Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənilər Avropanı nə ilə qorxudur? -ŞƏRH

          Ekspert: “Laçın yolundakı aksiya artıq öz məqsədinə qismən nail olub”

Yenixeber.org: Azərbaycanlı könüllülərin və ekoloqların Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulması, Qızılbulaq və Dəmirli mədənlərində monitorinq aparılmasına icazə verilməsi tələbi ilə Laçın-Xankəndi yolunda təşkil etdiyi etiraz aksiyası artıq 100 gündən çoxdur davam edir.

Ekoloji fəallar hər iki istiqamətdə hərəkətə mane olmadan Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Nümayişçilər “Azərbaycan öz torpağının sahibidir!”, “Ekoloji cinayətlərə son!”, “Ekoterrora son!”, “Təbiəti qoruyaq!”, “Ekosidə yox, Monitorinqə hə!” şüarlarını səsləndirməkdə davam edirlər.

Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı bütün bəyanatlarında hər zaman Qızılbulaq qızıl və Dəmirli mis-molibden mədənlərinin sərvətlərinin qanunsuz istismarını diqqət mərkəzində saxlayır. Qeyd edək ki, bu mədənlərə giriş yalnız Laçın yolu ilə mümkündür.

İrəvan davam edən etirazların “yolun bağlanmasına” səbəb olduğunu iddia edir.

Amma Azərbaycan dəfələrlə erməni tərəfinin iddialarını təkzib edərək, yolun humanitar və mülki yüklərin daşınması üçün açıq olduğunu bəyan edib. İstər Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları, istərsə də İkinci Qarabağ müharibəsindən sonra bölgədə yerləşdirilən Rusiya hərbçiləri üçün təchizat avtomobilləri Laçın yolu ilə sərbəst hərəkət edir.

Laçın yolu ətrafında yaranan gərginlik fonunda beynəlxalq vasitəçilik də daxil olmaqla, sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar dalana dirənib.

Martın 21-də Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya kontingentinin qanunsuz erməni silahlı birləşmələrinə məxsus maşınları müşayiət etməsini qeydə alıb.

Azərbaycan tərəfi texniki müşahidə vasitələri ilə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində Rusiya qüvvələrinə məxsus 1 ədəd ZTR-82A döyüş maşınını, ermənilərə məxsus 3 ədəd tentli URAL-ı və yanacaq çəni olan KamAZ-ı, ümumilikdə 5 hərbi maşının hərəkətini qeydə alıb.

Elə həmin gün ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Azərbaycan Prezidentinin mətbuat xidməti xəbər verir ki, tərəflər Laçın yolu ətrafında yaranmış vəziyyət müzakirə ediblər. 

Dövlət başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən indiyədək Rusiya qüvvələrinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə 4700-dən çox avtomobilin, tibbi yardıma ehtiyacı olan insanlar və onları müşayiət edən şəxslərin keçidi təmin edilib. Ona görə də, guya bu yolun blokadaya alınması ilə bağlı məlumatlar Ermənistanın növbəti yalanıdır.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanın qeyri-qanuni hərbi daşımalar üçün alternativ yoldan istifadə etməsi, Rusiya qoşunlarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə şəxsi heyətin rotasiyası, eləcə də Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bununla bağlı İ.Əliyev Laçın yolunun Ermənistanla sərhədin sonuncu hissəsində keçid məntəqəsinin yaradılmasının zəruriliyini vurğulayıb.

Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov bizimlə müsahibəsində bununla bağlı fikirlərini bölüşüb.

– Beləliklə, azərbaycanlı ekoloqların təşəbbüsü hansı məqsədlərə nail ola bildi, hansı nəticələrə gətirib çıxardı? Bundan sonra nə baş verə bilər?

– Laçın-Xankəndi yolunda keçirilən aksiya beynəlxalq diqqəti 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Sazişin icrası ilə bağlı bir sıra problemlərə yönəldə bildi. Ekoloji problemin özü – Rusiya kontingentinin məsuliyyət zonasındakı Qızılbulaq və Dəmirli mədənlərinin istismarı və ətraf mühitin çirklənməsi məsələsi texniki səbəblərdən kölgədə qalıb. Çünki ermənilər bu yataqların monitorinqinə nə Azərbaycanın dövlət strukturlarının, nə azərbaycanlı, nə də üçüncü tərəfin ekoloqlarının girməsinə imkan verirlər.

