Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası -TƏFSİLAT
“...XXI əsrin birinci yarısında Azərbaycanda, neft regionlarında (Xəzər neft hövzəsi nəzərdə tutulur - C.X.) bir-birini əvəz edən, ciddi nəticələrdə dayanan, güclü ekstremal şəraitlər yaranacaq. Oliqarxlar pullarını böləcəklər. Həmin pulların bir qismi Şərqi Avropa ölkələrində, həmçinin Almaniyada, Fransada, Hollandiyada, İsveçrədə və ABŞ-ın ayrı-ayrı ştatlarında Azərbaycana qarşı təbliğat üçün xərclənəcək... Bu labüddür. Ehtimal etdiyimiz proqnozlar XX əsrdə qaldı...” (Kanada, “Azad söz və azad fikir” cəmiyyətinin 2017-ci il üçün yekun
hesabatından).
Yenixeber.org: Adını qeyd etdiyimiz özəl cəmiyyət 2011-ci il iyunun 4-dən başlayaraq dünyadakı ekstremal şəraitlərin qeydiyyatı, səbəb və nəticələri, mahiyyəti ilə məşğul olur.
Bu istiqamətdə ciddi proqnozlarda dayanan cəmiyyətin ekspertləri, analitik və strateji təhlilçiləri hazırladıqları hesabat materiallarında Qafqaz regionlarına, o cümlədən Azərbaycana da geniş yer ayırıblar. Məsələn, kanadalı hərbi ekspert Edqar Maqlin göstərir:2019 – 2025-ci illərdə ekstremal şəraitlə üzləşəcək Azərbaycanın bir sıra regionları bu istiqamətdə bitkin konsepsiyaya malik olmadığından çətinliklər qarşısında qalacaq.
Gürcüstan 2016-cı ilin sonunadək ayrı-ayrı regionlardakı ekstremal şəraitdən əziyyət çəkəcək. Tbilisi üç istiqamətdən idarə olunacaq. Regionlarda cinayətkarlıq, narkomaniya, insan alveri, terrorçuluq artacaq. Ermənistanda isə 2020 – 2022-ci illərdə hakimiyyətə hərbçilər gələcək. Ekstremal şərait regionun iqtisadiyyatında, digər infrastrukturlarında daha qabarıq olacaq və s.
Pentaqon təhlilçiləri qeyd edirlər ki, 2020-ci ilin sonunadək dünyada əlavə 100 kiçik dövlətlər yaranacaq.
Azərbaycanda bu günə qədər keçirilmiş parlament və prezident seçkilərində siyasi partiyaların hər biri ayrı-ayrılıqda Bakının yaşayış məntəqələrində (həm cənub və həm də şimal hissəsində), hökümət və qeyri-hökümət strukturlarında, güc nazirliklərində, bank və maliyyə sistemində, dini icma və qurumlarda ekstremal şərait üçün mövcud olan mənbələrdən geniş istifadə ediblər və məlumata görə, bununla bağlı ayrı-ayrı səfirliklərin, diplomatik korpusların məxfi “otaq”larda keçirilən siyasi görüşlərdə, məsləhətləşmələrdə regiondakı ekstremal şəraiti yaradan mənbələrlə bağlı ayrıca söhbərlər edilir. Başqa bir məlumatda isə bildirilir ki, artıq siyasət meydanında hər bir prezidentliyə iddiyalı şəxsin mənsub olduğu partiya və cəmiyyətlərdə lazım olan vaxt “ekstremal şəraiti yarada biləcək” şəxslərin, jurnalistlərin, informasiya daşıyıcılarının, özəl telekanalların, qəzetlərin, siyasi liderlərin və nəhayət, görünməyən mənbələrin xüsusi siyahısı da tərtib edilir. Olsun. Bunlar yaşadığımız mühitdə təbiidir. Çünki qaşınmayan yerdən çıxan qan şirin olur...
