Şuşa palçığına xor baxan Polad Bülbüloğlu-FOTOLAR
Beynəlxalq “Xarıbülbül” Festivalında Prezident və xanımının Şuşanın palçığında sərbəst gəzdikləri halda, Rusiyadakı səfirimiz, əslən şuşalı olan Polad Bülbüloğlu, 30 il həsrət qaldığımız Şuşa palçığına bulaşmaması üçün ayaqqabısına “baxıl” geyinməsi, hamıda təəccüb qarışıq heyrət doğurub
Yenixeber.org: Prezident Administrasiyasının təşkilatçılığı ilə Şuşa şəhərinə çoxsaylı insanlar səfər edir. Bunların sırasında xarici və yerli qonaqlar da olur. Yerli qonaqlar içərisində bəzən elələri Şuşaya dəvət olunur ki, onların ayağı o müqəddəs torpağa dəyməsə, daha yaxşıdır. Elə bu yaxınlarda keçirilən Dünya Azərbaycanlılarının 5-ci “Zəfər” Qurultayına gələn nümayəndələr arasında da belələri var idi. Kimisi içmək üçün araq süzürdü, bir xanım isə içkinin təsirindən utanmadan belə deyirdi: “ Arzu edirik Günelin bu çaxırlarını, konyaklarını Xankəndində dequstasiya edək”. Məhz belə gərəksiz qonaqlar Şuşaya dəvət edildiyi üçün, aldığımız məlumata görə, Diaspora Komitəsinin rəhbəri Fuad Muradov ciddi tənbeh olunub.
Təzəlikcə isə, Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Festivalı da, bir utancverici məqamla yadda qaldı. Həmin məqam ondan ibarət idi ki, bu dəfə Şuşa torpağına ən böyük hörmətsizlik edən, Rusiyadakı səfirimiz, əslən şuşalı olan Polad Bülbüloğlu oldu. Bildiyimiz kimi, səfirin atası məşhur vokalçı, əsl adı Murtuza Məmmədov olan Bülbül şuşalıdır. 1993-cü ildə Şuşa işğal olunandan sonra, ermənilərin gülləbaran etdikləri üç heykəldən biri də Bülbülün heykəli idi. Ən azı Polad Bülbüloğlu bunu unutmamalı idi. Onu da gərək unutmasın ki, atasının güllələnmiş büstünü ermənilər tərəfindən “metallom” kimi Gürcüstanda satılmaqdan, Ulu Öndər Heydər Əliyev xilas edib. Ona məlumat çatdırılıb ki, Bülbülün, Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş büstləri Gürcüstanda satışa çıxarılıb. Ümummilli lider Heydər Əliyev dərhal iri məbləğdə pulun müqabilində ermənilərdən o büstlərin alınmasını təşkil edib.
Şuşa işğaldan azad olunandan sonra isə, 44 günlük savaşla qazanılan qələbəmizin memarı, Ali baş Komandan, Prezident cənab İlham Əliyevin sayəsində, həmin heykəllər yenidən Şuşaya qaytarılıb. Bu gün Şuşada gedən quruculuq, abadlıq işləri doğrudan da göz oxşayır. Beynəlxalq “Xarıbülbül” Festivalına gələnlər də Şuşanı qarış-qarış gəzərək, həm erməni vandalizminin qalıqlarını görüb dəhşətə gəlirlər, həm də qısa müddətdə görülən bərpa və yenidənqurma işlərinə heyran qalırlar.
Bu yaxınlarda Şuşaya gələn qonaqların içərisində QHT sədri olan xanımlardan biri (çox təəssüf ki, adını unutmuşam) Cıdır düzündə ayaqqabısını çıxararaq, o soyuqda ayaqyalın gəzmişdir. Səbəbini isə belə izah etmişdir ki, bu torpaq müqəddəsdir, bur çəhədlərin qanı tökülüb. İstəmədim ki, ayaqqabı ilə bu yerlərdə gəzim. Həm də istədim ki, ayağım bu müqəddəs torpağa ayaqqabısız dəysin və onun nəfəsini hiss edim. Bu olduqca təqdirəlayiq və təsirli bir addım idi. Amma o xanım şuşalı deyildi. Bəs şuşalı olan Polad Bülbüloğlu necə və nə ilə yadda qaldı? Beynəlxalq “Xarıbülbül” Festivalına gələn Rusiyadakı səfirimiz Polad Bülbüloğlu o qədər qonaqların arasında yeganə adam idi ki, ayaqqabısının üstündən xəstəxanalarda istifadə olunan “baxıl” geyinmişdir. Şuşalı olan bir insan, Şuşa torpağına, yəni Şuşanın palçığına ayağını bulaşdırmaq istəməyib. Biz o Şuşanın palçığı üçün, 30 il həsrət çəkmişik. Əyilib o palçığı öpmək əvəzinə, hətta ayaqqabısının belə palçığa bulaşmasını istəməmişdir.
