisin həmin qərarına Bakının bütün məhəllələri tabe oldu, matəm-tətil komitəsi yaradıldı, məhəllə məscidlərinin din xadimlərindən ayrıca şöbə təşkil edildi. Azərbaycan qəzetləri matəm nömrələri çıxardılar.
Matəm səhər saat 8-dən axşam saat 6-ya qədər təyin olunmuşdu.
Narahatlıq doğuran tətilə müsəlman olmayan fəhlə təşkilatlarının necə baxacağı idi: tətil hər yerdə müntəzəm və mütəşəkkil surətdə gedəcəkmi?
Rəsulzadə yazırdı:
“Kəndilərini bilməm hansi haqqa görə bütün Bakı füqərayi-kasibəsinin nümayəndəsi adlandıran “Raboçi konfrans” heyəti-idarəsi ilə keçmişdəki tətilləri idarə edən “Staçeçni komitet” ağızlarına su
almışlardı.
26 bolşevik komissarlarından ötrü ümumi tətil etdirmək istəyən və əllərində
qara bayraqlar və Şaumyanın fotoqrafı olaraq nümayişlər yapan “fəhlə nümayəndələri”
on minlərlə şəhid düşən günahsız mart qurbanlarını xatırlamaq üçün çox da
tələsmək istəmiyorlardı”.
Nəhayət, müsəlman fəhlələrinin qətiyyətini görən rusyönlü “Raboçi konfrans” idarəsi də
martın 29-da səsini çıxarmalı oldu. Amma işə pəl vurmaq üçün ayın 31-ni deyil, 30-nu matəm günü və bu münasibətlə mitinq elan etdi. Ertəsi nə mitinqlərə gələn oldu, nə də
mitinqi çağıranlar özləri ortalığa çıxdılar. “Raboçi”lərin təxribatı bununla bitmədi. Yenidən yığışıb,
bu dəfə martın 31-ni matəm günü və eyni zamanda tətil elan etdilər. Ancaq tətilə saat 12-dən
başlamağa qərar verdilər. Əsas o idi ki, “Müsavat”ın sözü keçməsin, həm də səhər işə çıxacaq fəhlələri
sonra yola gətirməyi düşünürdülər. Bu məqsədlə gecə saat 1-də tələsik vərəqələr çap etdilər, heç orada da tətildən müfəssəl bir söz deyilmir, söhbət qəsdən başqa ruhda aparılırdı.
Bu, Rəsulzadəni qəzəbləndirmişdi:
“Raboçi konfrans” idarəsində bardaş quran… bolşevik “rəislər” mart gününü “matəm” deyil,
bacarsalardı “bayram” edərlərdi…
Fəqət türk demokratiyası.. martın 31-də kəndi qüvvətini göstərəcək, mart şəhidlərinin matəmi ilə müvəffəqiyyətsiz mitinqlər yapmaq surətilə oynamaq mümkün olmadığını isbat edəcəkdi.
O, bu gün bütün həyatı durduracaq, bununla kəndisinin nə kimi xatirisayar bir qüvvət olduğunu
bildirməklə bərabər, martda tökülən nahaq və məsum qanların daha ağızsürütdürmə bir “matəm”lə
yad olunacaq “əhəmiyyətsiz” hadisə olmadığını bütün cahana qarşı elan edəcəkdi”.
Matəm günü gəldi. Səhər saat 6-dan bütün fabrik-zavodlarda “xəbərdarlıq fiti” çalındı,
mədənlər dayandı.
Şəhərdə bir dənə olsa da açıq dükan yox idi, fayton, araba tapılmırdı. Gəmilər matəm əlaməti olaraq bayraqlarını yarıya endirmişdi,
şəhərdə və mədənlərdə böyük bir sükut hökm sürürdü…
Günorta məscidlərdə yas məclisləri quruldu. Saat ikiyə yaxın Təzəpir məscidinin həyəti doldu,
yasin oxundu, fatihə verildi, tətil komitəsinin üzvləri çıxışlar etdilər.
Rəsulzadə məqaləsində qeyd edirdi:
“Zabastovka tarixi ilə tanış olanlar söyliyorlar ki, Bakı bu vaxta qədər belə bir tətil görməmiş!.. Aşura günü belə bu dərəcədə keçməmişdir.