Fikrimizcə, güc strukturlarındakı yeni təyinatlara qədər Azərbaycanın heç bir yaşayış məntəqəsi baş verəcək ekstremal hadisələrə və yaxud şəraitə hazır deyil. Başqa regionlardan fərqli olaraq ekstremal şərait Azərbaycan mühitində həm məntiqdir, həm hadisədir, həm də zərurət. Həm təbiətdə, həm də cəmiyyətdə bunun öz qanunauyğunluqları var. Təbiətdəki ekstremal şərait cəmiyyətə həmişə nüfuz edib və çox zaman dahilərin, tanınmış şəxsiyyətlərin, ciddi məntiqə söykənən yazarların, təhlilçilərin meydana çıxmasına iqlimin, coğrafi relyefin və sərhədlərin dəyişməsi səbəb olur. Məsələn, Azərbaycan təbiətində mövcud olan bir-birini əvəz edən ekstremal şəraitin nəticəsində regionun 9 iqlimindən 3-ü məhv olub. Nəticədə bu ekstremal şəraitdə təbiətlə yanaşı, insan orqanizmində də ciddi dəyişikliklər baş verib. Orqanizm bir sıra xəstəliklərin viruslarına qarşı immunitet zəifliyi göstərərək sindromlara məruz qalıb. Məsələn, cənub regionlarının üdə biri, şimal regionlarının isə ikidə biri “ölü iqlim zonası” elan edilib. Rəsmi sənədlərdə bu, qeyd olunmasa da, xüsusən həm İranın və həm də RF-nın “Ekoloji kəşfiyyat” sənədlərində xatırlanır. Digər tərəfdən, məsələn, rus psixoloqu, Moskvadakı Elmi Tədqiqatlar və Araşdırma Mərkəzi”nin əməkdaşı, professor Leonid Davidoviçin fikrincə, Azərbaycanın cənub bölgəsində stress vəziyyətində yaşayanların sayı regiondakı ekstremal şəraitə uyğun dəyişir. Professor “Elmi məcmuə”də (RF, MEA.) yazır: “...Stress vəziyyətlərə səbəblər var:
a) iqlim, b) həyat tərzi, c) yaşayış səviyyəsi, ç) münasibət, d) intellekt düşüncə... Mən bir-birinin ardınca iki dəfə Azərbaycanın cənub və şimal rayonlarında olmuşam. Ərazidəki stress hal məni düşündürdü. Belə stress “mənzərələr” Rusiya Federasiyasının subyektlərində də çoxdur. Fikrimcə, cənub bölgəsinin təqribən
47%-i stress vəziyyətdə yaşayır...”
Ekstremal şəraitin təbii və süni qolları var. Süni ekstremal şərait xüsusi “Dövlət direktivləri”lə tənzimlənir. Yəni hər hansı bir dövlət ərazisindəki siyasi, ciddi və təhlükə törədə biləcək qrupu, təşkilatı, dəstəni öyrənmək üçün süni şəkildə həmin regionda ekstremal şərait yaradır. Məsələn, Rusiyada bu istiqamətdə həmişə
işləyən 19, Gürcüstanda 6, Ermənistanda 5, İranda14, Qazaxıstanda 8, Türkmənistanda isə 4 “Xüsusi Direktiv” mövcuddur. Bu direktivlər hazırlanarkən xüsusi xidmət orqanlarının, digər güc nazirliklərinin də tövsiyyələri nəzərə alınır. Prosesdə radio və telekanallarda, qəzet və xəbər agentliklərində çalışan yazarlardan da istifadə olunması əsas məsələlərdən biri kimi nəzərdə tutulur. Yəni süni ekstremal şəraitlərin yaradılmasında jurnalistlərdən geniş və məqsədli istifadə olunur.
