Yenixeber.org: Hər tərəfin düşmən ola, paytaxt etmək istədiyin şəhər işğal altında ola, onu azad etmək üçün ordun olmaya, amma sən məktəbi, universiteti olmayan xalq üçün sərhədləri dəqiq bilinməyən ərazidə dövlət qurasan. Özü də sıradan dövlət yox, Şərqin ilk Demokratik Cümhuriyyətini…
Əcnəbi bu cümləni oxusa, hansısa fantastik əsərin müəllifinin adını yada salmağa çalışar. Amma bu, bizim üçün adi cümlədir artıq. Çünki o dövlət bizik – Azərbaycan; o dövlətin baniləri də bizimkilərdir – Cümhuriyyət quran babalarımız.
Tiflisdən Gəncəyə…
Zaqafqaziya Seyminin dağılmasından sonra – 28 may 1918-ci ildə Qafqaz canişininin Tiflisdəki iqamətgahında toplaşan Azərbaycan Milli Şurası “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Bəyannamə ilə “Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlət” elan olundu. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radioteleqrafla məlumat verildi.
1918-ci il mayın 28-dən iyunun 16-na qədər Azərbaycan Milli Şurası və Müvəqqəti hökuməti Tiflisdə fəaliyyət göstərdi. Cümhuriyyət tariximizin Tiflis dövründə gələcək uğurların əsasını qoyan iki mühüm addım atıldı – Osmanlı dövləti ilə Batum müqaviləsi bağlandı və Osmanlı dövlətindən hərbi yardım istənildi. 4 iyun 1918-ci ildə bağlanmış bu müqavilə Azərbaycan hökumətinin imzaladığı ilk dövlətlərarası saziş idi.
Yeni dövlətin mübahisəli və birmənalı qarşılanmayan qərarı – İrəvanın Ermənistana güzəştə gedilməsi də Tiflisdə baş verdi. 1918-ci il mayın 29-da İrəvan bir şərtlə Ermənistana güzəştə gedildi – ermənilər Dağlıq Qarabağa olan ərazi iddialarından əl çəkməli idilər. Lakin təəssüf ki, bu baş vermədi.
Yeni dövlətin paytaxtı elan olunan Bakı şəhəri işğal altında olduğundan, Milli Şuranın və Fətəli xan Xoyskinin başçılıq etdiyi ilk hökumətin Gəncədə fəaliyyət göstərməsi qərara alındı. Zatən istiqlal elanından üç gün əvvəl – mayın 25-də Osmanlı Türkiyənin hərbi naziri Ənvər Paşanın qardaşı Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Gəncəyə varid olmuşdu ki, bu da Cümhuriyyət hökumətinin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin edə biləcək başlıca faktor idi. Bu səbəbdən Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdü.
Gəncənin paytaxt dövrü
Yeri gəlmişkən, Cümhuriyyət qurucuları tarixdə təkcə Azərbaycan adlı ilk dövlət yaratmamışdılar. Həm də Bakı ilk dəfə olaraq bütün Azərbaycanın, daha dəqiqi, Quzey Azərbaycanın paytaxtı elan olunmuşdu. İşğal altında olan paytaxtı azad etmək üçünsə ordu lazım idi.
Azərbaycan Xalq Cümhuriyyəti düz 3 ay Gəncədə fəaliyyət göstərdi. Yeni dövlətin ilk addımları məhz bu şəhərdə atıldı.
Məhz Gəncədə 24 iyun tarixli qərarla ilk dəfə olaraq milli bayrağımız dalğalanmağa başladı. Qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu.
Məhz Gəncədə 22 iyun tarixli qərarla taxıl, iribuynuzlu mal-qara və digər ərzaq məhsullarının ölkədən çıxarılması qadağan edildi.
Məhz Gəncədə 27 iyun tarixli qərarla türk dili Azərbaycanın dövlət dili elan edildi.
Məhz Gəncədə 23 avqust tarixli qərarla Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında qərar qüvvəyə mindi.