Ali Baş Komandan Prezident cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva, o palçıqda rahat gəzməyi özlərinə rəva görürlər, amma anası gürcü olsa da, atası Murtuza Məmmədovun doğulduğu torpaqda Polad Bülbüloğlu isə, ayaqqabısı palçığa batmasın deyə, “baxıl” geyinib. İnsan da özünü bu qədər rəzil günə salarmı? Bütün dünyada bu mənzərəya baxıb, məəttəl qalıblar.
Bütün sosial şəbəkələrlə yanaşı, Avropada yaşayan, “Azərbaycanın Dostları Cəmiyyətinin” sədri, “Xudafərin” jurnalının və eyni adlı saytın təsisçisi, həmçinin baş redaktoru Elman Mustafazadənin yaratdığı “Ya Qarabağ, ya ölüm” qrupunda da paylaşılan həmin şəkil, hər tərəfdən tənqid atəşinə tutulub. Bu qrupun Rusiyada, Ukraynada, Azərbaycanda, Avropada və Amerikada olan yüzdən yuxarı vətənini, xalqını sevən, dövlətini və onun Prezidentini dəstəkləyən ziyalı insanların hər biri Polad Bülbüloğlunun bu hərəkətini olduqca mənfi qarşılayıblar. Azərbaycanın özündə də bütün sosial şəbəkələrdə yayılan bu şəkilə münasibət heç də birmənalı deyil və səfirin lağ obyektinə çevrildiyi göz önündədir.
Görünür Polad Bülbüloğlu çoxdan Şuşadan və Azərbaycandan uzaq düşüb. Vətəndən uzaq düşdükcə, Azərbaycançılıqdan da uzaq olması bağışlanan deyil. Çünki Polad Bülbüloğlu kimi, adı azərbaycanlı olub, qəlbi, ruhu, ürəyi rusca düşünən insan məhz bu müqəddəs torpağa belə münasibət bəsləməli idi. Qarabağın hər qarışı, o cümlədən onun palçığı da, hər bir azərbaycanlı üçün əzizdir. Görünür, bu doğmalıq hissini Polad Bülbüloğlu Şuşada yaşaya bilməyib. Ayağının altındakı vətən torpağına müqəddəs torpaq kimi yox, adi palçıq kimi yanaşıb və bu səbəbdən palçıqdan ayaqqabısını qorumaq üçün “baxıl” geyinib. Ayıbdır, vallah, ayıbdır. Artıq Polad Bülbüloğlu müdriklik yaşına, yəni 77 yaşına qədəm qoyub. Görünür qocalıq da artıq öz təsirini göstərir deyə, bəzi hadisələri düzgün qiymətləndirə bilmir. Yəqin növbəti dəfə Şuşaya qədəm basanda bu səhvini düzəldəcək və dərk edəcək ki, Şuşanın hər qarış torpağı, suyu, bulağı, dağı-dərəsi, meşəsi azərbaycanlıların ən müqəddəs yeridir. Bu müqəddəsliyə xələl gətirmək, ən azından Allah və bəndə qarşısında, həmçinin, bu torpağı, əl çatmaz uca qalalara, dağlara dişi, dırnağı ilə dırmaşaraq, alan şəhidlərimizin ruhu qarşısında günahdır. Görəsən, Polad Bülbüloğlu bir də belə günaha batacaqmı? Yaşayarıq, görərik. Bu yerdə sözümü mayın 10-da 85 yaşı tamam olan, lakin Azərbaycan mətbuatının və hökumətinin yadından çıxan Musa Yaqubun “Bir günah sənindir, bir günah mənim” şeirindən bir bəndi ilə tamamlamaq istəyirəm:
“Orda bulanıq su, hopur torpağa,
Burda üzə çıxıb, dönür bulağa.
Hələ vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim”.
Yəqin, Polad Bülbüloğlu da belə sabahların birində durulacaq və bir də belə səhvlərə yol verib, gülüş hədəfinə çevrilməyəcək.
Elçin MƏMMƏDLİ: xüsusi olaraq Yenixeber.org üçün.