Hər zabastovkada az olsun, çox olsun, işə şətəl qatanlar daima görülmüşdür.
Fəqət bu dəfə mübahisəsiz hər kəs dəvətə ləbbeyk demiş, işindən əl çəkmişdi!..
Aşura yalnız müsəlmanlara məxsus ikən, bu gün Azərbaycanın bir vətən matəmi olduğundan bütün azərbaycanlılar matəm saxlamışlardı.
Bu günə mən matəm günü deyil, birlik günü deyəcəyəm!
Türk demokratiyası bu gün kəndi idarəsinin nə dərəcədə nüfuzlu və kəndi təşkilatının
nə qədər təsirli olduğunu təcrübə ediyordu. Təcrübə əla dərəcədə müvəffəqiyyətli çıxdı…
Tətil yalnız əzəməti, istisnasızlığı ilə deyil, intizam və asayişpərvərliyi ilə də diqqəti cəlb
ediyordu.
Zabastovka texnikasını bilənlər böylə bir tətil keçirmək az-az mümkün olur diyorlardı.
Bütün gün kimsəyə təcavüz edilməmiş, cüzi də olsa bir hadisə çıxmamışdır!”
Həqiqətən də həmin gün nə kimsə bir təxribata getdi, nə də nəfsinə uyub işə yaxın durdu.
Dərd və milli hisslərin dərinliyi hətta ən kasıb, ehtiyacı olan təbəqələri də birləşdirmişdi.
Bunu dəniz limanında baş vermiş hadisə nümayiş etdirirdi. Orada xarici gəmilərdən birinin
yükünün boşaldılması üçün körpü hamballarına 6.000 rublə təklif olunmuşdu, ancaq hamballar
bu çox cəlbedici təklifi rədd edərək, matəm-tətil komitəsinə məlumat vermişdilər.
Rəsulzadə ilk 31 mart matəm gününə həsr olunmuş məqaləsini belə yekunlaşdırırdı:
“Bugünkü tətil türk demokratiyasının, müsəlman camaatinin nə dərəcə təşkilat və intizam qabiliyyətinə
malik olduğunu aşkar etmişdir. Bu qabiliyyəti tərbiyə edən, onu doğru və salim bir yola salan, həqiqi
millət mənfəəti ilə çalışan siyasi firqələrimiz fəaliyyət və təşəbbüslərini artırar və hərəkətlərində
ciddi olarlarsa, o zaman Azərbaycan paytaxtında, kasıb-füqəra naminə işləyib də hərəkətlərində Azərbaycan ruh və məqsədi ilə uyuşa bilməyən təşkilat əhəmiyyət
və mənasını qayib edər.
1919 sənəsi mart matəmində xalqimizda görülən təşkilat istedadını hüsni-istifadə etmək, heç şübhəsiz ki, 1918 sənəsi mart şəhidlərinin məzlum ruhlarını razı salacaq ən böyük mükafat, ən gözəl ehsandır!
Buna çalışalım!
1919-cu il martın 31-i bizə birlik və ittihad üçün bir nümuneyi-imtisal təşkil eləsin!”
Şübhəsiz, bütün əlamətlərinə görə soyqırım olan 31 mart – 2 aprel hadisələrinə, doğrudan da,
bundan dəqiq qiymət vermək, onların günahkarları və qurbanları üçün bundan uyğun status müəyyənləşdirmək çətindir: 31 mart – Azərbaycan xalqının kənardan gələn bütün təhlükələr
qarşısında Birlik və Mütəşəkkillik günüdür; mart faciəsi – hürriyyət əvəzinə bizə xarabalıq vermək istəyənlərin cinayətidir; o qırğının qurbanları isə
Azərbaycan fikri-hürriyyət və istiqlalının şəhidləridir!
Həmin şəhidlərin ruhuna ithaf edilmiş bu məqalənin də elə Məhəmməd Əmin Rəsulzadənin başqa bir məqaləsindən iqtibasdan uğurlu sonluğu ola bilməz:
“Mart şəhidlərinin ruhi-məzlumi qarşısında diz çökəlim: çökəlim də deyəlim ki:
Siz məzlum oldunuz, biz sizin bu məzlumiyyətinizin qisasını almaq üçün qanınız bahasına aldığımız hürriyyət və istiqlalı bərk saxlayacağız” (“Azərbaycan”, 31 mart, 1919-cu il).