Məhz Gəncədə 28 avqust tarixli qərarla məktəblər milliləşdirildi.
Məhz Gəncədə dahi Üzeyir Hacıbəylinin başçılığı ilə “Azərbaycan” qəzeti işıq üzü gördü, Gəncənin qədim adı özünə qaytarıldı, Qaryagin qəzası Cəbrayıl adlandırıldı, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü.
Məhz Gəncədə dövlətin sosial-iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı.
Ən başlıcası, məhz Gəncədə Milli Ordumuzun təşkili sahəsində ilk addımlar atıldı, Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün real işlər görüldü: hərbi nazirlik, hərbi zavod yaradıldı. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. 26 iyun 1918-ci ildə Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında “Əlahiddə Azərbaycan korpusu” yaradıldı. Korpusun komandirinə general rütbəsi verildi. Diviziya komandiri səlahiyyətlərinə malik olan Azərbaycan korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq Azərbaycan Silahlı Qüvvələrinin yaradılması demək idi. İyulun 11-də hərbi səfərbərlik elan olundu, hərbi mükəlləfiyyət haqda qərar qəbul edildi, zabit kursları təşkil olundu.
Xarici siyasətdə mühüm işlər görüldü: daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiya Birinci Dünya müharibəsi (1914-18) dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb, cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Hökumətin bu qərarı ilə əslində azərbaycanlılara qarşı soyqırımlarına hüquqi qiymət verilməsinin əsası qoyuldu. Komissiya qısa bir vaxtda 36 cild və 3500 vərəqdən, 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimaiyyətinə çatdırmaq üçün konkret işlər gördü.
Gəncədə Bakı üçün ordu qurmaq
İyunun 4-də Batumda Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövləti ilə arasında “Yoldaşlıq müqaviləsi” imzalandı. Müqaviləni Osmanlı tərəfdən ədliyyə naziri və Dövlət Şurası rəisi Xəlil bəy əfəndi və Qafqaz Cəbhəsinin komandanı Vəhib Paşa, Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski imzaladılar. Müqavilənin şərtləri Azərbaycan və Osmanlı dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Müqaviləyə əsasən, Osmanlı AXC-nin müstəqilliyini tanıdı və hərbi yardımı öz üzərinə götürdü. Müqavilənin 4-cü maddəsində deyilirdi: “Osmanlı imperator hökuməti Azərbaycan Cümhuriyyəti Hökumətinə qayda-qanun və ölkənin təhlükəsizliyinin təmin olunmasına ehtiyac duyduğu təqdirdə, hərbi qüvvə ilə kömək etməyi öhdəsinə götürür”.
Yeni yaranmış Azərbaycan hökumətinin xahişinə cavab olaraq, Osmanlı hökumətinin hərbi naziri Ənvər Paşa ilk yardım kimi Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit ayırdı. Çünki Azərbaycanda olan türk ordusunun ehtiyaclarına hər ay 50 min lirə xərclənirdi. Bununla yanaşı, Ənvər Paşa İstanbulda M.Ə.Rəsulzadə ilə görüşündə Azərbaycan Milli Ordusunun təşkil olunmasının vacibliyini xüsusi qeyd etmişdi.
İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verilsə də, Milli Ordu quruculuğu prosesi çox ləng gedirdi. Bunu Nuri Paşa və Şərq Orduları Komandanlığı tərəfindən 27 iyun və 1 iyul 1918-ci ildə İstanbula göndərilən raportlardan da görmək olar: “Yeni qurulmağa çalışılan Qafqaz İslam Ordusu çalışmalarından bir nəticə əldə edilmir. Buradakı türk gənclərindən silah altına ən az 30 min nəfərin toplanacağını ümid edirdik. Buna qarşılıq hərbiyə qatılanların sayı 37 nəfərdir. Bu şərtlər altında Bakı məsələsini öz başımıza həll edə bilmək üçün Qafqaza daha bir diviziya göndərilməsi uyğun olacaqdır. Buradakı müsəlmanlar çox söz söyləyir, az iş görürlər. Kef çəkən və pulu çox sevən insanlardır. Yardım və fədakarlıqlarını çox az görürük. Orduya qatılan yox deyəcək qədər azdır. Bu şərtlər altında Azərbaycanın və Bakının qurtuluşunu təmin etmək, Osmanlı dövlətinin xalq nəzərindəki etibarını qorumaq üçün daha çox gərəkli hala gəlmişdir…”
Amma Osmanlının Azərbaycana yeni diviziya göndərməsi üçün yollar heç də rahat deyildi. Bakı Sovetinin rəhbəri Stepan Şaumyan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq üçün V.İ.Leninin tapşırığı ilə Gürcüstan hökumətinin başçısı Jordaniyaya müraciət etmişdi. S.Şaumyan Jordaniyaya vəd edirdi ki, əgər Gürcüstan türk qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası onun müstəqilliyini tanıyacaq. Eyni zamanda, almanların Bakı neftinə xüsusi maraqları olduğundan, Bakının tutulmasına mane olmaq məqsədilə Osmanlıların 5-ci diviziyasının Gürcüstan dəmir yolu ilə Gəncəyə gəlməsini qadağan etmişdilər. Ona görə də Mürsəl Paşanın rəhbərlik etdiyi 5-ci Qafqaz piyada diviziyası Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçməyə məcbur oldu və Gəncəyə varid olaraq Nuri Paşanın əmrinə müntəzir oldu.
Bakı uğrunda döyüş
Azərbaycan hökuməti Qafqaz İslam Ordusu vasitəsilə öz hakimiyyətini tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. Bakının düşmən qüvvələrdən azad edilməsi üçün Qafqaz İslam Ordusu ciddi hazırlıq işləri apardı.
Bakı Xalq Komissarları Sovetinin liderləri isə Azərbaycan Xalq Cümhuriyyətini beşikdə boğmaq üçün yollar arayırdılar. İyunun 10-da Stepan Şaumyanın əmri ilə Bakı Sovetinin qoşunları Gəncə istiqamətində yürüşə başladı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Türkiyədən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllüləri hesabına Qafqaz İslam Ordusunun qələbəsi ilə nəticələndi.
Qafqaz İslam Ordusu 1918-ci il iyunun 27-dən iyulun 1-dək Qaraməryəm yaxınlığında Korqanovun rəhbərlik etdiyi Bakı Soveti qüvvələrini darmadağın etdi. Göyçay ətrafındakı bu qələbə Azərbaycanın şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz-İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək, Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi Diktaturası” adlı mürtəce bir qurum yaradıldı.
Şamaxıdan sonra Salyan-Neftçala bölgəsini də düşməndən təmizlədikdən sonra Qafqaz İslam Ordusu Bakının 60-70 kilometrliyinə qədər yaxınlaşmışdı. Hərbi birləşmələr son dərəcə ağır bir vəziyyətdə irəliləməkdə davam edirdilər. Ordu silah-sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklər içindəydi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlərlə ordu arasındakı məsafə də artmışdı. Düşmən birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şose yolu ətrafında işə yarayacaq su və ərzaq mənbələrini məhv edirdilər. Qafqaz İslam Ordusunun istehkam qurmaq imkanları məhdud idi. Belə ki, əllərində lazımi ləvazimat yox idi. Nuri Paşa düşmənin məhv etdiyi rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmağa çalışırdı. Amma ixtisaslı mütəxəssis tapmaq çətin olduğundan, işlər ləng gedirdi.
Nəhayət, sentyabrın 13-də saat 17:11-də Bakının Hacı Həsən (indiki Xocasən) kəndinin qərbindəki müşahidə məntəqəsində Nuri Paşa Bakı üzərinə həlledici hücum əmrini imzaladı. Həmin gün axşam Qafqaz İslam Ordusu komandanının “Sarıxaçlı kilsə istiqamətində irəli” – deyə orduya müraciət əmri verildi. Bu əmr Bakıya qəti hücumun sentyabrın 14-də başlayacağını bildirirdi. Sentyabrın 14-də səhər tezdən, hələ günəş çıxmamış xilaskar ordu Şubanı dağlarından enərək, Yasamal yamaclarına çıxdı və əl bombaları ilə düşməni məhv edərək, şəhərin girişində dayandı. Otuz saatlıq qanlı vuruşdan sonra ağ bayraqlı avtomobildə İran konsulu ilə birlikdə döyüş yerinə gələn düşmənin qərb cəbhəsi üzrə erməni komandiri şəhəri təslim etməyə hazır olduqlarını bildirdi.
Bununla da “Sentrokaspi Diktaturası” darmadağın edildi və Bakı anti-Azərbaycan qüvvələrin əlindən xilas olundu. Nuri Paşa Bakının alınması barədə Azərbaycan hökumətinə, Ənvər Paşaya, 3-cü və 9-cu Ordu komandanlarına teleqramlar göndərdi. Teleqramların hamısı eyni cümlə ilə başlayırdı: ‘‘Bakı şəhəri 36 saatlıq şiddətli müharibədən sonra sentyabrın 15-də saat 9-da fəth olunub”. İstanbulda olan M.Ə.Rəsulzadəyə telefonla zəng edən Osmanlı dövlətinin hərb naziri Ənvər Paşa onu təbrik etdi. M.Ə.Rəsulzadə öz növbəsində Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqı və hökumətini böyük qələbə münasibətilə ilə təbrik etdi. Fətəli Xan Xoyski Nuri Paşanı şəhərin azad edilməsi münasibətilə təbrik edərkən yazırdı: “Millət Sizə minnətdardır”.
1918-ci il sentyabrın 17-də – Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Cümhuriyyət hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu.
Beləliklə, 1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda qərarlaşdı. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz-İslam Ordusu 4 min əsgər və zabit şəhid verdi. Onlardan 1130 nəfəri Bakı uğrunda şəhid olmuşdu.
Paytaxt günümüz niyə yoxdur?
Bir çox ölkələrdə “Şəhər günü” və ya “Paytaxt günü” adlı bayramlar var. Xüsusən qədim tarixə malik şəhərlərin əhalisi bu günə xüsusi həssaslıqla yanaşır. Son illər Azərbaycanın Gəncə, Şəki, Sumqayıt kimi şəhərlərində də “Şəhər günü” tədbirləri keçirilib.
Təəssüf ki, 31 illik son müstəqillik tariximiz ərzində hələ də Bakının günü müəyyənləşməyib. Elə bu qeyri-müəyyənliyin nəticəsidir ki, bir neçə ildir “Facebook”da hamı bir-birini 1 iyul – Bakılılar Günü münasibətilə təbrik edir. Hətta əslən bakılı olmayanlar belə. Halbuki əksəriyyəti heç bu günün tarixini bilmir. Əslində internet saytlarında da bu günlə bağlı konkret informasiya yoxdur.
Bilməyənlərin nəzərinə çatdıraq ki, 1 iyul – Bakılılar Günü 90-cı illərdə Bakıdan İsrailə köçən yəhudi əsilli vətəndaşlarımız tərəfindən elə bu ölkədə qeyd olunmağa başlayıb. Azərbaycana isə sədası təxminən 20 ildən sonra gəlib çatıb. Yəni bu günün ehtiva etdiyi bakılılar “verdim”ə “vərdim”, “baba”ya “boba”, “ana”ya “anə” deyən türk dilində danışan bakılılar deyil, rus dilində danışan “bakinetslər”dir.
Əslində bu “bayramlaşma” da “qaloş piri” kimi savadsızlığın nəticəsindən başqa bir şey deyil. Çünki Bakının da, bakılıların da, Bakıda doğulanların da, yaşayanların da bircə bayram günü var – 15 sentyabr. Həmin gün Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin gənc ordusunun əsgərləri Bakını erməni-bolşevik işğalından azad ediblər. Bu səbəbdən Bakının tarixində ən əlamətdar gün 15 sentyabrdır.
Paytaxt günümüz mübarək!