Ermənilər də öz növbəsində bu aksiyadan öz təbliğat məqsədləri üçün istifadə etməyə çalışaraq, erməni əhalisinin “blokadada” qaldığını car çəkiblər, guya “humanitar fəlakət” ola biləcəyini iddia ediblər. Hər şeyə çox tez inanan avropalılara arxalanan Ermənistan hətta Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. Amma 2022-ci ilin dekabrındakı nəticə iddiaçı tərəfin gözlədiyi kimi olmadı.

AİHM Azərbaycan hakimiyyətinin “Laçın dəhlizi”nə nəzarət etməsi ilə bağlı iddianı “mübahisəli və aydın olmayan” hesab edib. Eyni zamanda,  “ağır xəstələrin, Ermənistanda müalicəyə ehtiyacı olanların, sığınacaqsız və vəsaitsiz yolda qalan digər şəxslərin” Laçın yolundan təhlükəsiz keçməsini təmin etmək üçün bütün tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.

Erməni təbliğatçıları daim xristian Avropa ictimaiyyətini “erməni qanına susamış əyri qılınclı türk yeniçəriləri” ilə qorxutmağı sevir. Yalnız plakatlarla silahlanmış ekoloqlar isə heç bir halda onlara bənzəmir. Mədənlərin monitorinqini aparmaq imkanından məhrum olan ekoloqlar hazırda Laçın yolu vasitəsilə Qarabağdan Ermənistana və geriyə gedən Rusiya qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərinin keçidini uğurla monitorinq edir, bunun foto və videolarını internetdə yerləşdirirlər. Üç aylıq fəaliyyət zamanı demək olar ki, 5000 avtomobilin keçməsi heç bir halda “Leninqrad blokadası”na bənzəmir.

AİHM-in qərarında söhbət açılan ağır xəstələrin Qarabağdan Ermənistana daşınması ilə bağlı vaxtaşırı məlumat verən Beynəlxalq Qırmızı Xaç Komitəsi də “blokada” mifinin ifşasına öz töhfəsini verir.

Əvəzində bu sənəd başqa daha bir mühüm məqama – Laçın yolu ilə hərəkətlə bağlı məsələlərdə Azərbaycanın yurisdiksiyasına toxundu. Aydındır ki, “dəhlizin” özündə Azərbaycanın yurisdiksiyası müvəqqəti olaraq Rusiya qoşunlarına güzəştə gedilib. Amma Laçın rayonunda dövlətlərarası sərhəddə tərəflərin nəzarət hüququ da var ki, bunu hələ heç kim ləğv etməyib. Azərbaycan AİHM-in qərarında qeyd olunan “təhlükəsiz keçid” üçün Ermənistandan bu yola silah, sursat, hərbi texnika, hərbi heyətin axınını dayandıra bilər (və dayandırmalıdır!).

Texniki cəhətdən bunun üçün sərhədin cəmi bir neçə kilometr uzunluğunda kiçik hissəsinin delimitasiyası və demarkasiyası tələb olunur. Rusiya tərəfi bir neçə dəfə bununla bağlı yardım edəcəyinə söz verib və onun əlində bunun üçün lazımi coğrafi xəritələr var. Həmçinin, hər iki tərəfdən insanları və malları yoxlayacaq keçid məntəqələri quraşdırmaq lazım gələcək.

Dövlətlərarası daşımalarda adi hal olan belə nəzarət nəinki yolda sərbəst hərəkətə maneə olmazdı, eyni zamanda bu hərəkətin təhlükəsizliyi təmin edilərdi. Zaman keçdikcə Zəngəzur dəhlizi ilə hərəkət açılanda eyni sual mütləq şəkildə ortaya çıxacaq. Burada guya fərqli vəziyyət olduğunu demək ikiüzlülükdür.

