Yenixeber.org: 27 sentyabr 1996-cı il: Əfqanıstanın paytaxtı Kabulu ələ keçirən Taliban üzvləri ölkənin son kommunist rəhbəri Məhəmməd Nəcibullanı vəhşicəsinə öldürürlər.

*** 

Sovet rəhbərliyi Əfqanıstana qoşun yeritmək qərarı qəbul edəndə bunu qısa müddətli, uzağı 1-2 il davam edəcək aksiya kimi qəbul edirdi. Amma həmin qərarı qəbul edən insanlar (Brejnev, Andropov, Çernenko, Suslov, Ustinov) bir-bir həyatdan gedir, müharibə isə bitmirdi. Sovet büdcəsinin əsas donoru olan neftin 1980-ci illərin ortalarına doğru kəskin ucuzlaşması fonunda müharibə xərcləri sovet iqtisadiyyatının üzərində çox ağır yükə çevrilirdi. 

1985-ci ilin martında Sovet İttifaqının yeni rəhbəri seçilən Mixail Qorbaçov Əfqanıstanda silah tətbiqindən əlavə siyasi addımlar da atılmalı olduğu qənaətinə gəlir. Onun fikrincə, belə addımlardan biri ölkənin qeyri-populyar lideri, əyyaş və boşboğaz Babrək Karmalın daha simpatik biri ilə dəyişdirilməsi ola bilərdi. Qorbaçovun seçimi hakim Xalq Demokrat Partiyasının (XDP) rəhbərləri arasında ən gənci olan Məhəmməd Nəcibulla üzərində dayandı.  

*** 

Məhəmməd Nəcibulla 1947-ci ildə Əfqanıstanın şərqində yerləşən kiçik Qardez şəhərində anadan olub. Şəhər əhalisinin əksəriyyəti tacik olsa da, Nəcibullanın ailəsi puştun idi. 1964-cü ildə liseyi bitirəndən sonra Kabul universitetinin tibb fakültəsinə daxil olub, bir il sonra kommunist yönümlü XDP-yə üzv olub. Tələbələr arasında ağırlıq qaldırma və güləşdə uğurları ilə seçilib.

 

XDP əvvəldən iki fraksiyaya bölünmüşdü: Xalq və Pərçəm. Partiyada daha çox “doktor Nəcib” kimi tanınan Nəcibulla Pərçəmin üzvü idi. O, 1977-ci ildə partiyanın Mərkəzi Komitəsinin (MK) üzvü seçildi. 

1978-ci ilin aprelində baş verən hərbi çevrilişdən (Saur inqilabı) sonra XDP hakimiyyəti ələ alır. Nəcibulla da ali orqan olan İnqilab şurasının üzvü olur. Amma Xalq fraksiyasının üzvləri olan dövlət başçısı (İnqilab şurasının sədri) Nur Məhəmməd Təraki və baş nazir Hafizulla Əmin tezliklə pərçəmçiləri hakimiyyətdən uzaqlaşdırırlar. Nəcibulla İrana səfir göndərilir. 

SSRİ-nin Əfqanıstana təcavüzündən və Hafizulla Əmini devirməsindən sonra pərçəmçilər ölkələrinə qayıtdılar. Babrək Karmal İnqilab şurasının sədri və XDP-nin Baş katibi, Nəcibulla isə təhlükəsizlik orqanı olan Dövlət İnformasiya Xidmətinin (XAD) direktoru oldu. O vaxta qədər 120 nəfər əməkdaşdan ibarət olan XAD Nəcibullanın vaxtında dəfələrlə böyüyərək, 25-30 minlik nəhəng quruma çevrildi. Birbaşa Moskvadan maliyyələşən büdcəsi isə 1000% artdı. Eyni zamanda həbslərin, işgəncələrin və məhkəməsiz edamların da sayı artır. 

Doktor Nəcib 1985-ci ilin noyabrında XDP MK-nın katibi təyin olunur. Çox güman ki, artıq bu zaman Qorbaçov onu Əfqanıstanın lideri etmək istəyirdi və MK katibliyinə daha yüksək vəzifə yolunda tramplin kimi baxılırdı. 

1986-cı ilin mayın 4-də XDP-nin plenumunda Babrək Karmal səhhəti ilə əlaqədar Baş katib vəzifəsindən istefa verdi, onun yerinə Məhəmməd Nəcibulla seçildi. Bu zaman İnqilab şurasının sədri vəzifəsini hələ də Karmal tuturdu, formal dövlət başçısı olaraq qalırdı.

Bundan sonrakı 6 ayda Nəcibulla ilə Karmal arasında nüfuz savaşı getdi. Noyabrın sonlarında Karmal sovet nümayəndələrinin təzyiqi ilə son vəzifəsindən də istefa verdi və Moskvaya aparıldı. Onun postunu bir müddət Hacı Məhəmməd Çamkani,1987-ci ilin sentyabrın 30-dan isə Nəcibulla tutdu. İki ay sonra İŞ-nın sədri vəzifəsi ləğv olundu və  prezident vəzifəsi bərpa edildi. Nəcibulla 1973-1978-ci illərdə həmin vəzifəni tutan Məhəmməd Davud xandan sonra Əfqanıstanın ikinci prezidenti oldu. 

*** 

Nəcibulla hələ prezident olmamışdan əvvəl, XDP MK-nin 1986-cı il dekabrın 30-31-də keçirilən fövqəladə plenumunda milli barışıq siyasətini elan etdi. Silahlı müxalifətə atəşkəs, birgə hökumət qurmaq təklif olundu. Siyasi məhbuslara amnistiya verildi. 

1987-ci ilin yayında təkpartiyalılığa son qoyuldu, digər partiyaların fəaliyyətinə icazə verildi. İnqilab şurası ləğv olundu və onun yerinə ikipalatalı parlament – Milli Şura yaradıldı. 1987-ci ildə yerli idarəetmə orqanlarına, 1988-ci ildə parlamentə seçkilər keçirildi. Bu seçkiləri ədalətli, demokratik adlandırmaq olmazdı, amma seçki məfhumunu bilmərrə inkar edən əvvəlki dövrlə müqayisədə irəliyə doğru addım idi. 

Rəsmi şəxslər ateist ritorikadan imtina etdilər. 1987-ci ildə qəbul edilən Konstitusiyada islam dövlət dini kimi göstərilir. 1988-ci ildə kosmosa uçan əfqan Əbdül Əhəd Momand özü ilə Quran apardı və kosmosda surələr oxudu. Bu görüntülər Əfqanıstan televiziyası ilə yayımlandı. Məscidlərin tikintisinə və təmirinə, həcc və Kərbəla ziyarətlərinə dövlət tərəfindən pul ayrıldı. 1990-cı il Konstitusiyasında isə hətta Əfqanıstanın İslam dövləti olması yazılırdı. Kommunizm simvolları tədricən yoxa çıxdı.

Bu və digər addımlar Nəcibullanın populyarlığını müəyyən qədər artırdı. 30 mindən çox mücahid hökumət tərəfə keçdi. Yüz mindən çox əfqan ölkəsinə qayıtdı. Amma vətəndaş müharibəsi bununla bitmədi. Halbuki mücahidlərin əsas dəstəkçisi olan ABŞ daha rasional hərəkət edə və kommunizmdən imtina etmiş hökuməti, nəyin bahasına olursa-olsun, yıxmaq siyasətini ən azı təxirə sala bilərdi. Bu halda, sonrakı hadisələr, ehtimal ki, bu qədər faciəvi olmazdı. 

*** 

1989-cu il fevralın 15-də sovet qoşunları Əfqanıstandan çıxarıldı. Bundan sonra çoxları əmin idi ki, Nəcibulla hökuməti bir neçə həftə ərzində devriləcək. Amma belə olmadı. Əfqanıstan ordusu mücahidlərə qarşı uğurla döyüşürdü. Onu da demək lazımdır ki, sovet qoşunları Əfqanıstandan çıxarılsalar da, Moskva Kabula yardım göstərməkdə davam edirdi. Bəzi hesablamalara görə, SSRİ 1990-cı ildə Əfqanıstana 3 milyard dollar ekvivalentində hərbi yardım göstərmişdi.

1990-cı ilin martında müdafiə naziri Şahnavaz Tanay Nəcibullaya qarşı üsyan qaldırdı. Amma prezidentə sadiq qalan qüvvələr üsyanı yatıra bildilər. Bununla belə, bu hadisə Nəcibullanın gücünü zəiflətdi. Tanay isə Pakistana qaçaraq, mücahidlərə qoşuldu. 

Nəcibullanın Moskvada əsas lobbiçiləri xarici işlər naziri Eduard Şevardnadze və KQB sədri Vladimir Kryuçkov idi. Amma Şevardnadze 1990-cı ilin dekabrında istefa verdi, Kryuçkov isə QKÇP-də iştirakına görə 1991-ci ilin avqustunda tutuldu. Nəticədə sovet yardımı azaldı və Nəcibulla rejiminin vəziyyəti ağırlaşdı.

1991-ci ilin payızında Şevardnadze xarici əlaqələr naziri (indi XİN belə adlanırdı) təyin olundu. Onunla əlaqə saxlayan Nəcibulla Moskvanı xəyanətdə ittiham edir: “Mən prezident olmaq istəmirdim, siz məni dilə tutdunuz, israr etdiniz, kömək edəcəyinizi dediniz. İndi də məni və Əfqanıstanı taleyin ümidinə buraxırsınız”.

SSRİ-nin dağılması ilə Moskvanın Kabula yardımı tamamilə kəsildi və Nəcibulla çıxılmaz vəziyyətə düşdü. O, acığını ölkənin başına gələn bütün bəlalarda rusları günahlandırmaqla və sovet qoşunlarının ölkəni tərk etdiyi 15 fevralı Qurtuluş günü elan etməklə çıxdı.

Əfqanıstan Respublikası ordusunun ciddi silah, sursat çatışmazlığı yarandı, zirehli texnikanın hərəkət etməsi, təyyarələrin uçması üçün yanacaq belə yox idi. Halbuki aviasiya rejimin mücahidlər qarşısında əsas üstünlüyü idi. 

1992-ci il martın 18-də Nəcibulla bəyanat verərək, hakimiyyəti müvəqqəti keçid hökumətinə təhvil verməyə hazır olduğunu bildirdi. Bu addım indiyə qədər ona sadiq qalan qüvvələri qorxutdu və rejimi karton ev kimi dağılmağa başladı. Hərbçilər və məmurlar kütləvi şəkildə müxalifətə tərəf keçməyə başladılar. 

Belələri arasında xarici işlər naziri Əbdül Vəkil, Baş qərəgah rəisi Məhəmməd Asif Delavar, müdafiə nazirinin müavini Məhəmməd Nəbi Əzimi, Kabul qarnizonunun rəisi Əbdül Vahid Babacan, diviziya komandiri Əbdül Rəşid Dustum da vardı. Bu qüvvələr Əhməd şah Məsudla birləşərək, aprelin sonlarında Kabulu ələ keçirdilər.

Nəcibulla ailəsini Hindistana göndərə bildi, özü də ölkəni tərk etmək istərkən general Dustumun qüvvələri tərəfindən qarşısı kəsildi. Doktor Nəcib və qardaşı Şapur Əhmədzay BMT-nin Kabuldakı missiyasına sığındılar və dörd il burada yaşadılar. 

1994-cü ildə Pakistan xüsusi xidmət orqanlarının himayəsi altında Taliban hərəkatı yaradıldı. Bu hərəkatda ölkənin ən böyük etnik qrupu olan puştunlar əsas rol oynayırdılar. Qısa müddət ərzində özünə xeyli tərəfdar toplayan Taliban 1996-cı ilin sentyabrında Kabula yaxınlaşdı. 

Paytaxtı müdafiə edə bilməyəcəyini anlayan Əhməd şah Məsud şəhəri tərk edərək, özünün ənənəvi qalasına – Pəncşir vadisinə çəkildi. Gedərkən Nəcibullaya onunla gəlməyi təklif etdi, amma doktor imtina etdi. Bu addımın səbəbi tam aydın deyil. Əsas ehtimal ondan ibarətdir ki, kökəncə puştun olan Nəcibulla tacik Məsuda sığınmağı özünə sığışdırmırdı. Əfqanıstanda etnik məsələlər siyasi mahiyyətdən az rol oynamırdı. Ola bilər, Nəcibulla Talibanın onunla daha yaxşı rəftar edəcəyini düşünürmüş.

Amma elə olmadı. Puştunluq öz yerində, Taliban üçün Nəcibulla ilk növbədə 5 il XAD-a rəhbərlik edən və rejim düşmənlərinə divan tutan adam idi. Sentyabrın 27-nə keçən gecə Kabula girən taliblərin ilk işi BMT missiyasına hücum edərək Nəcibullanı və qardaşını tutmaq oldu.

Keçmiş prezident və qardaşı dəhşətli işgəncələrə məruz qaldılar. Onların cinsi orqanları kəsildi. Ayaqlarını avtomobilin bamperinə bağlayıb, bir neçə km sürüdülər və prezident sarayının qarşısında asaraq, edam etdilər. Əfqanıstanın sonuncu kommunist rəhbərinin həyatı bununla yekunlaşdı.

***

Hakimiyyətinin son dövrlərində “Nyu York Tayms” qəzetinə müsahibə verən Doktor Nəcib deyirdi: “Əgər Əfqanıstanda fundamentalizm qalib gələrsə, müharibə uzun illər davam edəcək. Ölkə isə narkotik ticarətinin və terrorizmin mərkəzinə çevriləcək”. Nəcibullaya müxtəlif cür yanaşmaq mümkündür, amma bəsirətli insan olduğunu inkar etmək olmaz. 

Yadigar Sadıqlı