Azərbaycan ərazisində baş verən 1200 ekstremal şəraitə bais olan 486 jurnalist dindirilib, onlardan 347 nəfərinə məhkəmələrdə iş açılıb. Digər bir məlumatda isə göstərilir ki, Azərbaycanda 83, Ermənistanda 142, Gürcüstanda 109 bir-birini əvəzləyən ekstremal şərait baş verib. Bu ekstremal şəraitlərin böyük bir qismi süni şəkildə qurulub.
Məsələn, 1990-cı ilin yanvarında Azərbaycandakı rus qoşun kontingentinin polkovniki İlya Qleboviç Polyakov (Pskovdakı 1226091 hərbi hissədən) Moskvada nəşr olunan “Kрасная звезда” qəzetinə yazır: “...Mən Azərbaycanda olmamışdım. Bakının küçələrini, coğrafi quruluşunu, yaşayış məntəqələrini tanımırdım. Çox mətləblərdən xəbərimiz yox idi. Lakin hərbi hissədəki vaxtilə Bakıdakı mətbuat orqanlarında çalışan, ərazini yaxşı tanıyan, Azərbaycan dilini gözəl bilən, yerli adamlardan heç də seçilməyən milliyyətcə erməni müxbirlər köməyimizə gəlirdi.
Onlar Bakıya bizdən əvvəl girdilər. Bakıdakı Çkalov küçəsindəki 11 №-li inzibati bina bizim qərargah oldu. Müxbirlərimiz (yəni ermənilər – C.X.) şəhərin gur yerlərini gəzir, Azərbaycan Xalq Cəbhəsinin mərkəzi və rayon qərargahlarında olur... məlumat yığır, ekstremal şəraitlər haqqında hesabatlar hazırlayırdılar. Bundan sonra biz xüsusi operativ planlar çızırdıq...” Bu gün Ermənistan xüsusi xidmət orqanlarında Azərbaycanda ekstremal şərait yarada biləcək mənbələr geniş təhlil edilir. 20 Yanvar faciəsinin səbəblərindən biri də elə süni şəkildə yaradılmış ekstremal şəraitlər, daha dəqiq desək, süni ekstremal şəraiti yaradan yalançı, hadisələrə məqsədli şəkildə düşmən mövqedən yanaşan müxbir məlumatları, hesabatları olub. Daha sonra rus polkovniki qeyd edir: “...Təkcə Nəsimi rayonu ərazisindən gündə 110-120 məlumat gəlirdi. Fikir verin – Bakının Oktyabr rayonundakı tələbə şəhərciyindən bir saat ərzində bir-birini təkzib edən, bir-birinə ziddiyyət təşkil edən 20-25 məlumat alırdıq...” (?)
Azərbaycanda təqribən 102 ekstremal şərait mənbəyi var. Yəni neftdən gələn gəlirdən tutmuş, qaçqın şəhərciklərinədək ekstremal şərait mənbəyidir. Məlumata görə, RF-dəki 36 qəzet, üç xəbər agentliyi, dörd telekanal (özəl) regionunu subyektlərində baş verən ekstremal şəraitdə günahkar bilinib. Fikrimizcə, belə bir siyasi mənzərə Azərbaycan mühitində də formalaşır. Məlumatsızlıq, informasiyasızlaşma, analitik təhlil və araşdırmalardan korluq və yaxud əziyyət çəkən Azərbaycan mətbuatının, kütləvi informasiya vasitələrinin bir qismi hələlik xarici xüsusi xidmət orqanları, regionda maraqlı olanlar üçün... süni ekstremal şərait yarada biləcək mənbələrdəndir. Regionda fəaliyyət göstərən xarici ölkələrə məxsus və qeyri-rəsmi (çox vaxt rəsmi) yollarla kəşfiyyat orqanlarının tezislərini, proqramlarını yerinə yetirən dostluq cəmiyyətləri, kiçik
şirkət və ticarət mərkəzlərilə sıx əlaqələr yaradan Azərbaycan jurnalistləri çox zaman həmin ölkənin güclü təbliğatçısına çevrilir. Artıq, məsələn, Azərbaycanda ekstremal şərait mənbələri haqqında, eləcə də bu mənbələrdə “ələ alınmış” və yaxud “maraqlı” qələm sahibləri ilə bağlı Səudiyyə Ərəbistanının, Misirin, Birləşmiş Ərəb Əmirliklərinin, İranın, Türkiyənin (?), RF-nın, ABŞ-ın, Fransanın, Almaniyanın, İngiltərənin... diplomatik korpuslarında “Xüsusi sənəd”lər də var. Yəni Azərbaycanda baş verəcək hər hansı ekstremal şəraiti hər bir ölkə üçün (öz maraq çərçivəsində) məqsədli hesab etmək lazımdır. Araşdırmalarımıza görə indiyədək son üç ildə Azərbaycanda 46 ciddi nəticələr verə biləcək ekstremal şərait baş verib. Onun böyük bir qismi ölkənin polis orqanları tərəfindən susdurulub. Bunun 32-si müxbirlərin və yaxud strateji araşdırmalar mərkəzlərinin yalan və saxta məlumatları əsasında olub. Məlumata görə, Azərbaycan torpaqlarının itirilməsində ilkin mənbə kimi süni şəkildə yaradılmış ekstremal şərait rol oynayıb. Əldə etdiyimiz faktlara görə, Müdafiə Nazirliyinin informasiya və mətbuat mərkəzi, hərbi kəşfiyyat orqanı kökü olmayan, mənbəyi bilinməyən və ancaq ekstremal şərait yaradan informasiya və məlumatlara daha çox söykəniblər. Başqa bir araşdırma materialında isə qeyd olunur ki, regionda, müharibə zonasında ekstremal şərait yaratmaq üçün Ermənistanın MN BQ-dən Azərbaycanın MN-nə ötürülən yalan məlumatlar əsas rol oynayıb. Bu yalan məlumatları, informasiyaları doğru və dəqiq kəşfiyyat materialı kimi həm mətbuata, həm qoşun kontingentinə, həm də ölkə başçısına ötürənlərin taleyinə gəlincə... onların bir qismi maraqlıdır ki, bir pillə də irəli çəkiliblər.
Bəzi özəl telekanallarda, mətbuat orqanlarında, xəbər agentliklərindəki ekstremal şərait üçün nəzərdə tutulan jurnalistlərin bir qismi xarici ölkələrdə xüsusi “mətbuat və reportyor kursu” da keçiblər. Belə jurnalistlərin sayı, məlumata görə, artıq 150 nəfəri keçib, və utanmadan onlar tez-tez tele ekranlara çıxarılırlar.
Başqa bir məlumata görə isə, respublikanın nazirliklərində, dövlət komitələrində, ümumiyyətlə, infrastrukturlarındakı mətbuat mərkəzlərini ekstremal şərait üçün ciddi mənbələrdən hesab etmək mümkündür. Çünki bu mətbuat mərkəzlərinin təqribən 90 faizində jurnalistikanın qanunlarından kənar, jurnalistika elmindən uzaq... yazı, fakt, sənəd və söz anlayışının siyasi və məntiqi məzmununu dərk etməyən şəxslər çalışır. Araşdırdığımız məlumatlara görə, 2012-ci ildə MDB ölkələrində baş verən ciddi və təhlükəli ekstremal məsələlərin yaranmasına səbəb, 77,9 % mətbuat mərkəzlərindən alınan və yaxud ötürülən
məlumatlar olub.