– Ermənilərin artıq çıxış yolunu tapdıqlarını – Rusiya qoşunlarının müdafiəsi altında dolama yoldan istifadə etdiyini nəzərə alsaq, ekoaksiya nə vaxta qədər davam edə bilər?

– Aksiya artıq qismən öz məqsədinə nail olub – Qarabağın Bakının nəzarətində olmayan hissəsindən faydalı qazıntıların çıxarılması dayandırılıb. Erməni tərəfinin mövqeyinə görə dalana dirənmiş digər məsələ – mədənlərdən istifadənin monitorinqinə gəlincə, bu, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin nəzarəti altında pilotsuz uçuş aparatlarının köməyi ilə həyata keçirilə bilər. Bundan əlavə, “Azərkosmos” ASC yanvar ayında bəyan etdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki su ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə “Azərsky” peykindən alınan kosmik təsvirlərdən istifadə etməklə su anbarlarının, dağ göllərinin və çaylarının monitorinqi həyata keçirilir. Eyni müvəffəqiyyətlə bu üsuldan istifadə edərək, ekoloqları narahat edən digər obyektləri də müşahidə edə bilərik. Belə bir nəzarət qurulandan sonra bu aksiyanın davam etdirilməsi zərurəti aşkar şəkildə aradan qalxacaq.

Ermənistandan Xankəndinə gedən dolama yola gəlincə, Üçtərəfli Bəyanatda yalnız alternativ Laçın yolunun çəkilməsinə toxunulurdu və Azərbaycan tərəfi ötən il avqustun əvvəlində bu işi vaxtından əvvəl başa çatdırdı. Bu sənəddə digər yolların fəaliyyət göstərməsindən, eləcə də qadağan olunmasından söhbət getmir.

Lakin söhbət bundan yox, AİHM-in Azərbaycandan Laçın yolu ilə təhlükəsiz hərəkəti təmin etməyi tələb etməsindən gedir. Xatırladaq ki, qərar Ermənistanın təşəbbüsü ilə qəbul edilib. Amma indi bu yolun ətrafında silahlı ermənilər hərəkət edir və rus hərbçiləri buna reaksiya vermirlər. Bunun necə bitəcəyini martın 5-də hər iki tərəfdən bir neçə nəfərin itkisi ilə müşayiət olunan insident göstərdi. Əslində, bu, Rusiya hərbçilərinin belə səfərlərin qarşısını almalı olduğu məhz həmin hadisədir.

ABŞ-ın regiondakı vəziyyətlə bağlı narahatlığına gəlincə, 1992-ci ildə qəbul edilmiş və bu gün də qüvvədə olan Azadlığa Dəstək Aktına 907 saylı Düzəlişin davam edən təsiri onun müsbət qiymətləndirilməsinə mane olur. Bu dəyişikliyə əsasən, “Prezident, Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı bütün blokadalara və digər hücum xarakterli güc tətbiqinə son qoymaq üçün nümayişkaranə addımlar atdığını müəyyən edib Konqresə məlumat verənə qədər”, ABŞ Azərbaycan hökumətinə birbaşa hərbi və texniki yardımı göstərə bilməz. Qeyd edim ki, həmin dövrdə “hücum xarakterli güc tətbiqi” Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək cəhdi ilə əlaqəli idi (sonralar BMT Təhlükəsizlik Şurası öz qətnaməsində bunu tələb etmişdi). Ermənistanın “blokadası” isə Naxçıvanın blokadaya alınması və Ermənistan-Azərbaycan sərhədində genişmiqyaslı hərbi əməliyyatların nəticəsi idi.

Deyəsən, indi də ekoloqların dinc aksiyası Vaşinqtonda yenidən Bakıya təzyiq etmək istəyi yaradır. Madlen Olbraytın dörddə bir əsr əvvəl söylədiyi fikri xatırlamaq yerinə düşər: “907-ci düzəliş ABŞ-ın milli maraqlarına xələl gətirir, onun Qarabağ münaqişəsinin həllində neytrallığına, Azərbaycanda iqtisadi və hüquqi islahatları dəstəkləmək imkanlarına, Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişafı istiqamətində səylərin zərbə vurur”. Bu baxış bu gün daha aktualdır.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam