Yenixeber.org: Bundan əvvəlki məqaləmdə Qərbi Berlinin SSRİ tərəfindən blokadası, ABŞ və Böyük Britaniyanın isə hava təchizatı barədə yazmışdım. Həmin hadisələrin ən duyğusal əhvalatı “kişmiş bombardmanları” idi.
***
Hava təchizatında iştirak edənlərdən biri də “Douglas C-54 Skymaster” nəqliyyat təyyarəsinin 28 yaşlı amerikalı pilotu, leytenant Geyl Halvorsen idi. Onun portativ kinokamerası vardı və boş vaxtı olanda (blokadanın ilk günləri uçuşlar çox deyildi) Berlinin görüntülərini lentə alırdı. İyulun 17-də isə elə Tempelhof hava limanında enən və qalxan təyyarələri, ətraf əraziləri çəkirdi. Bu zaman onun diqqətini tikanlı məftildən ibarət hasarın o biri üzündə yığışan 8-14 yaşlı otuza qədər uşaq cəlb etdi.
Pilot onlara yaxınlaşaraq, söhbətə başlayır. Daha böyük uşaqlar məktəbdən yadlarında qalan ingiliscə ilə fikirlərini izah etməyə çalışırlar. Halvorsen söhbəti belə təsvir edir: “Onlar bizim gətirdiyimiz ərzaq və kömürə görə minnətdarlıqlarını ifadə edirdilər. Onlar deyirdilər, vaxt gələcək, bizim çoxlu azuqəmiz olacaq, amma azadlığımızı itirsək, onu heç zaman qaytara bilmərik, sadəcə, indi bizi atmayın”.
Uşaqlarla söhbət leytenantı o qədər aludə edir ki, saatına baxanda 1 saata qədər vaxt keçdiyini görür. Uşaqlara “narahat olmayın, sizi atmarıq” deyib, vidalaşır. 5-6 addım gedəndən sonra geri qayıdır və uşaqlara nəsə tapıb vermək üçün ciblərini axtarır, amma cibində “Wrigley’s Doublemint” saqqızının iki plastinindən başqa bir şey yox idi.
Halvorsen saqqızı uşaqlara verir, onlar da xırda tikələrə bölərək, aralarında paylaşırlar. Ancaq yenə də hamıya çatmır, bəziləri saqqızın sadəcə kağızını iyləməklə kifayətlənməli olurlar. Uşaqların bu comərd davranışı da pilotda dərin təəssürat oyadır: “Orada sarsılmış halda durub baxırdım. Həmin an məni dəyişdi”. O, sabahkı uçuşunda onlara daha çox şey gətirəcəyini və təyyarədən tullayacağını deyir. Uşaqların “bəs sizin təyyarəni necə tanıyacağıq?” sualına pilot “sizin üçün qanadları tərpədəcəm” cavabını verir.
Həmin gün Qərbi Almaniyaya qayıdan Halvorsen heyətinin digər üzvlərinə – Con Pikerinqə və Herşel Elkinsə vəziyyəti izah edir, gündəlik şirniyyat paylarını berlinli uşaqlara aparmağı təklif edir. Onlar da razılaşırlar. Bağlama hazır olandan sonra təyyarəçilər onların havadan atılan zaman uşaqlara ciddi xəsarət yetirə biləcəklərini düşünürlər və buna görə cib dəsmallarından mini-paraşütlər hazırlayırlar.
Ertəsi gün Halvorsenin təyyarəsi Berlinə uçarkən ilk “bombardman”ı həyata keçirir. Onlar müəyyən şirniyyat ehtiyatının toplanmasını gözləməli olduqlarından bu bombardmanı həftədə yalnız bir dəfə həyata keçirə bilirlər. Hər dəfə də Tempelhof yaxınlığında toplaşan uşaqların çoxaldığını görürlər.
Üçüncü belə bombardmandan sonra Qərbi Almaniyaya qayıdan Halversonu komandiri polkovnik Houn yanına çağırır. Sən demə, bir alman fotoreportyor şirniyyat tullayan təyyarənin şəklini çəkib və həmin şəkil artıq qəzetdə dərc olunub. Cəzalandırılacağını düşünən pilota polkovnik deyir: “Generalın (general Uilyam Tanner) xoşuna gəlib. Davam edə bilərsən”.
Halvorsenin təşəbbüsü qəzetdə işıqlandırılandan sonra geniş rezonans doğurur. Əvvəlcə başqa təyyarə heyətləri öz gündəlik şirniyyat normalarını Berlin uşaqları üçün ayırmağa başlayırlar. Daha sonra isə entuziazm okeanın o tayına, ABŞ-ın özünə sıçrayır. Berlinli uşaqlar üçün şirniyyat toplanılması, eləcə də paraşütlər hazırlanması geniş yayılır. Amerika konditerlər assosiasiyası aksiyaya qoşulur.
İndi berlinli uşaqlara hər gün göydən şirniyyat yağırdı. Geyl Halvorsenin adı da xeyli məşhurlaşmışdı. 6 yaşlı Mersedes Uayld məktub yazaraq, evlərinin üzərindən uçan zaman ona da şirniyyat atmasını istəyir: “Bizim həyətdə toyuqlar var, onları görən kimi paraşütü atın. Onlar qorxsalar da eybi yoxdur”. Halvorsen toyuqları görmür, amma indi bağlamalar təkcə Tempelhof ətrafına deyil, Qərbi Berlinin başqa yerlərinə də atılırdı.
Bağlamalarda şokolad, konfet, saqqız, kişmiş və başqa şirniyyatlar olurdu. Buna görə də təyyarələri “kişmiş bombardmançıları” adlandırmağa başladılar. Aksiya almanların ictimai rəyində amerikalıların müsbət obrazının formalaşmasında ciddi rol oynayır. O zaman uşaq olan birisi çox sonralar Geyl Halvorsenə deyəcək: “O, təkcə şokolad deyildi. O, ümid idi”.
Geyl Halvorsen 1949-cu ilin yanvarında ABŞ-a göndərilsə də aksiya Berlin blokadası rəsmən bitənə qədər, 1949-cu il mayın 13-ə qədər davam etdi. Qərbi Berlinə 250 mindən çox paraşütdə 23 ton şirniyyat atıldı.
***
Geyl Halvorsen ölkəsinə qayıdandan bir neçə ay sonra evləndi və beş uşağı oldu. O, 1974-cü ildə polkovnik rütbəsində pensiyaya çıxdı. “Almaniya Federativ Respublikası qarşısında xirmətlərinə görə” və ABŞ-ın “Şərəf legionu” ordeni ilə təltif olundu.
O, Berlin blokadasının və hava körpüsünün yubiley ildönümlərinə həsr olunan bir neçə tədbirdə iştirak edərək, “kişmiş bombarmanı”nı təkrar etdi. 2002-ci ildə qış olimpiya oyunları Halvorsenin doğulduğu Solt Leyk Sitidə keçiriləndə alman nümayəndələrinin xahişi ilə açılış mərasimində “Almaniya” yazılan lövhəni Halvorsen daşıdı.
2013-cü ildə Berlindəki məktəblərin birinə onun adı verildi. Marmon kilsəsinə mənsub olan Geyl Halvorsen 2014-cü ildə çəkilən “Tanış olun: marmonlar” adlı sənədli film üçün seçilən 6 marmondan biri idi.
O, 2022-ci ilin fevralında 101 yaşında vəfat etdi.