Tədqiqatçının bu istiqamətdə maraqlı nəticələri də var. Məsələn, professor Stanislav Anisimoviç Vladimirov “Век и власть” jurnalının 7-ci nömrəsində (Minsk) qeyd edir: “...Bizim üçün qaranlıq qalan mətləblər çoxdur. Buna səbəb alınan və yaxud ötürülən məlumatların qeyri-ciddi olmasıdır. Regionlardakı ekstremal şəraitlərin yaranmasına da səbəb elə bu tipli məlumatlardır... Fikrimizcə, Ukrayna, Belarus, Rusiya mətbuatı üçün ekstremal şəraitlər yarada biləcək birinci mənbə Milli təhlükəsizlik Nazirlikləri, Hərbi Kəşfiyyat orqanlarıdır. Qazağıstanda, Özbəkistanda və Türkmənistanda isə belə mənbə daxili işlər nazirlikləri, dini işlərlə
məşğul olan qurumlardır. Gürcüstanda, Ermənistanda, Azərbaycanda və Tacikistanda isə ekstremal şəraitlər və çaşqınlığa gətirib çıxara biləcək ilkin mənbə müdafiə nazirlikləri, dini və etnik məsələləri araşdıran mərkəzlər, özəl və qeyri-hökümət strukturlarında çalışan siyasi işlər və tədqiqatlar aparan şəxslərdir...” . Amerikanın kəşfiyyat orqanlarında çalışan və hazırda Harvard Universitetində ekstremal şəraiti araşdıran və öyrənən polkovnik Mayk Linqtonun fikrincə, Qafqaz regionlarının hər biri üçün “Ekstremal cədvəllər” var. Amerikalılar üçün Azərbaycanda qış aylarında ekstremal şəraitin ciddi həddə gətirilməsi üçün 12 gün vaxt lazımdır. Yaz aylarında 7, yay aylarında 3, payız aylarında isə 5 gün lazımdır.
RF Federal Təhlükəsizlik Xidmətinin 2-ci şöbəsinin isə bu istiqamərdə yekun nəticələri fərqlidir. Təhlükəsizlik polkovniki S.X.Rixstkovun nəticələrinə görə, Rusiya üçün Azərbaycanda ciddi ekstremal şəraitin məcrasından çıxmasına 45 dəqiqə kifayət edər. Moskvada “Солдаты удачи” jurnalına verdiyi müsahibədə polkovnik qeyd edir ki, bunun üçün regiondakı bəzi siyasi liderlərlə qurulmuş “məxfi əlaqələri” bərpa etmək kifayətdir. Görünür, ruslar üçün köhnə “rıçaqlar”ın istənilən vaxt işə salınması strateji planlardan hələ çıxmayıb. S.X.Rixstkov “Горизонт” jurnalındakı çıxışlarında isə iddia edir ki, Rusiyanın “siyasi mərkəzlərində” Azərbaycan həmişə maraqlı və gərəkli bir region kimi qalmaqdadır.
RF-da 18130 dini təşkilat qeydə alınıb. Rəsmi sənədlərdə götərilir ki, bu təşkilatların 84%-i RF-nın subyektlərində gözlənilməz ekstremal şərait yarada biləcək gücə malikdir. Nəticədə Rusiya FTX-nın 2017-ci il 16 yanvar tarixli hesabatından sonra 47 yaşayış məntəqəsində pozuculuq işlərilə məşğul olan
“Ordunu xilasetmə” dini təşkilatının fəaliyyəti qadağan edildi. Bu təşkilatın “Regional qrupu” deyilən 12 üzvü həbs olundu.
Kəşfiyyat polkovniki Dudinin fikrincə, Azərbaycanda ekstremal şərait yaratmaq üçün bizə həmişə “Mürəkkəb və qələm”, “jurnalistlər dəstəsi” lazımdır.
Rövşən Novruzoğlu: xüsusi ilaraq Yenixeber.org üçün.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
A.R.Fəxrinecad. Düşüncələr, “Keyhan” nəşriyyatı, Tehran, 2011, s. 47-51
“Ararat” qəzeti, Yerevan, 11 aprel 2019
“Azat Artsax” qəzeti, Xankəndi, 9 fevral 2020
“Azat Artsax” qəzeti № 16, 28 mart 2020